Icma.az
close
up
RU
Bakı metropoliteni gələcəyə üz tutub

Bakı metropoliteni gələcəyə üz tutub

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Davamlı inkişaf, yeniləşmə və yüksək xidmət axtarışı yeraltı nəqliyyatı paytaxtın etibarlı kommunikasiyasına çevirib

Metro nəqliyyatı ilə sərnişindaşıma paytaxtımızda şəhərin müxtəlif nöqtələrini birləşdirən və insanları sürətli, etibarlı, davamlı şəkildə daşıyan əsas nəqliyyat sahəsi hesab olunur. Metro xətləri sıx məskunlaşan işgüzar mərkəzlər, ictimai məkanlar və digər məntəqələr arasında əlaqəni gerçəkləşdirərək, gündəlik hərəkətliliyi asanlaşdırır. Bu xətlər tıxacların qarşısını almağa, vaxt itkisinin azalmasına və ekoloji təmiz nəqliyyatın təşviqinə şərait yaradır.

Bakı şəhərinin metro infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində son illər əhəmiyyətli işlər görülüb. 20 il ərzində 1 depo, 7 yeni stansiya və 2 ikinci giriş-çıxış inşa edilib, əlavə olaraq 5 stansiya tamamilə yenidən qurulub. Metro şəbəkəsinin xətləri 29,9 kilometrdən 40,7 kilometrə qədər uzadılıb, sərnişin axınının təhlükəsizliyini gerçəkləşdirmək üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya təmir olunub. Vaqon parkına 266 ədəd müasir vaqon əlavə edilib, köhnəlmiş 177 vaqon isə istismardan çıxarılıb. Həyata keçirilən bu genişmiqyaslı layihələr Bakı metrosunun səmərəliliyini yüksəldib.

Əhalinin getdikcə artması, şəhərdaxili mobilliyə olan tələbin yüksəlməsi və urbanizasiya proseslərinin sürətlənməsi Bakı metrosunun inkişafı üçün görüləcək işlərin əhatəsini genişləndirib.Yeni stansiyaların tikintisi, xətlərin daha uzaq ərazilərə qədər genişləndirilməsi və müasir texnologiyaların tətbiq edilməsi qarşıya əsas vəzifələr kimi qoyulub.

59 yaşlı “yeraltı” magistral

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda proqrama uyğun olaraq, uzun illərdən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib. “28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda, “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla birgə kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. “Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb.

Onu da qeyd edək ki, Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişləndirilmə layihələrindən biri olacaq 10 yeni stansiyanın tikintisi hazırda diqqət mərkəzində saxlanılır. Bu stansiyalardan birinin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa “B4 layihə” adlı stansiyada da təmir və tikinti işləri sürətlə davam etdirilir.

Keçən il həyata keçirilən ən mühüm yeniliklərdən biri qatarlararası intervalların 16 ildən sonra ilk dəfə azaldılması olub ki, bu da mövcud infrastruktur imkanları nəzərə alınmaqla, inqilabi dəyişiklik kimi qiymətləndirilib. Eyni zamanda, rəqəmsal həllərin tətbiqi sayəsində ilk dəfə olaraq qatarların stansiyaya daxilolma vaxtını göstərən sistem və elektron monitorlar quraşdırılıb, həmçinin bütün stansiyalarda bank kartları ilə təmassız ödəniş imkanı yaradılıb. Ötən ilin oktyabr ayında test rejimində istifadəyə verilən bu sistemdən cəmi iki ay ərzində 7 milyondan çox sərnişin yararlanıb.

Təhlükəsizlik və enerji sistemlərinin yenilənməsi istiqamətində tədbirlər də sürətlə davam etdirilib. Sərnişinlərə xidmət keyfiyyətinin artırılması məqsədilə ən müasir qatarların alınması 2025-ci ildə də davam etdirilib və bununla təhlükəsiz hərəkətin optimal səviyyədə təmin olunmasına mühüm töhfə verilib. İl ərzində 20 yeni vaqon istismara buraxılıb. Bununla bərabər 20-dən çox stansiyada taktil zolaqların quraşdırılması sayəsində hərəkət imkanları məhdud sərnişinlər üçün metrodan istifadənin əlçatanlıq göstəricisi yüksəlib. Nəticədə əvvəlki illə müqayisədə 10,6 faiz çox sərnişin “Əlçatan metro” xidmətindən yararlanıb.

