Bayağı melodiyalar, bəsit mətnlər
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Belə “musiqi”lər zövqləri korlayır, ictimai narazılıq yaradır
Azərbaycanda musiqi mədəniyyətinin yüksək inkişaf etdiyi şübhəsizdir. Əsrlərdən üzübəri gələn xalq mahnılarımız, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin nota köçürdüyü nümunələr, yazdığı opera və operettalar, müxtəlif janrlara aid olan digər nəğmələrimiz bədxahlarımızı belə heyrətə gətirir. Məşhur xanəndə və müğənnilərimiz dünyanın ən mötəbər konsert salonlarında parlaq çıxışları ilə musiqi mədəniyyətimizi layiq olduğu zirvələrə ucaldıblar.
Amma, təəssüf ki, son zamanlar ekran və efirlərdə, sosial şəbəkə platformalarında trend olan bayağı musiqilər daha da artıb. Öz dilləri ilə desək, “toy tutmaq” üçün dəridən-qabıqdan çıxıb gözə soxulan istedadsızlar bilərəkdən və ya bilməyərəkdən musiqimizə “toy tutur”, cızmaqara etdikləri “zay məhsul”ları “Dərə xəlvət, tülkü bəy” deyərək, maneəsiz olaraq dövriyyəyə buraxırlar. Beləcə, ucundan tutub ucuzluğa gedir, nə gəldi - necə gəldi, oxumaqla, ilk növbədə, özlərinin savadsızlığını göstərdiklərinin fərqinə varmır və ifaçılıq sənətinə üzqarası olurlar.
Qəribədir ki, bir çox müğənnilər, sanki, özlərini həm də bəstəkar və şair kimi dinləyici auditoriyasına sırımaq yarışına giriblər. “Hamısı mənim olsun!” deyərək, nə tanınan bəstəkarlara, nə də, ən azı, yazdığı sözün mənasını bilən şairlərin yaradıcılığına müraciət edirlər. Nəticədə isə zövq korlayan, musiqi mədəniyyətimizi “şikəst” hala salan mənzərələr yaranır. Bu isə, incəsənətə xəyanət, dinləyiciyə hörmətsizlikdir.
Mahnılarda bəsit ritmlərlə bərabər, eybəcər mətnlər də baş alıb getməkdədir. Görəsən, bu misraların hansı məna tutumu var?
Oğlum oynasın, oynasın,
Qəlbimi şad eləsin.
Bu gözəl toy məclisində
Xoşbəxtliyi bölüşsün.
Yaxud:
Çağırın, anam gəlsin,
Halıma yananım gəlsin.
Neynirəm üzdə yananı,
Ürəkdən yananım gəlsin.
Biz musiqişünas deyilik, buna görə də, əsasən, mahnı mətnlərinin problemlərinə toxunmaq istəyirik. Çünki bir çox mahnının beyin “cırmaqlayan” musiqisi bir yana, mətnlərində ədəbi qaydalar, demək olar ki, gözlənilmir. Qulaq deşən, “çeynənmiş” söz yığını baş alıb gedir. Heç bir şeiriyyət tələbinə riayət edilmir, vəzn, bölgü, qafiyə uyarlığı yoxdur. Unutmaq olmaz ki, mahnının uğurunu təkcə bəstəsi deyil, eynu zamanda, sanballı mətni təmin edir.
Baxın, “Musiqi TV”dən yayımlanan bu mahnı mətni hansı gözəl bəstəni urvatlandıra bilər?
Ərim xəsislik eləyir,
Bir az da dəlilik eləyir.
Pulun məndən gizlədir,
Niyə aferistlik eləyir?
Ardınca da “narahat” bir nəqərat gəlir:
Hardadı ərim mənim?
Sevgi şəhərim mənim.
Yaydı, gedək gəzməyə,
Yanır ciyərim mənim (!?)
Bu günlərdə həmin telekanalda təsadüfən dinlədiyimiz başqa bir mahnıda da aşkar təhrif diqqətimizdən yayınmadı: “Bu sevginin odunu, gözünü qucaqlaram”. – “Közünü” əvəzinə “gözünü” deyən ifaçı bilmir ki, gözü qucaqlamaq olmaz. Üstəlik də “od” və “köz” həm frazeoloji birləşmədir, həm də sinonim, gərək “közünü” oxunsun. Musiqidə olan yad not kimi, mətndə işlənən səhv sözlər də dərhal nəzərə çarpır.
Bəzən ana dilimizdə daşlaşmış deyimlərin dəyişdirilməsi primitiv təsir bağışlayır. Məsələn, istedadına şübhə etmədiyimiz Xalq artisti Aygün Kazımova ilə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu duetinin oxuduğu “Gəlirəm” mahnısında belə bir ifadə var: “Aşiq adama bircə işarə bəsdir”. Bizcə, burada “aşiq” əvəzinə “arif” deyilsəydi, el məsəli təhrif olunmazdı.
Acınacaqlı haldır ki, hazırkı “incəsənət xadimləri” bəzən məşhur mahnıların mətnlərini belə korlayırlar. Sözləri və musiqisi Aşıq Xanış Zahidova, ilk ifası Xalq artisti Alim Qasımova aid olan “Məhəbbətin qüdrəti” mahnısının nəqəratını xatırlayaq:
Bu nə sirrdi, düşdüm, anam?!
Eşq odunda bişdim, anam!
Məhəbbətin qüdrətini
Mən belə bilməmişdim, anam!
Təəssüf ki, indi Alim Qasımovdan fərqli olaraq, bir çoxları, hətta Xalq artisti Zabit Nəbizadə də buradakı 2-ci misranı səhv olaraq: “Eşq oduna düşdüm, ana” kimi oxuyur və bəsitləşdirirlər. Axı, “düşdüm” feilinin təkrarlanması qafiyə sayılmır. Hələ bəzilərinin daha da “qabağa gedərək, 3-cü misradakı “Məhəbbətin qüdrəti” əvəzinə, “Qüdrətin məhəbbəti” deyə oxuduğunu demirik.
Çox populyar və sevilən mahnıların ifasında təhriflərə yol verilməsi xüsusilə qəbuledilməzdir. Məsələn, Xalq şairi Səməd Vurğunun məşhur “Ceyran” şeirinə Qəmbər Hüseynlinin bəstələdiyi mahnının sözlərini, az qala, hamı əzbər bilir:
Ovçu, insaf elə, keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən.
Qoyma ağrı keçə ürəyimizdən,
Qıyma öz qanına boyana ceyran.
Amma bəzi ifaçılar bu bəndin son misrasında “qıyma” əvəzinə “qoyma” deyərək, mətni təhrif edirlər. Əvvəla, burada “qoyma” və “qıyma” sözlərinin misraların əvvəlində olsa da, həmqafiyə kimi, bir növ, alliterasiya yaratdığı, mətni daha da gözəlləşdirdiyi unudulur, sonra da ki, müğənninin xamlığı dinləyici təəssüratını korlayır. Buradan belə bir nəticə hasil olur ki, ifaçı dili bilmir və “qıymaq” sözünün frazeoloji mənasını anlamır.
Digər bir yanlışlıq. İndi misal gətirəcəyimiz məşhur xalq mahnısını ilk dəfə Cahan Talışinskaya oxuyub. Ardınca neçə-neçə korifeyin ifasında səslənib və qorunub saxlanan variantları var:
“Qubanın ağ alması,
Yeməyə bağ alması.
Yarım gələnə qalıb,
Yaramın sağalması”.
İndi bir çox “müğənniciklər” buradakı 2-ci misranı “Yeməyə var alması” kimi səsləndirməklə mətnin bədiiyyatını korlayırlar. Həm qafiyə pozulur, həm də məna bəsitləşir.
Filoloji savadsızlıq üzündən mahnı mətnlərini “şikəst” edənlər, heç olmasa, zəhmət çəkib klassik variantlara qulaq assalar, xətaya yol verməzlər. Bir də görünən budur ki, əlaqədar qurumların bir zamanlar musiqilərin yayılması ilə bağlı mövcud olmuş bədii şuraları bərpa etmələrinə ciddi ehtiyac duyulur. Yəni ciddi nəzarət olsa, primitivliyə “qırmızı işıq” yandırılsa, musiqimizin saflığı qorunar. Həm də təsadüfi ifaçıların incəsənət zövqümüzü korlamasının qarşısı alınar.
Əli NƏCƏFXANLI
XQ
Baxış sayı:61
Bu xəbər 16 Oktyabr 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















