“Barselona” kimi komandanın müdafiəsini yarmaq asan deyil”
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının V turunun “Sabah” – “Barselona” oyunundan (1:4) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:
– Dünən dediniz ki, “Barselona”nın icazə verəcəyi qədər oynayacağıq. Bu gün necə oldu? Siz oyununuzu qurdunuz, ya onlar bu qədərinə icazə verdi?
– Demişdim ki, əlimizdən gələni edəcəyik. Bacardığımızdan daha artığını ortaya qoymalıydıq. Bəzi anlarda keyfiyyət çatmadı. Matça yaxşı başladıq, boşluqlar vermədik. Rəqibin necə oynadığını gördünüz, ötürmələri izləməyə çalışanda tez-tez boynum çevrilirdi. Ümumi olaraq, oyunumuzdan razıyam. Doğrudur, daha yaxşısını edə bilərdik. Amma nəzərə almalıyıq ki, bizim futbolçularımız daxili çempionatda oynayırlar, rəqib isə tamam başqa səviyyədir. “Barselona” kimi komandanın müdafiəsini yarmaq asan deyil. Cinahlarda daha effektiv olmalıydıq. Yaxşı imkanlar yaratsaq da, istifadə edə bilmədik. Fasilədən sonra isə “Barselona” keyfiyyətini göstərdi. Onlar qısa müddətdə oyunun taleyini dəyişmək gücündədirlər. Futbolçularıma təşəkkür Edirəm. Matçın sonunadək plana sadiq qaldılar və əllərindən gələni etdilər.
– Xəyal Əliyevə start heyətdə şans verdiniz. Onun performansı haqqında nə deyə bilərsiniz?
– Çox gözəl oyun nümayiş etdirdi. İlk hissədə onun oynamasını planlaşdırırdıq. Xəyal hazırda 90 dəqiqə çıxış etmək gücündə deyil. Çoxlu qaçdı, pressinq etdi. Daha yaxşı edə biləcəyi şeylər də var idi. O, çox bacarıqlı oyunçudur. Xəyal təkcə klubumuzun yox, Azərbaycanın da ən yaxşı futbolçularındandır.
– “Barselona”dan xal almaq düşüncəniz var idi?
– Əlimizdən gələni etdik. İnanırdıq ki, standart vəziyyətlərdən qol vura bilərik. Müsbət məqamlar var və onlardan daha səmərəli yararlanmalıyıq. Bütün bunları təhlil edəcəyik. Daha çox məşq etməli, üzərimizdə işləməliyik.
– “Barselona” ilə oyun sizə nə qazandırdı?
– Çox şey. Saysaq, sabaha qədər gərək burada qalaq. Məsələyə tək fiziki yox, həm də mental olaraq diqqət etməliyik. Futbolçulardakı mental yorğunluğu unutmamalıyıq. Əsas məsələ belə sıx qrafik şəraitində yaranan vəziyyətlərə necə reaksiya verəcəyimizdir. Bu matçı ətraflı təhlil edəcəyik.
– Flik sizin oyun fəlsəfənizi bəyənib. Belə dünya səviyyəli məşqçi tərəfindən təriflənmək sizdə hansı hissləri yaradır?
– Flik çox yaxşı insandır və hamıyla mehriban davranmağı bacarır.
– Keyruş hələ uyğunlaşmayıb?
– O, çox bacarıqlı futbolçudur. Uyğunlaşma prosesi davam edir. Onun üçün asan deyil. Heyətimiz genişdir və onun mövqeyində müxtəlif adlar var. Düşünürəm ki, Keyruş daha da təkmilləşəcək.
– Zedadkanın zədəsi ciddidir?
– Bilmirəm, həkimlərlə hələ danışmamışam.
– Komandanızın çıxışını ümumilikdə necə dəyərləndirirsiniz?
– Bir qol vurduq və əlavə olaraq iki real qol imkanımız da var idi. Daha yaxşı nəticə əldə edə bilərdik. Lakin rəqibi də nəzərə almalıyıq. Bizə imkan verdikləri qədər oynayırıq. İnanıram ki, “Barselona” da 4 qolla kifayətlənmək istəməzdi.
– Məşqçi kimi bu oyundan nələr öyrəndiniz?
– Bu sualı bir az əvvəl cavablandırdım. Rəqibin təzyiqinə müəyyən qədər dözə bildik. Topa sahib olmanı bərabərləşdirməyə çalışırdıq. Bu cür oyunlarda epizodlara geciksən, dərhal cəzalandırılacaqsan. “Barselona”nın futbolçuları boşluqlarımızdan istifadə edirdilər. Taktiki məsələlərə də baxmalıyıq. Azərbaycanda bu səviyyəli matçlar çox keçirilmir. Təəssüf ki, qısa müddətdə ardıcıl qollar buraxdıq. Bu məqamda oyun planımıza əməl etməkdə çətinlik çəkdik. Amma futbolçular ümidsiz olmadı, sona qədər döyüşdü.
– Bir neçə gün sonra, böyük ehtimalla, boş tribunalar önündə “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Futbolçular belə fərqli atmosferlərə uyğunlaşmaqda çətinlik çəkmirlər ki?
– Demək istəyirsiniz, reallığa qayıdacağıq? Düzdür, 200-300 tamaşaçı qarşısında çıxış edəcəyik. Daxili liqa da bizim üçün böyük əhəmiyyət daşıyır. Məhz burada yetişirik və “Barselona” kimi komandalara qarşı oynamaq şansı qazanırıq. Çempionlar Liqasında artıq beşinci matçımızı keçirmişik. Bu qarşılaşmalardan sonra liqaya da köklənə bilirik. Sabahdan tam bərpa olunmalıyıq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 Noyabr 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















