Icma.az
close
up
RU
Bakını da qoşmaq istədikləri “İbrahim Sazişi”: Hədəfdə nələr var

Bakını da qoşmaq istədikləri “İbrahim Sazişi”: Hədəfdə nələr var

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Azərbaycanın “İbrahim sazişi”nə (Abraham Accords) qoşula biləcəyi haqda verdiyi açıqlama yeni müzakirələrə səbəb oldu. Mart ayında Amerika yəhudi icması belə bir müraciət yaymış, “Azərbaycan, Qazaxıstan və Özbəkistanın “İbrahim Sazişi"nə qoşulmasına dəstək çağırışı etmişdilər. İsrail rəsmilərinin də Azərbaycanla bağlı çağırışları zaman-zaman gündəmə gəlir.

Azərbaycanın, o cümlədən, Mərkəzi Asiyada türk dövlətlərinin – Qazaxıstan və Özbəkistanın “İbrahim Sazişi"nə qoşulması məsələsi Trampın birinci prezidentliyi dövründə də gündəmdə idi. Hərçənd, Bayden Administrasiyasının fərqli siyasəti fonunda İsrail hökumətinin Fələstin məsələsindəki radikal mövqeyi bu prosesi tormozladı. İndi Tramp “qaldığı yerdən” davam etmək niyyətindədir. ABŞ prezidentinin ilk xarici səfərini ərəb ölkələrinə - Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə etməsində əsas hədəflərdən biri də məhz “İbrahim Sazişi"ni yenidən diriltmək, Qəzzada baş verənlər fonunda İsraillə ərəb ölkələri arasında körpüləri bərpa etmək, xüsusilə Ər-Riyadın sazişə qoşulma perspektivlərini dəyərləndirmək idi. Trampın Yaxın Şərq turnesi ərəfəsində xüsusi elçisinin Azərbaycanın da daxil olduğu 4 ölkənin sazişə qoşula biləcəyi haqda dedikləri isə Vaşinqtonun “İbrahim Sazişi"nin coğrafiyasını genişləndirməklə bütövlükdə Avrasiyada yeni geosiyasi ittifaqın təməlini atmaq planına diqqət çəkir.

2020-ci ildə İsrail, BƏƏ, Bəhreyn, Mərakeş və Sudanın (bu iki ölkə sonradan qoşuldu) imzası ilə qüvvəyə minən ““İbrahim Sazişi"nin hədəflərini ana və altbaşlıqlarla qeyd etmək olar.

1. İsraillə İslam dünyasının əlaqələrini gücləndirmək;

2. Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturası qurmaq: burada İsrailin təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən olub;

3. ABŞ-ın Yaxın Şərqdə İsrail vektorlu təsir dairəsini möhkəmləndirmək;

Sazişin detalları İsrail və ərəb ölkələrinin turizmdən tutmuş, texnologiyalara qədər müxtəlif sferalarda əməkdaşlığı ehtiva edir. Və bu əməkdaşlıqların alt qatında təhlükəsizliyi tam təmin edilən İsrailin regionda əsas gücə çevrilməsi hədəfi sirr deyil. Sazişə qoşulan ərəb ölkələri Fələstin və Qəzza məsələsində İsrailin mövqeyinə təsir etmək ümidləri bəsləsə də, bu mövqe daha çox atılan imzalara haqq qazandırmaq məqsədi daşıyıb.

Böyük tabloda “İbrahim anlaşmaları”na ABŞ-ın Çinin Yaxın və Orta Şərqdə artan təsirinin önünü kəsmək planı kimi baxmaq olar. Bu coğrafiyanı “Bir kəmər, bir yol” (BRİ) layihəsinə daxil edən Çinin iqtisadi və siyasi müstəvidə etdiyi kifayət qədər ciddi həmlələr Vaşinqtonda narahatlıq yaratmağa bilmir: İsrail-Çin iqtisadi əlaqələri, region ölkələrinə Çin texnologiyasının ixracı, Pekinin Ər-Riyadla Tehran arasındakı vasitəçiliyi və s.

Trampın birinci prezidentliyi dövründə “İbrahim anlaşmaları” ilə etdiyi bu həmləni Bayden fərqli siyasətlə davam etdirdi:

- Hindistan-Yaxın Şərq-Avropa İqtisadi dəhlizi (İMEC) ilə Çinə qarşı alternativ layihə təqdim etdi: İsrail-Həmas müharibəsi ilə təhlükə altına düşən İMEC rəfə qaldırılmasa da, perspektivləri sual altındadır;

- Rusiya-Ukrayna müharibəsi ilə Avropa-Çin xəttini – BRİ-nin quru dəhlizlərini “alt-üst” etmək planı tətbiq edildi;

- Orta dəhliz marştunda – Mərkəzi Asiya-Avropa xətti üzrə təşəbbüsü ələ almaq cəhdləri edildi;

Bu həmlələrin müəyyən nəticələri olsa da, yan təsirləri də güclü idi:

a) Müharibə Çin-Rusiya-İran xəttində yaxınlaşma və ABŞ-ın Avrasiyada təsir itkilərinə məruz qalma risklərini ortaya çıxardı;

b) İMEC alternativ olsa belə, Çinin Orta dəhliz marşrutu seçimini aradan qaldırmırdı və Qəzza müharibəsi bu marşrutun aktuallığını daha çox artırdı;

c) Mərkəzi Asiya-Avropa xəttində təşəbbüsü ələ almaq cəhdləri daha gec edildi: bu həmlədə gecikmələrə paralel olaraq, “yanlış ata” (Ermənistan) oynamaları da nəticələrə təsir etdi;

Tramp yenidən “İbrahim Sazişi"nə qayıdır və həmləsini genişləndirir:

- Ukrayna müharibəsini bitirməklə Rusiya-Çin yaxınlaşmasını bloklamaq istəyir;

- Suriya və Livanı sazişə qoşmaqla Aralıq dənizinə çıxışın təhlükəsizliyini təmin etməyə çalışır: bu, aktuallaşdırılması gözlənilən İMEC-in perspektivindəki sualları da aradan qaldıra bilər;

- “İbrahim anlaşmaları”nın coğrafiyasını genişləndirməklə Yaxın-Orta Şərqlə Orta dəhlizi eyni çətirin – eyni sazişin altına toplamağı planlaşdırır: Azərbaycan, Özbəkistan və Qazaxıstan bu kontekstdə açar ölkələrdir;

Burada əsas məqamlardan biri İsrail və müsəlman ölkələri arasında normallaşmanı nəzərdə tutan “İbrahim Sazişi"nə Ermənistanı da qoşmaq cəhdləridir. Bu, Orta dəhlizin Cənubi Qafqaz habında təşəbbüsü tamamilə ələ almaqla yanaşı, marşrutun “zəif bəndi” olan Ermənistan üzərindən Avropa İttifaqı, Rusiya və İranın müdaxilə qapısını da bağlamaq məqsədi daşıyır.

“İbrahim anlaşmaları”na qoşulmaq digər ölkələr kimi, Azərbaycan üçün də müsbət perspektivlər vəd edir:

- Daha geniş və güclü təhlükəsizlik çətiri əldə etmək mümkündür;

- Körfəz bazarına çıxış, eləcə də daha çox investisiya cəlb etmək imkanları genişlənə, turizmdən tutmuş texnoloji yeniliklərin əldə edilməsinə qədər geniş sferada dividentlər qazandıra bilər;

-Avrasiyanın nəqliyyat şəbəkəsində körpü rolunu daha da gücləndirə bilər;

- “907-ci düzəlişin” ləğv edilməsinə nail oluna bilər: yəhudi icmasının bununla bağlı çağırışı da düzəlişin tamamilə ləğv edilməsi imkanlarını aktuallaşdırır;

Lakin Azərbaycan üçün bu prosesdə iki vacib amil önəmlidir.

Birincisi, ABŞ-ın Azərbaycan-Ermənistan sülh sazişinə, xüsusilə Cənubi Qafqazda kommunikasiyaların hansı prinsiplə açılmasına münasibətidir.

“İbrahim anlaşmaları” planının hədəfləri fonunda Azərbaycanın strateji əhəmiyyəti, İsrail və ABŞ-dakı yəhudi icmasının dəstəyi, eləcə də Trampın Cənubi Qafqazda Baydendən fərqli yanaşma sərgiləməsi Vaşinqtonun Bakının gündəliyindən çıxış edəcəyi gözləntilərini önə çıxarır. Hərçənd, Tramp Administrasiyasının Azərbaycan-Ermənistan sülh sazişinə və Zəngəzur dəhlizinə necə yanaşdığı sualı hələ də aydınlaşmayıb.

İkincisi, Azərbaycanın əsas müttəfiqi olan Türkiyənin bu məsələyə yanaşmasıdır.

“İbrahim anlaşmaları”nın İsrail vektorlu güc ittifaqının qurulması Türkiyənin regional güc perspektivlərinə risklər yaradır, xüsusilə traektoriyanın Yaxın Şərqdən Mərkəzi Asiyaya – türk dünyasına qədər genişləndirilməsi planları fonunda. Bu baxımdan, Bakının bu sazişlə bağlı qərarına Vaşinqtonun Cənubi Qafqazda sülh gündəliyinə yanaşması ilə yanaşı, Ankaranın mövqeyi də təsir edəcək.

Burada Yaxın-Orta Şərqlə Orta dəhliz coğrafiyasını birləşdirən ittifaqın Türkiyə və İsrail güc balansı üzərindən qurmaq ssenarisi də istisna edilməməlidir. PKK-nın ləğv edilməsi, Ankara və Təl-Əvivin Suriya üzərində “ortaq məxrəcə” gəlmək cəhdləri, Suriyanın yeni hakimiyyətinin Ərdoğanın istəyi ilə Tramp tərəfindən qəbul edilməsi, ümumiyyətlə ABŞ-ın yeni administrasiyasının Türkiyəyə münasibəti bu ssenarinin mümkünlüyü ehtimalını gücləndirir. Və ən önəmli məqamlardan biri ABŞ-ın klassik yanaşmasıdır: böyük coğrafiyada qurulması mümkün görünən güc ittifaqında Vaşinqton dəstəklədiyi bir tərəfi-ölkəni nəzarətdə saxlamaq üçün həmişə ikinci tərəfi-ölkəni də dəstəkləyib; Türkiyə və İsrail üzərindən güc balansının formalaşdırılması da bu kontekstdə gözləniləndir.

Bütün bunlar “İbrahim Sazişi" layihəsinin dividentlərlə yanaşı, risklər də vəd etdiyini göstərir, çünki baş verənlər hansısa lokal regionda sülhün əldə edilməsi yox, geosiyasi mübarizənin tərkib hissəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 May 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri