Azərbaycanda səmti müəyyənetmə idmanı necə inkişaf edir? in Gennadi Klimlə MÜSAHİBƏSİ FOTO/VİDEO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səmti müəyyənetmə idmanı xəritə və kompasdan istifadə etməklə məlum olmayan bir məsafəni mümkün qədər qısa müddətdə qət etməyi tələb edən idman növüdür. Bir vaxtlar bu istiqamət Azərbaycanda kifayət qədər populyar idi: 1996-cı ildən ölkədə federasiya fəaliyyət göstərirdi və idman özünün ən böyük inkişaf mərhələsini 2010-cu illərdə yaşamışdı.
Məhz həmin dövr səmti müəyyənetmə idmanı ilə təxminən on ildir məşğul olan Gennadi Klim bu idman növünə gəlib. İştirakçı kimi başlayan Klim bu gün bir neçə həmfikri ilə birlikdə yarışlar təşkil edir və bu idman növünün Azərbaycanda yoxa çıxmaması üçün əlindən gələni edir.
İdman.Biz-ə verdiyi müsahibədə Gennadi Klim səmti müəyyənetmə idmanının xüsusiyyətlərindən, bu idman növünü harada öyrənməyin mümkün olmasından danışıb. O, həmçinin maliyyə dəstəyinin əhəmiyyətli hissəsinin itirilməsinə baxmayaraq təşkilatçıların startları necə davam etdirdiklərini bölüşüb.
- Səmti müəyyənetmə idmanına necə gəldiniz?
- Uşaqlarımın 11–13 yaşı olanda skautluqla məşğul olurdular. Onları səmti müəyyənetmə idmanı üzrə məşqə apardım, çünki bu idman növü skaut hazırlığı proqramına daxildir. Məşqlərin necə keçdiyini görəndən sonra özüm də sınamaq istədim.
Bu idman məni özünə cəlb etdi, kifayət qədər uzun müddət məşğul oldum, ölkədaxili və beynəlxalq yarışlarda iştirak etdim. Bir müddət sonra startlarımız səssizcə azalmaqda başladı. Köhnə komanda tədricən dağıldı: yeni maraqlar, başqa qayğılar ortaya çıxdı. Pandemiya vəziyyəti daha da ağırlaşdırdı. Bundan əlavə, 1996-cı ildən fəaliyyət göstərən Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası da işini dayandırdı.
Bunun baş verməsi məni çox məyus etdi, çünki mən bu idmanı çox sevirəm və mənim kimi sevənlərin sayı da kifayət qədərdir. Buna görə də idmançı karyerasından kənara çəkildim və yarışların təşkili ilə məşğul olmağa qərar verdim.
–Səmti müəyyənetmə idmanı ilə az tanış olanlar üçün deyin, bu hansı idman növüdür?
–Səmti müəyyənetmə idmanı Skandinaviya ölkələrində hərbi-tətbiqi sənət kimi yaranıb və tədricən müstəqil idman növünə çevrilib. Avropa və dünya çempionatları keçirilməyə başlanıb. Hələlik bu idman növü Olimpiya proqramına daxil edilməyib, lakin Beynəlxalq Səmti Müəyyənetmə İdmanı Federasiyası buna nail olmağa çalışır.
Yarışlarda hər bir iştirakçıya məsafənin keçirildiyi ərazinin xəritəsi təqdim olunur. Xəritədə nəzarət məntəqələri (stansiyalar) qeyd edilir. Ərazidə onlar kodlarla birlikdə ağ-narıncı bayraqlarla işarələnir. Nəzarət məntəqələrinin sayı yaş qrupundan asılıdır.
Hər iştirakçıya elektron çip verilir. Nəzarət məntəqəsinə çatan idmançı çipi oxudaraq qeydiyyatdan keçir və stansiya onun gəliş vaxtını, həmçinin məntəqələrin keçilmə ardıcıllığını qeydə alır. Xəritə oxuma bacarığından istifadə edərək idmançı məntəqələrə gedən ən qısa yolu tapmalı və hamıdan tez finişə çatmalıdır. Nəzarət məntəqələri xəritədə göstərilən ardıcıllıqla mütləq keçilməlidir. Eyni vaxtda müxtəlif yaş qrupları fərqli məsafələr üzrə start götürür. Başqa qruplara aid stansiyalarda qeydiyyatdan keçmək qadağandır.
İdman səmti müəyyənetmə idmanı əsas üstünlüklərindən biri odur ki, yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq hər kəs iştirak edə bilər. Burada diqqət, məntiq və çevik düşüncə əsas rol oynayır. Təsadüfi deyil ki, Səmti müəyyənetmə idmanı “qaçaraq şahmat” adlandırırlar. Bu idman növü uşaqlar üçün xüsusilə faydalıdır: müstəqilliyi, diqqəti və məsuliyyəti inkişaf etdirir. Uşaq vəziyyəti analiz etməyi və qərar qəbul etməyi öyrənir.
– Uşaqlar məsafəyə tək çıxırlar?
– Bəli. Yeni başlayanlar üçün – həm uşaqlar, həm də böyüklər üçün – “Open” adlı ayrıca qrup mövcuddur. Bu qrupda qaliblər müəyyən edilmir, çünki müxtəlif yaşlarda insanlar iştirak edir və məsafə maksimum sadə olur. 2–3 startdan sonra iştirakçı artıq prinsipi yaxşı anlayır və əsas yarışlarda iştirak edə bilir.
İlk dəfə uşaqları valideynlər müşayiət edə bilərlər. Bütün şəhər yarışlarımız parkların ərazisində keçirilir. Startdan əvvəl elan edirik ki, məsafə park daxilindədir və onun hüdudlarından kənara çıxmaq qadağandır. Bütün bu illər ərzində uşağın itməsinə dair heç bir hal qeydə alınmayıb.
Uşaqlara telefon götürməyə icazə verilir. Əgər çaşsalar, valideynlərinə və ya təşkilatçılara zəng edə bilərlər. Yarış zamanı parkda eyni vaxtda onlarla, bəzən isə yüzlərlə iştirakçı olur. Könüllülər mütəmadi olaraq ərazini patrul edirlər. Yəni uşaq daim insanların arasındadır və zərurət yarandıqda kömək istəyə bilər.
– Səmti müəyyənetmə idmanına ən çox kimlər maraq göstərir?
- Əsasən 20–45 yaş arası insanlar. Ümumilikdə yaş aralığı 8-dən 55+ qədərdir. Ən yaşlı idmançımızın təxminən 70 yaşı var. Uşaqlar da yarışlarda aktiv iştirak edirlər. Əgər onlara bunun idman və ya qaçış olduğunu desən, bunu çox da həvəslə qəbul etmirlər. Amma bayraqları tapmaq lazım olan oyun və ya kvest formatı(məşhur turizm şəhərləri üçün nəzərdə tutulmuş, yeni tipli rəqəmsal bələdçi və interaktiv gəzinti formatıdır – red) maraq yaradır. Zamanla uşaqlar anlayırlar ki, burada sürət və məntiq əsasdır. Bundan sonra daha ciddi yanaşırlar və rəqabət hissi onları əlavə motivasiya edir.
- Yarışlar zamanı qayda pozuntuları olurmu?
- Bəli, olur, amma nəzarət sistemi kifayət qədər sərtdir. Əgər iştirakçı hər hansı stansiyanı buraxarsa və ya ardıcıllığı pozarsa, sistem bunu avtomatik qeydə alır və biz səhvi kompüterdə görürük. İdmançıya izahı olan çap edilmiş sənəd təqdim olunur və nəticə ləğv edilir.
Bəzən böyüklər parkın hüdudlarından kənara çıxaraq məsafəni qısaltmaq və daha tez qaçmaq istəyirlər. Bu hallar adətən trek üzrə və ya digər iştirakçılar tərəfindən aşkar olunur. Əksər hallarda bu, məlumatsızlıqdan baş verir.
Vaxt göstəricisi ilə yanaşı, hər idmançıya xallar da verilir. İl ərzində bütün yarışlar üzrə ümumi reytinq aparılır. Xallar toplanır və ilin sonunda hər yaş qrupunda ən yaxşı atlet müəyyən edilir. Mövsümün sonu yaxınlaşdıqca iştirakçılar reytinqi daha diqqətlə izləməyə başlayırlar.
- Qaçış zamanı bir-birinə kömək etmək olarmı?
- “Open” qrupunda iştirakçılar hətta məsafəni birlikdə də keçə bilərlər. Amma digər bütün kateqoriyalarda istənilən formada kömək qadağandır. Səmti müəyyənetmə idmanında yarış fərdidir. Üstəlik, iştirakçıların bir-birinə “baxmaması” üçün onlar məsafəyə eyni vaxtda yox, müəyyən intervallarla buraxılırlar. Həm də unutmamalıyıq ki, yarışlarda eyni anda müxtəlif marşrutlara malik bir neçə qrup iştirak edir. Siz kiminsə hara qaçdığını görsəniz belə, onun sizin qrupdan olub-olmadığını bilmirsiniz. Buna görə də onun arxasınca getməyin heç bir mənası yoxdur.
- Şəhərin bütün parklarında yarışlar keçirildikdən və iştirakçılar ərazini yaxşı tanıdıqdan sonra necə davranırsınız?
- İmkan olduqda məkanları dəyişməyə çalışırıq. Heç vaxt eyni ərazidə ardıcıl bir neçə yarış keçirmirik. Adətən bir parkda keçirilən qaçışdan sonra ora minimum 3–4 aydan tez qayıtmırıq. Bu müddət ərzində iştirakçılar ərazini bir qədər unudurlar.
Turnirin keçiriləcəyi məkan starta maksimum qısa müddət qalmış elan olunur. Amma parkı yaxşı tanımaq qələbəyə zəmanət vermir. Bir dəfə yanına bir gənc gəldi və əminliklə dedi ki, qalib olacaq, çünki yaxınlıqda yaşayır və bu parkı çox yaxşı tanıyır. Nəticədə isə birinci yeri tuta bilmədi.
Təcrübəli iştirakçılar bəzən tam tanımadıqları əraziyə düşürlər və marşrutu o qədər düzgün seçirlər ki, sakit şəkildə qaçıb qalib gəlirlər. Digər tərəfdən, çox sürətli idmançılar tələsdiklərinə görə səhvlərə yol verirlər. Məsələn, İçərişəhəri götürək – dar küçələr, dalanlar. Bir döngəni buraxmaq kifayətdir ki, artıq tam əks istiqamətə gedəsən. Səhvi anlayana, geri qayıdana və düzgün yolu tapana qədər vaxt itir. Buna görə də ərazini tanımaq kifayət deyil, sürət və düzgün qərarvermə arasında balans tapmaq vacibdir.
Посмотреть эту публикацию в Instagram
Публикация от ?? Azerbaijan Orienteering ?? (@aze.orienteering)
- Son illər Bakıda bir neçə yeni park salınıb. Həmin parkların hansındasa yarışlar təşkil edirsinizmi?
- Yeni parkda yarış keçirmək üçün əvvəlcə yolları, binaları, pilləkənləri, fontanları, yaşıllıq zonalarını əks etdirən çox detallı idman xəritəsi çəkilməlidir. Yalnız bundan sonra marşrut xəritəyə salınır və yalnız o zaman turnir keçirmək mümkündür.
Xəritənin hazırlanması prosesi uzun və mürəkkəbdir. Bununla məhz səmti müəyyənetmə idmanı üzrə ixtisaslaşmış peşəkar kartoqraflar məşğul olur. Hazırda Azərbaycanda belə mütəxəssislər yoxdur. Əvvəllər biz xarici kartoqrafları – daha çox Ukraynadan – dəvət edirdik. Bu isə çox bahalıdır: bir xəritənin hazırlanması təxminən 5–6 min manata başa gəlir. Buraya mütəxəssisin uçuşu, yaşayışı və işinin ödənişi daxildir.
Əvvəllər bu xərclər federasiya və idman təşkilatlarının dəstəyi hesabına qarşılanırdı. Məhz onların köməyi ilə biz vaxtilə bütün avadanlıqları da almışdıq. Hazırda köhnə xəritələrdən istifadə edirik, amma zamanla onları yeniləmək lazımdır. Meşə də, şəhər də daim dəyişən məkanlardır: nəsə böyüyür, nəsə kəsilir, yeni yollar salınır, təmir işləri aparılır.
Biz özümüz də öhdəsindən gəlməyə çalışırıq – xəritə çəkməyi öyrənirik – və paralel olaraq dəstək axtarırıq. Artıq bir neçə tərəfdaşımız var. Ümid edirik ki, bu il ən azı bir neçə yeni xəritənin hazırlanmasını sifariş edə biləcəyik. İştirakçılar üçün yeni ərazidə qaçmaq həmişə böyük bayramdır.
- Parklarla yarışların keçirilməsi barədə razılaşmaq çətindirmi?
- Kifayət qədər çətin və uzun prosesdir. Biz rəsmi məktubla İcra Hakimiyyətinə müraciət edirik. Bəzi parklarda, məsələn, Gənclik və Nizami parklarında heç bir problem olmadan icazə verilir. Digər bəzi yerlərdə isə imtina edirlər və planları təcili şəkildə dəyişməli oluruq.
– Daha haralarda yarışlar təşkil edirsiniz?
– Şəhər parkları səmti müəyyənetmə idmanı üçün əlçatan və kütləvi formatlarından biridir. Amma meşə səmti müəyyənetmə idmanı növü də mövcuddur. Biz bu cür startları Siyəzəndə (yazda), Nabranda (payızda) keçiririk – oralar çox maraqlı və çətin ərazilərdir. Bu yarışlar barədə adətən bir ay əvvəl elan veririk. Meşəni əvvəlcədən “öyrənmək” mümkün deyil – o daim dəyişir və bu da startları xüsusilə maraqlı edir. Təbii ki, təhlükəsizlik məqsədilə uşaqlar üçün məsafələr sadələşdirilir – əsasən cığırlar boyunca.
- Yarışda iştirak etmək neçəyə başa gəlir?
- Uşaqlar üçün 5 manat, böyüklər üçün isə 10 manat. Bu simvolik məbləğdir və yalnız təşkilati xərclərə yönəldilir: xəritələrin çapı, start nömrələri, diplomlar, qaliblər üçün medallar, həmçinin su və şirniyyatlar.
Biz elektron sistem və ödənişli proqram təminatından istifadə edirik. Avadanlıqlar xaricdən alınır, zamanla köhnəlir və yenilənməyə ehtiyac duyur. Yarışların təşkili ucuz deyil, lakin tərəfdaşlarımızın dəstəyi sayəsində qiymətləri minimum səviyyədə saxlamağa çalışırıq.
Biz bundan qazanc götürmürük. Məqsədimiz bu idman növünü inkişaf etdirmək, populyarlaşdırmaq və onu əvvəlki səviyyəsinə qaytarmaqdır. Əvvəllər dövlət dəstəyi sayəsində idmançılarımız mütəmadi olaraq Gürcüstan, Rusiya və Türkiyədə beynəlxalq yarışlara qatılırdılar və heç vaxt əliboş qayıtmırdılar. Ümid edirik ki, bu, yenidən mümkün olacaq.
– Sonda deyin, Azərbaycanda səmti müəyyənetmə idmanı harada öyrənmək olar?
– Azərbaycan Prezident Administrasiyasının yaxınlığında yerləşən Uşaq və Gənclərin İnkişaf Mərkəzində səmti müəyyənetmə idmanı üzrə pulsuz bölmə fəaliyyət göstərir. İstənilən valideyn övladını ora gətirə bilər. Məşqlər həftədə iki dəfə keçirilir. Uşaqlarla təcrübəli məşqçilər çalışır: əvvəlcə nəzəriyyə, sonra isə praktika – əsasən bulvarda.
Bu ildən etibarən məktəblərlə də işləməyi planlaşdırırıq: tanışlıq məşqləri keçirmək, avadanlıqları göstərmək, məktəblərin ərazisində və ya idman zallarında kiçik startlar təşkil etmək niyyətindəyik. Məsələn, labirintlər Səmti müəyyənetmə idmanında ayrıca və çox maraqlı bir istiqamətidir. Həmçinin bütün yaş qrupları üçün mütəmadi texniki məşqlər keçiririk. Bu barədə əvvəlcədən sosial şəbəkələrimizdə elan edirik. İdmanın inkişafına məhz uşaqlardan başlamaq lazımdır. Böyüklər isə bunun maraqlı və əlçatan olduğunu görəndə özləri qoşulurlar.
Leyla Eminova
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















