“Bayatı Araz” Sərhəd döyüşü eposumuz
Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Mən şərəflə yaşadım! Mən xoşbəxtliyin nə olduğunu gördüm!!! Cəsarətlə döyüşdüm! Səmanı gördüm! Ah, bir dəfə səmaya qalxa bilsəydim! Düşməni yaralarıma sıxıb onu qanımla boyasaydım! Ah, döyüş həsrəti!!! Cəsurların çılğınlığına biz şərəf mahnısı oxuyuruq! Cəsurların çılğınlığı – budur həyatın hikməti! Oxx, igid şahin, bir gün gələr, sənin isti qanının damlaları qığılcım kimi həyatın qaranlıqlarında alışar, bir çox igid ürəkləri çılğın bir azadlıq və işıq ehtirası ilə yandırar!”
Maksim Qorki, “Şahin nəğməsi”
Həm yaxın, həm uzaq keçmişimiz, tariximiz keşməkeşli olmuşdur. Onun bütün səhifələri yaradıcı ziyalılarımızın bədii təxəyyülündən keçərək yazılmalı, xalqa çatdırılmalıdır. Gənc və gələcək nəsil bundan dərs götürməli, tarixinin bütün səhifələrini bilməlidir. 2020-ci ilin sentyabrın 27-də başlayan II Qarabağ müharibəsində dövlət və xalq birliyinin təntənəsi və qələbə, həmin günlərin möhtəşəm duyğuları tariximizin dərslərinin yekunu, dövlət başçımızın – Prezidentimizin bu yolda etdiyi uğurlu siyasi gedişlərin və qardaş Türkiyənin mənəvi, siyasi dəstəyinin nəticəsi idi. Tarixi keçmişimizdən, qəhrəmanlarımızdan miras qalan döyüş əzmi, vətənin azadlığı uğrunda çarpışmaq cəsarəti xalqın genetik yaddaşının əsasıdr.
Etibar Muradxanlının hərbi-vətənpərvərlik mövzusunda yazdığı “Bayatı-Araz” romanı qazi-yazıçının qələmindən çıxdığı üçün daha maraqlı, tarixi faktları dəqiq, obrazlılığı qabarıq və bu xronologiyanı oxucuya çatdıran bədii-publisistik bir əsərdir. Roman son həlledici müharibənin – 44 günlük döyüşün əsas hissəsinin – sərhəd döyüşlərinin bütün xronologiyasını əhatə edir. Kitabı oxuduqca 44 günlük müharibənin həyəcanlarını bir də yaşadım. Milli özünüdərk və milli psixologiyanın ən əlamətdar, güclü qatlarının üzə çıxdığı həmin döyüşlərin əsərdə canlandırılması o qədər təbii və real boyalarla, həm də ürək yanğısı ilə verilir ki, həyəcansız oxumaq mümkün deyil. Şəhid olanların ağrıları, komandirlərin düşdükləri vəziyyətdən qurtarma cəhdləri, döyüşçülərin çətinlikləri dəf etmələri, düşmənlə üz-üzə döyüşlərdə qəhrəmanlıqları, düşmənə nifrət, dost yolunda fədakarıq çox real boyalarla təsvir olunmuşdur. Bundan əvvəl bir neçə döyüş romanını – “Siz mühasirədəsiniz, leytenant”, “Tələbə taqımı”, “İlin beşinci fəsli” kimi romanları qələmə alan Etibar Muradxanlı bu əsərdə keçdiyi bədii yaradıcılıq yolundan bir təcrübə kimi fayadalanaraq daha mükəmməl, gözəl bir əsəri oxucuya təqdim edə bilmişdir.
Maraqlı quruluşa malik olan roman əlli hissədən ibarətdir. Hər bir hissə ayrı-ayrı döyüşlər, əsgər və zabitlər haqqında maraqlı məlumat verir və hər hissə bir romanın mövzusudur. Kitabın hər səhifəsində hiss olunan milli qürur, Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərin təsviri canlı və yadda qalandır. Kitabın ən böyük məziyyəti ondan ibarətdir ki, bütün hadisələr olduğu kimi qələmə alınıb, yəni əsər 44 günlük sərhəd boyu döyüşləri real faktlarla, sənədlərlə əks etdirir. Mənə belə gəlir ki, əsər tarixçilərimiz üçün də tədqiqat obyekti, hərb tariximizi, son döyüşləri öyrənmək üçün maraqlı mənbə olacaqdır.
Əsər Dövlət Sərhəd Xidməti qoşunlarının 132 kilometrlik sərhəd boyu keçirilən döyüşlərdə torpaqlarımızın düşməndən alınaraq Azərbaycan bayrağının ucalılması və bu barədə ölkə başçısına məruzələri ilə başlayır. Xudafərin körpüsünün alınmasına görə DSX-nın mayoru (hazırda general-mayor) Babək Ələkbərov, digər ərazilərimizin alınmasına görə general-mayor Aqşin Məhərrəmov, polkovnik-leytenant Babək Ələkbərov, polkovnik (hazırda general-mayor) Misir Əliyev, polkovnik (hazırda general-mayor) Vüsal Sultanovun ardıcıl olaraq ölkə başçısına məruzələri riqqət doğuran sətirlərdir. General-leytenant İham Mehdiyev, general-leytenant Əfqan Nağıyev, general-mayor (hazırda general-leytenant) Rəsul Tağıyev, polkovnik (hazırda general-leytenant) Babək Qurbanovun döyüş əzmi son dərəcə inandırıcı və real döyüş səhnələri qələmə alınıb.
Əsərdə dramatizmin güclü olduğu hissələrdə bədii üslub qabarıqdır. “Qaç, oğlum, qaç, canını qurtar...” bölməsində düşmən tərəfindən alınan kənddə Nicatın anasının ermənilər tərəfindən öldürülməsi, oğulun fəryadları və ananın ruhu qarşısında söz verməsi, oğulun 28 il sonra andına əməl edərək qardaşı və bacısının şəhid olduğu, anasının əsir götürüldüyü torpağa xilaskar kimi geri dönməsi təsirli bədii boyalarla təsvir olunur. Altı yaşlı uşağın adının Nicat olması da təsadüfən seçilməyib. Bu, ananın və əsir düşmüş qarabağlıların, işğal olunmuş torpaqlarımızın Nicatın timsalında nicat tapacaqlarına ümid və inamın simvoludur. 30 illik əsarətin sona çatması, Nicatın zabit kimi həmin yerlərə qayıtması xalqın dərin intiqam hisslərinin, qələbə əzminin vüsətidir.
27 sentyabr 2020-ci ildə – müharibə başlayan gün Ali Baş Komandanın yanında hərbi müşavirədə Prezidentimizin çıxışı tarixi bir sənəd kimi kitabın özəlliyini, dəyərini artırır:
- Mən bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik. Ermənistan ərazisində də Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz həm öz vətənimizi qoruyacaq, həm də işğal edilmiş torpaqlarımızı düşməndən azad edəcəyik...
Müşavirənin gedişində ölkənin müdafiəsinin məsuliyyətini daşıyan bir çox ali rütbəli hərbçilərin dialoqları çox mükəmməl və dəqiq verilib. Bundan sonra Dövlət Sərhəd Xidmətinin Baş Qərargahındakı müşavirənin təsviri başlayır. Burada yüksək rütbəli zabitlərin vəzifə bölgüsü, onların döyüş istiqamətlərinin təyin edilməsi və hər birinə ayrı-ayrılıqda tapşırıqların verilməsini oxuduqca oxucunun gözləri qarşısında dünyaca məşhur döyüş filmlərinin səhnələri canlanır.
Pilotsuz uçuş aparatlarının döyüş tapşırıqları, bunların idarə olunmasında hərbi-texniki idarəetməni mükəmməl öyrənmiş hərbçi mütəxəsislərin fəaliyyəti əsərdə heyranlıq doğurur: “Xəritə hər gün yenilənir, düşmənlə əlaqədar olan məlumatlar dəyişdirilən kimi xəritə yenidən işlənirdi. Son məlumatlar polkovnik Babək Qirbanov, baş leytenant Anar Quliyev və leytenant Sübhan Abdullayev tərəfindən iki gün ərzində yenidən işlənmiş, qeydiyyatlar aparılmış, koordinatlar xəritə üzərində qeyd olunmuşdur”.
Əldə olan bütün vasitələrdən bacarıqla istifadə edən hərbçilərimizin “Kukuruznik” kimi tanınan “AN-2” təyyarələri ilə kəşfiyyat xarakterli uçuşları zamanı onlara atəş açan düşmənin yerini müəyyən etmələri ordumuzun yüksək hərbi taktikaya bələdçiliyindən xəbər verir. “AN-2” lərlə düşmən mövqelərini müəyyən edən hərbçilər son anda təyyarəni tərk edərək paraşütlə yerə atılır, düşmən isə bu təyyarələri ciddi təhlükə zənn edib bahalı raketləri işə salır, atəşə tutur və beləliklə, onların mövqeləri müəyyən olunur. Sonra həmin mövqelər qeyd olunaraq “Harop” və “Bayraktar”larla darmadağın edilir. Beləliklə, döyüşün elə ilk günündən vətən səmasında hakimiyyəti ordumuz öz əlinə almağı bacarır. Bu döyüşlərdə ölüm anında da təyyarəni tərk etməyən, hərbi tapşırığı sonacan yerinə yetirən Abbas Qasımov və Xalid Gözəlovun qəhrəmancasına həlak olması səhnəsininin təsviri çox ağrılı və kədərlidir.
Əsərdə bütün hərbi texnikanı düşmənin müdafiə xəttinin yarılmasına, torpaqların azad olunmasına yönəldən Azərbaycan ordusunun gərgin döyüş səhnələrini həyəcansız oxumaq olmur. Tank qoşunlarının tabor komandri mayor Amid Heydərovun, baş leytenant Əli Əlisoyun, gizir Mirzə Ağayev və başqalarının timsalında tankçılarımızın rəşadəti yazıçı qələminin qüdrəti ilə oxucuya çatdırılır. Əsərin mərkəzində dayanan Dövlət Sərhəd Xidməti qoşunlarının müxtəlif ərazilərdə hərbi əməliyyatları, bizim “ölüm mələkləri”ni havada görən düşmən əsgərlərinin qorxub qaçmaları, onlarda yaranan xof, qorxu və mənəvi sarsıntının təsviri çox inandırıcıdır. Çünki bunlar hamısı real faktlar əsasında yazılıb.
Romanda, həmçinin, yazıçı oxucunu hərbi-texniki döyüş vasitələri ilə yaxından tanış edir, onların döyüş funksiyasını açıqlayır: “T-72”, “NSVT”, “BMP-1”, “BMP-2”, “KMT-6” (tankın qarşısına əlavə edilmiş minatəmizləyən qurğu), tanklalara verilmiş adlar – “Dəmir-1”, “Dəmir-2”, “TƏİR” (tank əleyhinə idarə olunan raket), “PK”, “S-300” və s. adları çəkilir. Gərgin döyüşlərin canlı təsviri oxucunu həmin vuruşların iştirakçısına çevirir.
Əsərdə Azərbaycan tərəfinin radioelektron kəşfiyyatının ideal fəaliyyəti də öz əksini tapmışdır. Ermənistanın baş naziri N.Paşinyanın verdiyi göstərişlərin bizim əks-kəşfiyyat tərəfindən SIGINT olunması (ələ keçirilməsi) da yazıçının nəzərindən qaçmamışdır.
Sərhəd boyu gedən döyüşlərdə hər addımda qələbə qazandıqca düşmənin məğlub edilərək geri çəkilməsi fonunda bizim hərbi qüvvələrin sürətli hərəkəti üçün dərhal yolların çəkilməyə başlaması ölkədə bütün infrasturukturun qələbəyə cəlb olunmasının göstəricisidir. Həmin günlərin həyəcanlarını bütün xalq yaşadı və dünya bu qələbə üçün yeddidən yetmişə necə əlbir olmamızın şahidi oldu.
Romanın ən maraqlı cəhəti döyüşçülərə verilən hərbi tapşırıqların–dialoqlarının canlı təsviridir. Bu dialoqlar bütün əsər boyu oxucunu iştirakçıya çevirir:
- “Səhra”, cavab ver, “Səhra”, –general-mayor A.Məhərrəmov var səsi ilə bağırdı. Cavab gəlmədikdə, - Vüsal, səninləyəm, cavab ver, Vüsal! - deyə açıq mətnlə kodsuz döyüş yoldaşına səsləndi. Radiodan:
- Komandiri vurdular! Komandiri vurdular! - deyə bir hayqırtı eşidildi....
... - Komandiri vurdular, cənab general! - general-mayor A.Məhərrəmovun açıq mətnlə durmadan çağırışına açıq mətnlə də cavab verdi..
... - Təcili təxliyə edin, təcili, - general-mayor A.Məhərrəmov əmr etdi, - eşidirsənmi məni, Məmmədov, təcili! - dərhal da əlavə elədi, - Polkovnik Nəsib Mirzəyevə əmrimi çatdır. Rəhbərliyi öz üzərinə götürsün, Məmmədov. Qrupu atəş altından təhlükəsiz yerə çıxarmağa çalışın...”
Bu canlı, həyəcanlı dialoqlar əsər boyu davam edir, müharibə ab-havası sətirlərin arasından od püskürür.
Əsər təkcə döyüş əməliyyatlarının və verilən əmrlərin təsviri ilə bitmir. Döyüşçülərin hissləri, həyəcanları, şəhid olma anında düşündükləri, xəyallarından keçən əzizləri və vətənə özlərini qurban demələri canlı bədii boyalarla əks olunub . “Mən əcəllə ölməyə doğulmamışdım!” bölməsində döyüşdə ağır yaralanan, üst çənəsi, yanaq sümüyü parçalanmış, gicgahında qəlpə ilişib qalmış polkovnik Vüsal Sultanovun xəyalından keçənlər, onun saniyələri on rəqəmindən geriyə saymasının hər bir anında düşündükləri, ağır yaralı olduğu halda belə döyüşü, yoldaşlarını düşünməsi, - bütün bunlar dünya döyüş tarixinin ən gərgin, şərəfli səhifələri, insan iradəsinin pik həddi, vətən sevgisinin nələrə qadir olduğunun göstəricisidir. Adları çəkilən döyüşçülərin, komandirlərin cəbhədə müxtəlif mövqelərdə çəkilmiş şəkilləri də kitabın səhifələrini bəzəyir.
Əsərin bəzi hissələrində baş verən hadisələrin ayın tarixi ilə bərabər saatı da dəqiq göstərilib: “17 oktyabr 2020-ci il, saat 15.40”. Bu saat polkovnik (hazırda general-mayor) Misir Əliyevin Həsənli–Ağbənd zastavasında döyüş əməliyyatlarına başladığı zamanı göstərir. Misir Əliyevin bu zastavanın azad olunmasında yaralanmış əsgərlərə qayğısı, mənəvi dayaq olması, həmçinin döyüş məsləhətləri əksini tapıb. Həmin ərazinin minalardan təmizləmə əməliyyatının şəxsən özünün iştirakı ilə başa çatması oxucuda qürur hissi yaradır.
Əsərdə müəllifin qardaşı oğlu olan Əliqismət Yaqublunun Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olması, onun haqqında döyüş yoldaşlarının ehtiram və yanğı ilə danışdıqları xatirələr də yer almışdr. Həmçinin hərbi jurnalistlərin də o qanlı döyüş cəbhələrində əsgərlərimizin yanında olmaları, onların qəhrəmanlıqla keçdiyi döyüş yollarını işıqlandırması, yazıb yaddaşlarda saxlaması da təbii boyalarla verilib.
44 günlük II Qarabağ döyüşü zaman etibarı ilə az çəkdi, lakin öz möhtəşəmliyi, qeyri-adi cəsarət və vətənpərvərlik nümunələrinin zənginliyi ilə dünyada ən məşhur döyüşlərdən də üstünlüyü ilə şöhrət qazandı. Bu döyüşdə təkcə əsgər-döyüş faktoru qələbə çalmadı, qələbədə xüsusi yeri olan ağıl və idrakın da çəkisi böyük idi. Müasir hərbi texnologiyanın yüksək peşəkarlıqla tətbiqi, qardaş Türkiyə dövlətinin yanımızda olmasının da böyük rolu vardı. Otuz il ərzində xaricdən güclü dəstək alaraq Qarabağda müxtəif istehkamlarda güclü müdafiə xətti yaradan düşmən az bir zamanda darmadağın edildi.
Etibar Muradxanlının bu romanı Azərbaycan hərb sənəti və döyüş tarixinə gözəl bir hədiyyədir. Əsərdə yüksək rütbəli general, polkovnik və əsgərin döyüşdə eyni amal üçün birgə fəaliyyətinin necə möhtəşəm bir nəticə ilə sonlanması detalları ilə təsvir olunur. Dramatizmi, bədiiliyi güclü olan hissələrlə, sərt döyüş əmrləri verilən publisistik bölmələr bacarıqla əlaqələndirilib və bir-birini gözəl tamamlayır. Azad olunmuş bölgələrdə, Şuşada azan verən əsgərlərin səsi bir azadlıq himni, azad olmuş torpağın sevinc nidaları kimi səslənir. Cəbhəyə əsgərlər üçün qız-gəlinlərin cehizlərini, qocaların, uşaqların, anaların və digər vətəndaşlarımızın ərzaq, dərman, paltar və s. sovqat göndərməsi dövlət və xalq birliyinin təntənəsi olaraq qələbəni qazandırdı. Əsər göstərir ki, bu döyüşdə hər bir vətəndaşımız öz cəbhəsində döyüşçü oldu və hər kəsin qələbədə xüsusi payı, imzası vardı. “Bayatı-Araz” ədəbiyyat tariximizdə vətənpərvərlik mövzusunda yazılmış ən gözəl əsərlərdən biridir. Çox istərdik ki, əsərin bəzi hissələri seçilərək orta məktəb dərsliklərinə salınsın, dramatizmi güclü olan hissələrdən tamaşalar hazırlansın.
Etibar Muradxanlı əsəri gərgin zəhmət bahasına yazmışdır. Bütün tarixi sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin nəzarətindən keçirilərək qələmə alınmış, gözəl bir hərbi epos ərsəyə gəlmişdir. Romanı yazan zaman müəllif işini itirməsinə baxmayaraq, ixtisası üzrə xarici ölkələrdən ona təklif olunan iş dəvətlərindən imtina etmiş, əsər yarımçıq qalmasın deyə, bütün çətinliklərə, məhrumiyyətlərə sinə gərmiş, nəhayət, qiymətli bir əsəri oxuculara və hərb tariximizin xəzinəsinə təqdim edə bilmişdir.
Kitab müəllifin şəxsi vəsaiti hesabına nəşr olunub. Qazi və şəhid ailələrinə ödənişsizdir.
HƏCƏR
20 mart 2026-cı il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 26 Mart 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















