Bir anın içində var olmağın genişliyi
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Regina Dürig Qardaşxan Əzizxanlı poeziyası haqqında yazır
Yalnız işıq
(və ya Regina Düriglə "Gözəl ayrılıq”)*
Azərbaycanda yayımlanmış "Qadınlar və daşlar” (Frauen und Steine) kitabının müəllifi alman əsilli isveçrəli yazıçı Regina Dürig vətənə qayıtdıqdan sonra Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlıya məktub yazıb. Xatırladaq ki, o bu ilin aprel ayında İsveçrə səfirliyinin xətti ilə ölkəmizə gələrək, bir sıra görüşlər keçirib, eyni zamanda, Xəzər Universitetində olub. Fikirlərinin fəlsəfilik və obrazlılıq yönümündən maraq doğura biləcəyini düşünərək Reginanın məktubunu dərc edirik.
Bil (Biel), 3 iyun 2026
Əziz Qardaşxan,
Bakı haqqında çox danışdığım, hadisələrlə və məşğuliyyətlə dolu bir neçə həftədən sonra, nəhayət, bu gün fürsət tapıb sənin kitabındakı tərcümə olunmuş şeirləri oxudum. Kitab mayın əvvəlində artıq Frankfurtda bacımın və balaca bacım qızının yanında idi, amma orada o qədər çox oynamaq, tapmaca həll etmək və əl işləri ilə məşğul olmaq lazım gəldi ki, diqqətimi cəmləyib oxumağa vaxt yox idi. Bu həftəsonu Kristianla birlikdə Vallée de Joux-dayıq – İsveçrə ilə Fransa sərhədində yerləşən, gölü olan, həqiqətən ecazkar, sakit və füsunkar bir vadidə. Kristian burada yaşayan bir dostu ilə birlikdə artıq bir neçə ildir eksperimental musiqiyə həsr olunmuş üçgünlük festival təşkil edir.
Dünən mən improvizasiya edən musiqiçilərdən ibarət bir ansamblla çıxış etdim, yəni musiqinin müşayiəti ilə mətnlər oxudum və bu mənə böyük zövq verdi. Bu səhər gəzintiyə çıxdıq və yolboyu dağ keçiləri bizi dönə-dönə maraqla süzürdülər; mən indiyədək vəhşi təbiətdə bir belə dağ keçisini bu qədər yaxından görməmişdim. Elə bil biz insanlar onlar üçün heç bir təhlükə deyildik; bəlkə də, əksinə, ehtiyatlı olmalı olan tərəf elə biz idik.
Qədim buzlaq gölünün sakitliyi, artıq demək olar ki, yayı xatırladan parlaq bahar, dinc heyvanlar – bütün bunlar sənin şeirlərinin ovqatı üçün tam uyğun bir mühit idi! Mən o şeirlərdə güclü bir işıq həsrəti duyuram. Yüngüllük, aydınlanma və nicat mənasında bir işıq. Son vaxtlar demək olar ki, hər gün öz-özümə sual verirəm: insan laqeyd və ya sadəlövh olmadan dünyanın bu qaranlığı ilə necə üz-üzə qala bilər? Güclülərin dünyasında baş verən hər şeyin son nəticədə istismar və zülmdən ibarət olduğu halda, həqiqi birliyə, bəlkə də sevgiyə (hazırda bell hooksu** oxuyuram) olan inamı haradan tapmalı? Əlbəttə, bilirəm ki, ümidsizliyə qapılıb hər şeydən əl üzmək də çıxış yolu deyil. Amma bu, bəzən insana başqa bir dünyanın mümkün və hətta zəruri olduğuna inanmaqdan daha real görünür.

Ən çox bəyəndiyim şeir "Gözəl ayrılıq”dır. Mən onu kədərli, əldən verilmiş bir fürsət kimi deyil, əksinə, bağlılığın bir mədhiyyəsi kimi oxuyuram. Çünki o bağlılıq mümkün ola bilərdi və məhz buna görə də mövcuddur. Həm də orada belə bir etibar var: hər şeyi deməyə ehtiyac yoxdur; bəzən o böyük, bütöv olan tək bir anın içində cəmlənə bilər. Sadəcə, onu duymaq, ayıq olmaq, oyaq olmaq lazımdır. Bir insanı həqiqətən tanımaq və dərk etmək həmişə mümkündür. Və bəlkə də ən saf gözəllik, həmin insana heç nə əlavə etmək istəməmək, ondan heç nə tələb etməməkdir. bell hooks sevgini izah edərkən Peckə***, Peck isə öz növbəsində Fromma**** istinad edir: "Sevgi insanın həm özünün, həm də başqa bir insanın mənəvi inkişafını dəstəkləmək üçün öz mənliyini genişləndirmək iradəsidir”. Mən Pecki oxumamışam, Freydi isə çoxdandır vərəqləmirəm. Ona görə də onların bu "genişlənmə” dedikdə nəyi nəzərdə tutduqlarından tam əmin deyiləm. Yəqin ki, bunu ehtiyatlı və hörmət dolu bir mənada deyirlər. Amma mən bu sözün üzərində ilişib qalıram, çünki istər-istəməz ağlıma elə siyasətçilər gəlir ki, özlərini o qədər genişləndirirlər ki, az qala qaz kimi hər yerə yayılırlar – hər yarığa, hər diskursa nüfuz edirlər. Mən həm də insanın təbiətə və onun sərvətlərinə doğru genişlənməsini, bitib -tükənməyən "daha çox” istəyini düşünürəm. Buna görə də sevgi naminə belə, "genişlənmə” arzulamağa ehtiyatla yanaşıram. Mənə görə, bu, daha çox heç bir həddi aşma və heç bir şaxələnmə olmadan mahiyyətə yönəlməkdir. Görüşün, qarşılaşmanın bu keyfiyyəti mənə "Gözəl ayrılıq” şeirində tam şəkildə ötürülür. Nə yaralanmış qürur var, nə ittiham, nə istifadə olunmuş olmaq hissi, nə də anlaşılmamaq duyğusu. Yalnız işıq!
Alman şairəsi Sarah Kirschi tanıyırsanmı? Mən düşünürəm ki, onun şeirləri sənin xoşuna gələrdi. O, tez-tez diqqətini gündəlik həyatın adi məqamlarına yönəldir, amma eyni zamanda şeirlərində güclü yumor hissi (məsələn, o gözəl "Nyuton” şeirində olduğu kimi) və cəmiyyətin quruluşuna tənqidi baxış da var. O, Almaniya Demokratik Respublikasında (Şərqi Almaniyada) doğulub və 1960-cı illərin sonunda Qərbi Almaniyaya köç edib.
Onun ən sevdiyim şeirlərindən biri budur:
"Trauriger Tag” *****
("Kədərli gün”)
Sarah Kirsch
Ich bin ein Tiger im Regen
Wasser scheitelt mir das Fell
Tropfen tropfen in die Augen
Ich schlurfe langsam, schleudre die Pfoten
Die Friedrichstraße entlang
Und bin im Regen abgebrannt
Ich hau mich durch Autos bei Rot
Geh ins Café um Magenbitter
Freß die Kapelle und schaukle fort
Ich brülle am Alex den Regen scharf
Das Hochhaus wird nass, verliert seinen Gürtel
(ich knurre: man tut was man kann)
Aber es regnet den siebten Tag
Da bin ich bös bis in die Wimpern
Ich fauche mir die Straße leer
Und setz mich unter ehrliche Möwen
Die sehen alle nach links in die Spree
Und wenn ich gewaltiger Tiger heule
Verstehn sie: ich meine es müsste hier
Noch andere Tiger geben
Səmimi salamlarla,
Regina
__________
*Məktub əsas məzmununa uyğunluğuna görə adlandırılıb.
** bell hooks (əsl adı Gloria Jean Watkins, 1952 – 2021). Amerikalı Afro-Amerikan feminist yazar, nəzəriyyəçi. "Feminizm hər kəs üçündür” əsəri ilə tanınmışdır (adında böyük hərf işlətməməsinin səbəbini belə izah edir: "Kim olduğundan ziyadə çalışmalarına diqqət çəkmək”.
***Morgan Scott Peck (1936 – 2005). Amerikalı psixoloq və yazardır.
****Erix Fromm (1900 – 1980). Alman əsilli Amerikan psixoloqu, sosioloqu və filosofudur.
***** Şeirin poetik tərcüməsi olmadığından, yalnız orijinalı verilir (şeirin məzmunu ilə google tərcüməsi vasitəsilə tanış olmaq olar).
Məktubu tərcümə etdi: Naz Budaqova
Qeydlər: Q.Əzizxanlınındır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 Avqust 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları














![Park yeri uğrunda mübahisə: Qadın stulda oturub avtomobilə mane oldu[ /b] VİDEO](https://icma.az/media/photos/05_08_2026/f3eca788-0b9c-4d0d-bf28-b8a3dca53f14.webp)




