Azərbaycanı ümumi tərəqqi yoluna çıxarmış qurucu lider
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir.
Ulu öndər respublikaya rəhbərlik etdiyi dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur. Xalqımızın böyük oğlu Heydər Əliyev bütün Türk dünyasının da sevimlisi, türkdilli xalqların fəxr etdiyi nadir tarixi simadır.
Müstəqil dövlətimizin banisi Heydər Əliyevin tükənməz mənəvi irsi onun çoxəsrlik tariximizin ən mükəmməl və qüdrətli şəxsiyyəti olduğunu qəti olaraq sübut etmişdir. Azərbaycanın müstəqilliyini təmin etməklə, suveren dövlətin əsaslarını yaratmaqla Ulu öndər xalqımızın mötəbər və təminatlı gələcəyinə böyük yоl açmışdır. Azərbaycan 56 ildir ki, sevimli liderinin amal və ideyalarına uyğun оlaraq irəli gedir, çətinlik və maneələri inamla dəf edir, tarixə yazılan böyük nailiyyətlər əldə edir. Dünyanın tərəqqipərvər insanları və bütün Azərbaycan xalqı Heydər Əliyevin şəxsiyyətinə, оnun ideyalarına, qоyduğu dəyərli irsə böyük hörmət və ehtiramla yanaşırlar.
Azərbaycan müstəqilliyin ilk addımında naşı siyasi qüvvələrin məsuliyyətsizliyi və xəyanətkarlığı səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşəndə Ümummilli lider öz xaqının harayına yetişərək onun xilaskarına çevrildi. 1993-cü ilin böhranlı yayında – Vətənin dar günündə – ölkənin ictimai-siyasi həyatında baş verən çaxnaşma, hakimiyyət uğrunda gedən mübarizə, cəbhədəki acınacaqlı məğlubiyyətlər, vətəndaş qarşıdurması zamanı xalqımız öz böyük оğlunu hakimiyyətə dəvət etdi.
O zaman Heydər Əliyev deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. Yaxın kecmişə nəzər salsaq görərik ki, 1988-1993-cü illərdə cəbhədəki məğlubiyyətlər, Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, anarxiya, xaos, vətəndaş müharibəsi və s. ölkədə gərgin vəziyyət yaratmışdı. Belə bir təhlükəli məqamda xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəni tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna yüksəltmişdir. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir.
Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqil Azərbaycan iqtisadiyyatına, elminə, təhsilinə, səhiyyəsinə və mədəniyyətinə də yeni nəfəs gətirdi. Demək olar ki, cəmiyyətin bütün sferalarında inqilabi dəyişikliklər baş verdi. Təhsil və elm ocaqları Heydər Əliyevin qayğısı sayəsində öz əvvəlki şöhrətini bərpa etdi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalının davam etməsinə son qoyuldu və atəşkəs əldə olundu.
Qısa bir zamanda Ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ilin noyabrında müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” adını almış nəhəng neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi.
Bütün bu sadalananlar məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün oldu. Bu dahi şəxsiyyət tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök salmasına sərf edirdi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu dünyamızın Şərqi ilə Qərbini birləşdirdi və bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başlandı və ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə böyük miqyaslı saziş imzaladı və Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.
Avropa və Asiya qitəsinin arasında yerləşən Azərbaycan tarixən Qərblə Şərq, Cənubla Şimal arasında “körpü” funksiyası daşıyıb. Tarixi İpək Yolunun bərpasına həsr edilən və Bakıda böyük təntənə ilə keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi. İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın nümayəndələri ölkəmizin paytaxtına toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu bütün dünyada bir daha təsdiq etdilər.
Uzun illərin təcrübəsi sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, dünyada neftlə zəngin olan ölkələr çoxdur. Lakin həmin sərvətlərdən bütün dövlətlər heç də öz xalqlarının rifahı üçün lazımi səviyyədə istifadə edə bilmirlər. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində həmin sərvətlər xalqımızın rifah halının yaxşılaşmasına yönəldildi. Onun rəhbərliyi ilə hazırlanan və dünyanın nəhəng şirkətləri ilə birgə imzalanan “Əsrin müqaviləsi” yeni neft strategiyamızın şanlı səhifələrini acdı.
Məhz bu müqavilə Azərabaycan iqtisadiyyatının inkişafının təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsi və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investisiyanın ölkəmizə axınını sürətləndirdi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi.
1993-cü ilin ikinci yarısından etibarən ümummilli liderimiz Heydər Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət nəticəsində 1995-ci ildə Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi problemlərin həlli, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər ön plana çəkildi. Ardıcıl olaraq aparılan islahatlar qısa müddət ərzində öz bəhrəsini verməyə başladı və iqtisadiyyatın ayrı-ayrı sahələrində ciddi irəliləyiş əldə olundu. Görülən məqsədyönlü və uzaq perspektivlərə tuşlanmış tədbirlər nəticəsində geriləmənin qarşısı birdəfəlik alındı.
Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək lazımdır. Bu baxımdan da Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ulu öndər respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə istərsə ümumi inkişafın elm və təhsildən asılı olduğunu dönmədən qeyd edirdi. Heydər Əliyev göstərirdi: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”. Daha sonra Heydər Əliyev göstərirdi ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə, çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Ümummilli lider hələ Sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevirmək məqsədi ilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara hər cür qayğı göstərirdi. Keçən əsrin 70-80-ci illərində yeni elm sahələrinin, elmi istiqamətlərin yaranması Respublikamızda elmin inkişafına çox müsbət təsir göstərmişdi. Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə kimya, neft emalı və neft-kimya, astronomiya, kosmik tədqiqatlar, biokimya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda onlarla nəhəng sənaye kompleksi – neft emalı, neft-kimya, maşınqayırma, cihazqayırma müəssisələri yaradıldı ki, bunlar da Respublikada elmin sürətli inkişafını təmin etdi.
1970–1982-ci illərdə geniş vüsət alan tikinti quruculuq işləri yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün Azərbaycan Memarlıq və İnşaat İnstitutu, Gəncə Pedaqoji İnstitutu, Azərbaycan Pedaqoji Rus dili İnstitutu, Tusi adına Azərbaycan Pedaqoji İnstitutu, Hərbi Məktəblər açılmışdır. Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1969-cu ildən başlayaraq hər il 800–900 nəfər olmaqla 15 mindən çox gənc SSRİ-nin ən aparıcı ali təhsil ocaqlarında təhsil almağa göndərilmişdir.
Təhsil ölkədə elmin inkişafında əsas rol oynayır. Elm isə innovasiya texnologiyaların əsasını təşkil edir. Yeni texnologiya, innovasiya isə istehsalın inkişafının əsasını təşkil edir. Məhz buna görə Ulu öndər göstərdi ki, təhsil strateji sahədir, millətin gələcəyi bundan asılıdır. Ulu öndərin hakimiyyətə qayıdışı ölkəmizdə ümumi tənəzzülə son qoyduğu kimi, elm və təhsil sistemimizi də yeni inkişaf yoluna çıxardı.
Prezident Heydər Əliyev müstəqillik illərində ölkəmizdə elm və təhsilin inkişafına xüsusi diqqət yetirdi. Azərbaycanda 90-cı illərin əvvəllərində başqa sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də tənəzzül baş verdi. Təhsildən, elmdən yayınma halları, təhülkəli meyillər özünü göstərdi. Müəllimlərin bir hissəsi kiçik ticarət dalınca qaçmaq, elm adamlarının xaricə axını baş verdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. O, Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara, elm adamlarına həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin ikinci dəfə Azərbaycana qayıdışından sonra elmə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərdi. Heydər Əliyev 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla keçirdiyi görüş ölkə rəhbərinin alimlərə olan böyük ehtiram və qayğı idi.
Ulu öndər həmin görüşdə demişdir: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacayıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir”.
Ümummilli lider bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, elm adamlarına, ziyalılara yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirirdi. Həmin dövrdə Azərbaycan tarixinə, mədəniyyətinə dair elmi-tədqiqatların aparılması və monoqrafiyaların nəşri xeyli artırıldı, bir sıra əsərlərə dövlət mükafatları verildi. Təhsil ocaqlarının yubileyləri keçirildi.
2002-ci il iyun ayının 13-də ulu öndər Heydər Əliyev çalışdığım İqtisad Universitetinin 70 illik yubileyində iştirak edirdi. Prezident geniş nitq söyləyərək kollektiv qarşısında vəzifələr qoydu: təhsilin keyfiyyətini yaxşılaşdırmaq, yeni dərsliklər yazmaq, bazar iqtisadiyyatının müasir problemlərini araşdırmaq və s. Bu vəzifələri rəhbər tutaraq böyük işlər həyata keçirməyə başladı. Həmin dövrdə İqtisad Universitetində 15 fakültə, 50 kafedra, o cümlədən 27 ixtisas kafedrası, 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərirdi. Universitetdə 11030 nəfər tələbə (bakalavr), 576 nəfər magistr təhsil alırdı. Onların təhsili ilə 54 elmlər doktoru-professor, 287 nəfər elmlər namizədi-dosent məşğul idi.
Yubiley münasibəti ilə Ulu öndər kollektiv əməkdaşlarını mükafatlandırdı. Mən isə elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” yüksək ada layiq görüldüm. Həmin dövrdə mən Ulu öndərin tapşırığı ilə universitetdə elmi işlər üzrə prorektor vəzifəsini yerinə yetirirdim. Heydər Əliyevin elm və təhsil adamlarına qayğısını daim anıram və iftixar hissi ilə yad edirəm.
İqtisad Universitetinin artıq 95 illik yubileyi yaxınlaşır. Bu illər ərzində böyük uğurlar qazanılıb. Bakalavr və Magistraturada 20.000-dən çox gənc təhsil alır. Onların təhsili ilə 75 nəfər elmlər doktoru, 66 nəfər professor, 447 elmlər namizədi (fəlsəfə doktoru) 324 nəfər dosent məşğul olur. Təhsil azərbaycan, türk, rus və ingilis dilində aparılır. Universitetdə magistratura, doktorantura və dissertasiya şurası fəaliyyət göstərir. Bu sahədə son illərdə böyük uğurlar əldə edilib.
Artıq universitet dünyada tanınır. 2025-ci ildə dünyanın 200 ölkəsindən olan 32 min universitetin reytinqi müəyyən edilərkən İqtisad Universiteti (UNEC) Azərbaycanda 1 yerə, dünyada isə 2840-cı yerə layiq görülmüşdür.
Azərbaycan XX əsrin sonunda xalqımızın böyük oğlu Heydər Əliyevin gərgin əməyi, məntiqi siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Bu siyasi kursun ardıcıl olaraq həyata keçirilməsi və daha da inkişaf etdirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır.
Ölkənin qeyri-neft sektorunun inkişafı da İlham Əliyevin davam etdirdiyi iqtisadi strategiyanın önəmli bir yönüdür. Azərbaycan rəhbəri çalışır ki, ölkə iqtisadiyyatı neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atılır. Hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyaların mənimsənilməsi dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir. Ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.
Hazırda respublikamız dünya birliyi və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dinamik inkişaf edən iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan bir dövlət maşınqayırması, neftkimya, metallurgiya, cihazqayırma, tikinti materialları istehsalı, aqrar sektor və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində inkişafın sürətləndirilməsi, yeni iqtisadiyyat sahələrinin – İKT, turizm və kosmik sənayesinin rolunun gücləndirilməsi, xarici ticarət dövriyyəsi həcminin artırılması prosesi davam edir.
Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır. Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin praqmatizmə söykənən səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter almağa başlamışdır. Ölkə başçının rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici xüsusiyyətləri bu sahədə sürətli inkişafa xidmət edən bütün istiqamətlər üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilməsi və əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Əldə olunan iqtisadi artım isə ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə, ölkədə yoxsulluğun azaldılmasına, sahibkarlığın və regionların hərtərəfli inkişafına yönəldilmişdir.
Ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və sənətinə çox yüksək qiymət verdiyi dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəyli yazırdı: “Bəşər tarixində elə şəxslər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi və çiçəklənməsi naminə həyata gəliblər.” Bu sözləri tam cəsarətlə ulu öndərimiz Heydər Əliyev haqqında da demək olar.
Tarixin Azərbaycan xalqına bəxş etdiyi ən böyük şəxsiyyət– dünya şöhrətli siyasət və dövlət xadimi, fenоmen rəhbər, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsi ötən illərdə xalqımızın qəlbində əbədiləşmiş, ideya və əməlləri isə ölkəmizi işıqlı gələcəyə aparır.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əməkdar elm xadimi


