Bir çox hallarda tikinti şirkətləri məhkəmə qərarı olmadan söküntü işləri aparır HÜQUQŞUNAS
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
“2018-ci ilə qədər Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərində çoxmərtəbəli binaların tikintisi ilə bağlı pilot layihələr icra olunurdu. Bu qərara görə, pilot layihələrin həyata keçirilməsi üçün tenderlər təşkil edilir, qalib gələn tikinti şirkətlərinə layihəni icra etmək səlahiyyəti verilirdi. Lakin 2018-ci ildən sonra bu qərar ləğv olundu. Bununla belə, bəzi tikinti şirkətləri hələ də həmin ləğv olunmuş qərardan sui-istifadə edərək vətəndaşlara pilot layihələrin icrası adı altında fəaliyyət göstərdiklərini iddia edirlər. Onlar guya dövlət tərəfindən təsdiqlənmiş layihələri icra etdiklərini bəyan edirlər. Halbuki, vətəndaşlarla fərdi qaydada əlaqə qurmalı, onların mülkiyyət hüquqlarını nəzərə alaraq mənzillərini almaq üçün razılıq əldə etməlidirlər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.
Qeyd edək ki, son dövrlərdə Bakıda köhnə binaların sökülməsi və sakinlərin köçürülməsi prosesi aktuallıq qazanıb. Bəzi tikinti şirkətlərinin sakinlərə mənzillərinin bazar dəyərindən aşağı məbləğlər təklif etməsi və yeni tikilən binalarda mənzilləri daha yüksək qiymətlərlə satması vətəndaşların narazılığına səbəb olur.
Hüquqşünas qeyd edib ki, bəzi hallarda tikinti şirkətlərinin sakinlərin ərazidən köçürülməsi ilə bağlı rəsmi sərəncamı belə olmur.
“Buna baxmayaraq, yerli icra hakimiyyətlərinin məlumatlı olduğu halda, faktiki olaraq söküntü işləri həyata keçirilir. Hətta bu proses zamanı digər sakinlərə ciddi problemlər yaradılır – kommunal xidmətlər kəsilir, infrastruktura ziyan vurulur və beləliklə, bölgədə xaotik vəziyyət yaranır. Bu isə vətəndaşların dövlət orqanlarına, eləcə də ümumilikdə dövlətə qarşı narazılığını artırır, sosial gərginliyə səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün hüquqi sənədlər düzgün tərtib edilməli, tikinti şirkətləri söküntü işlərini yalnız aidiyyəti dövlət qurumları ilə razılaşdıraraq həyata keçirməlidirlər. Vətəndaşlar tikinti şirkətləri qarşısında tək qalmadıqlarını hiss etməlidirlər. Dövlət bu prosesdə nəzarət mexanizmini gücləndirməli, vətəndaşların hüquqlarını təmin etməlidir. Eyni zamanda, vətəndaşların tam hüququ var ki, öz əmlaklarını bazar dəyərinə uyğun qiymətləndirsinlər və ya yeni tikilmiş binada mənzil tələb etsinlər. Hazırda Bakı şəhərində daşınmaz əmlakın qiymətinin yüksək olduğunu nəzərə alsaq, vətəndaşlar haqlı olaraq köhnə mənzillərini yeni tikililərdə daha geniş mənzillərlə dəyişmək və ya əlavə kompensasiya tələb etmək hüququna sahibdirlər”.
Hüquqşünas vurğulayıb ki, təəssüf ki, bir çox hallarda tikinti şirkətləri məhkəmə qərarı olmadan söküntü işləri aparır və vətəndaşların mülkiyyət hüququnu kobud şəkildə pozurlar:
“Son zamanlarda “Milisa Group İnşaat” şirkəti tərəfindən vətəndaşın mülkiyyətinə edilən müdaxilə bunun açıq nümunəsidir. Hesab edirəm ki, vətəndaşların mülkiyyət hüquqları hər hansı tikinti şirkətinin gəlir əldə etmək maraqlarından üstün olmalıdır. Bu sahədə nəzarət mexanizmləri gücləndirilməli və dövlət tərəfindən ciddi şəkildə tənzimlənməlidir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az