Əlçatanlığın təmin edilməsi istiqamətində atılan digər mühüm addım tam yeni formatda Əlaqə mərkəzinin fəaliyyətə başlaması olub. Belə ki, səhər saat 07:00-dan 23:00-dək daxil olan müraciətlərin operativ şəkildə cavablandırılması sərnişinlərin xidmət keyfiyyətinin yüksəldilməsi ilə nəticələnib.

Bakı metrosu ötən il ərzində 227 milyon sərnişin daşımaqla, 2 ay gücləndirilmiş iş rejimində, xüsusi günlərdə isə, ümumilikdə, 14 saatlıq əlavə iş cədvəli əsasında fəaliyyət göstərməklə bu ictimai nəqliyyata olan etimadı daha da möhkəmləndirib. Bir sözlə, 2025-ci ildə həyata keçirilən tədbirlər Bakı Metropoliteninin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıb.

“Yaşıl xətt”dən sabaha yaşıl işıq

Bakı metrosunun qarşıdakı dövrdə də müasir standartlara uyğun, təhlükəsiz və səmərəli xidmətlərinin genişləndirilməsi üçün genişmiqyaslı layihələrin reallaşdırılması əsas hədəflər sırasında yer alıb. Bu məqsədlə metronun bəzi istiqamətlərində qatarların hərəkəti avqustun 15-dən etibarən müvəqqəti dayandırılıb. Bu dəyişiklik minlərlə sərnişinin alternativ nəqliyyat vasitələrindən istifadə etməsinə səbəb olub. Belə bir şəraitdə şəhərdə ictimai nəqliyyatın yükü əhəmiyyətli dərəcədə çoxalıb, bununla bağlı ictimaiyyət arasında tıxac probleminin daha da dərinləşəcəyi barədə fikirlər yayılıb.

Buna görə də artan sərnişin axını fonunda tıxacların qarşısını almaq üçün irəlicədən müəyyən tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılıb. Avqustun 15-dən etibarən metronun “Nizami” – “28 May” istiqamətində hərəkətin müvəqqəti dayandırılmasının şəhərin nəqliyyat sisteminə ciddi təsir göstərəcəyi nəzərə alınaraq əlavə avtobuslar xəttə buraxılıb. Sentyabrda məktəblərin açılması nəzərə alınaraq kompleks nəqliyyat idarəetmə tədbirlərinin görülməsi də planlaşdırılıb.

Qeyd edək ki, metroya alternativ təşkil ediləcək ekspres avtobus marşrutlarının sayı və hərəkət tezliyi artırılıb. Bu avtobusların yalnız həmin istiqamətdə fəaliyyət göstərməsi, xüsusi avtobus zolaqlarından istifadə etməsi və digər nəqliyyat vasitələrinin həmin zolaqlara daxil olmasına ciddi nəzarət olunması qərara alınıb. Eyni zamanda, işıqforların adaptiv rejimdə idarə olunması qarşıya mühüm vəzifə kimi qoyulub. Başqa sözlə, pik saatlarda avtobusların və əsas nəqliyyat axınının hərəkət etdiyi küçələrdə işıqfor fazalarının real vaxt rejimində tənzimlənməsi, zərurət olduqda bəzi küçələrdə hərəkət istiqamətlərinin müvəqqəti optimallaşdırılması qərara alınıb.

Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, Bakı metrosunda aparılan tikinti işləri ilə bağlı şəxsi avtomobildən istifadənin azaldılması da zəruridir. Əvəzində ictimai nəqliyyata üstünlük vermək, qısa məsafələrdə piyada və ya mikromobillik vasitələrindən yararlanmaq vacibdir. Eləcə də əsas magistrallarda, xüsusilə “20 Yanvar”, “İnşaatçılar”, “Nizami”, “28 May” və şəhər mərkəzi istiqamətlərində operativ nəzarət gücləndirilməli, ikinci cərgədə dayanma, qanunsuz parklanma və yol hərəkətini ləngidən pozuntulara qarşı daha sərt tədbirlər görülməlidir.

Beləliklə, problemin minimuma endirilməsi yalnız avtobus sayının artırılması ilə deyil, “ağıllı nəqliyyat” idarəetməsinin diqqətdə saxlanılması, operativ koordinasiyanın həyata keçirilməsi, sərnişinlərin düzgün istiqamətləndirilməsi və sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etmələri ilə zəruridir. Bir sözlə, nəzərdə tutulan tədbirlər vaxtında və koordinasiyalı şəkildə həyata keçirilərsə, yaranacaq tıxacların təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Yüksək sürət, daha çox sərnişin

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov söhbət zamanı qeyd etdi ki, metroda xətlərin ayrılması layihəsi çərçivəsində “Nizami” – “Cəfər Cabbarlı” istiqamətində inşa ediləcək, təxminən, 200 metr uzunluğunda 2 yeni tunelin tikintisi zamanı hidrogeoloji vəziyyət əlverişli olacağı təqdirdə planlaşdırılan tikinti prosesi müddətdən daha tez başa çatdırılacaq. Layihə çərçivəsində “Nizami” – “28 May” stansiyaları arasında mövcud tunel istismardan çıxarılaraq ləğv ediləcək. Bunun əvəzində “Nizami” – “Cəfər Cabbarlı” stansiyaları istiqamətində iki yeni tunel inşa olunacaq. Tikinti, təxminən, 10-11 ay ərzində başa çatdırılacaq. Bu müddətdə “Yaşıl xətt” üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız “Nizami” stansiyasına qədər təşkil ediləcək.

Bakı metrosunun uzun illər həllini gözləyən əsas məsələlərindən biri olan “Yaşıl” və “Qırmızı” xətlərin “28 May” stansiyasında kəsişərək birləşdirilməsi qarşıya prioritet məqsədlərdən biri kimi qoyulub. Bu mərhələ çərçivəsində “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi artıq başa çatdırılıb və obyekt qismən istismara verilib.

“Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubovun sözlərinə görə, “Dərnəgül” elektrik deposu “Yaşıl” və “Qırmızı” xətlərin ayrılması layihəsinin əsas hissələrindən biridir. Depo bundan sonra “Yaşıl xətt”ə müstəqil xidmət göstərəcək. Baş mühəndisin sözlərinə görə, burada qatarların təmir-baxışı, texniki qulluğu və gecələməsi üçün müasir şərait yaradılıb. Bu da hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun fəaliyyətinin yüngülləşdirilməsinə imkan verəcək.

Deponun tikintisi üçün ərazi hələ 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə 2025-ci ilin aprelində başlanılıb. “Dərnəgül” elektrik deposu tikintisinin 3 mərhələdə həyata keçirilməsi planlaşdırılıb. Artıq III mərhələ üzrə işlərə başlanılıb. Depo və ərazidəki yerüstü stansiyanın inşasının 2028-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.

Tikinti dövründə “Qırmızı xətt” üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar “İçərişəhər” – “Həzi Aslanov” marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, “28 May” stansiyası da normal rejimdə işləyəcək. Lakin “28 May” –“Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən “Yaşıl xətt” üzrə qatarlar müvəqqəti olaraq “Dərnəgül” – “Nizami” marşrutu üzrə hərəkət edəcək. Layihə tamamlandıqdan sonra qatarlar “Dərnəgül” – “Nizami” – “Cəfər Cabbarlı” – “Xətai” marşrutu ilə fəaliyyət göstərəcək.

Xətlər ayrıldıqdan sonra isə “Yaşıl xətt”dən “Qırmızı xətt”ə “Cəfər Cabbarlı” – “28 May” keçidi vasitəsilə, əks istiqamətdə isə “28 May” – “Cəfər Cabbarlı” piyada keçidlərindən istifadə ediləcək. Sərnişin axınının daha rahat idarə olunması məqsədilə gələcəkdə əlavə piyada keçidi də reallaşdırılacaq.

Layihənin növbəti mərhələsində isə Bakı Metropolitenində əsas problemlərdən biri olan sıxlığın aradan qaldırılması məqsədilə, ilk növbədə, qatarlararası intervalların azaldılması nəzərdə tutulur. Bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası tikilir. Eyni zamanda, “Xətai” stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerasının yaradılması planlaşdırılır. Bu infrastruktur layihəsi gerçəkləşdirildikdən sonra qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətinin təmin ediləcəyi və hərəkət cədvəlinin daha çevik təşkilinə imkan yaranacağı bildirilir.

Metro tikintisində yeni yanaşma

Layihənin əsas hədəflərindən biri metroda sərnişin axınının daha düzgün tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və gələcəkdə xətlərin daha müstəqil fəaliyyət göstərməsidir. İndiyədək metropolitendə intervalın aşağı salınmasına əsas maneələrdən biri qatarların “28 May” stansiyasında müxtəlif istiqamətlərə bölünməsi olub.

Bakı Metropolitenindən istifadə edən hər kəs yaxşı bilir ki, “Həzi Aslanov” istiqamətindən gələn qatarlar “28 May” stansiyasında bölünürdü. Biri “İçərişəhər”ə, digəri isə “Dərnəgül”ə gedirdi. Bu səbəbdən intervalı aşağı salmaq fiziki olaraq mümkün deyildi. “İçərişəhər”ə gedən qatar oradan dönüb geri qayıdır, gəlib “28 May”da yenidən “Dərnəgül”dən gələn qatarla eyni yola çıxırdı. Ona görə də onlar bir-birini gözləmək məcburiyyətində qalırdı.

Yasin Mustafayevin sözlərinə görə, xətlərin ayrılmasından sonra hər bir xətt müstəqil fəaliyyət göstərəcək və qatarların hərəkət intervalını sərnişin tələbatına uyğun şəkildə azaltmaq mümkün olacaq. Həmin plana nəzər salanda görünür ki, bu xətlərdən bəziləri, məsələn, “Yaşıl xətt” dairəvi olacaq. Yəni “Yaşıl xətt” “Xətai”stansiyasında dayanacaq və daha sonra buradan davam edərək “Həzi Aslanov”da keçid stansiyası yaradacaq. Nəhayət, “Qara Qarayev” və digər stansiyalardan, eləcə də “Koroğlu” metro stansiyalarından keçərək yenidən “Dərnəgül”də öz “Yaşıl xətt”inə birləşəcək və dairəvi hal alacaq.

Dairəvi xətt sərnişindaşımada, ümumiyyətlə, nəqliyyat sistemində daha çox səmərəliyi ilə diqqət çəkir. Çünki nəqliyyat vasitəsi dayanmadan hərəkət edir və eyni zamanda, sərnişin getmək istədiyi stansiyaya həm irəliyə, həm də geriyə doğru gediş edə bilir. Bu da sıxlığın azaldılmasına müsbət təsir göstərir. Məsələn, irəliyə doğru çox sıxlıq olduğu halda hər kəs geriyə doğru hərəkət edən qatara minərək mənzilbaşına gedə bilir. Bunu isə təbii ki, xətlərin ayrılması şərtləndirir. Yəni xətlərin ayrı-ayrılıqda işləməsi bu imkanı yaradır və interval aşağı düşür.

Beləliklə, indiyədək Bakı Metropoliteni iki xətt (“Yaşıl” və “Qırmızı”) üzrə 3 dəqiqə 30 saniyədən az interval təmin edə bilmirdi. Lakin layihələr başa çatdıqdan sonra qatarlararası maksimal interval 2 dəqiqəyə enəcək. Digər istiqamətlərdə isə ehtiyat qatarlar nəzərdə tutulacaq və sərnişin axınının tənzimlənməsi daha səmərəli təşkil ediləcək.

Layihə yekunlaşandan sonra metro xətləri müstəqil fəaliyyət göstərəcək. Başqa sözlə, bir xətdə baş verən nasazlıq və ya digər hadisə artıq digər xətlərin işinə təsir etməyəcək. Məsələn, “Qırmızı xət”də problem yaranarsa, “Yaşıl” və “Bənövşəyi” xətlər normal rejimdə fəaliyyətini davam etdirəcək.

Bütün bunlarla yanaşı, Dövlət Proqramına uyğun olaraq qarşıdakı illərdə 10 yeni stansiyanın tikintisi sərnişindaşıma imkanlarını artıracaq, şəhər mərkəzinə yönələn yerüstü nəqliyyatın yükünü azaldacaq, tıxacların qarşısının alınmasına, mobilliyin yüksəldilməsinə və ictimai nəqliyyatın daha səmərəli təşkilinə töhfə verəcək. Eyni zamanda, “28 May” – “Həzi Aslanov” istiqamətində sərnişin axınlarının qarşısı alınacaq və metropolitenin istismarı daha səmərəli təşkil olunacaq.

Yeri gəlmişkən, indiyədək “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər “28 May” stansiyasında istədikləri marşrut üzrə hərəkət etmək üçün bəzən bir qatarı buraxaraq növbəti qatarı gözləməli olurdular. Bu isə minmə və düşmə prosesində əlavə sıxlıq yaradırdı. Lakin layihə başa çatdıqdan sonra sərnişinlər qarşılarına çıxan ilk qatarla rahat şəkildə mənzilbaşına çata biləcəklər.

Beləliklə, layihənin icrası yekunlaşandan sonra metroda sərnişindaşıma imkanları əhəmiyyətli şəkildə artacaq, hərəkətin təhlükəsizliyi yüksələcək və istismar daha səmərəli təşkil ediləcək. Şəhər baxımından isə layihə ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracaq, fider zonalarında avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, mobilliyi artıracaq və paytaxtda sürətlə inkişaf edən mikromobillik həllərinin daha da genişlənməsinə şərait yaradacaq.

Səmərəli kredit

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda “Bakı Metropoliteni” üzrə nəzərdə tutulan tədbirlər istiqamətində indiyədək bir sıra layihələr uğurla reallaşdırılıb. Metropolitenin müxtəlif sahələrində ilk dəfə olaraq innovativ və səmərəli yeniliklər tətbiq edilib.

Sərnişindaşıma və təhlükəsiz hərəkətin təmin edilməsi sahəsində əldə olunan mühüm irəliləyişlər adıçəkilən Dövlət Proqramına uyğun olaraq, qarşıdakı 5 ilin Bakı metrosu üçün əsaslı dəyişikliklər və yeniliklər mərhələsi olacağını göstərir. Bu mühüm dövlət sənədinin icrası məqsədilə Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı ilə qlobal əməkdaşlığa başlanılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) məlumatına görə, iyunun 12-də Azərbaycan Respublikası Hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin genişləndirilməsi layihəsi - I mərhələ” üzrə 180 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Mütəxəssislərin rəylərində bu saziş son illərdə ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində imzalanan ən mühüm maliyyə layihəsi və Azərbaycan tarixində ictimai nəqliyyat sektoruna cəlb edilən ən böyük beynəlxalq kredit kimi qiymətləndirilib.

Qeyd edək ki, 4 il güzəşt müddəti olmaqla, ümumilikdə, 20 il müddətinə imzalanmış saziş Bakı metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın ilk mərhələsinin icrasına imkan yaradacaq. Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisi davam etdiriləcək, eləcə də “yaşıl xətt” üzərində yerləşən 10 stansiya modernləşdiriləcək.

Beləliklə, layihənin icrası şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təminatını şərtləndirəcək. Eyni zamanda, sərnişinlərin fərdi avtomobillərdən metro nəqliyyatına keçidini stimullaşdırmaqla, karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə mühüm töhfə verəcək.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri