Azərbaycanlı rəssam Yaşar Zeynalovun sənət dünyası
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəcəb Tayyib Ərdoğan onu necə mükafatlandırdı?!
İstanbulun Topqapı Mədəniyyət Parkında yerləşən “Panorama 1453 Tarix Muzeyi”nin qapısından içəri daxil olduğun an artıq sadəcə bir muzeyə deyil, tarixin özünə qədəm qoyduğunu hiss edirsən. Burada zaman sanki dayanır, əsrlərin o tayında qalan möhtəşəm hadisə yenidən nəfəs almağa başlayır. Fateh Sultan Mehmedin əsgərlərinin “Allahu Əkbər” nidaları, at kişnərtiləri, mehtər marşlarının gurultusu, top və silah səsləri bir-birinə qarışaraq ziyarətçini 1453-cü ilin may günlərinə aparır.
Ətrafdakı nəhəng təsvirlər, göy qübbəsi altında qurulan səhnə, işıq və səs effektləri o qədər canlı təsir bağışlayır ki, ilk anlarda harada olduğunu unutmaq mümkündür. Bir neçə dəqiqə sakitcə dayanıb ətrafa baxırsan. Çünki burada gördüyün sadəcə rəsm deyil – rəngə, işığa, səsə və məkana çevrilmiş tarixdir. Sonra muzeydə olduğunu xatırlayırsan, lakin artıq gecdir – sən tarixi seyr edən tamaşaçı deyil, onun içində dolaşan bir şahidə çevrilmisən.
Tarix boyu müxtəlif sivilizasiyaların yüksəlişinə və böyük savaşlara şahidi olmuş Türkiyənin zəngin keçmişi indiyədək əsasən kitablar, sənədlər, arxiv materialları və filmlər vasitəsilə nəsildən-nəslə ötürülüb. “Panorama 1453 Tarix Muzeyi” isə bu ənənədən fərqlənərək tarixi görünən, eşidilən və hiss edilən bir yaddaşa çevirir. 1453-cü il aprelin 6-da başlayan və mayın 29-da Konstantinopolun fəthi ilə nəticələnən mühasirə dünya tarixinin ən mühüm hadisələrindən biri hesab olunur. Cəmi 21 yaşında olan Sultan Mehmedin rəhbərlik etdiyi Osmanlı ordusunun bu qələbəsi yalnız bir şəhərin taleyini dəyişmədi. Bu hadisə Osmanlı dövlətinin imperiyaya çevrilməsinin yolunu açdı və dünya tarixinin siyasi xəritəsində yeni mərhələnin başlanğıcını şərtləndirdi.
Lakin belə böyük tarixi hadisəni yalnız xronoloji faktlarla anlatmaq kifayət etmir. Çünki tarix bəzən rəqəmlərdən və tarixlərdən daha çox insanın yaddaşında yaratdığı hisslərlə yaşayır. “Panorama 1453” məhz bu baxımdan fərqli sənət hadisəsidir. Burada 1453-cü ilin 29 mayı sadəcə təqvimdəki bir tarix deyil, göz önündə canlanan möhtəşəm bir səhnədir.
Diametri 38 metr olan nəhəng yarımkürə üzərində qurulan panoramik kompozisiya tamaşaçıya hadisəni kənardan izləmək deyil, onun daxilində olmaq hissini yaşadır. Rənglər, perspektiv, işıq, səs və real əşyalar bir araya gələrək keçmişlə bu günü bir nöqtədə birləşdirir. Ziyarətçi bir tərəfdən sənət əsərinə baxır, digər tərəfdən həmin əsərin yaratdığı atmosferin içində özünü hiss edir.
Bu mürəkkəb və monumental işin arxasında isə böyük sənət təcrübəsi dayanır. Muzeyin bədii quruluşunda Azərbaycanlı sənətkarın – Yaşar Zeynalovun xüsusi izi var. Otuz ildən çoxdur sənət fəaliyyətini Türkiyədə davam etdirən soydaşımız bu möhtəşəm layihənin yaradıcı simalarından biri olmaqla yanaşı, onun baş rəssamı kimi tarixi hadisənin bədii dilə çevrilməsində mühüm rol oynayıb.
Azərbaycan rəssamlıq məktəbinin yetirməsi olan Yaşar Zeynalov Bakıda anadan olub. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1979–1985-ci illərdə isə V.İ. Muxina adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında (hazırda Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyası) təhsil alıb. 1987-ci ildən Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. Yaradıcılıq fəaliyyəti boyunca 40-dan çox cizgi filmində rəssam kimi çalışıb, 500-dən artıq kitabın illüstrasiyalarını hazırlayıb. Əsərləri Bakıdan Berlinə, İstanbuldan Ankaraya, Moskvadan Tokiyoya qədər dünyanın müxtəlif şəhərlərində sərgilənib, bir sıra ölkələrin şəxsi və ictimai kolleksiyalarında qorunur.
Yaşar Zeynalov 1994–2005-ci illərdə Türkiyədə müxtəlif cizgi filmlərinin hazırlanmasında rəssam kimi iştirak edib, yüzlərlə kitabın illüstrasiyasını hazırlayıb. Onun yaradıcılıq yolu təkcə bir sənət sahəsi ilə məhdudlaşmayıb. Rəssamın illüstrasiya, animasiya və tarixi-bədii layihələrdə qazandığı təcrübə sonralar daha böyük miqyaslı əsərlərin meydana gəlməsinə zəmin yaradıb. 2005-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsindən gələn dəvət isə yaradıcılıq həyatında yeni mərhələnin başlanğıcı olur. İstanbulun fəthinə həsr olunacaq panorama muzeyinin yaradılması kimi nəhəng layihədə baş rəssam kimi iştirak etmək böyük sənət məsuliyyəti, həm də tarixi bir missiya idi. O, tarixi hadisənin vizual yaddaşını formalaşdıran yaradıcı komandanın aparıcı simalarından biri idi.
Bu uğurlu layihədən sonra, həmin dövrdə Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyənin vətəndaşlığına layiq görülən Yaşar Zeynalov ölkənin müxtəlif bölgələrində oxşar panorama və diorama muzeylərinin hazırlanması üçün dəvət alıb.
Elə muzeydə görüşəndə də Əməkdar rəssam Yaşar Zeynalovla söhbətimiz məhz panorama sənətinin görünən və görünməyən tərəfləri, “Panorama 1453”ün yaranma prosesi, tarixi yaddaşın sənət vasitəsilə qorunması və rəssamın ən böyük arzusu – Azərbaycanda Qarabağ Zəfərinə həsr olunmuş panorama muzeyinin yaradılması barədə oldu.
Yaddaşlarda yaşayan Fateh Sultan
– Yaşar müəllim, “Panorama 1453”ə daxil olan insan ilk növbədə böyük bir tarix hadisəsinin içərisinə düşür. Sizin üçün bu layihənin ən çətin tərəfi nə idi?
– “Panorama 1453” çox böyük və mürəkkəb layihə idi. Çünki burada sadəcə böyük bir tablo yaratmaqdan söhbət getmirdi. Biz tamaşaçıya bütöv bir tarixi hadisəni göstərməli idik. Üstəlik, bunu elə etməliydik ki, insan muzeyə daxil olanda özünü 1453-cü ilin İstanbulunda hiss etsin.
Burada on mindən çox insan fiquru əks olunub. Hər bir fiqurun öz hərəkəti, öz vəziyyəti, öz geyimi var. İnsanları eyni formada çəkə bilməzsiniz. Döyüş meydanında hər kəsin hərəkəti fərqlidir: biri hücum edir, biri müdafiə olunur, biri yaralanıb, digəri əmr verir, başqası top atəşinə hazırlaşır. Əslində panoramanın çətinliyi də buradadır. Böyük ölçülü bir rəsm çəkirsiniz, amma onun daxilində minlərlə kiçik hekayə yerləşir.
– Yəni tamaşaçı bir bütöv əsərə baxsa da, əslində onun daxilində minlərlə ayrıca səhnə var?
– Tamamilə belədir. Panorama sənətində əsas məsələ yalnız böyük kompozisiyanı qurmaq deyil. Həmin kompozisiyanın daxilində çoxsaylı kiçik hadisələri də inandırıcı şəkildə yerləşdirmək lazımdır. Tamaşaçı uzaqdan baxanda ümumi mənzərəni görür. Yaxınlaşanda isə ayrı-ayrı detalları kəşf edir. Bir əsgərin üz ifadəsi, digərinin əlindəki silah, atın hərəkəti, topun yerləşdirilməsi, uzaqdakı qala divarları – bütün bunlar ümumi kompozisiyanın bir hissəsidir. Mən həmişə deyirəm ki, panorama rəssamlığı bir növ sənət içində memarlıqdır. Burada rəssam yalnız şəkil çəkmir, məkan yaradır.
– “Panorama 1453”də Fateh Sultan Mehmedin obrazının yaradılması xüsusi diqqət çəkir.
– Çünki Fateh Sultan Mehmed haqqında insanların yaddaşında artıq formalaşmış bir obraz var. Söhbət XV əsrdə yaşamış italyan rəssamı Gentile Bellininin çəkdiyi məşhur portretdən gedir. İnsanlar “Fateh Sultan Mehmed” deyəndə ilk növbədə həmin portreti xatırlayırlar. Amma bir məsələni nəzərə almaq lazım idi. Bellininin portretində Sultan Mehmed təxminən 46 yaşındadır. İstanbulun fəthi zamanı isə onun cəmi 21 yaşı vardı.
Biz panorama muzeyində məhz fəth edən Fatehi göstərirdik. Buna görə də qarşımızda gənc Sultan Mehmed obrazı dayanmalı idi. Təbii ki, onun simasında Bellininin yaratdığı portretin müəyyən cizgilərini qorumağa çalışdıq. Amma daha gənc, daha dinamik və döyüş meydanına rəhbərlik edən bir Fateh yaratdıq. İlk vaxtlar bu yanaşmanı qəbul etməyənlər də oldu. Etiraz edənlər vardı. Amma zaman keçdikcə insanlar həmin obrazı qəbul etdilər. İndi hər il 29 mayda İstanbulun fəthinin ildönümündə müxtəlif tədbirlərdə həmin Fateh obrazını görmək mümkündür. Buna görə mən çox məmnunam.
– Deməli, rəssam burada tarixlə sənət arasında müəyyən balans yaratmalı idi...
– Bəli. Tarixi rəssamlıqda ən çətin məsələlərdən biri budur. Siz tarixi faktı dəyişə bilməzsiniz. Amma həmin faktı sənətin imkanları daxilində təqdim etməlisiniz.Mənim üçün əsas prinsip budur: tarixə hörmət, sənətə isə azadlıq.Tarix bizə çərçivəni verir. Sənət isə həmin çərçivənin daxilində obraz yaradır.
– Panorama əsərində məkanın dərinliyini və hadisənin real görünüşünü yaratmaq, yaxında və uzaqda olan insanları, əşyaları hansı üsulla təsvir edirsiniz ki, tamaşaçı özünü hadisənin içində hiss etsin?
– Bu panorama sənətinin əsas dayaqlarından biridir. Adi tabloda tamaşaçı qarşısında müəyyən ölçüdə səth olur. Panorama isə tamaşaçını təsvirin içərisinə alır. Buna görə kiçik bir səhv belə ümumi görüntünü poza bilər. İnsan fiqurlarının ölçüsü, uzaqlıq-yaxınlıq, üfüq xətti, memarlıq elementlərinin yerləşməsi, işıq və kölgə – bütün bunlar hesablanmalıdır. Tamaşaçı harada dayanır, əsərə hansı nöqtədən baxır – bunların hamısı əvvəlcədən nəzərə alınır.Əslində panorama çəkərkən biz yalnız rəsm yaratmırıq, tamaşaçının baxış trayektoriyasını da qururuq.
– Bəs işıq? Muzeydə işıqlandırma da xüsusi effekt yaradır.
– İşıq panoramanın ruhudur. Əgər işığı düzgün qurmamısınızsa, ən gözəl rəsm belə öz təsirini itirə bilər. “Panorama 1453”-də biz təbii işıqla yanaşı, müasir texnologiyalara əsaslanan süni işıqlandırmadan da istifadə etdik. İşığın istiqaməti, gücü və rəng temperaturu elə seçilməlidir ki, rəsm ilə real obyektlər bir-birindən ayrılmasın. Tamaşaçı bəzən harada rəsmin bitdiyini, harada real əşyanın başladığını hiss etməməlidir. Bu, panorama sənətinin ən böyük sehrlərindən biridir.
– Muzeydə yalnız rəsm deyil, real əşyalar, silah və top maketləri də nümayiş olunur. Bunların rəsm əsəri ilə birləşdirilməsi necə həyata keçirilir?
– Bu da xüsusi yanaşma tələb edir. İstanbulun fəthi zamanı Osmanlı ordusunun istifadə etdiyi silahlar və böyük topların maketləri hazırlanaraq ekspozisiyaya daxil edilib. Bu əşyalar panoramanın qarşısında təsadüfi şəkildə yerləşdirilə bilməz. Rəsm ilə real obyekt arasında vizual əlaqə olmalıdır. Rəng, işıq, perspektiv və ölçü baxımından uyğunluq yaradılmalıdır. Əks halda real obyekt ayrıca eksponat, panorama isə ayrıca tablo kimi görünəcək. Biz isə istəyirdik ki, ikisi birlikdə vahid bir səhnə yaratsın.
– Qübbənin də rəsmlə işlənməsi muzeyi fərqləndirən xüsusiyyətlərdəndir.
– Bəli. Dünyada panorama muzeylərinin yaranma tarixi kifayət qədər qədimdir. Amma “Panorama 1453”ü fərqləndirən əsas cəhətlərdən biri təsvirin yalnız divarlarda deyil, qübbə hissəsində də davam etməsidir. Bu, tamaşaçını tamamilə təsvirin içərisinə salır. Başınızı yuxarı qaldıranda da tarixin davam etdiyini görürsünüz. Hətta buludlarda da Fatehin cöhrəsi görünür, bunu şoxları bilmir, amma məlumatı olanlar da var. Bu baxımdan panorama adi rəsm deyil. O, 360 dərəcəlik vizual yaddaşdır.
Azərbaycanın adını daşıyan sənətkar və Türkiyədə ponoramalar silsiləsi
– Siz Türkiyənin müxtəlif şəhərlərində də belə layihələr həyata keçirmisiniz. Bu layihələr bir-birindən nə ilə fərqlənir?
– Hər birinin öz xarakteri var. Onların haqqında ayrı-ayrılıqda danışmaq təbii ki çox vaxt aparar, sadəcə məlumat verim. 2012-ci ildə İstanbulun Hərbi Muzeyi üçün “Mohaç müharibəsi” layihəsi üzərində işlədik. 2016-cı ildə Konyada “Zindan qala” diorama muzeyini hazırladıq. 2017-ci ildə Konya İslam Mədəniyyət Mərkəzində “Konyanüma” layihəsini həyata keçirdik.
2018-ci ildə “Bursa 1326” panoraması və “Manisa Misir Macunu Şənliyi” dioraması üzərində çalışdıq. 2021-ci ildə Ankaranın Etimesqut Bələdiyyəsinin Türk Tarix Parkı üçün “Ergenekon dastanı”, “Malazgirt müharibəsi”, “İstanbulun fəthi” və “Sakarya meydan müharibəsi” layihələrini hazırladıq. 2023-cü ildə Uşak şəhərində “100-cü il Cümhuriyyət Muzeyi”ni tamamladıq. 2025-ci ildə isə Kütahyada “Dumlupınar” diorama muzeyini hazırladıq. Hər layihə yeni bir araşdırma, yeni bir yaradıcılıq prosesi deməkdir.
– Bu qədər müxtəlif tarixi hadisəni canlandırmaq üçün rəssamdan yalnız sənət bacarığı deyil, həm də ciddi tarix bilgisi tələb olunur...
– Əlbəttə. Mən bir tarixi hadisəni çəkməzdən əvvəl həmin dövrü öyrənməyə çalışıram. Geyimlər, silahlar, memarlıq, insan fiziologiyası, atların yeriş və hərəkətləri, hərbi düzülüşlər – hər şey araşdırılır. Təsəvvür edin, XIV və ya XV əsrin əsgərini XX əsrin geyimində təsvir etsəniz, bütün panorama inandırıcılığını itirər. Bəzən bir düymənin, bir başlığın, bir silah detalının belə əhəmiyyəti olur. Ona görə də panorama sənəti mənim üçün həm də tarixi tədqiqat işidir.
– Hazırda hansı layihə üzərində çalışırsınız?
– Hazırda “Köhnə Van şəhəri” panoraması üzərində işləyirik. Burada əsas məqsəd Van şəhərinin XIX əsrin sonlarındakı görünüşünü canlandırmaqdır. Bu, bizim üçün də maraqlı və məsuliyyətli layihədir. Çünki artıq mövcud olmayan bir şəhər mənzərəsini tarixi mənbələr əsasında yenidən qururuq. Köhnə Vanın küçələri, memarlığı, yaşayış məkanları, ümumi şəhər panoraması üzərində işləyirik.Yaxın vaxtlarda muzeyin rəsmi açılışı olacaq.
– Sizin sənət yolunuzun böyük hissəsi Türkiyə ilə bağlıdır. Soydaş kimi qardaş ölkədə belə mühüm layihələrə imza atmaq sizin üçün nə ifadə edir?
– Mən bunu böyük bir məsuliyyət kimi qəbul edirəm. Türkiyədə sənətimi davam etdirmişəm, amma Azərbaycan mənim yaradıcılıq yaddaşımın əsas hissəsidir. Mən burada özümü heç vaxt yad hiss etməmişəm. Əksinə, Türkiyədə çalışdığım illər ərzində Azərbaycanın adını daşıyan bir sənətkar kimi qəbul olunmağım mənim üçün böyük qürur olub. İki ölkənin tarixi və mədəni bağları çox güclüdür. Mənim sənətim də müəyyən mənada bu bağların içində formalaşıb.
Fateh İstanbulun fəthini, İlham Əliyev Qarabağın azadlığını tarixə yazdı
– Siz Türkiyədə çoxsaylı tarixi layihələr yaratmısınız. Bəs Azərbaycan üçün belə bir layihə həyata keçirmək arzunuz varmı?
– Etiraf edim ki, ən böyük arzum budur. Mən istəyirəm ki, Azərbaycanda Qarabağ Zəfərinə həsr olunmuş möhtəşəm panorama muzeyi yaradılsın. Bu, mənim üçün adi bir layihə olmazdı. Çünki Qarabağ bizim yaddaşımızda təkcə bir müharibə və qələbə deyil. Orada böyük bir tarix, itkilər, ayrılıq, həsrət, qəhrəmanlıq və nəhayət, Zəfər var. Panorama sənəti isə bütün bunları bir məkanda ifadə etmək üçün çox böyük imkan yaradır.
– Sizcə, Qarabağ Zəfəri panoramasında nələr əks olunmalıdır?
– Məncə, belə bir panorama yalnız döyüş səhnələrindən ibarət olmamalıdır. Orada Qarabağın tarixi, işğaldan əvvəlki həyat, dağıdılmış şəhər və kəndlər, uzun illər davam edən həsrət, qazilərimizin və şəhidlərimizin qəhrəmanlığı, Azərbaycan Ordusunun Zəfər yürüşü öz əksini tapmalıdır. Və təbii ki, bütün bu tarixi prosesin siyasi iradəsini və Zəfərə aparan yolun rəhbərini – Ali Baş Komandan İlham Əliyevin obrazını da orada görmək lazımdır.
Əslində, bu panoramada Sultan Fatehin yerində İlham Əliyevi görməmək mümkün deyil. Çünki aradan əsrlər keçib, dövr və texnologiyalar dəyişib, texniki yanaşmalar yenilənib, amma tarix yaradan lider obrazının mahiyyəti dəyişməyib. Bir vaxtlar Fateh İstanbulun fəthini tarixə yazdısa, bizim dövrümüzdə İlham Əliyev Qarabağın azadlığını Azərbaycanın tarixinə yazdı. Ona görə də burada əsas məsələ yalnız tarixi hadisələri və döyüş səhnələrini göstərmək deyil. Əsas məsələ Zəfərin yaratdığı hissi tamaşaçıya yaşatmaqdır – illərlə davam edən həsrətdən qürura, ağrıdan sevincə, itkidən Qələbəyə gedən o böyük yolun duyğusunu çatdırmaqdır.
Mən istəyərdim ki, insan həmin panoramaya daxil olanda əvvəlcə Qarabağın sükutunu hiss etsin, sonra müharibənin, əsasən də 30 illik işğalın ağırlığını görsün və sonda Zəfər hissi ilə qarşılaşsın. Yəni tamaşaçı sadəcə “nə baş verdi?” sualının cavabını görməsin. O, “bu xalq nələr yaşadı və bu Zəfər necə əldə edildi?” sualının cavabını da hiss etsin.
– Bu layihənin Azərbaycan üçün əhəmiyyəti nədən ibarət ola bilər?
– Məncə, gələcək nəsillər üçün çox böyük əhəmiyyəti olar. Çünki tarix yalnız kitabda yazılan məlumat deyil. İnsan gördüyünü və hiss etdiyini daha yaxşı yadda saxlayır. Qarabağ Zəfəri Azərbaycanın müasir tarixinin ən mühüm hadisəsidir. Bu hadisənin böyük sənət əsərində əbədiləşdirilməsi gələcək nəsillərə mühüm mesaj verər. Mən bir rəssam kimi düşünürəm ki, qələbənin ən böyük abidələrindən biri onu sənətə, o cümlədən ponrama çevirməkdir. Panorama mənim üçün sadəcə peşə deyil. Bu, tarixə münasibət formasıdır. Mən tarixə rənglərlə baxıram. Bir hadisəni çəkəndə düşünürəm ki, bu əsərə məndən sonra da insanlar baxacaq. Ona görə hər detalın məsuliyyətini hiss edirəm. Bəzən bir rəssamın çəkdiyi bir obraz illər, hətta əsrlər boyu insanların yaddaşında qala bilər. Bu baxımdan bizim işimiz böyük məsuliyyətdir. Mənim üçün ən böyük mükafat isə tamaşaçının qarşısında dayanıb bir müddət susmasıdır. Çünki insan əsərin qarşısında susursa, deməli, əsər onunla danışa bilib.
– Son olaraq, Yaşar müəllim, bu qədər böyük layihələrin müəllifi kimi sənətinizi bir cümlə ilə necə ifadə edərdiniz?
– Mən deyərdim ki, sənət keçmişi gələcəyə birləşdirən körpüdür. Rəssamın işi yalnız gözəl şəkil çəkmək deyil. Bəzən onun işi xalqın yaddaşını qorumaqdır. Əgər mənim çəkdiyim bir insan fiquru, bir döyüş səhnəsi, bir şəhər mənzərəsi gələcəkdə kiməsə “bizim tariximiz belə olub” dedirdə bilirsə, deməli, mən öz işimi görmüşəm. İndi ən böyük istəyim də budur ki, illərdir Türkiyədə qazandığım təcrübəni Azərbaycanda tətbiq edim və Qarabağ Zəfərini böyük bir panorama əsərində canlandıraq. Çünki bəzi tarixlər yazılmaqla kifayətlənmir. Onlar həm də çəkilməlidir.
-Çox sağ olun, maraqlı müsahib oldunuz, səmimi söhbətiniz və sənət dünyanızın incəliklərini bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik. Üstəlik Qarabağ Zəfəri ilə bağlı arzunuza canı dildən qoşulduq. Ümid edirik ki, bu nəcib arzu gələcəkdə ölkəmizin aidiyyəti mədəniyyət qurumlarının dəstəyi ilə gerçəkləşər və Sizin uzun illər qardaş Türkiyədə qazandığınız zəngin təcrübə Qarabağ Zəfərinin sənət vasitəsilə gələcək nəsillərə çatdırılmasına xidmət edər...
Namiq Qədimoğlu
XQ, İstanbul
Baxış sayı:145
Bu xəbər 08 Sentyabr 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















