Balığı at dəryaya biri yüz olsun!
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bu sahənin inkişafı az zəhmətlə bol məhsul, kiçik yatırımla böyük səmərə vəd edir
Prezident İlham Əliyev cari il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr edilən müşavirədəki çıxışında aqrar sektorun bir sıra sahələrinin, o cümlədən balıqçılıq və akvakulturanın inkişafını əsas hədəflərdən biri kimi müəyyənləşdirdi, eləcə də bu strateji xəttin davamı olaraq qarşıda duran yeni vəzifələri diqqətə çatdırdı. Dövlət başçısı toplantıda, eyni zamanda, 2030-cu ilə qədər respublika akvakulturasında istehsal olunan balıq həcminin 2 dəfədən çox artırılması məqsədilə ilk dəfə bu sahədə subsidiyaların və dövlət güzəştlərinin tətbiq edilməsi, yeni balıqartırma zavodlarının tikintisi və müasir istehsal infrastrukturunun formalaşdırılmasının nəzərdə tutulduğunu vurğuladı.
Belə bir perspektiv məqsədin səsləndirilməsi isə təsadüfi deyildi. Çünki dünyada balıqçılıq və akvakultura sektoru getdikcə sürətlə inkişaf edən ərzaq istehsalı sahələrindən birinə çevrilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, bu gün dünyada istehlak olunan balığın yarıdan çoxu məhz akvakultura təsərrüfatlarında yetişdirilir. Əhali sayının artması, dəniz və okean ehtiyatlarının azalması, iqlim dəyişikliklərinin və sağlam qidalanmaya marağın çoxalması ilə bu sahənin strateji əhəmiyyəti davamlı şəkildə yüksəlir.
Respublikamızda da bu məsələ son illər daim diqqətdə saxlanılıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Xəzər dənizində balıq ehtiyatlarının qorunması, artırılması və bu sahənin iqtisadi potensialının genişləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunub. Xüsusilə nərə cinsli balıqların və digər qiymətli növlərin populyasiyasının bərpası məqsədilə dövlət proqramlarının icrasına başlanılıb. Bütün bunların nəticəsidir ki, 2015–2025-ci illərdə balıqçılıq sahəsində davamlı inkişaf müşahidə olunub. Belə ki, bu dövrdə balıqçılıq məhsullarının istehsalı 2,7 dəfə çoxalıb, cari ilin ötən 4 ayı ərzində isə sektorda əlavə dəyər real ifadədə 2 faiz yüksəlib.
Rəqəmsal akvakultura
Əldə edilən uğurlu göstəricilər akvakultura sektorunun daha sürətli inkişafı üçün ölkəmizdə böyük potensial olduğunu deməyə əsas verir. Xəzər dənizinin sahil zolağı, çoxsaylı çaylar, göllər, su anbarları və süni hövzələrdə müxtəlif balıq, molyuska, xərçəngkimilər və digər su canlılarının ciddi nəzarət olunan əlverişli şəraitdə yetişdirilməsi imkanları genişdir. Respublikada mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə bu sahədə yüksək iqtisadi nəticələr əldə etmək mümkündür.
Prezident İlham Əliyev məhz elə bu amili nəzərə alaraq 27 avqust 2026-cı il tarixli fərmanı ilə “Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Sənəddə ölkədə balıqçılığın inkişafı, o cümlədən balıq və digər su bioresursları ovunun və akvakulturanın təşkili, idarə edilməsi, su bioresurslarının artırılması, istifadəsi, eləcə də mühafizəsinin hüquqi əsasları öz əksini tapıb.
Eyni zamanda, qanunda bu sahədə nəzərdə tutulan qaydalara uyğun olaraq, yetişdirilən balıqların sənaye, idman, elmi-tədqiqat, təhsil, maarifləndirmə və digər məqsədlərlə tutulması məsələləri müəyyənləşdirilib. Balıq və digər su bioresurslarının onların mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi, eləcə də həmin mühitə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Bundan başqa, balıqartırmanın bərpası, inkişafı, bu sahədə aparılan ov prosesi ilə əlaqədar akvakultura yolu ilə yetişdirilən, habelə iqlimləşdirilmə nəticəsində əldə edilən balıq və digər su bioresurslarının balıqçılıq su obyektlərinə buraxılması üzrə fəaliyyət tənzimlənib.
Qanunda balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə nəzərdə tutulan su obyektlərinin çirklənməsinin və lillənməsinin qarşısının alınması, sərt gövdəli su bitkilərindən təmizlənməsi, suların oksigenlə zənginləşdirilməsi, habelə su bioresurslarının qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılması kimi fəaliyyət istiqamətləri xüsusi vurğulanıb. Sözügedən sənəddə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi imzalanan bu qanunla, habelə ölkənin su qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrlə, eləcə də digər beynəlxalq hüquqi normalarla tənzimləndiyi bildirilib.
Eyni zamanda, balıqçılıq sahəsində məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə dayanıqlı istehsal metodlarının və innovativ texnologiyaların təşviqi, daxili bazar tələbatının ödənilməsi, eləcə də ixrac potensialının çoxaldılması məqsədilə yerli istehsalın stimullaşdırılması kimi tədbirlərin gerçəkləşdirilməsi zəruriliyi önə çəkilib. Bütün bunlarla bərabər, elmi-tədqiqatların və təlim proqramlarının dəstəklənməsi yolu ilə balıqçılıq sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması, akvakulturanın dayanıqlı inkişafı məqsədilə ekoloji, iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun reallaşdırılması, balıq və digər su bioresursları ehtiyatının tükənməsinin qarşısının alınması kimi məsələlər mühüm tədbirlər sırasında yer alıb.
Dövlət tənzimlənməsi
Dövlət başçısının imzaladığı bu qanunla müəyyənləşdirilən hallar istisna olmaqla, balıq və digər su bioresursları ovunun ödənişli həyata keçirilməsi, ov üçün kvota nəzərdə tutularkən müəyyən ekoloji, sosial-iqtisadi amillərin nəzərə alınması, su bioresurslarının qiymətli növlərinin xüsusi mühafizə rejiminin aydınlaşdırılması, bu sahədə idarəetmənin rəqəmsallaşdırılması, bütün bunlarla yanaşı, transsərhəd su hövzələrində balıq və digər su bioresurslarının ehtiyatlarının birgə idarəsi məsələləri tənzimlənib. Qanunvericiliklə bu sahədə regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə də xüsusi önəm verilib.
Yeri gəlmişkən, “Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nda sözügedən sahədə aşağıdakı bir sıra vəzifələr:
– müvafiq dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlərin hazırlanması və həyata keçirilməsi;
– normativ-hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;
– dövlət nəzarətinin reallaşdırılması;
– balıqmühafizə tədbirlərinin olunması;
– istifadəyə və ya icarəyə verilməmiş dövlət mülkiyyətindəki balıqçılıq su obyektlərində meliorasiya fəaliyyətinin həyata keçirilməsi kimi mühüm priroritetlər müəyyənləşdirilib.
Bütün bu dövlət vəzifələri ilə bərabər, balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığın gerçəkləşdirilməsi, Azərbaycan Respublikasının Qırmızı Kitabında vurğulanan balıq və digər su bioresurslarının mühafizəsinin təşkil edilməsi, müvafiq su obyektlərinin qorunması məqsədilə ətraf mühitə mümkün mənfi təsirlərin aradan qaldırılması və davamlı elmi-tədqiqatların reallaşdırılması, dövlət dəstək layihələrinin gerçəkləşdirilməsi, eləcə də sözügedən sektorda hüquqpozmaların qarşının alınması kimi mühüm prioritet istiqamətlər də önə çəkilib.
Sözügedən qanuna əsasən, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli balıq növlərinin artırılması müvafiq elmi-tədqiqat müəssisələri alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Bu fəaliyyətə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir. Eyni zamanda, balıq və digər su bioresurslarının iqlimləşdirilməsindən əvvəl iqlimləşdirilən növlərin bioloji xüsusiyyətlərini, balıqçılıq su obyektinin balıq qəbulu tutumunu və iqlimləşdirilmənin iqtisadi səmərəsini əks etdirən göstəricilər biotexnoloji layihə sənədinə daxil edilir.
Balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə balıqçılıq su obyektlərinə balıq, eləcə də digər su bioresurslarının yeni növlərinin, habelə hibrid formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən müvafiq qaydada həyata keçirilir.
Qanunla balıqçılıq sahəsində dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədilə qarşıya bir sıra vəzifələr qoyulub. Məsələn, balıq və digər su bioresursları ovuna ciddi nəzarət etmək üçün bu istiqamətdə qanunsuz fəaliyyət göstərən dəniz və göl nəqliyyat vasitələrini saxlamaq, onları təyin olunmuş yerə istiqamətləndirmək, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq onlarda yoxlama həyata keçirmək və s. qərara alınıb. Bütün bunlarla yanaşı, müvafiq qurumlara ixtisaslaşdırılmış bazarlarda ticarət dövriyyəsinə daxil edilməsi üçün balıq və digər su bioresurslarının mənşəyi, cinsi, növü, miqdarı, ölçüləri və çəkisi barədə məlumatları əks etdirən müşayiətedici sənədin mövcudluğu vəziyyətini araşdırmaq tapşırılıb.
Əbdülrəhim DADAŞOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri müavini
Prezident İlham Əliyevin imzaladığı “Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” balıqçılıq və akvakultura sahəsində idarəetmənin daha sistemli, dayanıqlı və iqtisadi nəticələrə yönəlmiş hüquqi çərçivədə qurulmasına xidmət edir. Sənədin əsas mahiyyəti balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi, akvakultura fəaliyyətinin hüquqi əsaslarının dəqiqləşdirilməsi, balıq ehtiyatlarının qorunması, ov və dövriyyə proseslərinə nəzarətin gücləndirilməsi, eləcə də sektorda istehsal və ixrac imkanlarının genişləndirilməsi ilə bağlıdır.
Balıqçılıq yalnız ov fəaliyyəti kimi deyil, su bioresurslarının artırılması, mühafizəsi, akvakultura, emal, logistika və ticarət dövriyyəsini əhatə edən daha geniş iqtisadi fəaliyyət sahəsi kimi formalaşır. Bu baxımdan qanun balıqçılıq subyektləri və obyektlərinin, vətəgə sahələrinin, balıqçı gəmilərinin, ov alətlərinin, akvakultura təsərrüfatlarının, eləcə də balıq məhsullarının dövriyyəsinin vahid hüquqi çərçivədə tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qanunda dayanıqlı istehsal metodlarının və innovativ texnologiyaların təşviqi, daxili bazar tələbatının ödənilməsi, ixrac potensialının artırılması, yerli istehsalın stimullaşdırılması, akvakulturanın ekoloji, iqtisadi-sosial baxımdan dayanıqlı inkişafı, balıq və digər su bioresursları ehtiyatının tükənməsinin qarşısının alınması, habelə idarəetmənin rəqəmsallaşdırılması məsələləri tənzimlənir.
Yeni qanun “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə birbaşa uzlaşır. Adıçəkilən proqramda balıqçılıq və akvakultura sahələrinin inkişafı ayrıca məqsəd kimi müəyyənləşdirilib, bu sahədə dayanıqlı istehsal və bazar potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi göstərilib. Qanunun qəbulu ilə həmin hədəflərin icrası üçün hüquqi və institusional baza gücləndirilib.
“Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə bağlı imzalanmış fərmanda balıqçılıq sahəsində rəqəmsal idarəetmə və izləniləbilənlik mexanizmlərinin gücləndirilməsi də nəzərdə tutulub. Sənədə əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “balıqçılıq” altsistemi bu sahədə əsas rəqəmsal platformalardan biri kimi müəyyənləşdirilib. Balıqçılıq subyektləri və obyektləri, balıqçılıq infrastrukturu, balıq ovu alətləri, balıqçı gəmiləri və idarəetmə üçün zəruri olan digər məlumatların informasiya sistemində toplanması qərarı ilə sahədə şəffaflıq və operativ nəzarət gücləndirilib.
Qanun balıq ehtiyatlarının qorunması və ekoloji balansın saxlanılması baxımından da mühüm əhəmiyyət daşıyır. Balıq ovunun kvotalar əsasında tənzimlənməsi, qadağan olunmuş ov alətlərindən istifadəyə yol verilməməsi, qiymətli və mühafizə olunan balıq növləri üzrə xüsusi rejimlərin tətbiq edilməsi, su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında ekoloji tələblərin müəyyənləşdirilməsi balıq, eləcə də digər su bioresurslarının dayanıqlı idarə olunmasına xidmət edir.
Qanunun iqtisadi tənzimləmə ilə bağlı müddəaları da sektorun inkişafı üçün zəruridir. Balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondunun yaradılması, habelə balıqçılığın elmi təminatının maliyyələşdirilməsi, məqsədli investisiya, subsidiya, güzəştli kredit və digər dövlət dəstəyi tədbirlərinin nəzərdə tutulması bu sahədə yerli istehsalın, o cümlədən sahibkarlıq fəallığının artırılmasına şərait yaradır.
Beləliklə, yeni qanun balıqçılıq və akvakultura sahəsində hüquqi tənzimləmə, ekoloji dayanıqlılıq, rəqəmsal nəzarət və iqtisadi stimullaşdırma mexanizmlərini vahid çərçivədə birləşdirir. Bu baxımdan sənəd yuxarıda adıçəkilən Dövlət Proqramında nəzərdə tutulan balıqçılıq və akvakultura sahələrinin inkişafı, istehsal və ixrac potensialının artırılması, eləcə də daxili bazarın yerli balıq məhsulları ilə təminatının gücləndirilməsi hədəflərinə mühüm töhfə verəcək.
Vaqif BAYRAMOV
XQ
Baxış sayı:75
Bu xəbər 01 Sentyabr 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















