Icma.az
close
up
RU
Azərbaycandan Türk dünyasına yüksələn şair

Azərbaycandan Türk dünyasına yüksələn şair

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bəxtiyar Vahabzadə – 100

Bu il 100 yaşı tamam olan istiqlal nəğməkarı, Türk dünyasının ünlü şairi Bəxtiyar Vahabzadə həm də ədəbiyyatşünas alim və pedaqoq kimi minlərlə filoloq tələbənin sevimli müəllimi, neçə-neçə alimin elmi rəhbəri olmuşdu. Bakı Dövlət Universitetinin professoru kimi Bəxtiyar müəllim mənim də namizədlik dissertasiyama rəhbərlik etmişdir.

Əlamətdar yubiley ilində Xalq şairi barədə mətbuatda çap edilən xatirə yazı­larını zənginləşdirmək, vətəndaş alimin kimliyini çağdaş nəsillərə az da həssas­lıqla duydurmaq üçün mən də yaddaşımın unudulmaz epizodlarını yenidən yaşadım. Uzun illər evinə gedib-gəldiyim, ailəsi və qohumları ilə dostluqlar qurduğum, adını böyük iftixarla xatırladığım Azərbayca­nımızın poeziya aləminə öz dəst-xətti ilə daxil olan qüdrətli söz ustadı və alim Bəx­tiyar Vahabzadə haqqında bir neçə hekayə­ti oxucularla bölüşmək istəyirəm:

Azərbaycan Dövlət Pedaqoji İnsti­tutunun (indiki Pedaqoji Universitet) ta­rix-filologiya fakültəsində oxuyurdum. O zaman institutda Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasının müzakirəsi ke­çirilirdi. Əlaçı tələbə olduğum üçün əsərin təhlili mənə tapşırılmışdı. Yəni mən əsər haqqında məruzə edirdim. Müzakirədə Bəxtiyar müəllimin özü də iştirak edirdi. Görüş çox maraqlı keçdi, sonda mən də müəllifdən məruzəmlə bağlı səmimi təşək­kür eşitdim. O vaxtdan sonra mənim Bəx­tiyar Vahabzadə yaradıcılığına marağım hədsiz dərəcədə artdı.

Sonrakı illərdə mənim aspirantura təhsilim və elmi fəaliyyətim Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) görkəmli yazıçımız, profes­sor Mir Cəlal Paşayevin rəhbərlik etdiyi Azərbaycan ədəbiyyatı kafedrasında keçdi. Namizədlik işimin mövzusunu mənə Mir Cəlal müəllim tövsiyə etdi. Elmi rəhbər isə Bəxtiyar Vahabzadə təyin edildi. Hər ikisinin mənə dəyərli məsləhətləri, insani dəstəyi elmi işimin yazılmasını və müda­fiəsini sürətləndirdi.

Elmi rəhbərim olduğu illərdə ya­vaş-yavaş Bəxtiyar müəllimin evinə də ayaq açırdım. Bir şeiri məni çox təəccüb­ləndirmişdi:

Atam iki,
Anam iki,
Sevgilim iki,
Vətənim iki.

Bir gün evlərində dedim ki, Bəxtiyar müəllim, “Vətənim iki”ni başa düşürük. Yəni Arazın o tayı və bu tayı. “Sevgilim iki”nidə sizin şeirlərinizdən anlayırıq. Bəs ata və ana iki ola bilərmi?

Bəxtiyar müəllim dedi ki, öz atamın məni tərbiyə edib böyüdən anam Gülzar xanımdan övladı olmayıb. Əmimin isə bir neçə övladı olub. Mən əmimin oğluyam. Əmim və atam mənə atalıq, əmimin həyat yoldaşı və anam Gülzar xanım mənə ana olublar.

1965-ci ildə Bəxtiyar Vahabzadə 39 yaşında Bakı Dövlət Universitetinin böyük akt salonunda doktorluq dissertasiyası mü­dafiə edirdi. Mövzusu “Səməd Vurğunun yaradıcılıq yolu” idi. Şair hələ 20 yaşında belə bir şeir yazmışdı: “Sarılığın xisləti”. Şeirdəki “sarılıq” bəlası birbaşa rus ağalı­ğına ünvanlanmışdı. Şeiri o zaman böyük Səməd Vurğuna təqdim edən gənc Bəxti­yar şairə ehtiyatlı olmağı tövsiyə etmişdi. Dissertasiyada bu şeirdən, Səməd Vurğu­nun ona münasibətindən söhbət açılmasa da, nökər xislətli bədxahlar bu “ehtiyat­sızlığ”a siyasi don geydirməklə Bəxtiyar Vahabzadənin müdafiəsinə mane olmaq istəyirdilər.

Bəxtiyar müəllimin dostları, pərəstiş­karları kimi, bədxahları da çox idi. “Azər­baycan” şeiri cəmiyyətdə bomba kimi part­lamışdı:

Azərbaycan, mənim eşqim, 
mənim anam!
Biz ikimiz bir torpağıq, 
mən də sənin bir parçanam.
Ey qüdrətim, ey şöhrətim, 
sənsiz mənim nə qiymətim?

Onu tənqid edib demişdilər ki, niyə bu­rada “Sovet Azərbaycanı” ifadəsi yoxdur?

Bəxtiyar müəllimin “Muğam” poe­masını yazmasını da xatırlayıram. Evdə bütün muğam dəstgahlarını dinlədiyinin şahidiyəm. O dəstgahların bəzilərini din­ləyən qulaq müsafirlərindən biri də mən olmuşam.

“Mərziyə” poemasını yazanda isə şair ağır sarsıntılar keçirmişdi.

Bəxtiyar müəllim vətəndaş yanğısını sətirlərə belə köçürmüşdü:

Sən vuruşdun əlindəki silahla yox,
Qəlbindəki inamınla, imanınla,
Həkk elədin öz adını,
Sən tarixə öz qanınla.

Bəxtiyar müəllim totalitar rejimdə bir çox cəsarətli çıxışları ilə yadımda qa­lıb. 1990-cı ilin 20 Yanvar gecəsi əliyalın xalqımıza qəsd edildi. Çoxlu şəhid verdik. Sabahı gün B.Vahabzadənin rus generalı­nın üzünə tüpürərək “Sən mənim xalqımın qatilisən”– deməsi, o, fövqəladə cəsarət idi, gözü görə-görə ölümə getmək idi. Son­ralar bu barədə “Tüpürcək” adlı şeir də yazıldı. Şairin özü isə o günlərdə məşhur “Şəhidlər” poemasını yazdı.

1987-1990-cı illərdə mənim çalışdı­ğım Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adlanan Rusiyanın Voznesenski adına Le­ninqrad Universitetinin filialına çevrilmiş­di. İnstitutda çalışdığım Azərbaycan dili kafedrasının isə bağlanmaq təhlükəsi var idi. Mən Bəxtiyar müəllimin yanına gedib vəziyyəti danışdım. Şair o zamankı rektora zəng edib “xalqın dilini öyrədən kafedra bağlana bilməz” dedi. Uzun söhbətlərdən sonra Azərbaycan dili kafedrası Bəxtiyar müəllimin sayəsində bağlanmadı.

Bəxtiyar müəllimin mətbuatda dərc olunan hər bir məqaləsi, hər şeiri, nəşr edilən hər bir kitabı şıdırğı sürətlə yayılıb oxunurdu. Bəxtiyar müəllim təpədən-dır­nağa qədər türkçü idi. 37-ci il olsa idi, yəqin ki, pantürkçü adı ilə onu da məhv edərdilər.

2009-cu ildə Bəxtiyar müəllim dünya­sını dəyişdi. Xəstə olduğu günlərdə tez-tez evlərinə gedirdim. Həyatının son saatla­rında belə yanında türk ziyalıları var idi.

Bəxtiyar müəllim ilk ziyalımız idi ki, dəfnində cənazəsi Azərbaycan və Türkiyə bayraqlarına bürünmüşdü. Özü də belə yazmışdı:

Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan–Türkiyə.

Maarifə HACIYEVA,
filologiya elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:311
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri