“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” Ekspert risklərdən danışdı
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda bakalavr təhsilinin müddətinin bəzi ixtisaslar üzrə 4 ildən 3 ilə endirilməsi məsələsi gündəmə gəlib.
Milli Məclisin Elm və təhsil komitəsində 3 illik bakalavr proqramlarının tətbiqi imkanlarının araşdırılması təklif olunub.
Komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib ki, dünyada ali təhsil sahəsində baş verən dəyişikliklər, əmək bazarının yeni tələbləri və təhsil xərclərinin artması bu məsələyə yenidən baxılmasını zəruri edir.
Elm və təhsil naziri Emin Əmrullayev isə dördillik bakalavr ixtisaslarının bəzilərinin üçillik ola biləcəyini istisna etməyib. Nazir qeyd edib ki, bunun üçün ilk növbədə mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Onun sözlərinə görə, turizmin təşkili kimi bəzi ixtisaslarda üçillik təhsil mümkün olsa da, hüquq və mühəndislik kimi sahələrdə təhsil müddətinin azaldılması ayrıca qiymətləndirilməlidir.
Təhsil eksperti Elçin Əfəndiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu qərarı alarkən müxtəlif istiqamətlər üzrə təhlillər və qiymətləndirmələr aparmalıyıq:
"Hazırda müzakirə etdiyimiz məsələlərdən biri bakalavr və magistratura müddətlərinin müəyyən qədər azaldılmasıdır.
Bu, bakalavr pilləsinin üç il, magistratura pilləsinin isə bir ilə qədər azaldılmasını nəzərdə tuturuq. Biz bu qərarı alarkən müxtəlif istiqamətlər üzrə təhlillər və qiymətləndirmələr aparmalıyıq. Yəni, belə bir qərarı kortəbii formada qəbul etmək olmaz. Bunun hansı ixtisaslarda və hansı istiqamətdə həyata keçiriləcəyinə diqqət yetirmək lazımdır”.
O bildirib ki, qeyri-ixtisas fənlərini proqramdan çıxarmaqla təhsil müddətini azaltmaq olar:
"Laboratoriya şəraiti tələb etməyən, əsasən hümanitar və bəzi iqtisadi, texnoloji ixtisaslarda təhsil müddətinin azaldılması mümkündür. Lakin bəzi ixtisaslar da var ki, xüsusilə praktik və laboratoriya hazırlığı tələb edir. Bu sahələrdə təhsil müddətini əhəmiyyətli dərəcədə azaltmaq çətin ola bilər. Təhsil müddətinin hansı əsaslarla azaldıla biləcəyinə baxdıqda isə, ilk növbədə qeyri-ixtisas fənlərinin proqramdan çıxarılması və əsas ixtisas fənlərinə üstünlük verilməsi mümkündür. Təbii ki, bu halda təhsil müddətini müəyyən qədər azaltmaq olar. Bilirsiniz ki, hər semestr ərzində demək olar ki, bir sıra qeyri-ixtisas fənləri tədris olunur. Dörd il ərzində bu fənlərin sayı kifayət qədər çox olur və onların hesabına ən azı bir kursun müddətini azaltmaq mümkün ola bilər”.
E.Əfəndiyev deyib ki, biz bu məsələdə ilk növbədə məşğulluq istiqamətinə diqqət yetirməliyik:
"Amma bu qərar bizi hansı vəziyyətə gətirə bilər? Hazırda ölkəmizdə təxminən 250 min ali təhsil tələbəsi varsa, hər il 50-60 min və daha çox tələbənin məzun olduğunu nəzərə alsaq, onların əmək bazarına çıxması məsələsi ortaya çıxır. Təbii olaraq, onların iş məsələsi ilə bağlı suallar yaranır. Təhsil müddətini qısaltdıq və nəticədə hər üç ildən bir 50-60 min nəfər əmək bazarına daxil olmağa başladı. Bu zaman işsizlik probleminin daha da artması və sosial problemlərin yaranması ehtimalı yüksəlir. Başqa sözlə, işsizlərin sayının artması ilə üzləşə bilərik.
Ona görə də biz bu məsələdə ilk növbədə məşğulluq istiqamətinə diqqət yetirməliyik. İnsanların daha qısa müddətdə əmək bazarına çıxması onların səmərəli əmək fəaliyyəti göstərməsi üçün müvafiq iş yerlərinin olmasını tələb edir.
Yalnız bu məsələlər ətraflı şəkildə araşdırıldıqdan, ölçülüb-biçildikdən və nəzərə alındıqdan sonra, təhsil müddətinin qısaldılması ilə bağlı qərarlar qəbul etmək olar”.
"Bu istiqamətdə dünyada müəyyən təcrübələr də mövcuddur. Məsələn, ABŞ-də və Türkiyədə buna bənzər tətbiqlərə rast gəlmək mümkündür. Yəni müəyyən ölkələrdə belə bir qərar qəbul edilir və tələbələrə daha qısa müddətdə ali təhsil almaq imkanı yaradılır. Bizim üçün vacib olan məsələlərdən biri də əmək bazarına ixtisaslı kadrın hazırlanıb çıxarılmasıdır. Hazırda bununla bağlı müxtəlif modellər tətbiq olunur. Cənubi Koreya modelində altı ay və maksimum bir il ərzində müvafiq kurslar vasitəsilə kadr hazırlığı həyata keçirilir.
Bu kadrlar elektronika, texnologiya, avtomatlaşdırma, sənaye və digər xidmət sahələri üzrə hazırlanır. Onların əmək bazarında faydalı iş əmsalı, demək olar ki, dörd il ərzində ali təhsil alan şəxslərlə müqayisədə daha yüksək olur.
Bu onu göstərir ki, biz yalnız nəzəri biliklərin mənimsənilməsinə üstünlük verməməli, eyni zamanda praktik bilik və bacarıqların formalaşdırılmasına da diqqət yetirməliyik. Əldə etdiyiniz bilikləri real iş şəraitində tətbiq edə bilməyiniz çox vacibdir.
Bu zaman, təbii ki, əmək bazarının ehtiyaclarına uyğun ixtisaslı kadrların hazırlanması mümkün olacaq və müəssələrin inkişafına töhfə verəcək”,-deyə təhsil eksperti vurğulayıb.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 15 Sentyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















