Azərbaycançılığın tarixi qaynaqları və çağdaş hədəfləri
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilmiş 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin nitqi dünya mediasının müzakirə mövzusu olaraq qalır. Forumdakı proqram səciyyəli nitqində Azərbaycan Prezidenti İlham Əliyev müasir dövrün qlobal çağırışları fonunda dünyada sülh naminə səylərin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı multikulturalizmin, dini və etnik tolerantlıq ənənələrinin, milli birlik ideologiyasına çevrilmiş azərbaycançılığın önəmli tarixi qaynaqlarından olduğunu diqqətə çatdırıb.
Azərbaycançılıq məfkurəsi XIX əsrin sonu, XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşıb və davamlı təkamül yolu keçib. Bu, həm dünya azərbaycanlılarını birləşdirir, həm də ölkəmizdə yaşayan bütün xalqların, etnik qrupların monolit birliyini təmin edir. Çünki bir ideologiya olaraq, azərbaycançılıq vacib funksional elementlərlə zəngindir, mahiyyətcə ölkəni kənar mənəvi və fiziki zədələrdən qoruyur. Başqa sözlə desək, inzibati-ərazi quruluşuna görə unitar, siyasi forma və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib.
Xalqımızın əziyyətlər bahasına nail olduğu milli-mənəvi sərvətlər sırasında azərbaycançılığın özünəməxsus yeri var. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, sabitliyinin, konfessiyaların dinc-yanaşı yaşamasının, ölkədəki bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi tale təcrübəsidir.
İlham Əliyev forumda deyib: “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik.
Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.
Ölkəmizdə ta qədimdən tolerantlıq və multikultural dəyərlər olub və inkişaf etdirilib. Burada müxtəlif xalqların nümayəndələri canbir qəlbdə yaşayıb, qohum olublar. Taleyüklü sınaqlarda azərbaycanlılarla bərabər, burada doğulub böyüyən, etnik və dini ayrı-seçkilik görməyən neçə-neçə rus, yəhudi, ukraynalı, digər etnik qrupların nümayəndələri Silahlı Qüvvələrimizin tərkibində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə atıldılar, canlarını əsirgəmədilər.
Yəhudi əsilli Albert Aqarunov, rus Denis Əliyev (Proniun) və Dmitri Solnışkov, ukraynalı Ruslan Polovinko, Viktor Seryogin və Oleq Babak, talış Pəncəli Teymurov, Elçin Mansurov, ləzgi Zaur Nudirəliyev və Əfqan Abdurahmanov, eləcə də özünü azərbaycanlı sayan digər həmvətənlərimiz misilsiz hünər nümunələri göstərib əbədiyyətə qovuşdular. Bu həmrəylik sonda məntiqi Zəfərlə nəticələndi, şərəf tariximiz həm də digər xalqlardan olan Azərbaycan övladlarının qızıl qanları ilə yazıldı. Vətənin igid oğulları Azərbaycan Prezidentinin sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görüldülər.
Bütün bunlar, dövlət başçımızın dediyi kimi, Azərbaycan cəmiyyətində xalqlar arasında ayırıcı divarların deyil, birləşdirici körpülərin qurulmasının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Ölkəmizdən şimalda və cənubda müharibələrlə, sanksiyalarla, ikili standartlarla xarakterizə olunan hazırkı dövrdə qlobal səviyyədə dialoq təşəbbüsləri son dərəcə zəruridir. Dünyanı və xalqları parçalamaq yox, sülh və əmin-amanlıq üzərində birləşdirmək xüsusilə önəmlidir.
Dövlətimizin başçısı məhz azərbaycançılıq ideyasının sayəsində ölkəmizdə heç bir daxili riskin olmadığını bildirib. Xaricdən gələn ideoloji risklər isə bu məsləkə sadiqliyimiz, ayıq-sayıqlığımız sayəsində Azərbaycana nüfuz edə bilmir. “Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları üzərində razılığa gələrsə, münaqişələrin və problemlərin sayı azalacaq, qarşılıqlı fəaliyyət isə genişlənəcəkdir”.
Bəli, biz bir olub, “Dəmir yumruq” kimi birləşib özümüzü qorumağı bacaran və bunu sübut edən xalqıq. Azərbaycan rəhbəri bu barədə deyib: “Birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”.
Qoy kimlərsə bizə necə yaşamağı öyrətməsinlər. Heç kəsin müstəqil bir ölkəyə ağıl verməyə, necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqı yoxdur. Biz özündə “vətəndaşlıq”, “vətənpərvərlik”, “tolerantlıq”, eyni zamanda, cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini ehtiva edən azərbaycançılıq məfkurəsinin dəyərini yaxşı bilirik. Bu, bizim etibarlı yaşam sipərimizdir.
Təqdirəlayiq haldır ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumda çıxış edən natiqlər Prezident İlham Əliyevin işıqlı ideyalarla zəngin nitqini yüksək dəyərləndirib, fikir ayrılıqları artan, ambisiya və təcavüzlər çoxalan dünyada Azərbaycanın həmrəylik təcrübəsindən bəhrələnməyin vacibliyini diqqətə çatdırıblar. Çünki bu təcrübə dünya birliyinə nail olmağın ideya əsasını təşkil edir.
Əli NƏCƏFXANLI
XQ
Baxış sayı:69
Bu xəbər 31 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















