“Azərbaycanda insanlar çox səmimidirlər” “Qarabağ”ın ispaniyalı futbolçusunun nişanlısı ilə in MÜSAHİBƏSİ + FOTO/VİDEO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Karlota Bruney “Qarabağ” klubunun ispaniyalı futbolçusu Joni Montielin sevgilisidir. Cütlüyün bir qız övladı var və hazırda ikinci övladlarının yolunu gözləyirlər. Bir müddət əvvəl futbolçu sevgilisinə evlilik təklifi edib.
Xatırladaq ki, Joni Montiel İspaniyanın “Rayo Valekano” klubunun yetirməsidir, həmçinin İspaniyanın gənclər yığmalarında da çıxış edib. O, nişanlısı ilə birlikdə Azərbaycanda yaşayır. Futbolçu bu ilin avqustunda “Qarabağ”a qoşulub, lakin hələ klubun heyətində rəsmi oyuna çıxmayıb.
İdman.Biz-in əməkdaşı Karlota Bruney ilə onun Azərbaycandakı həyatı, toy hazırlıqları və digər mövzular barədə danışıb.
- Özünüz haqqında bir az məlumat verin.
- Mən La-Korunyadanam - bu, İspaniyanın şimalında yerləşən möhtəşəm gözəlliyə malik bir şəhərdir. Moda ilə maraqlanıram. Bəlkə də bu, təsadüfi deyil, çünki məhz mənim doğma şəhərimdə “Inditex” qrupunun (“Zara”, “Massimo Dutti”, “Bershka” və digər brendlər bu şirkətə daxildir - red) baş ofisi yerləşir. Mən geyim dizaynı üzrə təhsil almışam, daha sonra moda və lüks sənayesi üzrə marketinq və kommunikasiya üzrə magistr dərəcəsi qazanmışam. Bundan əlavə, çoxsaylı hobbilərim var: mütəmadi idman zalına gedirəm, pilateslə məşğulam və at sürməyin vurğunam.
- Atçılıq olduqca maraqlı bir hobbi sayılır...
- Mənim üçün bu, sadəcə hobbi deyil, həm də gündəlik qayğılardan uzaqlaşıb təbiətlə və sevdiyim atlarla harmoniyada olmağın bir yoludur. “Qarabağ” klubunun rəmzinin Qarabağ atı olduğunu eşidəndə çox xoş təəccübləndim. Çünki mən həmişə bu heyvanlarla xüsusi bir bağlılıq hiss etmişəm. Atla maneədən tullandığım anlardakı azadlıq və birliyin hissi inanılmazdır. Baxmayaraq ki, peşəkar səviyyədə atçılıqla məşğul olmamışam, hər dəfə futbol səbəbindən şəhər dəyişəndə belə, bu məşğuliyyətə davam etməyə çalışıram.
- Geyim dizayneri olmağa sizi nə ilhamlandırdı?
- Uşaqlıqdan öz stilimi yaratmağı və geyim vasitəsilə özümü ifadə etməyi sevirdim. Mənim üçün əsas məqsəd dəb tendensiyalarını kor-koranə izləmək deyil, geyimdə özümü rahat və inamlı hiss etməyim idi. Dəb dünyasında rəqabət çox güclüdür, lakin mənim üçün bu, ilk növbədə yaradıcılıq, özünüifadə və prosesin özündən zövq alma sahəsidir.
- Səyahətlər zamanı insanların geyim tərzinə diqqət yetirdiyinizi düşünürəm. Bakıdakı xanımların geyim tərzi barədə nə deyə bilərsiniz?
- Bəli, mən həqiqətən insanların geyim tərzinə diqqət yetirirəm - hətta hava limanında belə. Mənə onların geyimləri necə birləşdirdiklərini izləmək, brendləri təxmin etmək, həm də bahalı geyimlərin daha əlçatan markalarla necə uyğunlaşdırıldığını görmək maraqlıdır. Bu, yaradıcılığı və fərdi zövqü əks etdirir. Hər ölkənin özünəməxsus üslub xüsusiyyətləri var. Məsələn, İspaniyada insanlar şübhəsiz ki, Avropa tərzində geyinirlər. Bakıda isə Asiya və Avropa üslublarının maraqlı sintezini gördüm. Azərbaycanlı xanımlar çox orijinal və ifadəli obrazlar yaradırlar.
- Sevdiyiniz ispan və ya azərbaycanlı dizaynerlər varmı?
- Əlbəttə. Əslində, mənim tək bir sevimli ispan dizaynerim yoxdur. Məsələn, Kriştobal Balensiaqaya heyranam, həmçinin Madriddə əsası qoyulmuş “Loewe” brendi mənim çox xoşuma gəlir.
Azərbaycanlı dizaynerlər arasında Fidan Novruzovanın yaradıcılığını bəyənirəm - xüsusilə onun futuristik üslublu geyim və ayaqqabı kolleksiyalarını. Yaxın zamanda nişanlandığım üçün artıq toy paltarı axtarışına başlamışam və bu zaman “Sophie Couture” brendinə rast gəldim. Onun yaradıcısı Günel Babayevanın işlərinə valeh oldum. Mənə dərin təsir bağışlayan digər bir dizayner isə Rüfət İsmayıl oldu - onun Azərbaycan xalçalarından ilhamlanan kolleksiyaları milli koloriti və müasirliyi birləşdirən nadir nümunələrdəndir.
- Azərbaycanda modada milli motivlərə maraq artmaqdadır. Bəs İspaniyada bu tendensiya varmı?
- Bəli, mən də bu prosesi Azərbaycanda müşahidə etmişəm, misal üçün, ənənəvi Azərbaycan ornamentləri ilə zəngin, mədəni mənası olan inanılmaz dərəcədə gözəl ipək kəlağayı. Belə kiçik görünən detalların xalqın tarixini və kimliyini özündə daşıması çox möhtəşəmdir.
İspaniyada da son illərdə ənənəvi motivlərə dönüş tendensiyası müşahidə olunur. Bir çox dizaynerlər milli tekstildən, naxışlardan və folklordan ilhamlanaraq onları müasir formada təqdim edirlər. Bunu printlərdə, aksesuar və hətta “haute couture” kolleksiyalarda da görmək mümkündür - məsələn, mantilya (ənənəvi ispan geyiminin parça örtüyü – red.), flamenko üslubundakı bəzəklər və ya regional naxışlar bu baxımdan seçilir.
- Dizayner karyerasını davam etdirməyi planlaşdırırsınızmı?
- Hazırda dizayner kimi çalışmıram. Ancaq hər dəfə yeni şəhərə köçərkən təkcə moda sahəsində deyil, başqa istiqamətlərdə də inkişaf etməyə çalışmışam. Qidalanma və idman mövzuları mənə çox maraqlıdır - bu, artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Buna görə də gələcəkdə həm idmanı, həm modanı birləşdirən öz biznesimi qurmaq ideyasını istisna etmirəm.
- Yaxınlarda evlilik təklifi aldığınızı qeyd etdiniz. Təbrik edirəm! Necə tanış olmuşunuz?
- Çox sağ olun! Biz doğma şəhərimdə ortaq dostlarımız vasitəsilə tanış olmuşuq - maraqlıdır ki, əvvəllər heç vaxt rastlaşmamışdıq. İlk görüşdən dil tapdıq və o gündən bəri ayrılmadıq. Məncə, bir-birimizi fərqliliyimiz cəlb etdi - bu, maraq oyatdı, bir-birimizi daha yaxından tanımaq istəyi yaratdı və zamanla aramızda dərin bağ formalaşdı.
Sonra Joni “Rayo Valekano” ilə müqavilə imzalayanda mən onunla birlikdə Madridə köçdüm və məhz o zaman moda sənayesində karyeramı qurmağa başladım.
- Tanışlığınızdan əvvəl futbol sizin üçün maraqlı idimi?
- Açığı, futbol mənim maraq dairəmə daxil deyildi. Hətta birlikdə yaşadığımız altı ildən sonra belə, hələ də “öyrənməyə” davam edirəm və oyunu daha yaxşı anlamağa çalışıram. Amma Joninin oynayarkən çıxışını izləmək və ona azarkeşlik etmək mənim üçün xüsusi hissdir. Mən həmişə onu dəstəkləyir və ona inanıram. Komandası qalib gələndə isə bu, bütün ailə üçün əsl bayram olur. Adətən, ya evdə dadlı şam yeməyi bişiririk, ya da restorana gedib bu sevinci birlikdə qeyd edirik.
- Evlilik təklifi sizin üçün gözlənilməz oldumu?
- Bu, unudulmaz bir sürpriz idi! Hədsiz dərəcədə xoşbəxt və həyəcanlı idim. Uşaqlıqdan evlənmək və ana olmaq mənim arzum olub. Ümumiyyətlə, ailə mənim üçün çox önəmlidir, xüsusilə uzun illər birlikdə olduğun və ailə qurduğun insanla. Məsuliyyət hissi və öhdəlik götürmək bacarığı həyatımın ən dəyərli prinsiplərindəndir. İndi geriyə baxanda anlayıram ki, hər zaman inandığım dəyərlərlə harmoniya içində yaşayıram və ana, eləcə də gələcək həyat yoldaşı kimi özümü həyata keçirirəm.
- Toy hazırlıqlarına başlamısınızmı?
- Bəli! Bu, məni çox həyəcanlandıran və ruhlandıran bir prosesdir. Biz toyu 2027-ci ilin yayında keçirməyi planlaşdırırıq. Əlbəttə, futbol qrafiki səbəbindən dəqiq tarix müəyyənləşdirmək çətindir, amma hər şeyi yaxşı düşünəcəyik. Toyu İspaniyada qeyd etməyi çox istərdik.
- Azərbaycan toy ənənələri ilə tanışsınızmı?
- Təəssüf ki, hələ Azərbaycan toyunda olmamışam, amma bildiyimə görə, onlar çox möhtəşəm və təmtəraqlı olur. Şəhərdə gəzərkən çoxlu gül mağazaları (mən gülləri çox sevirəm) və toy məkanları görmüşəm.
- İspaniyada toylar necə keçirilir?
- İspaniyada hər şey cütlüyün istəklərindən asılıdır: bəziləri ailə çevrəsində sakit mərasimlər təşkil edir, bəziləri isə yüzlərlə qonağın iştirak etdiyi, bir neçə gün davam edən böyük toylar keçirir - buraya toydan əvvəl və sonra təşkil olunan məclislər də daxildir. Mənim ideal toylum isə klassik və zərif atmosferdə, ağ güllərlə bəzədilmiş mərasimdir. O günü ailələrimiz və bir vaxtlar yaşadığımız şəhərlərdən olan dostlarımızla birlikdə qeyd etmək istərdim. Bu, bizim sevgimizi təntənəli şəkildə bayram etmək və bütün yaxınlarımızı bir araya toplamaq üçün gözəl fürsət olacaq.
- Azərbaycana köçməyinizdən danışaq. “Qarabağ”dan təklif gələndə xəbəri necə qarşıladınız?
- İlk ağlıma gələn fikir bu oldu: “Bu, çox uzaqdır!”. Xüsusilə onu nəzərə alsaq ki, 10 aylıq körpəmiz var və mən yenidən hamiləyəm. Amma mən səyahət etməyi və yeni yerlər kəşf etməyi çox sevirəm, buna görə də xəbəri sevinc və həyəcanla qarşıladım. Biz daim şəhər dəyişməyə öyrəşmişik, amma bu, ilk dəfə idi ki, İspaniyadan kənarda – həm də uşaqla birlikdə yaşayırıq. Bu, tamamilə yeni bir təcrübədir.
- Azərbaycanda sizi ən çox nə təəccübləndirdi?
- Buraya gələndə çox xoş təəccübləndim: Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Bundan əvvəl eşitmişdim ki, ona “mini-Dubay” deyirlər və doğrusunu desəm, bu, həqiqətən doğrudur. Mən şəhərdə gəzməyi, yeni məkanlar kəşf etməyi, rahat kafelərdə qəhvə və ya çay içməyi çox sevirəm. Moda həvəskarı kimi mənim ən çox sevdiyim yerlərdən biri “Port Baku Mall” oldu - burada bir çox lüks brendlər toplanıb və sadəcə mağazalarda gəzmək, ilhamlanmaq, insanların geyim tərzini izləmək xoşdur.
Azərbaycanda məni ən çox təsirləndirən cəhətlərdən biri isə insanların mehribanlığı və qonaqpərvərliyidir. Burada hamı çox səmimidir - elə mənim vətənim İspaniyadakı kimi.
- Bəs öyrəşməkdə çətinlik çəkdiyiniz nələr var?
- Bəli, yəqin ki, ən çətini dil baryeridir, həm də hələ yeməklərə tam öyrəşə bilməmişəm. Amma biz bura çox yaxın zamanda köçmüşük, düşünürəm ki, zamanla bu da düzələcək. Etiraf edim ki, ispan mətbəxi, ailəm, dostlarım və itlərimiz üçün çox darıxıram.
- Bakıdakı həyatınızı uzunmüddətli perspektivdə görürsünüzmü?
- Açığı, bəli. Burada bir neçə il də yaşamaq və iki qızımın bu gözəl, mehriban ölkədə böyüdüyünü görmək istərdim. Xoşbəxtlikdən, klub bizə çox kömək etdi - o cümlədən ingiliscə danışan və qızımıza qayğı göstərən əla bir dayə tapmaqda. Bu, bizim bura uyğunlaşmağımızı xeyli asanlaşdırdı və həyatı daha rahat etdi.



Leyla Eminova
Baxış sayı:38
Bu xəbər 25 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















