Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti: İtkin düşmüş şəxslərlə bağlı məsələ bizi narahat edir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC
Həm hərbi, həm də mülki şəxslərin müharibə qanunlarını başa düşməsi olduqca önəmlidir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti, general-leytenant Giorgio Battisti İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Rəhbərlik etdiyi qurum barədə məlumat verən G. Battisti bildirib ki, 1970-ci ildə təsis olunan Beynəlxalq Humanitar Hüquq İnstitutu ötən 50 il ərzində müxtəlif təşəbbüslərlə çıxış edib. 160 ölkədən 4 mindən çox iştirakçı humanitar hüquqla bağlı tədbirlərdə iştirak edib: "Beynəlxalq təşkilatlarla iş birliyimiz nümunəvidir. Biz fəal olaraq beynəlxalq, regional, lokal səviyyədə dövlətlərlə iş birliyimizi gücləndiririk. İtkin düşmüş şəxslərlə bağlı məsələ bizi narahat edir. Xüsusilə də insanların itkin yaxınları ilə bağlı məlumat almaq hüququnu nəzərə alırıq. Biz dəyirmi masa keçirir, itkin düşmüş şəxslərin problemlərini humanitar böhran fonunda müzakirə edirik. Belə hallarda insan hüquqları ön plana çıxır. Beynəlxalq Humanitar Hüquq İnstitutu bu məsələdə xüsusilə fəaldır. Fundamental insan hüquqlarının, azadlıqlarının təmin olunması gələcək nəsillərin sabitliyi baxımından önəmlidir. Önləyici tədbirlərlə bir sıra faciələrin qarşısını ala bilərik".


