Icma.az
close
up
RU
“Bax, biz belə şəhər qururuq!” Prezidentin sakinlərlə söhbəti (FOTOLAR)

“Bax, biz belə şəhər qururuq!” Prezidentin sakinlərlə söhbəti (FOTOLAR)

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

"Unikal" xəbər verir ki, dövlət başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

Dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

Prezident İlham Əliyev: Sarıcalıya xoş gəlmisiniz.

Sakinlər: Siz də xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sizi ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: İlk növbədə, qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə sizi təbrik edirəm. Yəni, bu gün ikiqat bayramdır. Bu bayram ərəfəsində kəndi istifadəyə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir.

Bu yaxınlarda Novruz bayramını qeyd etmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüşdüm, onlara evlərinin açarlarını təqdim etmişdim. Bu gün isə burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmısınız. Burada sizin üçün gözəl şərait yaradılıb.

Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.

Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq. İndi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu, düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.

Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Bax, biz belə şəhər qururuq. Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq.

Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Mən təkcə Ağdam rayonunda gedən işləri sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.

İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq.

İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi. Bu gün burada insanlar rahat yaşayacaqlar, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar. Əminəm ki, xoşbəxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda, xalqımızın milli ləyaqəti bərpa edildi. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah Ordumuzun, Silahlı Qüvvələrimizin şəxsi heyətinin başını həmişə uca eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində bax, bu gün biz burada durmuşuq və bu gün bu gözəl bayram ərəfəsində görüş keçirilir.

Bundan sonra bərpa işləri davam edəcək. Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz, həm Sərsəng, həm Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin olunsun. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Bu gün təqribən 100 min hektar suvarılmayan torpağa su gətiriləcək.

Ona görə Ağdam rayonunda yaşayacaq vətəndaşlar buna hazır olmalıdırlar. Burada işlə təmin etmək üçün lazımi addımlar atılır, eyni zamanda, kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.

Bir daha sizi ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.

Sakinlər: Çox sağ olun.

***

Sonra açarların təqdim edilməsi mərasimi olub və xatirə şəkilləri çəkdirilib.

***

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət ediblər.

Sakin: Bu gün bizim hazırda durduğumuz yer bağ idi, meşə idi bura, burada böyük palıd ağacları.

Prezident İlham Əliyev: Bəs evlər harada idi?

Sakin: Evlər bir az bundan aşağıda idi.

Prezident İlham Əliyev: Orada idi?

Sakin: Bəli.

Prezident İlham Əliyev: Bu, Sarıcalının bağı idi?

Sakin: Meşə idi, qoz ağacları, palıd ağacları var idi.

Prezident İlham Əliyev: Qırdılar.

Sakin: Onların hamısını məhv etdilər.

Prezident İlham Əliyev: Siz işğal dövründə harada yaşamısınız?

Sakin: Bərdədə yaşamışam.

Prezident İlham Əliyev: Bərdədə hansı şəraitdə?

Sakin: Məktəbdə yaşayırdıq. Hazırda beşmərtəbələrdə oluruq. Çox sağ olun, Allah Sizə kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Cavanlar da gəlib. Həvəslə gəlmisiniz?

Sakinlər: Bəli, əlbəttə.

Prezident İlham Əliyev: Onlar heç görməyiblər buraları.

Sakin: Görməyiblər. Yəni, görməyənlər də belə gəlib görmək istəyirlər ki, işğaldan azad olunmuş torpaqlarımız nə cür bərpa olunur. Allah həmişə dövlətimizin bayrağını uca etsin.

Prezident İlham Əliyev: Sağ olun. Otuz il ərzində ədalətsizliklə üzləşmişdik. Bu ədaləti biz özümüz bərpa etdik və biz hər gün ədalət təntənəsini görürük.

Sakinlər: Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.

Sakin: İnşallah. Çox sağ olun, minnətdarıq. Allah Sizi var eləsin, Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun, çox sağ olun.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Mart 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see164

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see160

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see150

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see139

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see133

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see129

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see123

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see123

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see121

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see121

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see120

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see120

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see120

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see119

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri