Belarusa səs salan azərbaycanlı! Arif Şəmsiyev tək aşpaz deyil, həm də mədəniyyətimizin elçisi kimi çıxış edir
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İstedadlı şef-aşpaz Arif Şəmsiyev uzun illərin təcrübəsini toplayıb. Onun həvəsi Azərbaycan mədəniyyətinin zənginliyini Azərbaycan mətbəxi vasitəsilə bölüşməkdir. Və o, Belarusda məhz bunu edir! Minskdəki restoranında qonaqlar yalnız ləziz yeməklərdən dadmaqla kifayətlənmir, həm də Azərbaycanın zəngin adət-ənənələri haqqında məlumat əldə edirlər. Arifin layihəsi mətbəxin insanları necə birləşdirə və üfüqləri necə genişləndirə biləcəyini nümunə göstərir”.
Bu, Belarusun aparıcı “Belarus-24” kanalında azərbaycanlı aşpaz və iş adamı Arif Şəmsiyev haqqında hazırlanan reportajdan bir hissədir...
Əslən Astaradan olan Arif Şəmsiyev uzun illərdir Belarusda yaşayır. O, təkcə Belarus deyil, Rusiya kanallarının da mətbəxlə bağlı proqramlarının daimi qonaqlarındandır. Xüsusilə də məşhur “TNT” kanalındakı kulinariya proqramında həmyerlimizi çox tez-tez görmək olar. Arif həmin kanaldakı məşhur “Buju” kulinariya proqramının 12 seriyasında çəkilib.
O, həm kanallarda, həm də özünün Minskdə açdığı “Ət Evi” restoranında “master klass”lar keçirir. Ancaq bu proqramlardakı iştirakında, ümumiyyətlə seyirçi qarşısında Arifin gözəl, peşəkar aşpazlığı ilə yanaşı daha bir olduqca əhəmiyyətli fəaliyyəti, missiyası var – Azərbaycançılıq!
Onun Minskin yaraşıqlı yerlərindən birində yerləşən “Azərbaycan Ticarət Evi”-nin binasındakı elə də böyük olmayan məkanı restorandan daha çox Azərbaycanın kiçik tarixi, mədəni, incəsənət guşəsini xatırladır. Bu məkana qədəm qoyar-qoymaz həzin Azərbaycan klassik musiqisini eşidirsiniz. Yerdə və divarlarda Azərbaycan arnamentli xalçalar, Xaqani Şirvaninin, Şirvan şahlarının möhtəşəm portretlərini görürsünüz. Bu kiçik məkanın hər küncündə Azərbaycana aid nəsə var – mis qablar, şamdanlar, ləmpələr, nar fiqurları, hətta qurudulmuş zəfəran çiçəkləri və sair. Bir küncdə isə Bakının köhnə evlərində gördüyümüz az qala qədim bir pianino var və bu pianinoda hər həftəsonu Azərbaycan musiqiləri canlı şəkildə ifa olunur...

Bir sözlə, buraya qədəm qoyan kimi, ləziz Azərbaycan mətbəxinin qoxusu ilə yanaşı Azərbaycan mədəniyyətinin, tarixinin, incəsənətinin, musiqisinin də havasından şirin bir pay alırsan. Xüsusən də uzun müddət qürbətdə olan, yaxud hətta lap 3-5 günlüyə bu ölkəyə gələn hər bir azərbaycanlı üçün buradakı atmosfer, yaşanan hislər əvəzolunmazdır...

Arif bu məklanı təkcə azərbaycanlılara deyil, belaruslara da çox sevdirə bilib. Bu şimal xalqının nümayəndələrini sözügedən məkana cəlb edən təkcə misilsiz Azərbaycan mətbəxi deyil, həm də buradakı cənub istiliyi, hərarətidir. Arif həvəslə belaruslu, rusiyalı qonaqlara Azərbaycanın zəngin tarixindən, mədəniyyətindən söz açır. Minskdə olduğumuz müddətdə baş çəkdiyimiz bu yerdə gördüyümüz o oldu ki, buranın belaruslu daimi müştəriləri artıq Azərbaycan yeməklərinin adlarını az qala bizdən daha yaxşı və əzbərə bilirlər. Yeməklərlə yanaşı, içkilər də əsasən Azərbaycana aiddir. Onun menyusunda Azərbaycanın ənənəvi yeməklərilə yanaşı, şəxsən özünün müəllifi olduğu “Qobustan steyki” və digər yeni, ləziz adlara rast gələ bilərsiniz.

Buraya azərbaycanlılar da çox gəlir və onların arasında öz problemləri, dəstək və məsləhət istəyi ilə gələnlər az olmur. Çünki onlar üçün də bu kiçik məkan Azərbaycanımızın bir parçasıdır və Arif bəy də bu parçanın sahibi kimi bacardığını edir. Əlbəttə ki, problemlər də var, ancaq o bu barədə gileylənmək istəmədi...

Onunla hətta qısa söhbətimizdən belə nə qədər Azərbaycana bağlı birisi, xalq, millət təəssübkeşi olduğunu görə bildik. A.Şəmsiyevin “instaqram”(et.evi.minsk) və digər sosial şəbəkələrdə böyük səhifələri var və baxsanız, görərsiniz ki, onun izləyicilərinin əksəriyyəti Belarusdan və Rusiyadan olanlardır.

O, bloqer kimi “youtub”-da, “tik-tok”da, xüssuilə də “İnstaqram”dakı paylaşımlarda öz bacarıqları ilə yanaşı, Azərbaycanı mümkün qədər geniş şəkildə təbliğ edir. Demək olar, həmin səhifələrdəki bütün şərhlərdə yalnız minnətdarlıq və Azərbaycan mətbəxinə, mədəniyyətinə aid tərif görə bilərsiniz. Bu da sözsüz ki, həmyerlimizin Azərbaycan üçün öz imkanları daxilində edə bildiyi bir işdir, xidmətdir.

Arif, Azərbaycandan çox Belarusda, Rusiyada tanınmasından, Azərbaycan tərəfinin isə yumşaq desək, “diqqətindən kənarda qalmasından” şikayət etmir, baxmayaraq ki, fikrimizcə, buna haqqı çatır. Əksinə, öz hesabına, öz zəhməti ilə yaratdığı bu məkan vasitəsilə bacardığı qədər Azərbaycana xidmət etməyi özünə borc bilir və bundan qürur duyur. O, hətta onun barəsində bu kiçik yazının hazırlanmasından belə xəbərsizdir. Hansı ki, əlbəttə, bundana daha böyük diqqətə və dəstəyə layiqdir!

Bizim isə onun məkanından ayrılarkən əlimizdən gələn yalnız Azərbaycan adına ölçüsünə görə kiçik məkanında mahiyyətcə böyük işinə görə ona dərin minnətdarlığımızı bildirməkdir...

Elxan Qüdrətoğlu
“AzPolitika.info”
Baxış sayı:72
Bu xəbər 19 Yanvar 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















