Icma.az
close
up
RU
Bakı metrosunun gələcəyi: çıxış yolu yerin ALTINDADIR

Bakı metrosunun gələcəyi: çıxış yolu yerin ALTINDADIR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bakı şəhərində metro nəqliyyatının inkişafı son illərdə geniş müzakirə mövzularından birinə çevrilib. Artan şəhər əhalisi, tıxaclar və ekoloji problemlər metropolitenin genişlənməsini zəruri edir. Ekspertlər bildirirlər ki, Bakıda yeraltı quruluşun mürəkkəbliyi səbəbindən bəzi gecikmələr baş versə də, əsas məsələ tikintiyə ayrılan maliyyə vəsaitinin məhdudluğu ilə əlaqədardır. Hesab edilir ki, müasir tikinti texnologiyaları və metodları sayəsində dünyada Bakıdan daha mürəkkəb geoloji şəraitə sahib şəhərlərdə belə metro tikintisi sürətlə həyata keçirilir. 

Metronun üstünlüyü

Metronun digər ictimai nəqliyyat vasitələrindən bir neçə əsas üstünlüyü var. Metro tıxac və ya hava şəraiti kimi təsirlərdən uzaqdır. Metrolar yüksək tutumlu nəqliyyat vasitələri olduğu üçün çoxlu sayda sərnişinə xidmət göstərə bilir. Bu xüsusiyyət şəhər mərkəzlərindəki sıx nəqliyyat axınını azaldır. Metro elektriklə işləyir, havanı çirkləndirmir,  yaşayış məntəqələri üçün səs-küy yaratmır. Bu nəqliyyat növü əhalinin daha sürətli və rahat şəkildə ünvana çatdırır. Metro digər vasitələrə nisbətən daha az enerji sərf etdiyindən səmərəliliyi də yüksəkdir.

Yaxın Şərqdə ilk, postsovet məkanında beşinci

Yaxın Şərqdə ilk, postsovet məkanında isə beşinci olan Bakı Metropoliteninin ilk stansiyaları 1967-ci ildə istismara verilib. 1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət – “Bakı Soveti” (indiki - “İçərişəhər”), “Sahil”, “28 Aprel” (indiki - “28 May”), “Gənclik” və “Nərimanov” 9,2 km-lik yeraltı xətt işə düşüb. 3 ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayır. 1970-ci il aprelin 22-də Bakının sənaye rayonunda “Nəriman Nərimanov”dan sonrakı “Ulduz” stansiyası istifadəyə verilməklə xəttin uzunluğu daha 1,5 km artdı. 1972-ci il noyabrın 6-da “Məşədi Əzizbəyov” (indiki - “Koroğlu”), “Avrora” (indiki - “Qara Qarayev”) və “Neftçilər” ilk sərnişinlərini qəbul etdi. 1976-cı ildə ikinci növbənin “28 May-Nizami” mənzilində işlər davam edirdi. Uzunluğu 2,26 km olan bu xəttin “Nizami” stansiyası qapılarını sərnişinlərin üzünə dekabrın 31-də açdı. Bu xəttin davamı olan 6,5 km-lik “Nizami-Memar Əcəmi” sahəsinin “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI Qızıl Ordu meydanı” (indiki - “20 Yanvar”) və “Memar Əcəmi” stansiyaları 1985-ci il dekabrın 30-da istifadəyə verildi.

Bundan sonra Şərq sahəsində işlərin sürəti artırıldı və 1989-cu il aprelin 28-də “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla metropoliten xətlərinin uzunluğu daha 3,3 km artdı. Beləliklə, 1967-ci ildən 1989-cu ilədək olan 22 il ərzində 18 stansiya istismara verilmişdi.

Neft gəlirtlərinin artması metro tikintisini sürətləndirdi

Müstəqillik illərində ilk stansiya 1993-cü ildə “28 May” stansiyasının yenidən qurulması üzrə layihə işlərinin bir qolu olan “Cəfər Cabbarlı” keçid stansiyası istismara verilməsi ilə açıldı. Bundan sonra düz 10 il Bakıda yeni metro stansiyası istifadəyə verilmədi. Şərq sahəsinin qolu olan “Həzi Aslanov” stansiyası 2002-ci il dekabrın 10-da istifadəyə verilməsi ilə fasiləyə son qoyuldu.

Müstəqillik dövründə ölkə iqtisadiyyatının inkişafında dönüş ili olan 2006-cı ildən metronun yeni xətlərinin tikintisində də müsbət dəyişikliklər yarandı. 2008-ci il oktyabrın 9-da “Nəsimi” stansiyası yeraltı sərnişin konveyerinə qoşuldu. Bir il sonra, 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci çıxışı təhvil verildi. 2011-ci il iyunun 29-da Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan “Dərnəgül” stansiyası sərnişindaşıma prosesinə qoşuldu. Bununla da yeraltı yolların uzunluğu 34,6 km-ə çatdı.

2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı oldu. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə verildi. 2021-ci il may ayının 29-da "8 Noyabr" stansiyası istismara verildi. 2022-ci il dekabr ayının 23-də “Xocəsən” elektrik deposu istismara verildi.

Metroya çəkilən xərclər ilbəil artır

Metro tarixində yeganə dəyişməyən vəziyyət Azərbaycanda yalnız bir şəhərdə metronun olmasıdır. Bakıdan başqa respublikanın heç bir yerində metro yoxdur. Müstəqillik illərində metro stansiyalarının sayı 18-dən 27-yə çatıb. Bu müddətdə istismarda olan xətlərin uzunluğu 28 kilometrdən 40,7 kilometrə yüksəlib. Vaqonların sayı 1991-ci illə müqayisədə 222-dən 321-ə qalxıb. Bu, sərnişin tələbatının artması və metro şəbəkəsinin genişlənməsinə adekvat olaraq daha çox vaqonun alınması ilə bağlıdır. 55 il Bakının metro təsərrüfatına 1 depo xidmət edib. 2022-ci ildə ikinci depo fəaliyyətə başlayıb. 

Müstəqilliyin ilk illərində metro ilə ildə təxminən 170 min sərnişin daşınırdısa, hazırda bu rəqəm 220 milyon ətrafındadır.

Metroya çəkilən xərclər ümumilikdə artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə metroya çəkilən xərclər 104 milyon manat olduğu halda, 2023-cü ildə 155 milyon manata yüksəlmişdir. 10 ildə metronun xərcləri təxminən 50 faiz artıb. Bu müddətdə metronun gəlirləri 2015-ci ildəki 43 milyon manatdan 2023-cü ildə 83 milyon manata yüksəlib. Göründüyü kimi metro təsərrüfatının xərcləri gəlirlərdən yüksəkdir. Buna görə də metro təsərrüfatı hər il subsidiyalaşdırılır. 2024-cü ildə büdcədə bu məqsədlə 50 milyon manat nəzərdə tutulmuşdu. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 27,7 milyon manat subsidiya ayrılacaq. Bu da 2024-cü illə müqayisədə 44,7 faiz azdır.

Baş Plana inanaq, yoxsa dövlət proqramına?

2040-cı ilədək dövrü əhatə edən Bakı şəhərinin baş planına əsasən, Metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcəkdir. Perspektivdə “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 73,4 km-ə, stansiyaların sayının isə 46-ya çatdırılması nəzərdə tutulur. Görünən odur ki, 2030-cu ildəki proqnoz 2040-cı ildəki proqnozdan çoxdur. Çünki bir neçə il əvvəl Metronun perspektiv inkişaf proqramına əsasən bildirilirdi ki, 2030-cu ildə yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

İri şəhərlərdə metro tikintisi necədir?

Dünyanın müxtəlif ölkələrində metro şəbəkələrinin inkişafı və genişlənməsi müxtəlif sürətlə gedir. Bir çox şəhərlərdə əhalinin artması və urbanizasiyanın sürətləndiyi dövrlərdə metro stansiyalarının tikilməsinə böyük investisiyalar yatırılır. 

Çin dünyanın ən böyük metro şəbəkələrinə sahib olan ölkələrdən biridir və burada metro şəbəkələrinin genişlənməsi çox sürətlə baş verir. Çin hökuməti böyük şəhərlərdə nəqliyyat sıxlığını azaltmaq və əhalinin rahat hərəkətini təmin etmək üçün hər il bir neçə yeni metro xətti və stansiyası istismara verir. Pekində ildə 10-15, Şanxayda 10-12 yeni metro stansiyası tikilir.

Cənubi Koreyanın paytaxtı Seul şəhərində tıxacları azaltmaq məqsədilə hər il 5-6 yeni metro stansiyası istifadəyə verilir. Türkiyənin İstanbul şəhərində də metro şəbəkəsi son illər sürətlə genişlənir. 2020-ci ildən etibarən İstanbulda hər il təxminən 4-6 yeni metro stansiyası tikilir.

Moskva metrosu dünyanın ən böyük və ən sıx metro şəbəkələrindən biridir. Moskva şəhərində ildə təxminən 5-8 yeni metro stansiyası tikilir.

Moskvadan fərqli olaraq Nyu Yordkda metro şəbəkəsinin genişləndirilməsi zəif gedir. Bu şəhərdə hər il 1-2 yeni metro stansiyası tikilir. Almaniyanın Berlin şəhərində də ildə orta hesabla 1-2 yeni metro stansiyası istifadəyə verilir.

Hökumət ciddi hərəkətə keçib

Son dövrlərdə Bakıda nəqliyyat gərginliyinin artması ciddi hal alıb və getdikcə kəskinləşməkdədir. Yaxın bir neçə ildə artıq şəhər küçələrində ciddi tıxacların olması qaçılmazdır.

Bunu nəzərə alan hökumət ciddi hərəkətə keçib. Problemdən çıxış yollarından biri kimi Bakıda metro şəbəkəsinin genişləndirilməsi qarşıya hədəf kimi qoyulub. Bu istiqamətdə maliyyə qurumları və ixtisaslaşmış təşkilatlarla danışıqlar aparılır.

Ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Avropa İnvestisiya Bankı (AİB) arasında Anlaşma Memorandumu imzalanması da bunun bariz nümunəsidir. Memoranduma əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Bakı Metropoliteni ilə hər gün təxminən 620-630 min sərnişin daşınır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon nəfər əhalisi olan Bakı şəhərində metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.

Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək.
Metronun gələcək inkişafı yeni yanaşmalar tələb edir. Burada təsərrüfata rəhbərlik edən şəxsin yeni çağırışlara nə qədər adekvat olduğu xüsusi önəm daşıyır. Ötən ilin sonlarında Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi bundan xəbər verir. Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib. 

Fəaliyyətə başladığı ilk günlərdə Aslanov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) baş investisiya direktoru Konstantin Limitovski ilə görüşüb. Görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir. Bakı Mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.

Vüsal Aslanov bildirib ki, "2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyasının tikilərək təhvil verilməsi tapşırığını alnıb. Bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin "rəqəmsal əkiz" layihəsi hazırlanıb. Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və "dar boğaz"ların həll edilməsi metodları təhlil olunub. 

Metro tikintisində Türkiyə təcrübəsi

Türkiyənin İstanbul şəhərindəki məşhur Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigünə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində vəzifə verilməsi də təsadüfi deyil. Modern.az-ın məlumatına görə, o, Bakıda yeni çəkiləcək 10 metro stansiyanın layihəsinin hazırlanmasında yaxından iştirak edir. Metro və yüngül relsli nəqliyyat sistemləri onun karyerasında xüsusi yer tutur. İstanbul metrosunun inşaatında bir sıra layihələrin əlaqələndiricisi və rəhbəri olub. 1994-1999-cu illərdə Taksim - 4.Levent xəttinin inşaatında nəzarət işləri mühəndisi, 1999-2009-cu illərdə Yenikapı-Taksim xəttinin tikintisinə, 2009-2012-ci illərdə Kadıköy-Kartal, 2012-2018-ci illərdə Üsküdar-Ümraniye-Çekmeköy kimi mühüm layihələrə rəhbərlik edib. Orxan Yenigünün İstanbul metrosunun Gebze-Haydarpaşa, Sirkeci-Halkalı Banliyö xətlərinin modernləşdirilməsi, eləcə də məşhur Marmaray layihəsində sualtı tunelin tikintisində iştirak edib.

Bakı metropoliteni beynəlxalq təcrübəyə uyğun olaraq daha sürətlə genişlənə bilər. Metronun gələcək inkişafı Prezident İlham Əliyevin ciddi nəzarətindədir. Dövlət başçısı bildirib ki, əsas məqsəd avtobus nəqliyyatını metro nəqliyyatı ilə birləşdirməkdir: “Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see351

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see332

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see266

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see205

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see139

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see136

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see132

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see132

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see131

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see130

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see126

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see123

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri