Icma.az
close
up
RU
Azərbaycanlı qadın şahmat hakimi: İdman fasilə sevmir, daim məşq və davamlılıq tələb edir

Azərbaycanlı qadın şahmat hakimi: İdman fasilə sevmir, daim məşq və davamlılıq tələb edir

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Şahmata başladıqdan sonra yarışlar, intensiv məşqlər səbəbilə məktəbə ara verir, dərsləri buraxırdım. Bu da təhsilimə mənfi təsir edirdi. Qiymətlərim aşağı düşmüşdü".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Kaspi" qəzetinin "Peşəkar" rubrikasına şahmat üzrə beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi, keçmiş şahmatçı, Azərbaycanda yeganə FPL mütəxəssisi (şəffaf oyun təmin edilməsi üzrə) və FIDE-nin Qadın Komissiyasının üzvü Ülkər Umudova deyib.

O, uduzmaqdan qorxmayıb. Çünki qələbə qazananda da, uduzanda da atasının dəstəyini hiss edib. Deyir ki, atam qalib gələndə "afərin", uduzanda isə "heç nə olmaz, gələn dəfə udarsan", - deyirdi. Bu yanaşma onu işinə daha çox bağlanmağa, çalışmağa sövq edib. Elə bunun nəticəsidir ki, bu gün adını Azərbaycan şahmat tarixinə yazdıra bilib.

- Ülkər xanım, müsahibələrinizdən birində uşaqlıqda şahmatı sevmədiyinizi demisiniz. Bəs, bu sevgi necə yarandı?

- Bəli, şahmatla bağlı verilişlərə baxır, amma heç vaxt şahmatla məşğul ola biləcəyimi düşünmürdüm. Çünki bir dəfə oyunu öyrənmək qərarına gəldim. Veriliş bitənə qədər bütün gedişləri izləyir, əzbərləməyə çalışırdım. Amma heç nə başa düşmədim. Bunu bacara bilməyəcəyimə özümü inandırdım. Bir müddət sonra, təxminən 11-12 yaşımda, bacılarımı şahmat məktəbinə yazdırdıq və mən böyük olduğum üçün onları dərsə aparıb, gətirirdim. Bacılarımın dərslərinə nəzarət edərkən mən də şahmata maraq göstərməyə və öyrənməyə başladım. Onların dərslərini dinləyir, tapşırıqlarını edirdim. Hətta bacılarımın ilk dəfə yarışa qatılacaqları vaxt müəllim atama dedi ki, Ülkər də getsin. Atam təəccübləndi və dedi ki, axı, Ülkər şahmat oynamır. Müəllim isə, "o artıq şahmatı bilir", - dedi və mən də bacılarımla yarışlara qatıldım.

- Şahmat ilk baxışda çox uşağa mümkünsüz görünür. Bu təcrübəni yaşayan və sonra bu sahədə seçilən biri kimi sizcə, bu mərhələni necə adlamaq olar?

- Əgər bir az maraq və səbir varsa, mərhələ-mərhələ bu çətinliklər aradan qalxır. Şahmatda ilk addımlar çox həlledicidir. Əgər bu mərhələdə düzgün istiqamətləndirmə və motivasiya olarsa, uşaq davam etmək istəyir. Məncə, uşağa "bacarmazsan" yox, "cəhd et, bacararsan" demək lazımdır. İstək, mühit və dəstək bir araya gələndə hər şey mümkündür.

- Şahmata bacılarınızdan gec başlamısınız. Ümumiyyətlə, gec yaşda başlamanın mənfi tərəfi nədir?

- Ən pis tərəfi seçim məcburiyyətində qalmaqdır. Bir neçə il sonra ali təhsil, yoxsa şahmat sualı arasında qalırsan. Bacımla paralel yarışırdıq, amma o, məndən dörd yaş kiçik idi. Mən 11-ci sinifdə oxuyanda, o hələ yeddinci sinifdə idi. Universitetə hazırlaşmaq üçün şahmatdan bir il uzaqlaşmalı oldum. Təkrar qayıdanda isə hiss etdim ki, performansım əvvəlki kimi deyil. Beynəlxalq reytinqim - "Elo" göstəricim aşağı düşdü. Şahmat beynin idmanıdır. İdman isə fasilə qəbul etmir. Daim məşq və davamlılıq tələb edir. Şahmatda da dayandınsa, geriləyirsən.

- Hazırda şahmatçı uşaqlar yetişdirirsiniz. Şahmatın uşaqların inkişafında verdiyi faydalar nədən ibarətdir və neçə yaşdan başlaya bilərlər?

- Əgər valideynin istəyi və uşağın da marağı varsa, şahmata dörd yaşından başlamaq mümkündür. Bu yaşdan etibarən uşaq artıq fiqurları tanıyır, gedişləri başa düşür və oyunu sona qədər oynamağı bacarır. Yəni 4-5 yaşlı uşağın beyni buna açıq olur. Təbii ki, nə qədər erkən başlanılsa, inkişaf da bir o qədər güclü olur. Məsələn, 10 yaşlı uşaq şahmata yeni başlayıb bir ay məşğul olduqdan sonra yarışa qatılırsa, onunla beş yaşından bəri beş ildir bu sahədə olan uşağın arasında təbii ki, fərq olur. Həm təcrübə, həm də nəticə baxımından üstünlük erkən başlayanlardadır. Amma hər uşaq buna hazır olmur. Bəzən altı yaşlı uşaq şahmatı qavramaqda çətinlik çəkə bilər. Hər uşaq şahmatçı ola bilməz və bu, tam normaldır. İstedad məsələsinə gəldikdə isə, istedad əsasən birinci və ikinci dərəcə səviyyəsinə gəldikdən sonra özünü göstərməyə başlayır. O mərhələyə qədər uşağın sağlam psixologiyası, normal qavrama bacarığı və ailənin dəstəyi ilə yaxşı nəticələr əldə etmək mümkündür. Amma daha yüksək nəticələr üçün artıq istedad və fərdi bacarıq ön plana çıxır. Eyni zamanda, bəzən uşaqlar uğursuz başlanğıc səbəbilə şahmatdan soyuyurlar. Bu səbəbdən valideynlər ilk mərhələdə çox həssas və diqqətli yanaşmalıdırlar. Məqsəd uşağın çempion olması yox, bu oyunu sevərək öyrənməsidir. Çünki şahmat əvvəlcə oyun kimi başlayır, amma dərinə getdikcə rəqabət və çətinliklər artır. Bu isə davamlı məşq və motivasiya tələb edir.

- Şahmat insan beynini ən çox inkişaf etdirən sahələrdən sayılır. Hətta "şahmat oynayan insanların intuisiyası güclü olur", - deyirlər. Maraqlıdır, şahmat xarakterinizə və gündəlik həyatınıza necə təsir edib?

- Bəli, şahmatdan sonrakı inkişafı hiss etmişəm. Orta məktəbdə əlaçı deyildim, 4-5-lə oxuyan orta səviyyəli şagird idim. Şahmata başladıqdan sonra yarışlar, intensiv məşqlər səbəbilə məktəbə ara verir, dərsləri buraxırdım. Bu da təhsilimə mənfi təsir edirdi. Qiymətlərim aşağı düşmüşdü. 11-ci sinfə başlayanda artıq universitetə hazırlaşmaq lazım idi. Amma çox geridə idim. Hamı illər əvvəl hazırlaşmağa başlamışdı, mənim isə cəmi bir il vaxtım var idi. Mən deyəndə ki, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olmaq istəyirəm, heç kim inanmırdı. Hətta bir müəllimim məni hazırlaşdırmaqdan imtina etdi. Amma qəbul oldum. Mən vunderkind deyildim, sadəcə o vaxt anladım ki, beynim çox yaxşı işləyir. Bir materialı bir dəfə oxumaqla qavrayırdım. Şahmatdan əvvəl bu cür deyildi. Demək ki, şahmat beynimi ciddi şəkildə inkişaf etdirmişdi. İntuisiyaya gəlincə, mən onu aysberqə bənzədirəm. Altında dərin bilik və təcrübə dayanır. Şahmatda da bu belədir. Peşəkar olanda bəzi gedişləri intuitiv edirsən, amma bu, arxasında dayanan biliklərə əsaslanır. Bir neçə saniyə sonranı əvvəlcədən hiss edə bilirsən və bu da səni fərqləndirir.

- Ülkər xanım, sizcə nə üçün şahmata qızların marağı istənilən səviyyədə deyil?

- Dünya Şahmat Federasiyasında (FIDE) Qadınlar Komissiyasının üzvüyəm və bu məsələ ilə yaxından tanışam. Məşqçi kimi fəaliyyət göstərdiyim məktəbdə də şahmata yazılanların 70 faizi oğlanlar, 30 faizi qızlardır. Qadınların şahmata marağının kişilərə nisbətən az olması təkcə Azərbaycana aid məsələ deyil, bu, qlobal tendensiyadır. Təəssüf ki, dünya şahmatında qadın şahmatçılar kişilərlə müqayisədə hələ də daha zəif mövqedədir. Top səviyyəli oyunçular arasında yalnız 1-2 qadın şahmatçı var ki, kişi şahmatçılara yaxın səviyyədə çıxış edir. Bu da ümumi balansın qeyri-bərabər olduğunu göstərir. Amma onu da qeyd etməliyəm ki, Azərbaycan bu baxımdan bir çox ölkədən irəlidədir. Bizdə qadınlar arasında şahmata maraq daha çoxdur. Elə ölkələr var ki, qadın şahmatı demək olar ki, yoxdur. Məsələn, olimpiadalarda 200-dən çox ölkə kişi komandası ilə iştirak edir, amma qadın komandaları yalnız 140-150 ölkədən gəlir. 30-40 ölkə ümumiyyətlə qadın komanda göndərmir. Bu səbəbdən də FIDE səviyyəsində qadın şahmatının inkişafı və təbliği üçün xüsusi layihələr həyata keçirilir. Məqsəd qadınların bu idman növünə cəlb olunması və onlara bərabər imkanların yaradılmasıdır.

- Siz dünyanın ən gənc şahmat hakimlərindən biri və eyni zamanda beynəlxalq dərəcəli ilk azərbaycanlı qadın hakim kimi tarixə düşmüsünüz. Bu titula sahib olmağın məsuliyyəti nədir? Geriyə dönüb başladığınız nöqtəyə baxanda nə düşünürsünüz?

- Bu həm qürurverici, həm də böyük məsuliyyətdir. Hakimliyə gəlişim isə bir seçim nəticəsində baş verdi. Əvvəlcə lokal yarışlarda könüllü kimi iştirak edirdim və bu prosesdən zövq almağa başladım. Tədricən rəsmi hakim kimi fəaliyyətə başladım. Beynəlxalq dərəcəli hakim olmaq isə o vaxtlar mənə əlçatmaz bir xəyal kimi gəlirdi. Amma məqsəd qoydum və addım-addım irəlilədim. Bu arada paralel şəkildə məşqçilik fəaliyyətinə də başladım. Yəni həm şahmatı təbliğ edir, həm də təşkilati və idarəçilik tərəfdə yer alırdım. Geriyə baxanda düşünürəm ki, bacılarımla birlikdə şahmata başlamağım, sonra da bu yola davam etməyim təsadüfi deyilmiş. Hər mərhələnin öz rolu olub və bu günə qədər formalaşmağımda böyük payı var.

- Hakimlik sizin üçün bir məqsəd idi, amma məşqçilik ilkin planda yox idi. Bəs bu sahəyə necə başladınız?

- Doğrudur, məşqçilik heç vaxt əsas planlarımda olmayıb. Amma hər şey təsadüfən başladı. Bir yarışda hakimlik edirdim. O vaxt bir nəfər yaxınlaşıb dedi ki, övladımızla məşğul olmağa müəllim axtarırıq. Uşaq Cənubi Afrika Respublikasının vətəndaşı idi və yalnız ingiliscə danışırdı. Azərbaycan dilini bilmirdi. Əksər məşqçilər isə ingilis dilində dərs keçə bilmirdilər. Sonda mənə təklif olundu ki, bəlkə sən cəhd edəsən. Mən də razılaşdım. Uşaqla ilk dərsdən sonra aramızda çox yaxşı əlaqə yarandı. Mənim 18 yaşım var idi, onun isə 13. Yaş fərqi çox deyildi və dərslərimiz qarşılıqlı maraqla keçirdi. Sonra ətrafımda olanlar eşitdi ki, mən dərs keçirəm və yavaş-yavaş hamı uşaqlarını mənim yanıma gətirməyə başladı. Beləcə, məşqçilik fəaliyyətim də həmin dövrdən başladı, planlaşdırmadığım, amma sevərək davam etdirdiyim bir yol oldu.

- Uğur qazanan idmançıların arxasında bir çox hallarda ailə dəstəyi dayanır. Sizdə bu necə olub?

- Bəli, ailə dəstəyi çox önəmlidir. Atam incəsənət adamı olsa da, eyni zamanda uzun illər pedaqoji təcrübəyə malik bir müəllim idi. Onun bu təcrübəsi bizim şahmata yönəlməyimizdə böyük rol oynadı. Şahmat elə bir sahədir ki, burada psixoloji faktorlar çox önəmlidir. Bəzən aylarla hazırlaşırsan, amma yarışda yarım xala görə uduzursan. Bu isə insana ciddi mənəvi təsir edir, ruh düşkünlüyü və stress yaradır. Belə anlar bacılarımla mənim həyatımızda çox olub. Dəfələrlə şahmatla vidalaşmaq qərarına gəlmişik. Amma atam bizə motivasiya verirdi. Biz üç bacı da şahmatla məşğul olurduq. Onun bizə yanaşması təzyiq deyildi, daha çox yönləndirmə idi. O deyirdi ki, bu dəfə alınmadısa, gələn dəfə alınacaq. Əsas odur ki, səhvlərinizdən nəticə çıxarasınız. Uşaq yaşlarımızdan biz şahmat karyeramız üçün ciddi məşqlərə başlamışdıq. Gün ərzində 5-6 saat məşğul olurduq. Düzdür, o vaxtlar atama etiraz edirdik ki, uşaqlığımızı əlimizdən alırsan, biz digər uşaqlar kimi oynaya bilmirik. İndi isə deyirik ki, atam uşaqlığımızı məhdudlaşdırsa da, əvəzində bizə gələcək verdi. O, bizim uğurumuz üçün öz karyerasına 10 il fasilə verdi. Bizi şahmat dərslərimizə aparıb-gətirir, yarışlarda yanımızda olurdu. Bu fədakarlıq olmasaydı, yəqin ki, bu qədər irəliləyə bilməzdik. Hazırda ikinci bacım Günay Umudova da şahmatçıdır. Üçüncü bacım Nərgiz Umudova isə beynəlxalq qrossmeysterdir. Uzun illərdir Niderlandda yaşasa da, hələ də Azərbaycan Şahmat Federasiyasının oyunçusudur. Bu gün qazandığımız hər şeyin təməlində ailəmizin dəstəyi dayanır.

- "Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz" - bu fransız atalar sözü ilə razısınızmı?

- Bəli, bu söz müəyyən mənada doğrudur. "Hücum etməsən, qalib gələ bilməzsən" kimi deyilənlər də bu qəbildəndir. Şahmat yalnız taktika və strategiya deyil, həm də xarakter oyunudur. Oyunda insanın xarakteri birbaşa görünür. Əgər bir oyunçunun məqsədi qalib gəlməkdirsə, o, bunu açıq şəkildə göstərir. Amma elə uşaqlar da olur ki, deyirlər, uduzsam da olar. Bu cür yanaşma ilə, təəssüf ki, ciddi şahmatçı olmaq mümkün deyil. Bəli, lazım gəldikdə şahmatda amansız olmaq da tələb olunur. Məsələn, bəzən uşaqlar yarış zamanı rəqib ağlayanda ona xal verirlər, razılaşırlar. Bu, çox insani bir davranışdır, amma şahmat səviyyəsində belə emosional yanaşma bəzən mane olur. Belə həssas uşaqlar adətən bu yolda davam edə bilmirlər. Şahmatda prinsipiallıq, soyuqqanlılıq və məqsədyönlülük çox önəmlidir. Əgər bu keyfiyyətlər yoxdursa, uşaq zamanla ya motivasiyasını itirir, ya da başqa sahəyə yönəlir.

- Sizcə, bu sahədə uğurun əsas sirri nədir?

- Heç bir uğur asanlıqla əldə olunmur. İnsan gördüyü işi sevməlidir. İş insanın sadəcə vəzifəsi yox, həyat tərzi olmalıdır.

- Fəaliyyətiniz boyunca heç vaxt unutmadığınız bir an varmı? Sizə dərs verən bir hadisə...

- Bəli. Yeniyetmə vaxtlarımda, təxminən 14-15 yaşım olanda Şəkidə beynəlxalq turnirdə iştirak edirdim. Medala çox yaxın idim, amma son anda uduzdum. Bu, məni çox sarsıtdı. Zalda ağlamağa utandım, çölə çıxdım ki, valideynlər görməsin. Binanın arxasında tək qalıb hönkür-hönkür ağladım. Atam məni o vəziyyətdə gördü və dedi ki, rahat-rahat ağla, içini boşalt, bu, normaldır. Amma sonra özünü toparla, evə gedirik. Sadəcə bu anı heç vaxt unutma. Gələcəkdə tənbəllik edəndə, məşq etmək istəməyəndə bu hissəni xatırla. Bu an mənim üçün bir növ travma idi, amma motivasiya rolunu oynadı. Hər dəfə yorulanda, ruhdan düşəndə o gün gözümün önünə gəlirdi. Özümə "daha çox çalışmalıyam" deyirdim. Belə də etdim. Bu hadisə məni formalaşdıran əsas dönüm nöqtələrindən biri oldu.

- Uduzmaqdan qorxmusunuz?

-Açığı, uduzmaqdan qorxmamışam. Çünki atam bizə heç vaxt nəticə üzərindən yanaşmırdı. Uduzanda da, udanda da alnımızdan öpərdi. Heç vaxt deməzdi ki, Ülkər udub, yaxud uduzub. Sadəcə qalib gələndə "afərin", uduzanda isə "heç nə olmaz, gələn dəfə udarsan", - deyirdi. Bu yanaşma bizdə sağlam psixologiyanın formalaşmasına kömək etdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyul 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri