Icma.az
close
up
RU
Başlıq pulu, cehiz, qır qızıl və mebel davası Gəncləri bədbəxt edən adətlərimiz

Başlıq pulu, cehiz, qır qızıl və mebel davası Gəncləri bədbəxt edən adətlərimiz

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Azərbaycanda cehiz, qızıl, başlıq pulu və ev təmiri – bu sözlər sadəcə maddi məsələlərin adı deyil, gənclərin həyatını, rahatlığını məhdudlaşdıran, gələcək arzularını zəncirə vuran ənənələrin simvoludur.

Bu yaxınlarda, rayonlardan birində cehiz məsələsinə görə gənc oğlanın canına qıyması bu ənənələrin nə qədər faciəvi nəticələrə səbəb olduğunu bir daha gündəmə gətirdi.

Bu ənənələr yüzilliklərdən gələn bir yük kimi, cəmiyyətimizin ruhunu boğan, insanları seçim azadlığından məhrum edən, sanki görünməz, amma qırılmaz tellərlə hörülmüş tələyə çevrilib.

Hər il minlərlə gəncin ailə qurmaq arzusu maddi narahatlıqların, sosial təzyiqlərin, valideynlərin “ənənə qoruyuculuğu” adı altında süni şəkildə yaratdığı ağır öhdəliklərin altında əzilib məhv olur.

Bu “ənənələr”in kökü isə patriarxal sistemin dərinliklərində, qadının mal və şəxsi əşya kimi görüldüyü, onun şəxsiyyətinin ən sonuncu plana atıldığı zamanlara gedib dayanır. Qədim dövrlərdə qadınların taleyi ailələr arasında pul, mal-mülk mübadiləsi kimi istifadə olunurdu.
Əsrlərlə yaşı olan bu lüzumsuz, avtoritar ənənəvi baxış, təəssüf ki, XXI əsrin ilk rübündə müxtəlif çalarlarla hələ də aktuallığını qoruyub saxlayır, indi də valideynlərin davranışında öz əksini tapır. Onlar övladlarının xoşbəxtliyi və gələcəyindən çox, maddi zənginliyi, başlıq pulunun həcmini düşünürlər.

Bir zamanlar şənlik, bərəkət və sevinclə assosiasiya olunan el adəti toy indi daha çox qorxunun, borcun, təlaşın, “əldən düşməyin”, “iflas etməyin” sinoniminə çevrilib. İndi evlilik yolu sevgi ilə deyil, kreditlə, borcla döşənir.

İki gəncin bir araya gəlib ailə qurmaq istəyi, birdən-birə iki ailənin “mənəm-mənəm” deyə meydan suladığı, sanki rəqabətə girdiyi yarış meydanına çevrilir: Oğlan evi daha çox qızıl alacaqmı? Kim nə qədər başlıq pulu verəcək? Kim dolu maşınla cehiz gətirəcək? Kim kimin toyunda daha çox adam yığacaq? Sual üstünə sual, yük üstünə yük...

Toya qədər nə gəlinin üzündə təbəssüm qalır, nə bəyin gözündə fərəh. Onlar evlənmirlər, borclanırlar, sevgi ilə bir yuvaya qədəm qoymurlar, kredit müqavilələrinə imza atırlar.

Nigaran bir “camaat nə deyər?” havası hamını qarmaqarışıq bir sərgüzəştin içinə sürükləyir.

Otaqlar həm qız, həm oğlan evi tərəfindən xırtdəyəcən borc hesabına mebellə, məişət əşyası ilə doldurulur. Kredit ödəmələri isə aybaay qapını döyür.

Toydan sonrakı həyat bal ayı deyil, daha çox “borc ayı” olur.

Borca-xərcə girib “ənənələr”i davam etdirənlər toydan sonrakı aylarda, hətta illərdə borc və kredit bataqlığında boğulurlar, bu da təbii olaraq gənc ailədə münaqişələrə, problemlərə səbəb olur. Bu gərginlik ailənin təməlini sarsıdır. Evliliyin dadını çıxarmaq əvəzinə “sənin anan cehizi bəyənmədi”, “sənin bacın qızılın ucuz olduğunu dedi”, “atan niyə evi təmir etdirməyib?”, “sənin ailən dedi belə olsun”, “biz bu qədər xərclədik, siz heç nə eləmədiniz...” kimi qarşılıqlı günahlandırma və suçlamalarla bir-birilərinin ömrünü zəhərə çevirirlər.

Əgər bir ailə yalnız başlıq pulu verə bildiyinə görə oğlunu evləndirə bilirsə, bu, artıq sevgi yox, ticarətdir. Əgər qız ailəsi cehizi az gətirdiyinə görə məzəmmət olunursa, bu, lazımsız yarışdır. Biz isə hələ də çərləyə-çərləyə bu yarışı davam etdiririk.

Toy bir-birini sevən iki insanın bayramıdır, cəmiyyətə hesabat deyil. Niyə toyun dadı borcun çəkilməz yükünə qarışsın?

Bu ənənələrin aradan qalxmasına imkan verməyənlər də çox zaman valideynlərdir. Çünki onlar da bu sistemin qoruyucularıdır. Bu, onlara görə, təkcə ənənənin qorunması deyil, eyni zamanda sosial statusun, “hörmətin qorunması” deməkdir.

Bu geridəqalmışlığın, patriarxal feodal təfəkkürün həlli sadə olmasa da, mümkündür.

Sosial dialoqlar, ictimai kampaniyalar, hüquqi müdafiə mexanizmləri bu zərərli ənənələrin dəyişməsinə təkan verə bilər.

Media və ictimai təşkilatlar bu problemləri açıq şəkildə işıqlandırmalı, köhnə, zərərli stereotipləri qınamağa və qırmağa yönəlmiş konkret addımlar atmalıdır. Yazılar yazılmalı, mövzu vaxtaşırı gündəmə gətirilməli, acı nəticələri qınanmalı və pozitiv nümunələr təşviq edilməlidir. Və ən əsası, gənclər özləri bu məsələdə prinsipial olmalıdır.

Dəyişdirməyə cəsarətimiz çatsa və prinsipiallıqla, mütəmadi buna fokuslansaq ənənələri də, düşüncə tərzini də dəyişmək mümkündür.

Məsələn, bir vaxtlar yaslarda az qala toylardakı kimi rəngarəng ehsan süfrəsi açılardı, son illərdə mütəmadi olaraq maarifləndirmə və yeri gəldikcə, ictimai qınaqla bu “adət” demək olar ki, aradan qaldırılır. Eyni metodla gələcək nəsillərin rahat, xoşbəxt yaşaması üçün qır-qızıl, cehiz, başlıq pulu kimi maddi və mənəvi yüklərdən də azad olmaq lazımdır. Ailəni maddi yük üzərində deyil, insanlıq, sevgi və hörmət üzərində qurmaq lazımdır.

Zaman dəyişir, amma köhnə zəncirləri qırmaq üçün bizlərdə güc və iradə olmalıdır. Bu, təkcə fərdi məsələ deyil, bütöv bir cəmiyyətin, gələcəyimizin məsələsidir. Hər birimiz bu dəyişikliyin baş verməsində maraqlı olmalıyıq.

Çünki insanı xoşbəxt edən sevgi, hörmət və qarşılıqlı anlayışdır, cehiz, başlıq pulu, qızıl, mebel yox...

P.S. Rəfiqələrimdən biri sevdiyi oğlanla ailə qurmuşdu, məhz bu “ənənələrə” və “camaat nə deyər”ə görə xeyli borca-xərcə girib ona brilyant-qızıl, evə isə çox bahalı mebel almışdılar. Danışırdı ki, toydan sonra borclar, kreditlər o qədər boğazımızı üzürdü ki, həyat yoldaşımla aramızda baş verən davalardan sonra aramızdakı sevgi də, hörmət də itib getdi. Ömrüm o bahalı divan-kresloda oturub ağlamaqla keçir...

"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!.. "Çekic ve gül"ün üçüncü mövsümü bu tarixdə yayımlanacaq Orxan Şahbaz: "Səni milyonlar tanıyır, amma bir işə dərman deyilsən..." - Müsahibə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri