Icma.az
close
up
RU
“Bax mən də belə sevilmək istəyirəm” Eşq Muzeyində də bir birini didən cütlük...

“Bax mən də belə sevilmək istəyirəm” Eşq Muzeyində də bir birini didən cütlük...

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Sudan ayrılınca candan ayrılır,

Eşqi balıqlardan öyrənmək gərək.

XI-XII əsr Azərbaycan şairi Rəziyyə Gəncəvi eşq üçün ən yaxşı öyrədənin, ustanın, müəllimin balıqlar olduğuna inanırdı. Balıq axı susuz yaşaya bilmir, amma insan itirdiyi məhəbbəti asta-asta ömür edir, üzü-gözü zamanla öz intizarına, dərd-ələminə öyrəşir. Alışmaq, öyrəşmək qədər insanın vəhşiliyinə dəlalət edən başqa bir xasiyyət, özgə bir sifət yoxdur. Yaşamaq da var, yaşamaq var: bir var ürəyin sinənin başında halından məmnun yaşayasan, bir də var qəlbini ağır bir yük kimi bədənindən asmış kimi güzəran keçirəsən. Məhəbbətsiz ömürdə ürək daha çox stend qoydurmaq, əməliyyat etdirmək, ən yaxşı halda havası təmiz bir yerdə “oxay” demək üçün var. Yenə deyirəm, yaşamaq var, yaşamaq var...

Başından bəlalar əskik olmayan görkəmli türk şairi Nazim Hikmət yarım əsr öncə bağrı yana-yana, köksü göynəyə-göynəyə bir şeirində əbəs yerə yazmırdı: “Necə ki deyirlər ha, mən sənsiz yaşaya bilmərəm, mən elələrindən deyiləm, mən sənsiz də yaşayaram, amma səninlə tamam ayrı cür yaşayaram”. İnsan həqiqi eşqini itirəndə həmin o “tamam ayrı cür yaşamaq” səadətini də əlindən çıxarır. İtkin düşmüş əziz-giramisinin yolunu gözləyən kəslər sayaq bəzən adam da geridə qalmış səadətinin hansısa uzaq məchulluqdan gələcəyinə ümid edir. Fəqət vaxt keçdikcə könüllü-könülsüz taleyi ilə barışır ki, daha illər məhəbbətilə, sevgisiylə arasında yaş uçurumu yaradıb – əziz-giramisi bundan belə heç vəchlə gələsi deyil. İnsanın öz taleyindəki nicatsızlıqla barışması çox dözülməz haldır. Bu muzey də nicatsız məhəbbətlərin yuvasıdır. Söhbət Türkiyənin dilbər guşəsi olan Amasiya şəhərindəki Fərhad və Şirin – Aşiqlər Muzeyindən gedir...

Muzeyin adı…

Dünyada aşiqlər çoxdur, lakin Fərhad və Şirinin eşqi bir ayrı, daha möhtəşəm məhəbbət dastanıdır. Ona görə də hesab edirəm ki, o qədər aşiqlər arasında muzeyə Fərhad və Şirinin adlarının verilməsi tam təbiidir. Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində baş qəhrəman Xosrov olsa da, dahi şair əsərin sonunda “eşqdə Fərhad olmaq gərək” yazır. Yaxud Məhəmməd Füzuli “Leyli və Məcnun” əsərində Şirini Leylidən üstün tutur, baş qəhrəmanını ucaltmaq üçün hətta onu Şirinə bənzədir:

Şəhbaz baxışlı, ahu gözlü,

Şirin hərəkətli, şəhdi sözlü.

Lakin elə şairlər də olub ki, Fərhadın aşiqliyinə rişxənd ediblər. Şirinin rəsmini dağlara çəkməsini ona eyib sayıblar. Xaqani Şirvani hətta Fərhadın bu addımını namussuzluğa tay tutub:

Namussuz eşqini nəqş etdi daşa,

Qəlbinin lövhünə nəqş etməliykən.

Yəni, gərək Fərhad sevgisini ürəyində saxlayaydı, dünyaya bəyan etməyəydi. Dünyada sevməyənin sevənin başına ağıl qoymasından, köksü məhəbbətlə yanmayanın əqlini eşq oğrulayana məsləhət verməsindən, tənə vurmasından asan, rahat nə var ki...

Axır evin aqibəti…

Muzeyin həyətində Fərhad və Şirinin rəmzi məzarları var. Bu məzarların üstündə bir ağ, bir qırmızı gül əkilib, ortasında da qaratikan kolu gözə dəyir. Tarixi rəvayətə görə, onların real məzarlarının üstündə də ağ və qırmızı gül olubmuş, ancaq elə ki o güllər ucalıb bir-birinə qovuşmaq məqamına çatanda ortadakı qaratikan kolları onların arasına girib yollarını kəsərmiş.

Hər gün nə qədər insan bu muzeyə gələrək həmin rəmzi məzarları elə gerçək qəbirlər kimi ziyarət edir, aşiqlərin son iqamətgahının üstünə tər güllər düzürlər. Hüzürdə hərə öz ölüsünə ağladığı kimi, bu muzeyi ziyarətə gələn hər sevən öz ağrılı eşq aqibətinə, məhəbbət üzüntüsünə, sevgi nakamlığına yas tutur. Ona görə də muzeyin həyətində gəzə-gəzə gözləri dolan, başında min bir fikir dolaşan, könlünə qəm qalaqlanmış neçə-neçə dərdkeş insanla rastlaşırsan. Bura elə həm də bütün aşiqlərin rəmzi eşq, xatirələr yuvasıdır...

Muzeyin həyətində Fərhadın yardığı dağlardan gələn su arxı var. Dağın ətəyini yonaraq arx formasına salıblar, zirvəsində isə Fərhad və Şirinin əzəmətli heykəlləri ucalmaqdadır. Əslinə qalanda, Fərhad Su Kanalı erkən Roma dönəminə aid 20-25 kilometrlik bir kanaldır və Amasiya şəhərinin su ehtiyacını ödəmək üçün inşa olunub. Ancaq Fərhad dağının ətəyində yerləşdiyi üçün el arasında bura “Fərhad kanalı” deyirlər. Bir sözlə, tarixin axarında həqiqət qarışıb yalana, olmamışlar çevrilib olmuşlara... Böyük savaşlar sonrası adi hadisələr mif donu geyindiyi sayaq, nəhayətsiz eşqlər də bəzəmələrsiz, şişirtmələrsiz, dürlü-dürlü uydurma hekayətlərsiz keçinə bilmirlər...

Ümid bağçası…

Muzeyin həyətində gözəl bağça salınıb və aşiqlər, sevgililər bura gəlib dincəlirlər, gözəl vaxt keçiririr, qucaqlaşırlar... Eyni zamanda sələflərininin taleyinə baxan “müasir” nakamlar da istər-istəməz düşünürlər ki, dünya ancaq bəxtiqaralardan ibarət deyil, eşqdə üzü gülənlər, şansı yeyin olanlar da var. Bu bağ hər halda əzəli qüssəsi ilə bərabər, özündə bir ümid işığı da daşımaqdadır.

Muzeyin həyətində Amasiya Saat Qülləsi, Böyük Ağa Mədrəsəsi, Elxanilər dövrünə aid xəstəxananın kiçik modelləri tikilib və bu maketlər şəhərin tarixi memarlığını ziyarətçilərə tanıdır.

Şahid nəzərlər…

Muzeyin içində eşq otaqları var: “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Romeo və Cülyetta” və sair. Hər otaqda həmin eşqlərin tarixçələrinə uyğun “süjetli heykəllər” var.

Eşq qəhrəmanlarının sevgilərini və faciələrini ifadə edən bu heykəllər, fiqurlar, əlbəttə, onların taleyini “danışırlar”.

Mən “Əsli və Kərəm” otağını seyr edərkən bir-birilərini didən, mehriban düşmənlikləri son dərəcə bariz olan bir cütlük də içəri daxil oldu. Kərəmin alışıb-yanan vücuduna baxan qız narazı-narazı sevgilisinə söylədi ki: “Bax, mən də belə sevilmək istəyirəm”.  Oğlanın ironik cavabı isə özünü çox gözlətmədi: “Görmürsən, belə sevənlərin axırı necə olur?” Qız aldığı cavabdan porsuyaraq qaş-gözünü süzdürə-süzdürə qəzəbini də götürüb o biri otağa keçərkən eyni zarafatlara gülə bilməyən növbəti cavan cütlüyün acı reallığı içimi gəmirdi: “Gülüş ayrılığı” dünyanın ən dəhşətli ayrılıqlarındandır...

Beynimdən keçənlər…

Mən həm Nizaminin, həm də Füzulinin qələmə aldığı “Leyli və Məcnun” əsərinin məzmununu Şah İsmayıl Xətainin bir şeiri vasitəsilə anlamışam. Məcnun dönməzliyinin səbəbini bu şeirin məzmunundan başa düşmüşəm: Əgər atası Məcnunu Kəbəyə eşqdən tövbə etmək üçün aparanda, o, həmin gün Leylidən dönsəydi, sonra inandığı Allahdan da üz çevirəcəkdi. Yəni Məcnunluq eşqdə prinsipiallıq məsələsidir.

Görün Şah Xətai bu barədə əsrlərin o tayından nələr deyib:

Batinimdə dedi mənə bir əziz:

– Məhəbbətdən keçən haqdan da keçər.

Vermən nəsibini, kəsin qidasın,

Məhəbbətdən keçən haqdan da keçər.

Məhəbbət adəmi haqqa yardır,

Məhəbbət etməyən can murdardır,

Dünyavü-axirət yüzü qaradır,

Məhəbbətdən keçən haqdan da keçər...

Doğurdan da, fikir vermişəm həyatda öz həqiqi eşqini itirmiş adamlar, sonradan heç nədə prinsipial ola bilmirlər. Həqiqətən də, məhəbbətdən keçən Haqdan, həqiqətdən də asanca əl götürür. Çünki eşqini qeyb etmiş adam üçün daha başqa dəyərlərdən ötrü sabitqədəm olmağın heç bir mənası qalmır.

Nədənsə “Leyli və Məcnun” otağında bu düşüncələr məni haqlayır...

Yeri gəlmişkən, onu da deyim ki, bu otaqlardakı Fərhad və Şirin, Əsli və Kərəm əhvalatları türk xalq əfsanələrinə əsaslanır, hekayətlərin əsas qaynağı folklordur, Nizaminin, Füzulinin, Nəvainin, Arif Ərdəbilinin, yaxud da digər dahilərin əsərləri deyil.

Aşiqlərdən aşıqlara…

Bu otaqlardan keçəndən sonra gəlib yetişirsən aşıqlar otağına – Qaracaoğlan, Dadaloğlu, Aşıq Veysəl, Mahsuni Şərifin əllərində saz olan, “qəmli eşq türküləri oxuyan” heykəllərinin yanına. Otaqlarda bu şairlərin tərcümeyi-halı yazılan lövhələr asılıb, daha sonra da yanıqlı misralarından örnəklər:

Məni görən bir şey sanmaz,

Dünyanı içənlər qanmaz,

Mahsunibub qəlbi yanmaz,

Sevdası başda olsaydı.

İlahi eşq mənzilləri

Muzeyin içində ayrıca İlahi Eşq otağı var. Buradakı divarlarda açar dəliklərini xatırladan yerlər mövcuddur. Gərək o dəliklərə əyilib baxasan. O dəliyə baxanda dahilərin işıqlı otaqlarını görürsən. Görürsən ki, bir otaqda Mövlanə əyləşib, başqa birində Yunus Əmrə təkkədədir, bir özgəsində Hacı Bəktaşi Vəli hala qapılıb, digərində Xoca Əhməd Yəsəvi səcdəyə dalıb...

Məhəbbət ünvanları…

Muzeydə bulaq başı, görüş yerləri, cehiz evləri, nişan mərasimləri, aşiqlərin paltarları olan xüsusi bir otaq da var. Eşqin detalları gizlənən bu otaq da özlüyündə çox maraqlıdır. “Bədənlərdən arınmış” bu otaqda eşqin əşyalarda gizlənən tarixçələri yaşamaqdadır və bu, istər-istəməz həmin otağa təşrif gətirən ziyarətçiləri düşünməyə, nələrisə xatırlamağa vadar edir...

Sonu olmayan eşqlərin axırı…

Muzeyin çıxışında yenə də həyətə – bu eşq yuvasına girdiyin əvvəlki yerə qayıdırsan və üzbəüz divarda Cəmal Safinin “Mənim adım eşq” şeiri həkk olunub. O uzun şeirin bu muzeylə bağlı misraları isə bunlardır:

Səbəb bəzi Leyla, bəzi Şirindi,

Xətrim üçün uca dağlar dəlindi,

Bilək gücüm Fərhad ilən bilindi,

Qüdrət mənim, qüvvət mənim, güc mənim.

Muzeydən çıxıb gəlib otururam aşiqlər bağçasında. Düşünürəm ki, möhtəşəm hekayətləri olan aşiqlər, məhəbbətdə ad çıxarmışlar nə bəxtiyardırlar! Bu məqamda nədənsə yadıma orta əsrlərdə qız övladlarını diri-diri basdıran vəhşilər – bədəvi ərəblər düşür. Sanki indi dünyada bədəvi ərəblər yox, bədəvi aşiqlər dövrüdür: hər kəs öz eşqini, onun həqiqi tarixçəsini diri-diri könüllərdə, xatirələrdə dəfn etməklə məşğuldur...

Fərid Hüseyn

Xüsusi olaraq “Qafqazinfo” üçün


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see203

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see198

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see180

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see178

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see170

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see170

“İndi sülh üçün real şansın olduğu zamandır” Zelenski

11 Avqust 2025 19:31see146

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see136

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see135

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see131

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see131

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see130

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see129

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see125

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see121

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see118

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see118

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

12 Avqust 2025 01:19see118

“Qarabağ” Makedoniya klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxardı

12 Avqust 2025 00:40see112

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri