Azəri Çıraq Günəşli yatağında hasilata dəstək yanaşmaları
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Noyabrın 13-də “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” mövzusunda keçirilən müzakirədə yatağın gələcək hasilat potensialı, qazma əməliyyatlarının genişləndirilməsi və yeni texniki həllərin tətbiqi ilə bağlı mühüm açıqlamalar səsləndirilib. Məclisdə SOCAR və bp nümayəndələri AÇG-də hasilatın dəstəklənməsi istiqamətində görülən işləri və qarşıdakı dövr üçün planları açıqlayıblar.
SOCAR-ın birinci vitse-prezidenti Babək Hüseynovun açıqlamasına görə, şirkət AÇG-də neftvermə əmsalının 40 faizdən yüksək olmasını hədəfləyir. Bu məqsəd yatağın geoloji xüsusiyyətlərinin daha dərindən öyrənilməsini, qalıq ehtiyatların müəyyənləşdirilməsini və onların hasilata cəlb edilməsi üçün qabaqcıl texnologiyalardan istifadəni zəruri edir. Tədbirdə diqqətçəkən əsas yeniliklərdən biri AÇG-də təxminən 2 kilometrlik üfüqi quyunun qazılması olub. Babək Hüseynov bu nəticəni böyük nailiyyət kimi qiymətləndirib. Üfüqi qazma texnologiyası neftli laylarla quyu arasında təmas sahəsinin genişləndirilməsinə imkan verir. Şaquli quyularla müqayisədə üfüqi quyular məhsuldar lay boyunca daha uzun məsafəni əhatə edə bilir. Bunun nəticəsində layın müxtəlif hissələrində yerləşən neft ehtiyatlarına çıxış imkanları genişlənir və quyunun hasilat potensialı yüksəlir.
Xüsusilə mürəkkəb geoloji quruluşa malik dəniz yataqlarında belə quyuların qazılması yüksək texniki hazırlıq, dəqiq geoloji qiymətləndirmə və qabaqcıl qazma avadanlıqları tələb edir. AÇG-də təxminən 2 kilometrlik üfüqi quyunun qazılması da yatağın işlənməsində texnoloji imkanların genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Məclisdə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Geologiya və İşlənmə üzrə vitse-prezidenti Dan Sparks da AÇG-də qazma əməliyyatlarının genişləndirilməsi ilə bağlı planları açıqlayıb. Onun sözlərinə görə, şirkət yataqlar blokunda fəaliyyət göstərən qazma qurğularının ümumi sayını 8-ə çatdırmağı hədəfləyir. “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının istismara verilməsi ilə qazma qurğularının sayı 6-dan 7-yə yüksəlib. Növbəti mərhələdə sualtı əməliyyatların həyata keçirilməsi məqsədilə səkkizinci qazma qurğusunun da cəlb edilməsi nəzərdə tutulur.
Dan Sparks bildirib ki, qazma qurğularından asılılığı azaltmaq üçün quyulara müdaxilədə müstəqil texniki vasitələrdən, o cümlədən xüsusi avadanlıqlardan və gəmilərdən istifadə imkanları genişləndirilib. Bu yanaşma qazma qurğularının birbaşa iştirakını tələb etməyən əməliyyatların ayrıca həyata keçirilməsinə şərait yaradır.
bp rəsmisinin açıqladığı digər mühüm göstərici əməliyyatların həcminin artırılması ilə bağlıdır. Belə ki, təxminən son dörd il ərzində bir quyu üzərində aparılan iş günlərinin sayı 50 faiz artırılıb. Nəticədə, eyni müddətdə əməliyyatların ümumi həcmi də 50 faiz genişlənib.
Bunun arxasında əlavə investisiyalar, texniki imkanların artırılması və əməliyyatların daha çevik təşkili dayanır. Əvvəllər ayrı-ayrı işlərin həyata keçirilməsi üçün qazma qurğularının boşalmasını gözləmək lazım gəlirdisə, yeni texniki vasitələr bir neçə əməliyyatın paralel aparılmasına imkan verir. Dan Sparksın sözlərinə görə, hazırda eyni vaxtda iki quyuda paralel fəaliyyət göstərmək mümkündür.
SOCAR-ın 40 faizdən yüksək neftvermə əmsalına nail olmaq hədəfi də məhz bu strategiyanın tərkib hissəsidir. İki kilometrlik üfüqi quyunun qazılması mövcud texniki potensialın genişləndiyini nümayiş etdirir. bp-nin qazma qurğularının sayını 8-ə çatdırmaq planı isə yataqda əməliyyat imkanlarının daha da artırılacağına işarədir.
Bütün bunlar onu göstərir ki, AÇG-də hasilatın gələcək perspektivi yeni yataqların istismara verilməsi ilə yanaşı, mövcud ehtiyatlardan daha səmərəli istifadə olunmasından da asılıdır. Qazma texnologiyalarının təkmilləşdirilməsi, əməliyyatların intensivləşdirilməsi və neftvermə əmsalının yüksəldilməsi Azərbaycanın əsas neft layihəsinin iqtisadi ömrünün uzadılması və enerji sektorunun dayanıqlılığının qorunması baxımından strateji əhəmiyyət daşıyır.
N.ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 14 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















