Bir dövrün salnaməsi Cahangir Məmmədli yazır
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cahangir MƏMMƏDLİ
BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Ədəbi-bədii, publisistik yaradıcılıq sahəsində elə mövzular olur ki, ona girişmək üçün yaradıcı adamın peşəkarlıq səviyyəsindən əlavə, həm də gərək ənənəvi haqqı olsun. Ulu öndər Heydər Əliyevlə bağlı hər hansı bir mövzunu qələmə almaq niyyətində olan hər kəsin yaradıcılığında və şəxsiyyətində yuxarıda qeyd etdiyim bu keyfiyyətlər olmalıdır. Mənim bu düşüncəyə xüsusi diqqətimi Aslan Aslanovun "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" adlı kitabı yönləndirdi.
Belə bir mövzu həqiqətən çox ciddi məsuliyyət tələb edir. Amma jurnalist-publisist Aslan Aslanovun yaradıcılığına, şəxsiyyətinə bələd olan hər kəs onun belə ciddi mövzuya dair bütöv bir kitaba imza atmağına qətiyyət təəccüb etməz. Ona görə ki, Aslan Aslanov ömrünün ən fəal otuz ilini AZƏRTAC kimi böyük bir informasiya qurumuna həsr edib, burada kiçik müxbir vəzifəsindən qurumun direktoru vəzifəsinədək yüksəlib.
1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş Aslan Aslanovun bioqrafiyasına nəzər salsaq görəcəyik ki, öz yaradıcılığı ilə fərqlənən bu jurnalist, "Əməkdar mədəniyyət işçisi", "Tərəqqi" medalı, "Vətənə xidmətə görə" ordeni, "Şöhrət" ordeni, Rusiya Federasiyasının "Dostluq" ordeni, MDB-nin yubiley medalı, "TÜRKSOY-un 20 illiyi" medalı, digər rəsmi dövlət qurumlarının qiymətli təltiflərinin sahibidir.
Aslan Aslanovun elmi-publisistik yaradıcılığında onun indiyədək nəşr etdirdiyi "Heydər Əliyev və AZƏRTAC", "AZƏRTAC-dan AZƏRTAC-a mürəkkəb və şərəfli yol", "AZƏRTAC - 90", "Dövlət siyasətinin informasiya təminatı", "Media və zamanın çağırışları" kimi monoqrafiyaların, "Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" dərs vəsaitinin, "İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar" adlı dərsliyi və s. kitabları yeni media mühitində jurnalistlərə yol xəritəsi səviyyəsində qiymətli əsərlərdir.
Aslan Aslanovun bioqrafiyasından gətirdiyim bu sitatlar bir daha onu sübut edir ki, elmi-publisistik yaradıcılığında bu qədər böyük təcrübəyə malik bir jurnalistin Heydər Əliyev fenomeni ilə bağlı ciddi bir kitabı müasir oxucuya təqdim etməsinə tam haqqı çatır. Və həm də ona görə ki, şərəfli bir yaradıcılıq yolu keçmiş bu jurnalistin bütün əsərləri Ulu öndərin fəaliyyət dövrünün məhsuludur.
"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" kitabı Ulu öndərin milli tariximizə qızıl hərflərlə yazılan xidmətinin polifonik - yəni çoxşaxəli fəaliyyəti haqqında xüsusi bir üslubda yazılmış qiymətli əsərdir. "Xüsusi bir üslubda" ifadəsini ona görə işlətməli oldum ki, həqiqətən bu kitabda müəllifin janr seçimi ayrıca maraq doğurur. Şəxsən mənim yeni və orijinal bir üslub kimi qəbul etdiyim bu kitabdakı ayrı-ayrı bölmələrin hər biri, ən azı "esse-hekayə" kimi də qəbul edilə bilər. Bu əsər mütləq şəkildə dəqiq faktlara söykənən ədəbi-bədii xatirələr formatındadır. Aslan Aslanov uzun müddət rəhbərlik etdiyi AZƏRTAC-ın yazılarına və özünün yaddaşına əsaslanan bu kitabın beş bölməsinin hər birində Heydər Əliyev fəaliyyətinin təxminən otuz ilinə şahidlik etdiyi bir dövrdən bəhs edərkən öz xatirələrini elmi-publisistik və bir sıra hallarda həm də ədəbi-bədii üslubla birləşdirərək tamamilə yeni bir üslub yaratmışdır. Qeyd etdiyim beş bölməyə diqqət etdikdə müəllifin istedadı H.Əliyevin dövlətçilik və diplomatiya dərslərinin elmi-ədəbi tematikada özünü aydın şəkildə göstərir: "Canlı səlnaməçidən dövlətçilik tariximizə obyektiv baxış", "Heydər Əliyev xilaskarlıq missiyasına necə başladı?", "Gənc respublikanı dünya arenasına necə çıxardı?", "Çoxlarına dərs olan dövlət quruculuğu və diplomatik məharət", "Çox qısa müddətdə müasir dövlət quraraq dünyanı heyrətə saldı". Bu bölmələrin hər birinin təkcə başlığı oxucuya Heydər Əliyevin Azərbaycan dövlətinin yaradıcısı kimi fəaliyyətini necə təhlil edəcəyini əvvəlcədən vəd edir. Bəs bu vəd özünü necə doğruldur? Bu suala ilk növbədə kitaba ön söz yazmış siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Hikmət Babaoğlunun aşağıdakı fikirləri cavab verir: "Azərbaycanın dövlət agentliyi olan AZƏRTAC-a uzun illər rəhbərlik etmiş, illər ərzində Heydər Əliyevin dövlət quruculuğu və idarəetmə prinsiplərini, xarici siyasətinin əsaslarını, vətəndaş həmrəyliyi və ortaq milli identikliyimizin hansı unikal dəyərlər əsasında formalaşdığını yaxından müşahidə etmiş (kursiv mənimdir - C.M.). Aslan Aslanovun ərsəyə gətirdiyi kitabda bunların öz əksini tapması mühüm əhəmiyyət kəsb edir".
Hikmət Babaoğlunun əlimizdəki kitab haqqında dediyi bu fikirlər öz gerçəkliyini əsərin hər bölməsində tapır. Kitabın "Heydər Əliyev xilaskarlıq missiyasına necə başladı?" sərlövhəli birinci bölmədə Aslan Aslanov H.Əliyevin ölkəyə yenidən rəhbərliyə gəlməsinin bir sıra təfərrüatlarını qələmə alır. Müəllif AZƏRTAC-da müxbir kimi işlədiyi o günlərdə Heydər Əliyevin ayrı-ayrı təşkilatlarda, dövlət qurumlarında adamlarla görüşlərini xatırladır və belə görüşlərdən birinin AMEA-da keçirildiyi üzərində dayanır və bu görüş kontekstində zamanın portretini belə cızır: "Əsrlərlə müstəqilliyini arzuladığımız, bunun üçün canımızdan, qanımızdan keçməyə hazır olduğumuz ölkə insanların gözü qarşısında parçalanıb dağılmağa doğru gedirdi. Şəhidlərin qanı-canı bahasına əldə olunmuş müstəqil dövlətimiz uçurumun bir addımlığında idi, həm də dağılma elə sürətlə gedirdi ki, onun qarşısını almaq mümkünsüz görünürdü. Vətəndaş müharibəsi lap qapının kandarına gəlib çatmışdı. Xalqın respublika rəhbərlərinə inamı qalmamışdı. Meydanlardan gətirib yüksək vəzifələrə qoyduqları səriştəsiz, bacarıqsız kadrların televiziya ekranlarından bəlağətli çıxışları insanları bezdirmişdi". Mənim də şahidi olduğum bir zamanın - Xalq Cəbhəsi dövrünün publisistik portretini yaradan bu sətirlər Heydər Əliyevin necə çətin bir anda Azərbaycanı xilas etməyə gəlişinin real ifadəsidir.
Müəllif AZƏRTAC-ın müxbiri kimi Heydər Əliyevi əyani şəkildə ilk dəfə görəcəyini sevinc və qürur hissi ilə xatırlayır. Amma bu tarixi görüşündən yazacağı reportajdan əvvəl Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycana rəhbərliyindən qısa fikirlər təqdim edir: "Yaxşı yadımdadır ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra respublikada bütün sahələrdə böyük dönüş başladı. İnsanların dolanışığı, güzəranı ilbəil nəzərəçarpacaq dərəcədə yaxşılaşdı... Əhali kasıblığın daşını ataraq firavan bir dövrə gəlib çatmışdı. Pambıqçının da, çobanın da, mexanizatorun da qapısında şəxsi minik maşını dayanırdı. Bakının siması da göz önündə dəyişirdi. 1970-ci illərdə mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyurdum. Bütün bunları yaxşı xatırlayıram. Bəli, o vaxt - Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər baş verirdi". Aslan Aslanovun Heydər Əliyev haqqında bu retro xatirələri Ulu öndərin Azərbaycan, Vətən sevgisinin tarixən həmişə yüksək olduğunu bildirmək qayəsi daşıyır. Və bu fikirlərdən sonra müəllif oxucuya Heydər Əliyev fenomeninin bir çox faktlarını dilə gətirərək, əsərin "Heydər Əliyev xilaskarlıq missiyasına necə başladı?" - sərlövhəli ikinci bölümünə keçid alır. Təxminən 40 səhifəlik bu bölmə çox lakonik şəkildə Heydər Əliyevin respublikaya yenidən rəhbərliyə başlamasının çətin, lakin şərəfli səhifələrini bizə təqdim edir. Yeni müstəqilliyimizin ilk dövründə - 1991-1993-cü illərdə Azərbaycanımızı düşdüyü girdablardan xilas etmək üçün "zəngin idarəetmə təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizmləri yaratmaq imkanlarına malik olan siyasətçiyə ehtiyacın olduğunu Aslan Aslanov əsərin bu bölməsində, Hikmət Babaoğlunun dediyi kimi, "məhz belə bir vaxtda Heydər Əliyevin gəlməsi xalqımızın, əlahiddə sosial sifarişi kimi aktuallaşdığı" bir aksiomanın ədəbi-publisistik tarixini yaratmışdır.
Müəllif kitabın "Gənc respublikanı dünya arenasına necə çıxardı?" sərlövhəli üçüncü bölməsində bu sualın cavabını bir tərəfdən tarixi faktlara söykənməklə, digər tərəfdən özünün bir jurnalist və dövlət xadimi kimi hadisələrə şahidlik xatirələri fonunda qələmə alır. Əslində, doxsan səhifəlik bu bölməni mükəmməl bir monoqrafiya kimi də dəyərləndirmək olar. Burada maraqlı cəhətlərdən biri budur ki, müəllifin hər sətrində Heydər Əliyev fenomeni Vətən sevgisinə bağlı bir şəxsiyyət kimi, varlığı və fəaliyyəti ilə xalqımızın ümid çırağına çevrilən bir rəhbər olaraq ədəbi-bədii düşüncənin təqdimatına çevrilir. Aslan Aslanov AZƏRTAC kimi ciddi bir dövlət qurumunun həm rəsmisi, həm də əməkdaşı kimi Heydər Əliyevin o ağır illərdə Azərbaycanı xarici ölkələrdə kimi necə təqdim etməsini, Fransa, Türkiyə, İngiltərə, Çin və s. kimi ölkələrlə münasibətlər yaratmağını dəqiq faktlarla və həm də təsirli şəkildə oxucuya çatdırır. Maraqlı məqamlardan biri də odur ki, H.Əliyev xarici ölkə rəhbərləri ilə görüşlərin hər birində Azərbaycanın Qarabağla əlaqədar haqq səsini prioritet mövzu kimi nəzərə çatdırır və hər birində uğur qazanır.
Müəllif bəzən yaddaşına hopmuş elə faktları misal çəkir ki, həmin faktlar bu gün də öz aktuallığını saxlamaqdadır. Bir sitatı diqqətə çatdırmaq istərdim. Müəllif H.Əliyevin Fransaya səfərindən danışarkən yazır: "Yeri gəlmişkən deyim ki, Heydər Əliyev həm Azərbaycan xalqı, həm də dünyanın bir çox ölkələrinin xalqları üçün əlçatmaz zirvə idi. Yadıma bu barədə deyilmiş çox maraqlı bir fikir düşdü. Bizimlə heç də həmişə dost kimi davranmayan Fransada bir məşhur redaktor yazmışdı: "Tanrı bu şəxsiyyəti (H.Əliyevi - C.M.) təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb bir tarixi məqamda göndərmişdi. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdi. O, hamısına mətanətlə sinə gərmişdi və onu mənən və qismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdı" (səh. 48).
Ciddi bir media qurumunun redaktoru fransız jurnalistin sözləri bu gün Azərbaycana qarşı böhtan dolu yazıların fransız müəlliflərinə bir dərs olmalıdır.
Müəllif H.Əliyevin xarici dövlətlərə səfərini müşayiət edən görkəmli jurnalistlərimizin də, yeri gəldikcə, peşəkarlıq və vətəndaşlıq keyfiyyətləri ilə bağlı ədəbi portretlər silsiləsini yaratmışdır.
Kitabda yer alan maraqlı bölmələrdən biri də belə adlanır: "Çoxlarına dərs olan dövlət quruculuğu və diplomatik məharət". Bu bölmənin əsas mahiyyəti H.Əliyevin Azərbaycanda qəbul etdiyi xarici dövlətlərin və beynəlxalq qurumların nümayəndələrini rəsmi görüşlər üçün qəbul etməsi və bu görüşlərin ölkəmizə bağlı əsas mahiyyətlərini yeni nəslə çatdırmaqdır. Bu tip görüşlərin vacib faktlarını əsasən AZƏRTAC-ın materiallarından, o cümlədən özünün hadisə-reportajlarından xatirələrə çevirən müəllif, sözün həqiqi mənasında, Ulu öndərin polifonik yaradıcılıq portretini çəkmişdir. Bu yerdə Heydər Əliyevin Türkiyənin prezidenti Süleyman Dəmirəllə görüşləri Türkiyə və Azərbaycan xalqının bugünkü qardaşlıq və birliyinin əyilməz təməli kimi qəbul edilməlidir. Bu qardaşlıq və birlik təməli Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarının azadlığına aparan yolun xəritəsi kimi "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" kitabının əsas göstəricilərindəndir. Əsərdə bu sahədə Heydər Əliyevin fəaliyyətini tez-tez ümumiləşdirən məqamlardan birini diqqətə çatdırmaq istərdim: "Heydər Əliyev müstəqillik və suverenlik yolu ilə inamla addımlayan, xaricdən aldıqları şirin vədlərə uyub daxili sabitliyi pozmağa cəhd edən bəzi qüvvələrin yaratdıqları maneələri qətiyyətlə dəf edən Azərbaycan Respublikasının dünya siyasi və iqtisadi məkanında böyük nüfuz sahibi olan ölkələr ilə birbaşa əlaqələrin qurulmasına, bir çox sahələrdə yeni yaranmış əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Qurulmaqda olan fəal diplomatik və işgüzar əlaqələr respublikamızın iqtisadi inkişafına əlavə yol açırdı. Bu, eyni zamanda Azərbaycan torpaqlarının 20 faizini işğal edərək viran qoymuş Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkməməsi, bir milyondan çox insanın doğma yurd-yuvalarından zorla qovularaq dözülməz şəraitdə yaşaması barədə həqiqətləri dünya ictimaiyyətinə və nüfuzlu dövlətlərin rəhbərlərinə çatdırmaq imkanlarını artırırdı" (səh.162). Kitabda bu formatda ümumiləşdirmələr çoxdur və bu çoxluğun hər birində H.Əliyevin dövlətçilik və diplomatik dərslərinin mahiyyəti öz ifadəsini tapır.
Heydər Əliyevin Azərbaycan, Vətən sevgisinin, dövlət quruculuğunun tarixə həkk olunan məqamlarının şahidi kimi Aslan Aslanov kitabın son bölməsini belə adlandırıb: "Çox qısa müddətdə müasir dövlət quraraq, dünyanı heyrətə saldı". Əslində, Ulu öndərin dövlət quruculuğu sahəsindəki fəaliyyətini bir jurnalistin xatirələrində ümumiləşdirən bu bölmənin başlığı bütöv bir rəhbər ömrünün nəticəsini birbaşa özündə əks etdirir. Bu yerdə ABŞ-ın tarixi liderlərindən biri, Zbiqnev Bjezinskinin H.Əliyevlə bağlı kitabda özünü göstərən fikirlərini mən də oxucuya təqdim etmək istərdim: "Z.Bjezinski H.Əliyevin dövlətçilik və siyasi fəaliyyəti ilə bağlı geniş fikirlərini bu sözlərlə bitirir: "...Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir" (səh. 204). Ümummilli liderimizə verilən belə qiymətlər, nəhayət ki, Azərbaycanımızı iqtisadi asılılıqlardan xilas edən "Əsrin müqaviləsi"nin Avropa dövlətləri tərəfindən imzalanmasını təmin etməsi kimi məsələlər də A.Aslanovun bu kitabında özünü göstərən ən vacib faktlardan biri və bəlkə də birincisidir. Kitabdan oxuyuruq: "1994-cü il 20 sentyabr. Gülüstan sarayı Azərbaycanın, ABŞ-ın, Rusiya Federasiyasının, Böyük Britaniyanın, Türkiyə Cümhuriyyətinin, Səudiyyə Ərəbistanının, Norveçin dövlət bayraqları ilə bəzədilmişdi. Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilə imzalanması münasibətilə keçirilən təntənəli mərasimdə respublikanın dövlət və hökumət rəsmiləri, adlı-sanlı neftçilər, bir sıra ölkələrin hökumət üzvləri, xarici şirkətlərin rəhbərləri, diplomatlar iştirak edirdilər.
Salona toplaşanlar tərəfindən hərarətlə qarşılanan Prezident Heydər Əliyev mərasimdəki çıxışına bu sözlərlə başladı: "Bu gün Azərbaycan Respublikasının həyatında tarixi hadisə baş verir. Xəzərin Azərbaycan Respublikasına aid sektorunda "Azəri-Çıraq" neft yataqlarının və "Günəşli" neft yatağının bir hissəsinin müştərək işlənilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında üç il davam edən danışıqlar sona çatmış və müştərək işlər aparılması üçün müqavilənin layihəsi hazırlanıb təqdim olunmuşdur" (səh. 211-212). H.Əliyevin bu tarixi çıxışının kitabda ardını oxuyuruq: "Respublikamızın rəhbəri bu tarixi gün münasibətilə bütün neftçiləri, alim və mütəxəssisləri təbrik etdi və onlara öz minnətdarlığını bildirdi: "Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sənayesində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyədək qazandıqları nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm" (səh. 211-212).
Heydər Əliyevin hələlik iki illik fəaliyyətini bir jurnalist və bir şahid kimi bir sıra faktlarını yüksək peşəkarlıqla təqdim edən bu kitabın sonunda müəllif Ulu öndərin keçirdiyi tədbirlərdə iştirak etdiyini özü üçün xoşbəxtlik sayır və qürurla qeyd edir ki, kitabda bəhs edilən həmin illər - (1993-1995) "müasir müstəqil dövlətin təməlinin qoyulduğu, gənc Azərbaycan Respublikasının dünyaya çıxışı, ölkəmizin dünya birliyində layiqli yer tutmasına, dünyanın aparıcı dövlətlərini əməkdaşlığa cəlb etməklə, Azərbaycanın haqq işinin müdafiəsinə nail olmaq idi. Bəli, Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri çox keçmədən hətta bir sıra dövlət və hökumət başçılarını heyran qoyan uğurlu nəticələr verdi. Dünya nəinki Azərbaycanı tanıdı, hətta zaman keçdikcə onunla hesablaşmağa başladı (səh. 292).
Heydər Əliyevin dövlətçilik və diplomatiya fəaliyyətindən özünün də dərs almasını xüsusi qeyd edən müəllif sonda yazır: "Tam qətiyyətlə demək olar ki, bugünkü qüdrətli, dünyada sözü keçən, regionda yeni reallıqlar yaradan Azərbaycan məhz Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev məhz bu ideyaların işığında Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır" (səh. 302).
Aslan Aslanov hələlik "I kitab" kimi təqdim etdiyi bu əsərin növbəti cildlərini hazırlayacağını inamla vəd edir və onun bu vədini kitabdakı ön söz müəllifi Hikmət Babaoğlu da özünün son sətirlərində bir daha xatırladır: "Əsas diqqət çəkən məqamlardan biri də maraqlı üslubda yazılmış kitabın növbəti cildlərinin hazırlanması perspektividir. Bu, dövlətçilik tariximizin Heydər Əliyev dövrü ilə bağlı bütün istiqamətlərinin əhatə olunmasına imkan yaradacaq. Nəticə etibarilə, Aslan Aslanovun "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" adlı kitabı Ulu öndərin siyasi və dövlətçilik irsinin öyrənilməsi üçün samballı bir mənbə olmaqla yanaşı, Əliyevşünaslığa (kursiv mənimdir - C.M.) verilən mühüm töhfədir" (səh. 6-7).
Kitabı oxuyub başa çatan hər kəs yəqin ki, Hikmət Babaoğlunun bu fikirlərini ürəklə qəbul edəcək, elə mənim kimi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Sentyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















