“Belə bərbad və biabırçı hakimlik görməmişdim” Aqil Nəbiyev
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aqil Nəbiyev Sportnet.az-a müsahibə verib.
Yenisabah.az müsahibəni təqdim edir:
43 yaşlı mütəxəssis hazırlıq prosesini və Monteneqroda müvafiq yaş qrupu üzrə yığma ilə keçirdikləri yoldaşlıq görüşlərini dəyərləndirib. O, ikinci yoxlama matçında komanda üzvü Abbas Zeynalovun qırmızı vərəqəyə səbəb olan davranışı barədə də danışıb: pizza mizza
- Hazırlıq prosesini necə dəyərləndirərdiniz?
- Avqustun 12-dən birlikdə idik. Yay fasiləsindən sonra təlim-məşq toplanışı keçmək həqiqətən də ağır idi. Çünki aşağı yaş qrupları üzrə liqalar hələ başlamayıb. Hətta futbolçular klublarında 2-3 aylıq istirahət və 3-4 məşqdən sonra milliyə qoşulmuşdular, ümumilikdə fiziki durumlarında böyük problemlər var idi. Həm oyun praktikaları yox idi, həm də məşqləri gec bərpa etmişdilər. Amma rəqib futbolçular öz liqalarında bir neçə tur oynamışdılar. Monteneqro millisinin bir neçə ay əvvəl Slovakiya, Macarıstan və Rumıniyaya qarşı keçirdiyi və hamısında qələbə qazandığı 3 oyunu analiz etmişdik. Düzgün təhlillər aparmışdıq.
- Monteneqroya qarşı oyunların birincisində 1:0 hesabı ilə qalib gəlsəniz də ikincisinizdə uduzdunuz - 1:2. Məğlubiyyətə səbəb nə oldu?
- Hər iki oyunda hakimlik çox bərbad, acınacaqlı idi. Neçə ildir milli komandalarda işləyirəm. Hələ bu səviyyədə hakimliklə üzləşməmişdim. Qapımıza təyin olunan 2 penalti, qırmızı vərəqələr həqiqətən də biabırçı idi. Hətta onlara dedim ki, belə qonaq qəbul etmir, qələbəni belə tərzdə qazanmaq olmaz. Bunu ilk oyunda da yaşamışdıq, lakin qalib gəlmişdik. Qapımıza verilən penaltiləri gördünüz. İkinci penalti o dərəcədə biabırçı idi ki, hətta canlı yayımdan kəsib götürmüşdülər. Təsəvvür edin ki, canlı yayımdan penaltiyə səbəb olan epizodu nümayiş etdirmirlər, amma birbaşa penaltinin yerinə yetirildiyini göstərirlər. Yaxud verilən qırmızı vərəqə olsun.
- Səbəb yalnız budur?
- Burada bəhanə axtarmıram. Futbolçularımızın durumları bizi qane etmir. Bir oyunla digəri arasında bir gün ara var idi. Futbolçuların fiziki durumları o qədər aşağıdır ki, onların bir çoxundan yararlana bilmədik. Ona görə də fikrimcə, bununla bağlı çox ciddi düşünmək lazımdır. Milli komanda olaraq, vaxtımız yoxdur. 3-4 dəfə məşq etdikdən sonra oyunlara çıxırıq. Ona görə də futbolçulara fiziki yükləmələr verə bilmirik, sırf taktika üzərində çalışırıq. Həqiqətən də son matçlarda yaxşı oyun sərgiləyirik. Həm U-16, həm də U-17 milliləri olaraq, indiyədək ümumilikdə 7 oyun keçirmişik, 5 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətimiz var. Uduzmağımızın səbəbini açıqladım. Bu, bir bəhanə deyil. Zatən özünüz də izləyib-gördünüz.
- Bu komanda ilə gələcəkdə nəyə ümid etmək olar?
- Deyə bilərəm ki, düzgün yoldayıq, yaxşı işlər görürük, futbolçuların da potensialları var. Gələcəkdə bu futbolçuları U-21, A milli səviyyəsinə qaldıra bilərik. Amma bu futbolçuların fiziki durumları mütləq inkişaf etməlidir. Ən çatışmayan, ən başlıca səbəblərdən biri budur. Komandadan ümumilikdə razı qaldım, razı qalmadığım tərəflər də bunlardır. Komandanın xarakter və əzmkarlığı, verilən tapşırıqları yerinə yetirməsi məni qane etdi. Amma ikinci və birinci oyun arasında vaxtımız 1 gün idi. Bu müddətdə futbolçuların bərpası üçün vaxtımız az olduğundan, böyük dəyişikliklərə əl atdıq. Oynamayan futbolçuların bir çoxuna şərait yaratdıq ki, onları da görək. Ayyarım vaxtımız qalıb, Avropa çempionatının seçmə oyunlarına yollanacağıq. Uşaqları görmək istəyirdik ki, seçmə oyunlarda kimlərdən yararlana biləcəyimizə qərar verək. Ən böyük problemimiz uşaqların fiziki durumları ilə bağlıdır.
- Fiziki hazırlıq bütün milli komandalarda uzun müddətdir müşahidə və müzakirə olunan məsələdir...
- Vaxtımız yoxdur, futbolçulara fiziki yükləmələr verə bilmirik. Onları oyunlardan öncə maksimum 3-4 gün bir araya gətiririk. Bu müddətdə də taktiki çalışmalara veririk ki, onlardan nələr tələb etdiyimizi bilsinlər. Vaxt geniş olsa, onların fiziki kondisiyaları üzərində də çalışarıq. Amma hazırda vaxtımız məhduddur.
- Monteneqroya qarşı ikinci oyunda Samir Şərifovun meydana daxil olduqdan az sonra təkbaşına, hətta rəqibin onu yıxmaq cəhdlərinə rəğmən, irəliləyərək, qol vurması diqqət çəkdi. Onun barədə ətraflı məlumat verməyiniz maraqlı olardı...
- Samir Şərifov "Sabah" klubunun yetirməsidir. Dediyimiz kimi, futbolçularımızın potensialları var. Həmişə vurğulayıram ki, Azərbaycanda futbolçu var. Kimsə "yoxdur" deyirsə, inanmayın. Sadəcə, yanaşmamızı dəyişməli, futbolçuları inkişaf etdirməliyik. Özünüz görəcəksiniz, necə ki, 2005-ci il təvəllüdlülərimiz artıq Premyer Liqa klublarına və U-21 yığmamıza kütləvi şəkildə cəlb olunurlarsa, bu yaş qruplarından da bir çox futbolçu eyni komandalara dəvət alacaqlar. Sadəcə, çox ciddi çalışmaq lazımdır, klubla milli arasında koordinasiya olmalı, uşaqların inkişafına ciddi yanaşmalıyıq. Uşaqların yaxşı potensialları, keyfiyyətləri var. Son 7 oyundan 6-nın nəticəsi bunun bariz sübutudur. İnkişaf açıq gözlə görünür. Sadəcə, təkrar-təkrar vurğulayıram ki, uşaqların fiziki durumları yerində olsaydı, biz daha böyük işlər görə bilərdik.
- Əvvəllər "Şəfa" nümunəsi var idi. Bu komandanı da elə bir komanda kimi müvafiq yaş qruplarından ibarət liqaya buraxmaq niyyətiniz var?
- AFFA-nın istəyindən tam məlumatım yoxdur, amma mən çox istərdim. Bu təcrübə Belarusda tətbiq olunur. Orada 2008 - 2010-cu il təvəllüdlü potensiallı futbolçuları yığıblar, həm milli komanda kimi fəaliyyət göstərir, həm də klub kimi müvafiq liqalarda mübarizə aparırlar. Bir bazada qalır, qidalanır, təhsil alır, məşq edir, liqalarda və yığmalarda çıxış edirlər. Bizdə də bununla bağlı qərarı AFFA verməlidir, mənim səlahiyyətimdə deyil. Amma komanda bir yerdə nə qədər çox olsa, o qədər faydalı olar. Bu komandaya martda təyinat almışıq, üçüncü toplanışımızdır. Düşünün ki, 2 ilədək birlikdə olsaydıq, bu komandanın nəticələri necə ola bilərdi. Gələcəkdə böyük işlər görmək olar, sadəcə, hər şeyə zaman lazımdır. 2009, 2010-cu il təvəllüdlülərdən ibarət komandalarımızda inkişaf göz önündədir. Son oyunlar göstərir ki, biz düzgün yolda, düzgün istiqamətdəyik. Sadəcə, birlikdə daha çox və uzun müddət olsaq, faydasını görə bilərik.
- Bu məsələni AFFA qarşısında qaldırmısınız?
- Liqada iştirak məsələsinə klublar da isti yanaşmalıdır. Milliyə klublardan ən yaxşı oyunçuları dəvət edirik. Hansı klubun buna isti yanaşacağı böyük sual altındadır. Dediyim kimi, bu, mənim səlahiyyətimdə deyil. Klublarla danışa və qərar verə bilən qurum AFFA-dır. Belə təcrübə bizdə də olsa, daha yaxşı olar. Amma qərarı mən vermirəm.
- Monteneqro ilə ikinci oyunun 51-ci dəqiqəsində Abbas Zeynalovun rəqib futbolçuya qarşı davranışını necə dəyərləndirirsiniz?
- Təbii ki, futbolçumuzun elə davranışı düzgün deyil. Amma o epizoda qədər hadisəni ora yaxınlaşdıran səbəblər var idi. Monteneqrolu oyunçu Zeynalovu həqiqətən təxribata çəkdi. Öncədən də uşaqlarla danışmışdıq ki, ilk oyunda edilənlərin iki qatı olacaq. Həqiqətən də elə oldu. Oyunun startından onlar bizi provokasiyaya çəkir, baş hakim qapımıza olmayan penaltilər, cərimə zərbələri verirdi. Təsəvvür edin ki, köməkçi-məşqçimiz Emin Mustafayev öz futbolçumuzla söhbət edir, baş hakim gəlib məşqçimizə qırmızı vərəqə göstərir. Səbəbini soruşuram, "söhbət edir" cavabını verir. Deyirəm ki, axı, bunun sizinlə əlaqəsi yoxdur. Futbolçumuza tapşırıq veririk, sən gəlib məşqçimə qırmızı vərəqə göstərirsən. Demək istəyirəm ki, bu hadisələri ora dartan səbəblər var idi. Bu futbolçuların 16 yaşları var, yetkinlik dövrü yaşayırlar, özlərindən daha tez çıxa bilirlər. Hakimlər də bundan yararlanmağı bacardılar.
- Sizcə, orada qırmızı vərəqə yox idi?
- Epizoda təkrar-təkrar baxmışam. On hakimin doqquzu inanmıram ki, qırmızı vərəqə versin.
- Yerdə rəqib futbolçunun ağzına təpik vurduğu kimi görünür. Buna qırmızı vərəqə düşmür?
- Həmin oyunçu Abbası şortikindən dartıb yerə yıxır. Bizim futbolçu qalxmağa çalışan vaxt dabanı rəqibin çiyninə ayağı dəyir. Təbii ki, haqq qazandırmıram, yanlış hərəkətdir. Biz bu provokasiyaya getməli deyilik. Amma onadək olan hadisələri də düşünün. Hakimlik çox aşağı, bərbad səviyyədə idi. Hətta qarşılaşmadan sonra Monteneqro Futbol Federasiyasının nümayəndəsi öz hakimlərinə irad bildirdi ki, belə oyun idarəçiliyi ayıbdır, camaat bura qonaq gəlib. Açığı, indiyədək belə şey görməmişdik. Hər iki oyunda hakimlik acınacaqlı durumda idi. Yoxlama oyunlarıdır. Qələbə qazandın, nə oldu, sənə nə verdilər? Qapımıza verilən 2 penalti ilə nə olur? Problem hadisəyə qədər baş verənlərdədir. Yenə deyirəm, uşağa haqq qazandırmıram. Təbii ki, onunla da bağlı çox ciddi danışmışıq. Amma futbolun içində belə hadisələr də ola bilər. Xoş deyil, amma qaçılmazdır. Belə hakimliyə də hazır olmalıyıq.
- Hər iki oyunu eyni hakimlər idarə edirdi?
- Xeyr, fərqli hakimlər idilər. Oyunları milli mənsubiyyət yanaşması ilə idarə edirdilər. İndiyədək bir çox oyunumuz, məğlubiyyətlərimiz olub. Hakimlik barədə danışdığımı görmüsünüz? İlk dəfədir mən belə şeylə qarşılaşırıq. Ayıbdır! Biz bura qonaq gəlmişik, siz də yerli komandasınız, başa düşürəm. Hətta rəqib həmkarıma dedim ki, bununla nə əldə edəcəksiniz? Hə, nə olsun? İkinci penalti o qədər əlaqəsiz, biabırçı və gülməli idi ki, onu canlı yayımdan kəsib götürdülər. Hakimi çağırıb "Niyə belə hərəkət, hörmətsizlik edirsən?" soruşuram. Üzümə baxır və "belə gördüm" cavabını verir. "Bəsdir, konserti qurtarın" söyləyirəm. İnanırsınız, ikinci qolu vurub hesabı bərabərləşdirsəydik, yenə qapımıza penalti təyin edəcəkdilər.
- Abbas Zeynalovu hansı klubdan dəvət etmisiniz və onun millidəki gələcək aqibəti necə olacaq?
- İspaniyanın "Marcet" Futbol Akademiyasında təhsil alır. Bilirsiniz, futbolun içində belə hallar baş verə bilər. Təkrar-təkrar baxsanız, deyə bilərsiniz ki, bəlkə də qırmızı vərəqə verməmək olardı. Abbas keçid dövrünü yaşayır, 16 yaşı var. Onunla çox ciddi danışmışıq, özü də komandanı azlıqda qoyduğu üçün xeyli üzgün idi. "Məni dartıb-yıxırlar, hakim cərimə zərbəsi təyin etmir" deyə şikayətlənirdi. Monteneqrolu oyunçu az qala futbolçumuzun əynindən şortikini çıxarırdı. Abbas da ayağa qalxanda ayağı onun çiyninə dəyir. Qırmızı vərəqə aldıqdan sonra da ciddi problem olmadı.
- Onu yenə millinin toplanışlarına dəvət edəcəksiniz?
- Futbolda belə hadisələr baş verə bilər. Özü ilə danışmışıq. Birdən-birə kəsib atmaq da olmur. Futbolçunu qazanmalıyıq. Zatən geniş seçimimiz yoxdur. Böyük qlobal problem də olmayıb. Deyim ki, futbolçu tərbiyəsizlik edib, əlbəyaxa davaya çıxıb - bunlar olmayıb. Hərçənd, futbolun içində bu cür ani reflekslər də ola bilər. Ümidvaram ki, öz səhvindən nəticə çıxararaq bir daha təkrarlamayacaq.
- 28 sentyabr - 8 oktyabrda Azərbaycanda keçiriləcək III MDB Oyunlarında hansı yığma iştirak edəcək?
- MDB Oyunlarında 2010-cu il təvəllüdlülərdən ibarət U-16 yığması yarışacaq. Oyunlar öncəsi 6 - 12 sentyabrda təlim-məşq toplanışı olacaq. Oktyabrın 10-da və 12-də Gürcüstana qarşı iki yoxlama oyunu keçirəcəyik. Bu komandanı da matçlara biz çıxaracağıq.
- Avropa çempionatına da yollanacaqsınız. Vaxt baxımından çətinliyiniz olmayacaq?
- MDB Oyunlarında futbol yarışları oktyabrın 4-də başa çatacaq. U-17 yığmasının seçmə oyunlara hazırlığı oktyabrın 5-dən sonra başlayacaq.
- Ola bilərmi ki, U-17 yığmasına U-16-dan da oyunçu götürəsiniz?
- Xeyr, hərəsinin öz heyəti olacaq. Avropa çempionatının seçmə oyunlarına 2009-cu il təvəllüdlülərdən ibarət heyətlə yollanacağıq.


