Bakının sönən ekranları REPORTAJ
Icma.az bildirir, Lent az portalına istinadən.
Bir-birini qovalayan illər zamanla şəhərlərin simasını dəyişir, küçələr əvvəlki görkəmini itirir, bəzi məkanlar isə kimlərinsə xatirələrinin toplandığı ünvana çevrilir. Bir zamanlar mədəni həyatın ayrılmaz hissəsi olan, bu gün isə fəaliyyətinə son qoyulan kinoteatrlar kimi... Sökülüb dağıdılan, qəzalı vəziyyətə düşən, yerində başqa obyektlər tikilən bu mədəniyyət ocaqları şəhərin keçmişindən iz, insanların yaddaşından xatirələr daşıyır. Böyük ekranların işığı çoxdan sönsə də, bu məkanların şəhərin tarixində qoyduğu iz hələ də silinməyib.
Lent.az fəaliyyətinə son qoyulan kinoteatrlardan reportajlar silsiləsini davam etdirir.
Kimlərsə 30-40 il öncə burada gəncliyinin ən gözəl günlərini keçirib, kimlərsə bəlkə də, bir daha heç vaxt görməyəcəyi insanlarla gəlib bu məkana. Ləğv olunan kinoteatrlar... Onlar üçün necə də kədərli səslənir. Kimlərinsə keçmişindən, bəlkə də, gələcəyindən bir parça həmin kinoteatrlarla birlikdə silinib.
"Əhmədli" metrosundan "Bakı" kinoteatrına doğru bu fikirlərlə addımlayıb "Qazın binası" adlanan tikilinin qarşısına çatıram. Başımı qaldırıb "Bakı" kinoteatrının yazısına baxıram. Tünd boz-mavi səmanın fonunda qırmızı hərflər görünür. Görəsən, külək indiyədək bu yazını neçə dəfə tozlandırıb, yağış neçə dəfə onun çirkini yuyub? Ramiz Rövşən demişkən, yağış yuyub, gün qurudub. Hərflərin qırmızısı hər gün yuyulan köynək kimi ilkin rəngindən xeyli uzaqlaşıb, solub, bozarıb.
Kinoteatrın adının yazıldığı lövhənin altında isə geyim, şirniyyat və mobil aksesuar mağazaları sıra ilə düzülüb. Köhnə kinoteatrla heç bir əlaqəsi olmayan bu obyektlərin yerləşdiyi ünvanı gənc nəslin çoxu elə həmin yazı ilə tanıyır: "Bakı" kinoteatrının altındakı şirniyyat evi...
Binanın aşağı hissəsi ticarət obyektlərinə uyğun yenilənsə də, yazının altındakı daşların sovet dövründən qaldığı aydın sezilir. Yaşıl və sarı rənglərin qarışığı o dövrün bir çox tikililərini xatırladır. Daşlar da elə yazı kimi illərin pəncəsindən xilas ola bilməyib, rəngini itirib, solub.
Binanın qarşısında o baş-bu başa gəzişib kinoteatr haqqında danışa biləcək birini tapmağa çalışıram. Əksəriyyət məktəblilər və gənclərdir. Sol tərəfimdəki parklanma yerinə nəzər salıram. Maşınlardan birinin qarşısında ağsaçlı bir kişi gözümə sataşır, daha doğrusu, sanki mənə xitab edir, desəm, yeridir. Üzərində damarların və nazik sümüklərin aydın sezildiyi əllərindən birini ağ saçlarının arasında gəzdirən, digər əlində isə yandırdığı siqareti tutan təxminən 70 yaşlarında bir kişi diqqətimi çəkir. Yaxınlaşıb salamlaşıram. Nə üçün gəldiyimi və niyə məhz ona yaxınlaşmaq qərarına gəldiyimi izah etdikdə gözlərində keçmiş günlərin kədərini görə bilirəm. Düşünürəm ki, insanın nələr hiss etdiyini gözlərindən oxumaq mümkündür. Bunun üçün nə altıncı hissə, nə də böyük həyat təcrübəsinə ehtiyac var. Bir qədər empatiya hissi kifayət edir.
Sanki illərdir bu anı gözləyirmiş kimi, suallarımın ardını gətirməyimi gözləmədən özü danışmağa başlayır. Açığı, kədərlə yanaşı, bir qədər də sevinir.
– Mənim gəncliyim elə bu binada keçib. Özüm burada yaşayıram, qızım. 77 yaşım var, illərdir bu binanın qarşısında dayanıram və o günlərə qayıdıram. Yaşıma görə çox şey, bəlkə də, yadımda qalmayıb. Bir onu bilirəm ki, o zaman cavan idim, yaddaşım yaxşı idi, yaxşı da qazanırdım.
– Adınızı öyrənə bilərəm?
– Sədrəddin Eyvazov.
– Sədrəddin bəy, burada işləmisiniz?
– Bəli. Mən Laçın xanımın köməkçisi olmuşam. Laçın xanım da təxminən 1970-ci illərin sonunda burada müdir müavinlərindən biri kimi işləyib. Yoldaşı "Mersedes Ramiz" də burada işləyirdi.
– Niyə elə deyirmişlər?
– Buralarda o maşından bircə onda var idi. Varlı idilər, deyəsən, sonra həbs edildilər. Elə xatırlayıram.
– Hansı səbəbdən?
– Dələduzluğa görə, deyəsən.
– Bəs sizin işiniz nə idi?
– Laçın xanım bir müddət müdir vəzifəsini də əvəzləmişdi. Mən onun sənəd işlərinə baxırdım, həll edirdim. Sonra heç bilmirəm ki, o hara getdi, necə oldu. Binaya əvvəllər gəlib-gedən çox olurdu. Təbii ki, sizə 90-cı illərdən danışıram. Sonra zaman keçdikcə nə gələn qaldı, nə gedən. Gördülər ki, artıq kinoteatr əvvəlki fəaliyyətini itirib, yerində bu obyektləri açdılar. Şirniyyat mağazasını görürsən? (Əli ilə işarə edir.) Bax, orada elə gözəl şirniyyatlar satılır ki... Hələ yanındakı mağazadan da özümə dəfələrlə geyim, ayaqqabı almışam.
– Amma kinoteatr yoxdur, yazısı qalıb.
– Olmaz da. Ora çıxmaq lazımdır, sökmək lazımdır. Əziyyət çəkmək istəmirlər. Son illərində baxan yox idi axı. İndi bu obyektlər sahibinə kinoteatrın qazandırdığından daha çox gəlir gətirir. Artıq belədir də. Zamanla ayaqlaşmalısan, ya da yox olmalısan.
– "Bakı" kimi...
– Əlbəttə. Mənim gəncliyimdə buranı boş tapmaq olmazdı. Təxminən 300 nəfərlik yer idi. Ağzına qədər dolurdu. Uşaq, böyük, cavan, qoca – hamı gəlirdi ki, istirahət etsin, gününü xoş keçirsin. Elə ki müharibədən çıxdıq, heç kəsin nəyəsə marağı qalmadı. Elə bura gələnlərin də. Mən yenə deyirəm, yaşla bağlı unutmuş ola bilərəm, amma səhv etmirəmsə, bina son 7-8 il ərzində ticarət obyektlərinə çevrildi. Yazısını da götürmədilər. Bilmirəm, niyə?! Amma bina hansısa sahibkara satıldı. Yəqin, o da gördü ki, bura ancaq bu cür mağazalar sayəsində gəlirli olacaq, ona görə də belə etdi.
– Burada hansı filmlərə baxmısınız?
– Hind filmlərinə çox baxırdıq, o dövrdə maraq onlara idi. Azərbaycan filmlərinə də çox baxılırdı. Hər gün binanın qarşısında afişalar asılırdı. Biletlər də ucuz idi, hamı alıb gələ bilirdi.
– Bildiyimə görə, əvvəllər buradan həm də seçki məntəqəsi kimi istifadə edilib.
– Düz bilirsiniz. Yadımdan çıxmışdı mənim. O vaxt seçki məntəqələrindən biri də bu binada yerləşirdi və deputatlar burada seçilirdi.
– Bəs sonralar?
– Sonrası da elə gördüyünüz kimi. Üstü bəzək, altı təzək. (Siqaretini yenidən yandırır.)
– İşlədiyiniz binada heç şəkliniz olub?
– Yox. Sən soruş ki, heç mənim normal şəklim var? Aşağısındakı mağazadan ayaqqabı almışdım. Buradan mənə qalan yeganə şey budur elə. Endirimdə idi, 47 deyirdilər, 33-ə aldım.
– Kinoteatrın özü olmasa da, binasının qarşısında şəklinizi çəkim?
– Hə, olar, gözəl olar.
Məlumatlar üçün təşəkkür edib sağollaşıram. Beynimdə onun gəncliyi haqqında fikirlər dolaşır. 77 yaşı var. 80-ci illərdə çalışdığı kinoteatrdan ona qalan yeganə şey tikilinin altındakı mağazadan aldığı ayaqqabıdır. Əli ilə ayaqqabısını göstərəndə üzündə yaranan acı təbəssüm həm də ötən günlərə həsrətini əks etdirirdi.
Növbəti ünvan "Şuşa" kinoteatrıdır. "Atatürk" parkının içi ilə uzaqdan görünən sarı rəngli hasara doğru addımlayıram. Parkda uşaqlar qaçışır, gənclər birlikdə deyib-gülürlər. Sağ tərəfimdə 6-7 nəfər yaşlı nəslin nümayəndəsinin söhbəti diqqətimi sarı hasardan yayındırır.
– Elə o vaxt da belə idi, indi də.
– İndi dəyişib, a kişi.
– Nə dəyişib? Say.
– Bizim hansımız böyüklərimizin yanında qol-qola gəzirdik?
– 18-ci əsrdə deyildik, 20-ci əsrdə idik. Gəzmirdik?
Aydın məsələdir ki, yenə də gənc nəsildə bəyənmədikləri nə isə müşahidə ediblər.
Onlara yaxınlaşmaq qərarına gəlirəm.
– Salam. Ümid edirəm ki, söhbətinizin şirin yerində sizi narahat etmirəm.
– Yox, narahat etmirsiniz. Məni bircə bu narahat edir, vəssalam (əli ilə fikirlərinin üst-üstə düşmədiyi yoldaşını göstərir).
– "Şuşa" kinoteatrının yerləşdiyi yeri çəkməyə gəlmişəm. Amma mənə həm də oranın canlı şahidlərindən məlumat toplamaq maraqlı olardı. Təbii ki, gəncliyinizdə yolunuz həmin kinoteatrdan keçibsə...
– Elə burada keçib də. Sənin neçə yaşın var? Sən o kinoteatrı görməmisən axı.
– Sizin danışdıqlarınızdan görəcəyəm, ya da duyacağam.
– Hə. Onu ancaq bizim yaşdakılar xatırlayar. 70 yaşlılar.
– O zaman sizi dinləyirəm.
– Mən burada çox olmuşam.
– Sən bura təzə köçmüsən e, harada olmusan?
Bir-biri ilə yenidən mübahisə etməyə başlayırlar.
Kənarda dayanan bir xanım onların mübahisəsinə məhəl qoymadan mənimlə danışmağa başlayır.
– O vaxt həyat yoldaşım tez-tez bilet alırdı, gəlirdik. Elə bu parkın içi ilə keçib kinoteatra, filmlərə baxmağa gedirdik. Daha çox hind filmlərinə baxırdıq. Zamanla hər şey adiləşdi, elə kinolar da.
– Bizim filmlərimizə yox?
– "Bəyin oğurlanması"na burada baxmışdım ilk dəfə.
– Bura sökülməzdən əvvəl mebel mağazası kimi istifadə olunmuşdu?
– Məncə, yox.
– Hə, olunmuşdu. Necə yəni, yox? Bir müddət mebel mağazası elədilər, gördülər, alınan deyil, axırda sökdülər (oturacaqda əyləşib mübahisəsini dayandıranlardan biri dillənir).
– Bura əvvəl "Oktyabr" adını daşıyırdı. Sovet dövründə inqilaba görə kinoteatra bu adı vermişdilər. Sonra "Şuşa" adını daşımağa başladı.
– Nə vaxtdan?
– Deyəsən, elə müstəqillik qazandıqdan sonra. Müstəqillikdən əvvəl bura gəlmək olurdu ki?
– Əşi, niyə olmurdu e? Gəncliyim burada keçib (digəri söhbətə qoşulur).
– Səni, deyəsən, ermənilər döyməyib.
– Ermənilərlə davam düşməyib (yenə mübahisə edirlər).
– Qızım, sən mənə qulaq as. Kinoteatrda 130 nəfər işləyirdisə, onun 125 nəfəri erməni idi. Gedirdik filmə baxmağa, ermənilər topa-topa yanımızdan çıxırdı. Özü də dinc şəkildə oturub filmə baxmağa imkan vermirdilər ki. Bizə "kəndçi" deyirdilər, erməni dilində söyürdülər, cavablarını verəndə üstümüzə qaçıb döyürdülər.
– Siz ermənilər tərəfindən döyülmüsünüz?
– Əşi, dəfələrlə. Tumu tökürdülər belimizə. Vururdular. Buralar var e, bütünlüklə ermənilərlə dolu idi. Yığıb tökmüşdülər içimizə. Tofiq Bəhramov adına Respublika Stadionunda işləyənlərin 90 faizi ermənilər idi. Bilirsiniz, bu nə deməkdir? İki gənc gedirdi kinoya baxmağa. Oğlanı sevgilisinin yanında döyüb başını aşağı edirdilər. Bu parkı görürsən? Buranın adı əvvəl "Dostluq" idi. Guya, biz ermənilərlə dostuq. Ə, ermənilərlə dost olmaq olar? Bura yığılırdıq, dostluqdan başqa hər cür mundar hərəkəti görürdük onlardan. Mən sizə 100 faiz deyirəm.
– Kinoteatr haqqında yadınızda nələr qalıb?
– Rəhbəri erməni idi, rəhbər müavini erməni idi. Azərbaycan filmlərini verməyə can çəkmirdilər. Daha çox hind filmlərinə baxmaq üçün gəlirdik. Təxminən 250-300 nəfərlik tamaşaçı zalı var idi. Böyük ekranlarda kinolar gedirdi. Onda da maraq dairəsi bu idi. İndiki gənclər kimi telefondan asılı qalmırdıq.
– İndikilər bizdən çox baxır kinolara (digəri onun sözünü kəsir).
– Baxmırlar.
Mübahisə qaldığı yerdən davam edir və mən yenə söhbətə müdaxilə edirəm.
– Nə vaxt sökülüb?
– Son illərdə sökdülər. Üstəlik, tamaşaçısı da çox idi. Yəni, əslində, niyə sökdülər, anlaya bilmirəm. Guya, parkı bura birləşdirəcəkdilər. Heç nə də eləmədilər.
– Aparım da sizi ora (içlərindən biri mənə "Şuşa" kinoteatrının keçmiş yerini göstərmək istəyir).
– Hə, mən onsuz da ora gedirdim.
– Gedək.
Yaşıl ağacların kənarı ilə addımlayırıq. Axşamdan yağan yağış torpağı bir qədər isladıb, ətrafa o yağış qoxusu yayılıb. Təbiət günorta saatlarında bir qədər sakitləşib. Nə külək var, nə də yağış. Sadəcə, dolub boşalmaq üçün gözləyən qara buludlar başımızın üstünü kəsib. Hasarın qarşısına çatırıq. Küləyin hərəsini bir tərəfə çırpdığı qapılar açıq vəziyyətdədir. Mənimlə addımlayan Əli bəyin dediyinə görə, xüsusilə gecələr buranı bağlayırlar.
– İllərdir sökülüb, amma yerində heç nə tikilməyib. Bir müddət gəlib dedilər ki, nə isə obyekt yaradırlar, yaratmadılar. İndi sən bax, nə istəsən, yaz.
Hasarın içərisindəki ərazi kifayət qədər genişdir. Binanın tamaşaçı tutumunun 250-300 nəfər olduğunu nəzərə alsaq, ərazinin bu qədər böyük olması da təəccüblü görünmür. Kənarda boya qabları, alətlər, sökülmüş tikilidən qalan daş və taxta parçaları var. Keçmiş binanın yerini ot-alaq bürüyüb. Bir də ağaclar... Əli bəyin dediyinə görə, bu ağaclar elə öz-özünə, təbiətin sayəsində böyüyüb. Hasarın digər küncünə isə kənardakı restoranlardan birinin tullantıları atılıb. O qədər uzun müddətdir burada qalıb ki, sellofan torbalar belə çirkdən qaralıb. Qırılmış şüşələr, siqaret kötükləri buranı keçmiş kinoteatr ruhundan da uzaqlaşdırıb. Görünür, çoxdan nəzarətsiz qalan bu yer keçmiş "Şuşa"nın adını daşıdığı şəhərin işğal dövründəki mənzərəsini xatırladır.
"Qışı bir, yazı bir başqaymış Şuşanın". Ya da ki, özü bir, dağıntısı bir başqa imiş "Şuşa"nın...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 02 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















