Bənövşələr qar göyərdən yerdə əriyən torpaq
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Südabə AĞABALAYEVA
"Qalarammı, ölərəmmi?
Bunu Allah bilir, Çingiz..."
Yaradıcı insanda bəlkə hamıdan daha çox, hər kəsdə olduğundan daha güclü bir hiss - Məndən Sonra...
Əslində, hər bir insan, ağlı kəsəndən, həyatı dərk edəndən, bəlkə adını bilmədən, bəlkə məğzinə varmadan, üstünə getdiyi bir hissin diktəsilə yaşayır, nə edirsə, nə yığırsa, necə xərcləyirsə, bununçündür. Gedəcəyini yəqin bildiyi bu həyatdan, bir ömür uzunu yaşadığı sevdalardan, qovğalardan qopmaq, üzülüşmək nədən belə qorxudur insanı? Və kimin ağlına gəlir ki, elə bu Qorxuyla güclüdür, bu Qorxuyla gözəldir insan? İnsanı güclü, gözəl edən Qorxunun bir adına sevgi deyərlər. Baxdığını Görmək, gördüyünü Duymaq, duyduğunu Yaşamaqdır sevgi. Çingiz həyatı belə sevirdi...
lll
"...Mən hər efirə çıxanda... bu, tək mən deyiləm... Bu həm də babamın, atamın davamıdır..."
Sevda Ələkbərzadə bu sözləri deyəndə təkcə bir atanın yox, həm də bir yaradıcı insanın nigaran duyğularına xatircəmlik möhürü vururdu. Söhbətimizin əvvəlindən sonuna mən Sevdanı tək görmədim. Ələkbərzadələr üçbucağını təkcə eyni soyad qapamırdı; bu üçlüyü birləşdirən, ayrılmaz edən daha başqa nəsnə vardı - istedad.
Bu "başqa nəsnə" də təzə deyildi, əslində. Yubileysiz-filansız, İntiqam Qasımzadə Çingiz Ələkbərzadəni hər xatırlayanda bu sözü mütləq işlədirdi. Və bu yazı ilə bağlı söhbətdə də bu məqam önə çəkildi.
lll
- İntiqam müəllim, Çingiz Ələkbərzadə kimdir?
- Çingiz Ələkbərzadə, hər şeydən əvvəl, istedadlı insandı. İstedadlı şair, istedadlı nasir,.. çoxdur. Çingiz, ümumən, insan kimi çox istedadlı idi. O, ədəbiyyatda tam mənada açılmadı. Baxmayaraq ki, maraqlı yazıçıydı, xüsusən, yaradıcılığının son dövr nümunələri böyük marağa səbəb olmuşdu, Çingizin yazıçı istedadı tam açılmadı. Hər halda, Çingiz Ələkbərzadə altmışın-cılar nəslinin layiqli nümayəndələrindən biridir.
Yaşıdlarından fərqlənirdi. Uşaqlıqdan həyatın qaynar yerlərində böyümüşdü. Küçəyə pəncərədən baxan uşaqlardan olmayıb; elələri də var, "dibçəkdə böyüyən" ifadəsini xatırlayın. Çingiz, məhəllə həyatı var ha, bax, o həyatı da yaşamışdı. İstedadının iki qolu vardı. Biri genetik qoldu - görkəmli yazıçı Əbülhəsənin oğluydu, o biri isə həyatdan gəlirdi.
Çingiz çox şeyə qeyri-ciddi yanaşa bilərdi, bəzi məsələlərdə, ola bilərdi ki, üzdən getsin, amma yaradıcılıqda son dərəcə ciddi idi. Onun yaradıcılığında saxtakarlıq yox idi. Çingizdə detalı görmək, həyatı müşahidə etmək qabiliyyəti vardı. O da Allah vergisidi. Yaradıcılığının ilkin dövrlərində yazdığı bir hekayəsi var, yaltağın son dərəcə orijinal obrazını, yaltaqlığın patoloji halını vermişdi. Yüz cürünü görmüşük yaltağın, Çingizin yaltağı isə "dahiyanə" idi, mən bu gün də o hekayəni, o yaltağı xatırlayıram.
Çingiz, həqiqəti deməyə şərait nə qədər imkan verirdisə, onu deyirdi, yazırdı...
lll
"Ədəbi tənqid Çingizi "və başqaları" siyahısına saldı, halbuki onun istedadı "və başqaları" siyahısının çəpərlərinə qətiyyən sığışmırdı" (Elçin).
..."Yarpaqlar töküləndə" (1964) kitabı təkcə maraqlı, təbii yazıçını təqdim etməsilə diqqət çəkmədi. Deyəsən, bu kitabda toplanan hekayələrdə sosializm realizminin prinsipləri ilə uyusmamaq meyli vardı, həyatın ziddiyyətlərindən yox, daha çox insan münasibətlərindən danışırdı, fərdin xarakterini müşahidəyə köklənmişdi. Müəllifin ideoloji tendensiyasından da birmənalı şəkildə danışmağa haqq vermirdi.
Əvəzində isə, sənətkarlığın cizgiləri aydın hiss edilirdi.
Çingiz Ələkbərzadə ilk kitabının nəşrindən altı il sonra Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişdi. 70-ci illərdə isə, Çingizin ədəbi axtarışları insan fəlsəfəsindən həyat fəlsəfəsinə keçid kimi xarakterizə oluna biləcək mərhələyə daxil olmuşdu. Bu, yalnız hekayə-povest-roman ardıcıllığı ilə ölçülmürdü. "Güllələr dənizdə sönür" (1973), "Qızıl yəhərli at" (1976), "Çılpaqlı" (1979) kitabları Çingiz Ələkbərzadənin yazıçı istedadının ilk yaradıcılıq nümunələrindən özünü bəyan edən səciyyəviliyin bədiiliklə uzlaşması, həyat həqiqətini bədii həqiqətə çevirə bilmək məharətinə şahidlik edirdi. Amma ilk kitabdan bəri dəyişməyən ciz-gilər də vardı və bu sırada ilkin yada düşən Çingizin dilidir. Bu dil sadə, aydın, səlisdi, oxucunu yazıçıya yaxınlaşdıran, əsərin təsir gücünü şərtləndirən təbiilik, təhkiyənin inandırıcılığıdır.
lll
1970-ci illərdə Çingiz Ələkbərzadə yalnız yazıçılıqla məşğul olmurdu. Çingiz Azərbaycan Teleradio Verilişləri Komitəsində çalışıb, dövri mətbuatda seçilən imza qoyub. Kinostudiyada fəaliyyəti də bu illərə aiddir. Rəngarənglik, qaynar və sürətli ritm Çingizin həyat tərzi və məşğuliyyətləri üçün ümumiləşdirilmiş cizgilərdi. Görünür, hər şey xarakterdən su içir.
İntiqam Qasımzadə də söhbətini bu yöndə davam etdirir:
- Çərçivələrə sığan adam deyildi. Çingizin çoxlu və müxtəlif dostları vardı. Onun dostları təkcə yazıçı dəstəsindən deyildi, həm də sənətə dəxli olmayan insanlardı. Sanki onları öyrənirdi, amma qəsdən eləmirdi. Bioqrafiyasını nəzərdə tutub dost seçmək Çingizin təbiətinə yaddı; saxtalığı sevmirdi, özündə də qeyri-səmimi heç nə yoxdu. Çox poetik oğlan idi. Çingizin məhəbbəti də çərçivə bilmirdi; ölçüsüz sevirdi və onun üçün başqa şeylər əhəmiyyətsizdi. Belə sevə bilən insanlar az-az olurlar. Bir xüsusiyyəti qeyd etmək istəyirəm: sevən, sevməyi bacaran insanların göyçək, məzmunlu, istedadlı uşaqları olur.
Söhbətimizin əvvəlində Çingizin çoxcəhətli istedadının tam açılmadığını qeyd etdim. Çingiz çox gözəl oxuyurdu, heyif, müğənni kimi də açılmadı. İsmayıllıda, May dərəsində bulaq başında oxumaları, səsi bu gün də yadımdadır.
Mən Sevda Ələkbərzadənin ilk ifasını dinləyəndə o dəqiqə hiss etdim ki, bu cür gözəl, içəridən gələn, musiqini bu qədər duyan bu səs yalnız Çingiz Ələkbərzadədən gələ bilər...
...Ruhu şad olsun Çingizin. "Zindan"ı biz çap etdik; İsa İsmayılzadə rəhmətlik, mən. Bir an da tərəddüd etmədik, Çingizə də, İsmayıl Qarayevə də münasibət birmənalı deyildi, bunu danmaq gərək deyil (hər ikisi həbsdə olmuşdu axı). İsmayıl da çəkinə-çəkinə gəlmişdi redaksiyaya. Biz onun yazılarını verdik jurnalda və maraqla qarşılandı. Çingiz də inanmırdı onu çap edələr. Ancaq "Zindan" çox böyük marağa səbəb oldu. Bir halda ki, söhbətimiz bu məcraya yönəldi, mən bir qənaətimi də demək istəyirəm. Çingizin həyatında baş verən o hadisə, mən bu gün də əminəm, bir qurama idi...
lll
"...Həyat ona qarşı ədalətsiz oldu və həyat ondan nəyin intiqamını alırdı - bunu mən heç cürə başa düşə bilmirəm" (Elçin).
"Həyatın ona qarşı ədalətsizliyi" Çingizin ömründə bir vulkan oldu. 80-ci illərdə, əslində, cəmiyyət, rejim vulkan xofu yaşayırdı.
Və mən deyə bilmirəm ki, Çingiz Ələkbərzadənin 80-ci illərdə çıxan tək bir kitabını "Vulkan" adlandırması yazıçı intuisiyasıydı, ya tale xəbərdarlığıydı, yoxsa adi təsadüf?! Hər halda, növbəti dəfə oxucular yazıçı Çingiz Ələkbərzadəni yeni ampluada gördülər. "Həyat və həqiqət aşiqi" Çingiz "Vulkan"dan sonra "üzdə gülüb, içdə ağlamaq yeri olan "Zindan" sakinlərini, onların dünyasını bütün çılpaqlığı, sərtliyi və amansızlığı ilə oxucu mühakiməsinə verdi. Səhv etmirəmsə, bu, Azərbaycan ədəbiyyatında yeni mövzuydu - hər halda, "Brilyant məsələsi", "Qara Volqa" kitablarından sonra, "Zindan" (1992), "Qumarbaz" (1993), "Türmə mənim ahımdı" (1993) kitabları "içəridən" yazılmış əsərlər kimi əl-əl gəzirdi. Sonuncu kitabında şeirləri toplanmışdı və "içdə doğulan göz yaşı hardasa gəlib şeirə dönəcəkmiş" deyən Çingizin həbsxana divarları arasında yanan illərinin söz şəklidi.
lll
Yaradıcılığının bu səhifəsini tale oyunu hesab etmək olarmı? Hər halda, çox acı oyundu. Bu, hər nəydisə, Çingiz onu əvvəl-əvvəl ciddiyə almamışdı.
"Əvvəl elə başa düşdüm ki, zarafat edirlər. Axı niyə tutmalıydılar məni? Çoxları ilə tanışam, bəziləri kitabımı oxuyub. Aralarında çörək kəsdiyim adamlar da olub. Hər şey o yana, hansı günahın sahibiyəm?"
Bu "zarafat" Çingizi "Azadlıq var, ya xülyadı?" sualı qarşısında çaş-baş qoydu. Bu sualdan sonra dünyanın, həyatın bütün sualları cavabsız qaldı. Cavabsız suallar dünyanın, həyatın rənglərini qaraya düyünləyirdi, vaxtı itkin salırdı.
Allahım, gözümnən bu dərdi çıxart,
Yerinə bir zərrə işıq səpələ. - (Şeir Çingizindir).
Vaxtı tapmaqçün istədiyi bir zərrə işığı nə qədər gözləməli oldu? Beş dəqiqə, bir il, ya bir ömür boyu? Və bunun fərqi vardımı? Çingiz "payını" götürmüşdü.
Lap yaşa əllini, yüzü, yetmişi,
Kədərim gözümnən silinən deyil.
Nə yaxşı, bu dağı aşmaqçün Dünən vardı....
Bilirsən nə idim azadlığımda,
Cənnətə oxşayan dünyam varıydı. (Bu da Çingizindir)
Bu daş qəfəslər də onu bircə zərrə işığın, bircə qətrə ümidin qiymətiylə sınağa çəkirdi.
"Bir dəfə bütün insanlara, cəmiyyətə nifrət elədiyim bir vaxtda varanok (dustaq aparan maşın - red.) məni Ali Məhkəməyə aparırdı. Birdən maşın ayaq saxladı. Mən şəhəri görə bilmirdim. Küçədən kiminsə səsi gəldi: - "Ey, saldat, maşında dustaq var?" "Var" dedilər. - "Xahiş edirəm bu siqareti verin ona".
Bir qutu siqaret idi. Mən "Prima"nın birini yandırdım. Varanoka dolan tüstünün dumanında bir aydınlıq gördüm. Mənə elə gəldi ki, siqareti verən adamın gözləri bu dəmir qaranlığı əritdi və həmin o anda da varanok mənim aləmimdə dayandı, cəmiyyətin hərəkəti başlandı. Mənim vaxt əqrəbim işə düşdü, zaman addımladı, yer təzədən günün başına dolandı".
"Bu bir damcı məhəbbət" Çingizin azad dünyada qalan cənnətinə, Niyalın quzey qarına dönəcəyinə işarəydimi? Hər halda, bu misralar belə düşünməyə vadar edir:
Yaşıl budaq olub təzdən bitməyə,
Təmiz vicdan ilə evə getməyə,
Hakim düzlüyünü bayraq etməyə
bəraət istəyirəm.
lll
Həyatı, Azadlığı ölçüsüz sevən, sevdiyi Azadlığı əlindən qəfil alınıb, əzizlərindən, Günəşdən, Səmadan, genişlikdən əli üzülən bir insançün məhbus həyatı yaşamağın əzabından sonra çəkiləcək bir Ağrı ola bilərdimi görəsən? O həyat bir məhək daşı olmuşdu. Dostlar - sınaqdan sınıq çıxanlar lap çox olmuşdu. İnam - o daş qəfəsdə yaralanmışdı. "Zindan"da da, "Qumarbaz"da da həyatın sərt üzünü, amansızlığını yaşamış yazıçının Ağrısı qarşısında Həyatın bütün rəngləri sönükdü, oxucu nədənsə özünü xəcalətli hiss edirdi.
Qaranın qara, işığın işıq rəngini itirib, hər şeyin bozluğa büründüyü həyatda Çingizin məhbəs günlərinə "şükürlü" deyə biləcəyi ağıla gələcək bir şey deyildi... amma... oldu. Və məhz bu məqamda Çingiz Ələkbərzadənin vətəndaş qayəsi, milli heysiyyəti Yazıçı baxışıyla birləşib, İnsanı, onun duyğularını, qənaətlərini heç bir elektron qurğunun "oxuya bilməyəcəyi mətnə" çevirdi.
Qazamatda cəza çəkilər gedər,
Vaxtı çatanların biri də qalmaz.
Elə cəza verdi mənə şəhidlər,
Bu cəzanı çəkib qurtarmaq olmaz.
lll
90-cı illərin əvvəllərində Çingiz Ələkbərzadə "yaşıl budaq olub təzədən bitmək, təmiz vicdan ilə evə getmək"çün gözlədiyi Bəraəti alıb, Azadlığa qayıtmışdı. Amma bu, artıq onun Azadlığı deyildi; rəngini, tamını dəyişmiş bu "yeni" Azadlıqda Çingizin iki dayağı vardı; biri ailəsi, biri də Söz. Bir hiss də vardı ki, onu Çingizdən heç nə ala bilməmişdi, onu heç bir pislik, namərdlik, "həyatın dibində" yaşadıqları da sındıra bilmədi və Çingiz həyatın ən ağır məqamlarında, məişətin ən çətin anlarında da vətənpərvər duyğularına xəyanət etmədi, milli heysiyyətinə, Məninə dönük çıxmadı.
"Bir dəfə Moskvadan bir milyonçu zəng edib, atama təklif etdi ki, onun "Zindan" əsərini ekranlaşdırmaq fikrindədir. Buna görə atama 50 min ABŞ dolları qonorar vəd olunurdu. O adamın bir şərti vardı ki, filmdə rus aktyorları oynayacaq. O zaman üçün bu məbləğin nə demək olduğunu, xüsusən də bizim vəziyyətimizdə, təsəvvür edirsiniz də. ...Sevinirdik, çox sevinirdik. Ancaq atam nə desə yaxşıdır: "Bu, Azərbaycan həyatıdır, onu heç bir Alyoşa oynaya bilməz!" ...Mən sonralar başa düşdüm ki, o cür çətin vəziyyətdə, elə şirnikləndirici təklifin qabağında belə cavabı ancaq Çingiz Ələkbərzadə verə bilərdi... Çox vətənpərvər insandı..." (Qızı Sevdanın dediklərindən).
lll
Bu, sadəcə, bir övladın atası haqqında düşündüyü deyildi, bir yaradıcının, peşəkarın başqa bir peşəkarı, yaradıcını anlaması, ona haqq qazandırmasıydı.
"Alman şərabı"nı da çəkmək istədilər Bakıda. Birisi həmmüəllif kimi öz adının da yazılmasını təkid edirdi. Atam buna da razı olmadı..."
Görünür, Çingiz Ələkbərzadə o söz adamlarındandı ki, sözünün qiymətini bilirdi, ehtiyac üzündən, ya başqa səbəbdən sözünü satıb, sonra kənardan boyun büküb həsəd və həsrətlə sözünün dalınca boylanmaq onun işi deyildi. Yeri gəlmişkən, Çingiz Ələkbərzadə 70-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında da fəaliyyət göstərib, ilk çoxseriyalı filmin ("Abşeron") ssenari müəllifi olub. 70-ci illərin əvvəlləri kinostudiyanın qızıl dövrüydü və o dövrdə kinostudiyada çalışan əksər insanlar üçün peşəkarlığın, sənətə münasibətin ölçüləri başqaydı. Çingiz Ələkbərzadənin film çəkilişlərinə münasibətdə belə mövqeyində həm də həmin o dövrün ab-havası duyulur.
lll
Sevda Ələkbərzadənin peşəkar səhnədə hər çıxışı ifaçılıq mədəniyyətimizin uğurlarına yazılır. Çoxcəhətli istedadının bu adı dünya səhnəsinə çıxaracağına onun sənətini izləyənlər əvvəldən inanırdılar. Bir neçə il əvvəl Sevda Bülbül, Şövkət Məmmədova, Azər Zeynalov, Fidan Hacıyevadan sonra Azərbaycan peşəkar musiqisinin səviyyəsini İtaliyada yada salmışdı. Bu istedadlı müğənninin "Şəbi-hicran" layihəsi Azərbaycan tamaşaçısına möhtəşəm ifa və gözəl səsin zövqünü yaşatdı.
"Şəbi-hicran"ın məşqləri gedəndə qəflətən yadıma düşdü ki, atamla babam ailəmizdəki məclislərdən birində "Şəbi-hicran" oxumuşdular, onun kaseti də var. Bu, 1983-cü ildə olmuşdu. Sonra babam Əbülhəsənin (yazıçı Əbülhəsən Ələkbərzadə) dəfnini xatırladım. Onu da "Şəbi-hicran"la yola salmışdılar... Və indi mən, böyük səhnədə "Şəbi-hicran"ı ifa edirəm...
lll
Bir vaxtlar babası Əbülhəsənin baş redaktor olduğu "Azərbaycan" jurnalının redaksiyasında Sevda Ələkbərzadə neçə il əvvəl atası - yazıçı Çingiz Ələkbərzadə haqqında danışmışdı və bu görüşdən aldığım ən ümumi təəssürat bu olmuşdu ki, hansı sahədə işləyir-işləsin, nədən danışır-danışsın, peşəkar insanla ünsiyyətdən həmişə məmnun hisslər qalır. Bu söhbətdə Sevdanın bütün uğurlarından görünən zərif, kölgəli bir nisgili hiss etməmək mümkün deyildi...
Və bir də Çingiz Ələkbərzadəni - çox əsərlərini oxuduğum bir yazıçını mənə daha çox tanıdan, yaxınlaşdıran İntiqam Qasımzadənin təklifində nə qədər haqlı olduğunu hiss etmişdim: "Çingiz haqqında danışmaqçün ən yaxşı həmsöhbət onun övladı olacaq, Sevda Ələkbərzadə ilə görüşməyin məsləhətdi".
lll
- Sevda xanım, Çingiz Ələkbərzadənin tərcümeyi-halında yazılıb ki, Bakıda anadan olub, Tovuzda orta məktəbi bitirib. Ələkbərzadələr ailəsinin həyatı və fəaliyyəti isə Bakı ilə bağlı olub.
- Atam o qədər dəcəl uşaq olub ki, Bakıda oxumadığı məktəb olmayıb və belə qərar olub ki, orta təhsilini Tovuzda bitirsin. Tovuzda da dəcəlliyi ilə yadda qalıb.
- Tərcümeyi-halında diqqəti çəkən onun fəaliyyət yerdəyişmələridir. Müəllimlik, teleradio şirkəti, mətbuat, kinostudiya, yenə jurnalistlik... Səncə, nədir bu, - özünü axtarmaq, özünüifadə cəhdi?
- Mən buna özünü axtarmaq deməzdim. Atam yazıçıydı, həm də jurnalistdi, gözəl jurnalistdi, ssenari də yazırdı. Hərdən məndən də soruşurlar ki, nə oxuyursan - bu, cazdır, muğamdır, popdur, caz-rokdur, xalq musiqisidir?
Əslində, mən sənət adamıyam. Mən bunların hər birində oxumağı bacarıram. Əgər sən həmişə eyni şeyi eyni cür oxuyursansa, deməli, sən böyümürsən, inkişaf etmirsən. Bir var dar profilli, bir də var geniş profilli. Atam geniş profilli idi. Buna baxmayaraq, azad insan idi, televiziyada ştat üzrə işləmirdi, ştat hardasa onu bağlayırdı, qoy ştatdankənar işçi olum, amma azadlığım olsun, - deyirdi. Heç bir iş onu tutub saxlaya bilmirdi, bir gün bir yerdə dura bilmirdi atam. Azadlığı çox sevən insandı. Ona görə də gedib o həyata düşmək onunçün çox böyük stresdi. Həmişə deyirdi ki, mən 50 yaşımdan sonra yazmağa başlayacağam.
50 yaşını da, elə oldu ki, məhbəsdə qarşılamalı oldu və "Zindan", "Qumarbaz" məhz o yaşında yazıldı. Bir tərəfdən... gördü, yazdı, babam da müharibəni görüb, orada iştirak edib yazmışdı, atam da o həyatı yaşayıb yazdı.
- Ailədə necəydi Çingiz Ələkbərzadə?
- Atamı tanıyan hər kəs onu deyib-gülən, yeyib-içən, şən, mehriban, səmimi insan kimi xatırlayır. Ailədə ağırxasiyyətdi, bizə qarşı çox ciddi idi. Yazıçı ailəsində böyüyürdük, amma burada heç nə formalaşdırılmırdı, hər şey alınırdı. Məsələn, biz musiqiyə haradan gəldik? Ailədən. Bizim axşamlarımız bilirsizmi necə keçirdi? Qonaqsız günümüz yox idi. Yazıçı dostları gəlirdi, böyük bir stol arxasında keçən o saatlar təkcə yeyib-içmək məclisi olmurdu, yaradıcılıq gecələriydi. Şeir deyirdilər, mütləq və mütləq musiqi olurdu, atam muğam oxuyurdu. Yadımdadır, "Leyli və Məcnun"u əzbərdən bilirdi. Leylinin partiyasını da, Məcnunun partiyasını da tək ifa edirdi. Təsəvvür edin, mən səhərlər royal arxasında muğam oxuyan atamın səsinə oyanırdım. Və mən aludə idim o oxumalara. Əgər xanəndə olsaydı, atam korifey xanəndələrdən biriydi indi. Musiqiyə sevgimiz atam tərəfdən gəlib. Nənəmin gözəl səsi vardı, nənəm də aşıq mahnılarını ifa eləyirdi. Mən xalq musiqisini, caz musiqisini sevirdim, atam da muğam oxuyurdu, Pitersonu oxuyurdu. Elmira uşaqlıqdan musiqi ilə məşğul olurdu; pianoya gedirdi. Axşamlar bacım pianoda ifa edirdi, mən Üzeyir Hacıbəyovun "Sənsiz"ini oxuyurdum. Alqışlar-filan... Yəni axşamlarımız belə keçirdi. Buna baxmayaraq, mənim bu sənətə gəlməyimə icazə vermirdilər. Dedilər səhnəyə çıxmayacaq. O vaxt çətindi, məsələn, mənim anam (biz nənəmə ana deyirdik) atama icazə verməyib oxusun, əslində, atamın da istəyi oxumaq olub... Bir dəfə məktəbdən gəldim evə, oturub royal arxasında ifa edirdim. Birdən atam qapını açıb girdi içəri, dedi ki, Allah qızıma istedad verib və mən bu istedadı qızımın əlindən ala bilmərəm. Onda icazə verdi mənə, çünki gördü və duydu ki, mən sənəti necə dərindən sevirəm, nəyinsə xatirinə oxumaq istəmirəm. Üstündən illər keçəndən sonra, birinci albomum çıxanda ("Dəli ceyran") bir gün görürəm oturub pəncərənin qabağında, maqnitofonu yandırıb "Dəli ceyran"a qulaq asır; elə dinləyir ki... hiss etdim ki, gözləri dolub. Çəkildim bir kənara, heç məni görmədi, onda bildim ki, üzümə heç vaxt tərifləməsə də, mənimlə fəxr edir. Amma üzümə həmişə tənqid eləyirdi, məsləhət verirdi. İlk dəfə Azərbaycan televiziyasına da əlimdən tutub atam aparıb; hansısa müsabiqəydi. Sonra Rafiq Babayevlə, Vaqif Gərayzadə ilə də tanış etdi, diqqətlə izləyirdi, baxırdı ki, harada, necə məşq edirəm, oxuyuram. Bir sözlə, hər cəhətdən dəstəkdi bizə. Sənətdə də, sənətə yanaşmaqda da, tərbiyədə də...
Bizim evə heç bir vaxt asan heç bir şey gəlməyib. Babam yaza-yaza, atam da elə... Olub ki, biz çox yaxşı yaşamışıq, heç nədən korluq çəkməmişik. Amma elə vəziyyət də olub ki, çox çətinlik görmüşük. Yəni həmişə enmə-qalxma... Atam bizə deyirdi ki, biz pulumuzu əzab-əziyyətlə qazanmalıyıq. İndi də eyni şeydir...
- Həyatının çətin günlərində atanızın dostlarından mənəvi dayaq gördünüzmü?
- ...O hadisəyə qədər qapımızın dabanı dayanmırdı yerində, atamın qohumlarının, dost-tanışların gəlmədiyi gün yox idi. Mən heç bir ad çəkməyəcəyəm, bir neçə nəfər oldu ki, onlar doğrudan da sadiq qaldılar atama. Amma çoxundan elə hərəkətlər gördük ki, ayaq altından yer qaçırdı. O səs-küylü ev birdən-birə boşaldı. Yəqin atam sonradan bildi ki, dost çox olmur... Nə yaxşı ki, anam atamı çox sevirdi, nə yaxşı ki, o, gözəl gəlin idi, atamın arxasınca hara lazımdı, getdik, atam harada oldu, biz də həmişə orada olduq... Mənim yanımdan indi də türmə maşını keçəndə gözüm yaşla dolur; o vaxtlar yadıma düşür... Nənəm Moskvayacan getdi, bizə açıq-aşkar deyirdilər ki, bu həbs sifarişdir. Hər yerdə hörmət edirdilər atama, şair deyə yuxarı başda oturdurdular. Biz məhkəmədə olurduq, o məhkəmələr filmləri xatırladırdı. Yalançı şahidlərin ora-bura vurnuxmaları... Antipodlara bənzəyirdilər. Atamın operatoru, hansı ki, ailəsi ilə bizim evdə olurdu, o, atama qarşı çıxdı. Sonra atam bəraət alıb qayıdanda gəldi evimizə, atamın qarşısında diz çökdü, ağladı ki, bağışla.
- İnsanlara münasibəti necə, çoxmu dəyişdi atanın?
- Oradan çıxanda tamamilə dəyişmişdi atam. Əslində, yenə də xeyirxahdı, heç nəyə baxmayaraq, deyib-gülürdü. Yadımdadır ki, yanına bir çox jurnalistlər gəlirdi, məsləhət alırdılar ki, məsələn, bu süjeti necə hazırlayım. Mənə dünən Ənvər Qafarlı dedi ki, atam ilk jurnalistdi ki, sərbəstliyi gətirib jurnalistikaya. Əvvəl hər şey qabaqcadan yazılırdı, yoxlanılırdı, amma Çingiz improvizəni xoşlayırdı və onun verilişləri elə də gedirdi efirə...
O ki qaldı dəyişməyə, oradan çıxandan sonra da asan deyildi. Əslində, o bəraət də boş şeydi, hər şey onun sağlamlığından, ömründən keçib getdi, bax, onu dəyişmək olmadı...
lll
- Bütün bu yaşananlar, sizcə, nəyi dəyişdi?
- Mən onda ikinci sinifdəydim. Bizim olanlara reaksiyamız əslində böyüklərdən gəlirdi. Biz görürdük ki, necə əziyyət çəkirdilər, nənəm xəstələnib yatağa düşdü. Nənəmi o əsəb, o stress apardı. Biz öyrəşməmişdik belə şeylərə. Bunlar ağıla gələ bilməzdi, atamın sərt jurnalist olmasından yanaydı. Nə qədər deyirdilər ki, sən də hamı kimi ol, yox, o deməliydi sözünü... Hər şey gəldi-gedərdi. İnsana ya rəhmət qalır, ya lənət. Mən hara gedirəm, atam haqqında elə gözəl, isti sözlər eşidirəm ki... demirlər Sevda Ələkbərzadə, deyirlər Çingizin qızı, bax, bu, mənim başımın ucalığıdır. Mənim sənətlə məşğul olmağım-filan atamın başının ucalığıdır. Babam yazıçıydı, sırf yazıçı-jurnalistdi, mən oxuyuram, bu da sənətin davamı deməkdir. Atam babam Əbülhəsənin sənətinin davamı olub, mən babamla atamın sənətinin davamıyam. Bəlkə gələcəkdə uşaqlar sənətlə məsğul olacaqlar, ya olmayacaqlar, bilmirəm. Əsas insanın mərd olmağıdır, hörmət qazanmağıdır. Ola bilsin ki, sən üçqat Xalq artistisən, rusların bir məsəli var: "Mojno zavoevat polojenie, no nevozmojno zavoevat uvajenie. Samoe qlavnoe - eto zavoevat uvajenie".
İnsan, mənim fikrimcə, ilk növbədə, insanların hörmətini qazanmalıdır. Atam da, nə yaxşı ki, gözəl sənətkar olub, yazıçı, jurnalist olub, ilk növbədə və ən əsası, gözəl insan olub və böyük hörmət qazanıb... Atamın kitablarının satıldığını, kiminsə əlində oxuduğunu görəndə çox sevinirəm. Bu, tez-tez olur, səfərlərə gedəndə aeroportda çox rastlaşmışam belə insanlarla.
lll
- Əbülhəsənin 100 illik yubileyi olanda Sevda Ələkbərzadə televiziya kanallarından birinə müsahibə verirdi və bu, deyək ki, emosional, bir qədər də ismarış notları sezilən bir müsahibəydi...
- Bilirsinizmi, təkcə öz babam, atam üçün demirəm, yazıçı öz ailəsi üçün yazmır, xalqı üçün yazır. Mənim babam, atam da Sevda, Elmira, Zaur üçün yazıb qoymayıb. Çox əfsuslar olsun ki, sən zəng vurub, qapı döyüb xatırlatmalısan ki, Əbülhəsən Ələkbərzadənin yubileyi yaxınlaşır... Əbülhəsən Azərbaycan sovet ədəbiyyatında ilk romanın müəllifidir. Deməli, mən yoxamsa, bu yubiley də olmayacaq... Əvvəllər mən bunu dərk edə bilmirdim. Düşünürəm ki, bu tədbirləri bu işlə bağlı təşkilatlar, dövlət keçirir. Mən belə xahiş etməyə utanıram, ayıb bilirəm. Atamın yubileyi ilə bağlı da mən heç yerə məktub yazıb müraciət etməmişəm...
Əlbəttə, istərdim, çox istərdim ki, uğurlarımı atam da görsün, eşitsin, amma... mən qəti əminəm ki, o, bütün bunları görür də, eşidir də...
- Olur ki, yorulursan, darıxırsan, özünlə qalmaq, atanla oturub nədənsə danışmaq istəyirsən...
- Olur, çox olur. O zaman daha çox şeirlərini oxuyuram. Düzdür, romanlarını, hekayələrini də oxuyuram. Nəsrində obrazlar var, filan.., amma şeirdə tam özüdür. Bizə yazdığı şeirləri də var atamın. Amma bilirsiniz, sakit, həyəcansız oxuya bilmirəm. Məsələn, götürdüm Puşkini, Axmatovanı oxudum, bu, başqa şeydir, atamı oxumağım başqa. Atamın şeirlərini tam başqa hisslərlə oxuyuram...
- Maraqlıdır, Sevda Ələkbərzadə atasının ona çox yaxın olan, Çingiz Ələkbərzadənin obrazını gördüyü bir şeirini layihələndirməyi düşünübmü?
- Əgər şeirlərini oxumusunuzsa, bilirsiniz ki, mənim atam nəğməkar şair deyil. Amma onun babama həsr etdiyi bir şeiri var. Babamın yubileyi ərəfəsində axşam mənə maraqlı bir ideya gəldi ki, bunu musiqi ilə yaratmaq olar. "Natiq" ritm qrupu ilə birgə onu işlədik. Bu, fərqli bir kompozisiya idi, atamın o şeiri yazdığı anlardakı vəziyyətini, duyğularını verməyə, mənə elə gəlir ki, az da olsa, müvəffəq olduq...
Qaldı ki, bir övlad kimi atamın bir şeirinə klip çəkdirib verim efirə ki, gündəmdə olsun, onu eləmərəm. Mən atamın, babamın yaradıcılığına da, şəxsiyyətinə də hörmət edirəm.
Atamın yubileyinin qeyd olunmasına gəlincə, mən belə düşünürəm ki, mənim hər bir layihəm atamın yubileyidir. Mən hər səhnəyə çıxanda, bu, tək mən deyiləm. Bu, həm də babamın, atamın davamıdır!
Və mən hesab edirəm ki, atam Çingiz Ələkbərzadə çox xoşbəxt insan olub. İstədiyini yazdı, istədiyi kimi yaşadı, başlıcası, azadlığını qoruyub saxladı. Amma heç o günlərini də danmadı. Kitabı çıxanda məhbus şəklini verdi kitaba. Biz onu daşındırmaq istədik fikrindən. Dedi, yox, mən axı bunu da yaşamışam...
lll
...Valideyn üçün ən əsası odur ki, o, ailəsinin böyüyüdür, ailəsində sevilir. Çingiz Ələkbərzadə məhz belə ata, belə ailə başçısı olduğuyçün xoşbəxtdi. Son dəqiqələrində də biz - ailəsi onun yanındaydıq, onunlaydıq. Mən dəqiq bilirəm ki, ölüm yoxdur, həyat dəyişir. Atam da həyatını çox ləyaqətlə dəyişdi. Gedəndə də bizi düşünürdü, bizə dayaq dururdu, təsəlli verirdi... "Qorxmayın - deyirdi, - hər şey yaxşı olacaq... Gedirəm e... hm..."
Bu, atamın son sözləri oldu...
...Gözləri aydın, geniş, açıq...
lll
İnsanın torpaq olmaq istəyinin təhtəlşüurunda onun vətəndaşlıq qayəsi durur. Bilərəkdən, hesablanmış duyğu deyil bu, ola da bilməz. Sevda Ələkbərzadə "Əriyim bir ovuc torpağım qalsın" misralarını atasının vətənpərvər hisslərinin, Azərbaycana sevgisinin ifadəsi kimi qəbul etdiyini deyirdi.
Çingiz Ələkbərzadə haqqında eşitdiyim xatirələr, nəsrindən və şeirlərindən tanıdığım şairanə ruhlu bu insan,
"Səpələnib torpaq olub
İtəcəmmi izsiz-izsiz"
- nigaranlığını yaşayıbsa, "əridiyində" adi, boz torpaq olmağı çətin arzulaya. İsmayıllının, Niyal dağın adama özünü unutduran gözəlliyinə vurğun Çingiz təbiətli, Çingiz ruhlu bir insan torpaq olmaq istəyirdisə, bu, hökmən və mütləq bənövşələrin qar göyərtdiyi yerdə əriyən torpaq ola bilərdi... Bahardan, yaşıllıqdan, sevgidən müjdə verən o bir əlcə torpaqdan sızan həyat eşqinə... eşq olsun!


