Icma.az
close
up
RU
Bakı Vilnüs: azadlığa gedən yolda taleyükü yanvar hadisələri

Bakı Vilnüs: azadlığa gedən yolda taleyükü yanvar hadisələri

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü
[email protected]

1990-cı il Bakı və 1991-ci il Vilnüs Yanvar hadisələrindən zamanca uzaqlaşdıqca daha dərindən dərk edirik ki, 20 və 13 Yanvar günləri xalqlarımızın əzəmətli tarixinin faciəli və kədərli səhifələri olmaqla yanaşı, həm də Azərbaycanın və Litvanın böyük rəşadət və qələbə günləridir. O günlərdə mərd Azərbaycan və Litva övladları Bakıda və Vilnüsdə göstərdikləri misilsiz fədakarlıq, mənəvi güc və qətiyyət sayəsində bütün dünyaya sübut etdilər ki, xalqlarımızın istiqlaliyyətə qovuşmaq istəyi və müstəqil dövlət qurmaq iarədəsi yenilməz, öz azadlığını müdafiə etmək əzmi isə sarsılmazdır.

13 yanvar Litvada Azadlıq müdafiəçiləri günü kimi qeyd edilir. Həmin gün bu ölkədə anım mərasimləri “Yaddaş yaşayır, çünki şahidlik edir” çağırışı altında keçirilən ənənəvi vətəndaş aksiyası ilə başlayır. Həlak olmuşların xatirəsinə evlərin, dövlət idarələrinin, qeyri hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin pəncərələrində şamlar yandırılır. Sonra tədbirlər Litva Respublikası Seyminin binasında keçirilir.

Burada – Litvanın döyünən ürəyi və Müstəqilliyin beşiyi sayılan 11 Mart zalında, ölkə rəhbərləri, hökumət təmsilçiləri, millət vəkilləri, həlak olmuşların yaxınları, siyasi, ictimai və dini qurumların nümayəndələri, habelə xarici dövlətlərin səfirlərinin iştirakı ilə təntənəli anım tədbiri başlanır.

Tədbirdə Seym tərəfindən təsis edilmiş Azadlıq mükafatının təqdim olunma mərasimi də baş tutur. Litvanın Azadlıq mükafatı hər il yerli və ya xarici xadimlərə demokratiya, insan hüquqları və azadlıqların müdafiəsinə verdiyi mühüm töhfələrə görə verilir. Daha sonra Seymin qarşısındakı Müstəqillik meydanında dövlət bayrağını qaldırma mərasimi və hərbi parad baş tutur, Vilnüsün Antakalnis qəbiristanlığında uyuyan azadlıq müdafiəçilərinin məzarlarına ölkə rəhbərliyinin iştirakilə gül çələngləri qoyma törəni keçirilir. Axşam Parlament binasının ətrafında tonqallar yandırılır, milli bayraqlar dalğalanır, vətənə məhəbbət, onun müdafiəsi və qəhrəmanların şücaəti mövzularında xalq mahnıları oxunur. Vilnüsün Baş Kafedralında həlak olmuşların xatirəsinə həsr edilmiş dini ibadət mərasimi – Müqəddəs Messa keçirilir. Messalar Litvanın digər katolik məbədlərində də oxunur. 

Beləliklə, Litvanın məşhur ictimai-mədəni xadimi, Xalq şairi Yustinas Martsinkyavicyusun (1930–2011) təbirincə desək, bütün Litva 13 Yanvarda həlak olmuş igid oğul və qızlarının müqəddəs xatirəsi önündə bir daha ehtiramla baş əyir, onları bir daha əbədi azadlıq bayrağına bükür. 

20 Yanvar Ümumxalq matəm günündə isə Azərbaycan xalqı öz şəhidlərini - qəhrəman Vətən müdafiəçilərini və azadlıq mübarizlərini yad edir. Bütün ölkə onları ehtiramla xatırlayır, bir daha şəhid məzarlarını gül topuna tutur, Vətənin bütövlüyü uğrunda mübarizənin, doğma torpaqların müdafiəsinin və Müstəqilliyin dan yerinin rəmzinə çevrilmiş milyonlarla al qərənfilə qərq edirlər.  

Klonlaşdırılmış qırğınlara bənzəyən Yanvar faciələri

Bakı və Vilnüs Yanvar hadisələri sanki klonlaşdırılmış qırğınlara bənzəyir - bu hadisələrdə bir çox oxşarlıqlar vardır. Biz həm Bakı, həm də Vilnüs küçələrində eyni barrikadaları gördük. İkinci Dünya savaşından sonra Moskva ilk dəfə olaraq əliyalın insanlara qarşı eyni ağır hərbi texnikadan istifadə etdi. Qanlı hadisələr eyni mərkəzdən idarə olunur və bir ssenari üzrə cərəyan edirdi. Milli maraqlara xəyanət edənlər də eyni əqidəli yerli rəsmilər - Litvada burokaviçyuslar və yermolaviçyuslar, Azərbaycanda isə vəzirovlar və mütəllibovlar idi.

Təcavüzün məqsədi, ideoloji özəyi və uydurma motivləri də bir-birinə oxşayırdı: ordu hissələri Vilnüsə “Litvada SSRİ vətəndaşlarını müdafiə komitəsi” və “Yedinstvo” təşkilatlarının “israrlı tələblərinə” görə, Bakıya isə guya erməni poqromlarının qarşısını almaq üçün yeridilmişdi. 

Olmazın qəddarlıqla həyata keçirilmiş hərbi əməliyyatlarda digər oxşarlıqlar da vardır. Dəyişməz qalan yalnız İmperiyanın ölüm mələyinin öldürücü baxışı, Ana Vətənin susmayan harayı, ağrı və əzablarla dolu fəryad səsləri, xalqlarımızın kömək diləyən çağırışları, Qərb dünyasının isə bu faciəyə kar və kor qalması, onların sanki laqeydlik mamırı ilə örtülüb daşa dönmüş ağrıduymaz ürəkləri idi... M. Qorbaçovun məftun etdiyi Qərb dövlətləri o zaman hələ Kremlin təbliğatına inanırdı.

Bəli, biz ağır itkilər verdik. Amma bununla belə, bəzən makiavellisayağı düşünürəm ki, Vilnüs və Bakı Yanvar  hadisələri və həmin qələbə günləri olmasaydı, bəlkə də şər İmperiyası çökməyəcəkdi. O zamansa bugünkü Avropa və bütün dünya tamamilə başqa cür görünəcəkdi.

Bakı və Vilnüs Yanvar hadisələrinin taleyüklü əhəmiyyəti, dramatikliyi, böyük təsir qüvvəsi məni öz orbitindən kənara çıxmağa qoymur, tez-tez diqqətimi çəkir, xatirələri oyadır, qəlbimi işıq və sevgi, minnətdarlıq və qürur hissləri ilə doldurur.

Sizin və Bizim Azadlığımız Uğrunda!

1991-ci ilin yanvarında Vilnüsdə törədilmiş faciəli olaylar haqqında kədərli xəbər tez bir zamanda bütün Azərbaycana yayıldı. Litvanın Azadlıq müdafiəçilərinin dinc aksiyalarını qanda boğmağa çalışanlara qarşı qəti etirazını bildirən Azərbaycanın demokratik qüvvələri Naxçıvan, Sumqayıt, Şəki, Lənkəran və digər şəhərlərdə “Landsbergis, biz səninləyik!” şüarı altında Litva xalqı ilə həmrəylik mitinqləri keçirdilər. Bu dəstək aksiyaları Azərbaycan milli azadlıq hərəkatının fəalları tərəfindən təşkil olunmuşdu. Bütün bu faktlar azadlıqsevər insanların yaddaşında və o vaxtkı “Azadlıq” qəzetinin yanvar saylarının saralmış səhifələrində qorunub saxlanılmışdır.

Bu gün xəyalən həmin günlərə qayıdıram. 1991-ci ilin soyuq yanvar günlərində Litva Seyminin qarşısındakı meydan başdan-başa insanla dolu idi, izdihamın üzərində Litvada yaşayan müxtəlif xalqların milli bayraqları yellənirdi, onların arasında Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı da yüksəkdə qürurla dalğalanırdı. Fəxr edirəm ki, həm 1991-ci ilin Yanvar günlərində, həm də 1991-ci il Avqust qiyamı zamanı litvalılarla və digər millətlərlə yanaşı Litva azərbaycanlıları da meydanlarda Azadlığın keşiyində durmuşdular. 

"Sizin və Bizim Azadlığımız Uğrunda!" – o günlərdə bu qədim mübarizə çağırışı sanki XIX əsr Litva tarixindən indiyə köçərək müxtəlif millətlərdən olan insanların dillərində səslənirdi. O zaman bizim hamımızı bir müqəddəs amal və ortaq dəyərlərdən qaynaqlanan azadlıq təşnəsi və mənəvi birlik birləşdirirdi – əsas məqsəd bərpa olunmuş müstəqil Litva dövlətini – ümumi evimizi müdafiə etmək, birlikdə çoxmillətli, azad və çiçəklənən dövlət qurmaq idi. İstəyirdik ki, ölkə  XX əsrdə ikinci dəfə dünyaya öz səsi ilə qürurla müraciət edə bilsin. 

Təcavüzkar qüvvələrin və zirehli hərbi texnikanın qarşısını alan yalnız barrikadalar deyil, həm də birlik və həmrəylik ruhu, eyni vətəndaş cəmiyyətinə məxsus olmaq güvəni, dövlət və onun gələcəyi üçün məsuliyyət hissləri idi. Bütün bunlar həqiqətən insanı şövqləndirən, müstəqillik uğrunda mübarizə tarixinin yaddaşlardan silinməyən və heç vaxt unudulmayan ən uca məram zirvələridir.

Həmin tarixi günlərdə Litvada bu arzuların gerçəklişdirilməsi itkilər də tələb etdi. Xəsarət alanlar arasında həmvətənlərimiz – Litva azərbaycanlıları Famil Şükürov və İlkin Dadaşov da vardır. Litva dövləti onları 1991-ci ilin yanvarında Litvanın azadlıq və müstəqilliyini müdafiə edən zaman  göstərdikləri sücaətə görə 13 yanvar Xatirə medalı ilə təltif etmişdir.

Azərbaycanın və Litvanın mərd oğul və qızları 1990-cı və 1991-ci ilin zülmət yanvar gecələrində Bakıda və Vilnüsdə vətənlərimizin dan yeri sökülməkdə olan Müstəqillik səhərinə elə bir möhkəm inam və azadlıq körpüsü saldılar ki, dünyanın bəzi xalqları buna hətta əsrlər boyu nail ola bilmirlər. 

Bu, bir daha göstərir ki, qədim keçmişi və mədəniyyəti, davamlı dövlətçilik tarixi olan xalqlar oxşar dəyərləri bölüşür, Azadlıq anlamı və Müstəqillik mücadiləsi baxımından eyni bucaq altında düşünürlər. Azərbaycanın və Litvanın ən mütərəqqi oğul və qızları ölkələrimizin tarixi boyunca bu formulanı dəfələrlə öz əməlləri ilə təsdiqləmiş, həmçinin tarixin çətin anlarında və mürəkkəb dövrlərində bir-birini dəstəkləmişlər. 

Tarixi əlaqələrimizin qədim kökləri

Litva ilə qədim əlaqələrimizdən danışarkən, özəlliklə vurğulamaq istərdik ki, əslində Azərbaycan - Litva dövlətlərarası münasibətlərinin tarixi XV əsrdən hesablanmalıdır. Ağqoyunlu (1468-1503) və Səfəvi dövlətləri (1501-1736) XV əsrin ikinci yarısı və XVII əsrin əvvəllərində bir sıra Avropa ölkələri, o cümlədən əvvəlcə Böyük Litva Knyazlığı (1236-1569), sonralar Böyük Litva Knyazlığı və Polşa Krallığının 1569-cu ilin iyulunda imzaladıqları Lüblin uniyasına əsasən birgə yaratdıqları Reç Pospolita federativ dövləti ilə (1569-1795) rəsmi əlaqələr qurmuşdular.

Bu dövlətdən söz düşmüşkən deyək ki, Reç Pospolita ərazilərində təsis edilmiş Yezuitlər ordeni (İsa Məsih cəmiyyəti) Azərbaycanda da dini missionerlik fəaliyyəti göstərmişdir. Türk xalqları arasında Cizvitlər, İsa Peyğəmbər təriqətçiləri və yaxud “İsanın əsgərləri” adı ilə tanınan və “Ad majorem Dei gloriam” (“Tanrının daha uca şərəfinə”) çağırışı altında çalışan Roma-katolik kilsəsinin bu kişi ruhani ordeninin Litva-Polşa müvəkkilliyi XVII əsrin 80-ci illərində Gəncədə öz nümayəndəliyini açmışdı. Yezuitlər ordeni Gəncə ilə yanaşı, həmçinin Şamaxı, Bakı və Naxçıvanda dini missionerlik, elm və təhsil sahələrində fəaliyyət göstərmişdir.

Lakin Azərbaycan-Litva əlaqələrinin daha zəngin tarixi XVIII əsrin sonları XIX əsrin birinci rübünə - Reç Pospolita ərazilərinin böyük qisminin və Azərbaycan xanlıqlarının Çar İmperiyasının tərkibinə inkorporasiya edilməsindən sonrakı dövrə təsadüf edir. Xüsusilə 1831 və 1863-cü illərdəki üsyanlardan sonra bir çox Litva, Polşa və Belarus ziyalıları İmperiyanın kənarlarına, o cümlədən Qafqaza sürgün edildilər. Xalqlarımız arasında ilk ədəbi-mədəni körpüləri quranlar da əsasən bu ziyalılar olublar.

Amma gəlin qədim keçmişə bu ekskursu bir kənara qoyaq və müstəqil Azərbaycan-Litva münasibətlərinin nisbətən yaxın tarixinə dönək. 1918-ci ilin iyul ayından başlanan bu tarixin çətin və məsuliyyətli günlərində xalqlarımızın bir-birinə göstərdikləri dəstəyi təsdiqləyən, eləcə də Litvanı Azərbaycana ruhən yaxınlaşdıran çox vacib, lakin az tanınan faktlar və arxiv sənədləri vardır.  

Axı, 1-ci Azərbaycan Respublikasının şanlı tarixində yalnız Litva ədəbiyyatının klassiki, Bakı Litvalıları Cəmiyyətinin sədri Vintsas Kreve-Mitskəviçyus (1882–1954) və Cümhuriyyət Ordusunun bolşeviklər tərəfindən güllələnən Baş Qərargah rəisi, Litva tatarı, general Matsey (Süleyman bəy) Sulkeviç (1865–1920) kimi görkəmli xadimlər önəmli izlər qoymayıblar. 1918-1920-ci illərdə Cümhuriyyətin quruculuq işlərində daha çox sayda digər litvalılar və Litva tatarları çalışıblar. 

1918-ci ildə Litva və Azərbaycan öz müstəqilliyini bəyan etdikdən bir qədər sonra de-fakto olaraq dövlətlərarası münasibətlər qurdular. Belə ki, həmin il iyulun 23-də Litva Dövlət Şurasının qərarı ilə Tiflisdə Litvanın Azərbaycan, Ermənistan və Gürcüstan dövlətlərindəki nümayəndəliyi təsis edildi və Qafqaz Litvalıları Şurasının sədri, o zaman Tiflis IV oğlanlar gimnaziyasında riyaziyyat müəllimi olaraq çalışan litvalı xadim Pranas Daylide (1888-1965) Litva dövlətinin Cənubi Qafqaz respublikalarındakı diplomatik nümayəndəsi təyin olundu. 

Diplomatik nümayəndə P. Daylide öz etimadnaməsini Cümhuriyyət Hökumətinə 1918-ci ilin sentyabrında təqdim etdi. Daha sonra Cümhuriyyət Hökumətinin 1918-ci il oktyabrında keçirilmiş iclasında P. Daylidenin Azərbaycanda Litva Hökumətinin işlər müvəkkili olmasına razılıq verildi.

Beləliklə, Litva dövlətinin Cümhuriyyətlə diplomatik əlaqələrinin əsası 23 iyul 1918-ci ildə qoyulmuş və müstəqil Azərbaycan-Litva dövlətlərarası münasibətlərinin tarixi məhz həmin vaxtdan başlanır. 

1919-cu il martın 22-də diplomatik nümayəndə P. Daylidenin Cümhuriyyətin Xarici işlər naziri Məmməd Yusif Cəfərova (1885-1938) ünvanladığı 142 saylı Nota əsasında Bakıda Litva dövlətinin konsulluğu təsis olunur və litvalı yazıçı, Bakı 1-ci realnı məktəbinin rus dili və ədəbiyyatı müəllimi V. Kreve-Mitskəviçyus burada ilk Litva konsulu təyin edilir. Konsulluğun fəaliyyətə başlaması barədə rəsmi xəbər ”Azərbaycan“ qəzetinin 27 mart 1919-cu il tarixli sayında dərc olunmuşdur. 

 Litva və Azərbaycan 1919-1920-ci illərdə Paris Sülh Konfransında bir-birini dəstəkləmiş və müstəqilliklərinin tanınmasına nail olmaq üçün Latviya, Estoniya, Belarus, Ukrayna, Şimali Qafqaz və Gürcüstan respublikaları ilə birgə hərəkət etmişlər. Məlumdur ki, 10 yanvar 1920-ci ildə Azərbaycan dünyada de-fakto müstəqil dövlət kimi tanındı. 

Xüsusilə vurğulamaq lazımdır ki, 1918-1920-ci illərə aid arxiv sənədləri göstərir ki, Litva dövləti Azərbaycanın yalnız müstəqilliyini tanımamış, həm də onun ərazi bütövlüyünü dəstəkləmişdir. Bu da önəmli faktdır ki, o dövrdə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı inzibati ərazi vahidi olmamışdır. Qarabağı Azərbaycan hökuməti tərəfindən təyin edilmiş qubernator idarə edirdi və bu bölgə ölkənin ayrılmaz hissəsi idi.

Məhz belə ərazi bütövlüyü çərçivəsindəki Azərbaycan Respublikasının müstəqilliyini o zaman Litva dövləti də tanımışdır.   

Azərbaycanda yaşayan litvalılar da 28 May İstiqlal Bəyannaməsini anlamlı şəkildə qarşılamış və böyük şövqlə Cümhuriyyətin hüquq-mühahizə, məhkəmə, təhsil, nəqliyyat, rabitə, maliyyə, vergi müfəttişliyi və digər qurumlarında müxtəlif vəzifələrdə çalışmışlar. Məsələn, Vintsas Karalyus Bakı dənizçilik məktəbində inspektor, Yonas Matskyaviçyus Dövlət Nəzarəti nazirliyinin Təşkilat və Nəzarət şöbəsinin rəis müavini, Alfonsas Veysis Azərbaycan Dəmir yolları İdarəsinin rəisi,  Paulyus Vaşkis Yollar nazirliyinin dəmir yolu ilə yükdaşımaları tənzimləmə Bürosunun rəis müavini, Yonas Valtis Gəncə Dairə məhkəməsində prokuror müavini olmuşdur.

Söz düşmüşkən, başqa bir maraqlı misalı da təqdim etmək istərdik: 1921-ci ildə Litvanın Bakıdakı konsulluğu Sovet Azərbaycanı ordusunda mülki şəxs qismində pinəçi işləyən Litva vətəndaşı Stanislovas Kriştopaytisin hərbi mükəlləfiyyətlə bağlı üzləşdiyi çox çətin problemi həll etməyə çalışırdı. Belə ki, bu litvalı pinəçi bolşeviklərin hərbi xidmət haqqında qanununa tabe olmaq istəməmiş və Qırmızı ordunun əsgəri olmaqdan imtina etmişdi.

Yuxarıda göstərilən Litva xadimləri ilə yanaşı, Vilnüs quberniyasından olan digər Cümhuriyyət qurucularının - Litva tatarları Kriçinski qardaşlarının da fəaliyyətini qeyd etmək istərdik. Onlardan böyüyü - Olgerd Kriçinski (1884-1942) 1919-1920-ci illərdə Cümhuriyyətin Ədliyyə nazirinin müavini vəzifəsində çalışmış və buna görə 1942-ci ildə Qorki həbsxanasında sovetlər tərəfindən güllələnmişdir. Kiçik qardaş Arslan Kriçinski (1887-1939) isə 1919-1920-ci illərdə Cümhuriyyət Hökuməti İşlər idarəsi dəftərxanasının direktoru, eyni zamanda İşlər idarəsi Xüsusi şəbəsinin rəisi və “Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərləri” rəsmi dövlət nəşrinin baş redaktoru olmuşdur. 

Bundan başqa, Cümhuriyyətin quruculuq işlərində dövlət qulluqçuları olaraq xidmət etmiş daha 20 nəfərdən artıq Litva tatarı olub ki, onların fəaliyyəti barədə bilgilər ya azdır, ya da heç yoxdur. Bu boşluğu qismən də olsa doldurmaq üçün onlardan bəziləri haqqında qısa bilgiləri təqdim edirik: 

Cümhuriyyətin Dövlət nəzarəti nazirliyi dəftərxanasının direktoru Muxarski, Xarici işlər nazirliyi dəftərxanasının direktoru İsmayıl Xuramoviç, bu dəftərxananın direktor müavini Konstantin Sulkeviç, Xarici işlər nazirliyi Diplomatiya şöbəsinin əməkdaşı Fatma (Yuliya) xanım Qiyasbəyova, bu Nazirliyin Beynəlxalq müqavilələrin qeydiyyat-uçot şöbənin rəis müavini Ceyran (Helena) xanım Suleymanoviç, Ticarət və sənaye nazirliyinin İdarə rəisi Aleksandr Poltorjitski, Yollar nazirliyinin əməkdaşı Yakubovski, Hökümətin İşlər idarəsi dəftərxanasının əməkdaşları Leyla xanım Sulkeviç və Saleh bəy Toxtamış, Ədliyyə nazirliyinin qulluqçuları - Helena xanım Sulkeviç (Qanunvericilik şöbəsi) və Məryəm (Helena) xanım Bayraşevskaya (həbsxanalar şöbəsi) Litva tatarları olublar.

1918-ci ilin yazında azərbaycanlılara qarşı törədilən soyqırım cinayətlərini araşdırmaq məqsədi ilə Azərbaycan Hökumətinin 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibində hüquqşünas Litva tatarı Aley Aleksandroviç-Litovski də çalışmışdır. 

Fərəhli haldır ki, Cümhuriyyətin milli himninin hazırlanması ilə bağlı Nazirlər kabinetinin 1920-ci il yanvarın 30-da elan etdiyi müsabiqədə o zaman Bakıda çalışan Smolski soyadlı bir mühəndis Litva tatarı da iştirak etmişdir.

Azərbaycan – Litva dövlətlərarası münasibətlərinə Kremlin göstərişi ilə 1922-ci ilin avqustunda zorən xitam verilmiş və bu vəziyyət XX əsrin sonlarına qədər davam etmişdir.

Qarşılıqlı əlaqələr tariximizin yeni səhifələri

Litva xalqı Sovet işğalının bütün illərində heç vaxt Azadlığa olan inamını itirməmiş və daim dövlət Müstəqilliyini bərpa etmək arzusu ilə yaşamışdır. Bunu İkinci Dünya müharibəsindən sonra - 1945-1953-cü illərdə Litvada SSRİ dövlətinə qarşı aparılan partizan müharibəsi və xalqın işğalçı rejimə göstərdiyi digər müqavimət formaları çox aydın göstərir. Burada qeyd etmək vacibdir ki, silahlı müqavimət dövründə Litva partizanlarının sıralarında Ucar rayonu sakini, Göyçay pedaqoji məktəbinin məzunu - gənc azərbaycanlı müəllim və şair Şakir Sadıqov (1919-1951) da şərəflə vuruşub və Litvanın müstəqilliyini qətiyyətlə müdafiə edib. O, 1945-ci ildə könüllü olaraq Litva partizanlarının Kestutis döyüş dairəsinin Vaydotas adlı dəstəsinə qatılıb, Litva dilini öyrənib və hətta bu dildə şeirlər də yazıb. Ş. Sadıqov əfsanəvi Litva generalı Yonas Jemaytisin, partizan komandirləri Yonas Ventslauskasın, Pyatras Bartkusun və digər məşhur mübarizlərin yaxın silahdaşı olub, silahlı mübarizəsi beş il davam edib və o, 1950-ci il aprelin 10-da Litva SSR Dövlət Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi tərəfindən tutularaq həbs olunub. 1950-ci il noyabrın 27-də Pribaltika Hərbi Dairəsi Tribunalının hökmü ilə Ş. Sadıqov ölüm cəzasına – güllələnməyə məhkum edilib. Hökm 1951-ci il aprelin 18-də Vilnüsdəki KQB həbsxanasının zirzəmisində icra olunub.

Beləliklə, igid və ləyaqətli Azərbaycan oğlu öz litvalı silahdaşları ilə birgə Litva xalqının ən ülvi arzusu və müqəddəs məqsədi naminə -  ölkənin müstəqilliyi uğrunda həyatını fəda edib.

1988-ci ildə Litvada milli dirçəliş hərəkatı başlananda Litvada yaşayan azərbaycanlılar bir araya gələrək öz ictimai təşkilatlarını – Litva Azərbaycanlıları Cəmiyyətini yaratdılar. Başlıca məqsəd milli identikliyi qorumaq və Azərbaycan həqiqətlərini Litvada təbliğ etmək idi. Bununla yanaşı, Cəmiyyət Litvanın müstəqilliyinin bərpa olunması uğrunda mübarizədə ölkənin milli icmaları arasında ilk təşəbbüsçülərdən biri olaraq çıxış etmiş, Litva xalqı üçün taleyüklü seçim günlərində, bütün vacib ictimai-siyasi proseslərdə və tarixi hadisələrdə əməli surətdə iştirak etmişdir.

Cəmiyyət 1988-1992-ci illərdə fəaliyyət göstərmiş Litva Millətlərarası Koordinasiya Assosiasiyasının təsisçilərindən biri olmuş və bu qurumun fəaliyyəti çərçivəsində konkret işlər görmüş, xalq mübarizəsinə dəstək və həmrəyliyini ifadə etmiş, ölkənin milli icmalar hərəkatı tarixinə mühüm səhifələr yazmışdır.  

1990-1991-ci illərdə Cəmiyyətin təmsilçisi Litva Sayudis təşkilatının Seyminə deputat seçilmiş, ölkədə gedən ictimai-siyasi proseslərdə və dövlət quruculuğu işlərində bilavasitə yaxından iştirak etmişdir. Sayudis Litva xalqının Milli azadlıq hərəkatının həm ideya bayrağı, həm də əsas aparıcı qüvvəsi olaraq, 11 mart 1990-cı ildə Litvanı Müstəqilliyin bərpa olunmasına gətirib çıxarmışdır. 

Cəmiyyət həmçinin 1991-ci il 13 Yanvar hadisələrindən sonra cərəyan edən gərgin günlərdə Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasını təsis edən təşkilatlardan biri olmuş və ölkənin yeni məzmunlu çoxmillətli vətəndaş cəmiyyətinin yaradılmasına özəl töhfələr vermişdir.

Litva Prezidenti Valdas Adamkus 2006-cı ilin iyun ayında Azərbaycan Respublikasına ilk rəsmi dövlət səfəri zamanı onun şərəfinə Prezident İlham Əliyev tərəfindən verilmiş ziyafətdə etdiyi çıxışında Litva azərbaycanlılarının o dövrdəki fəaliyyətini belə dəyərləndirib:

     “...Cənab Prezident! Məmnuniyyətlə qeyd etmək istərdim ki, Dirçəliş hərəkatının – Litva Sayudisinin hələ ilk təşəkkül tapması dövründə, Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti yaradılmış və yaradıldığı gündən indiyədək filoloq araşdırmaçı Mahir Həmzəyevin sədrlik etdiyi bu təşkilat, digər milli icmalarla bərabər, Litvanın dövlət müstəqilliyinin bərpa olunmasında fəal iştirak etmiş, Litvanın demokratik Avropa dövlətləri ailəsinə qayıtması üçün bir çox işlər görmüşdür. Dövlətimizə belə loyal münasibət göstərdiklərinə görə biz Sizin soydaşlarınıza - Litvanın azərbaycanlı vətəndaşlarına minnətdarıq”.

 Litva və Azərbaycanı yalnız qədim tarixi və mədəni əlaqələr deyil, həm də tarixin fərqli dövrlərində birgə atılmış addımlar və görülmüş bənzər işlər birləşdirir. Bu gün ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri təkcə geosiyasi maraqlara deyil, həm də gələcəyə oxşar baxışlara əsaslanır. Biz beynəlxalq siyasətin ən aktual məsələlərinin həllinə birlikdə töhfələr vermək və dünyanın qlobal problemlərinə birgə çıxış yolu tapmaq istəyimizlə bir-birimizə bənzəyirik. Xalqlarımızın inkişaf yollarındakı oxşar cəhətlər, ölkələrimiz arasındakı tarixi paralellər və ələlxüsus bir-birimizi yaxından tanımağımız bizə demokratik dəyərlərə əsaslanan ən yaxın müttəfiq münasibətləri qurmağa və gələcəyimizi birlikdə yaratmağa real imkan yaradır. Bunun üçün həm Litvada, həm də Azərbaycanda kifayət qədər istedadlar və intellektual qüvvələr mövcuddur.

Bütün bunlara görə, biz eyni zamanda Bakı və Vilnüs taleyüklü Yanvar hadisələrinin şəhidlərinə - qan qardaşlarımıza - Litva və Azərbaycanın ləyaqətli oğul və qızlarına minnətdarıq. Biz günahsız qurbanların qanıyla qardaşlaşmışıq. Onlar müstəqilliyimizin bərpası haqqında bəyannamələri qanları ilə imzalayıb təsdiq etdilər.

Buna görə də, azadlıq və müstəqillik uğrunda, doğma torpaqların bütövlüyü naminə həyatını fəda edənlərin arzu və məqsədləri eynidir. Həm də onlar eyni İmperiyanın hərbi təcavüzü nəticəsində həlak olublar. Onların xatirəsini ortaq dəyərlər və ümumi ideyalar birləşdirir, həlak olanları əsla fərqli dini inancları ayırmır. Qoy Tanrı onların ruhuna əbədi rahatlıq versin, əziz xatirəsinə oxunan ortaq dualar isə mənəvi körpü olaraq xalqlarımızın tarixi yaddaşını da eyniləşdirsin.

                                                                                                             * * * * *

Sonda diqqətinizi görkəmli Azərbaycan şairi Fikrət Sadıqın (1930–2016) bir şeirinə çəkmək istərdim. Şair bu şeiri 1968-ci ilin yayında Litvaya səfəri əsnasında bu ölkənin beş etnoqrafik bölgəsindən birini – Dzukiyanı ziyarət edən zaman yazmış və bu bölgəyə həsr etmişdir. Litvalılar bu bölgəni çox vaxt Daynava – yəni, mahnılar diyarı adlandırırlar. Şeir də elə “Mahnılar diyarı” adlanır:

Abidələri – daş mahnı,

Meşələri – yaşıl mahnı,

Neris – mahnı.

Ən böyük bir həsrət mahnı,

Ən adicə bir hiss mahnı.

Mahnı gördüm bu diyarda,

Hara getdim, hara baxdım,

Yada düşdü Qarabağım.

Bir kəlmə də, bircə söz də

Bilmirdim litvaca.

Mahnılarını eşitdim

Başa düşdüm ancaq.

Əminəm ki, Bakı və Vilnüs Yanvar hadisələrinin qəhrəmanları - Azadlıq müdafiəçiləri biri digərinin dilini bilməsə də, bir-birini gözəl başa düşürdülər. Axı, onlar musiqi kimi tərcümə tələb etməyən və anlaşılan Azadlıq dilində, Müstəqillik dilində danışırdılar.

Bizim və gələcək nəsillərin vətəndaş borcu və müqəddəs vəzifəsi bu Azadlığı müdafiə edib qorumaq, eyni mühüm rəmzlərlə nişanlanmış Müstəqillik yolları ilə hərəkətə əzmlə davam etməkdir. 20 və 13 Yanvar günləri isə hər il yaddaşımızı, sayıqlığımızı, cəsarətimizi, Azərbaycanın və Litvanın müstəqilliyini yenidən müdafiə etmək hazırlığımızı yoxlamaq üçün gəlir. Eynilə o vaxt – 1990-1991-ci ilin Yanvar günlərində olduğu kimi...

P. S. Esse Litva dilindən tərcümə edilib və 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı müxtəlif illərdə aşağıda göstərilən Litva qəzetlərində dərc olunub.

Vilnüs, www.slaptai.lt xəbərlər portalı, 21 yanvar 2013-cü il; “Lietuvos žinios” gündəliyi, 20 yanvar 2017-ci il; „Valstiečių laikraštis“ qəzeti, 23 yanvar 2024-cü il.  

Bakı – Vilnüs. Yanvar 1990-1991-2026-cı illər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri