Bir nəslin xəstəlik tarixçəsi
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Emil Zolyanın “Ruqon-Makkarlar” silsiləsindən son romanı “Doktor Paskal” haqqında
Təqribən iyirmi ilə yazılmış iyirmi cildlik “Ruqon-Makkarlar” roman silsiləsi, ailə-nəsil dastanı ədəbiyyatda naturalizmin müntəxəbatı, manifesti sayıla bilər. Ancaq istər Emil Zolya, istərsə də onun təmsil elədiyi naturalizm cərəyanı söz meydanında qəfil, yoxdan peyda olmamışdı, bu yazıçının ustadları, onun tutduğu işin müqəddiməsi vardı. Ədəbiyyatda Zolyanın sələfləri Stendal, Balzak, Hüqo, Flober idisə, fəlsəfi-estetik dünyagörüşünün formalaşmasında ən böyük rolu pozitivist filosoflar, ilk növbədə bu cərəyanın (əslində, ümumən Avropa sosiologiya elminin) banisi Ogüst Kont, pozitivizmin bayraqdarlarından olan İppolit Ten oynamışdı.
On doqquzuncu əsrin birinci yarısında yaranmış pozitivizm cərəyanı əsrin ikinci yarısında böyük populyarlıq qazanmışdı, Kontun ardınca bu fəlsəfi məktəbin Con Stüart Mill, Herbert Spenser kimi müəllimləri də dövrün bir çox düşünən başlarının qibləsinə çevrilmişdi. Rasional fikrin, elmin, texnikanın, sənayenin inkişafıyla paralel meydana gəlmiş pozitivizm əvvəlki fəlsəfi axınların çoxunu, ələlxüsus spekulyativ fəlsəfəni, metafizik, idealist cərəyanları, başqa sözlə, həyat reallıqlarından doğmayan, ayrı-ayrı filosofların beynində, təxəyyülündə yaranan nəzəriyyələri inkar eləyirdi. Rasional təfəkkürün senzurasından keçməyən xəyali həqiqətlər, fövqəltəbii ideallar pozitivizmin bayraqdarlarına yad-yabançı gəlirdi. Dərindən götürəndə pozitivizm yeni bir fəlsəfi sistem də yox, fəlsəfənin elmin budaqlarına calanmış, yaxud elmi metodların fəlsəfi müstəviyə transformasiya olunmuş versiyası idi. Obrazlı desək, fəlsəfə donu geyindirilmiş elm.
***
İctimai fikirlə, fəlsəfəylə çiyin-çiyinə iki yüz il bundan qabaq ədəbiyyatda da pozitivist yanaşma hegemonluq qazanmağa başlamışdı. Hələ romantizm cərəyanının nümayəndəsi sayılan Stendal belə bir nəzəri metod irəli sürmüşdü ki, yazıçı hadisələrə, xarakterlərə tədqiqatçı alim nəzəriylə baxmalı, onları araşdırıb təhlil süzgəcindən keçirməlidir. Yaradıcılığı boyu romantizm havasının məstliyindən tam ayılmamış Balzak, Hüqo, Flober kimi qüdrətli söz ustaları da (sonuncu hətta özünü “gecikmiş romantik” sayırdı) pozitivizmin prinsiplərini rəhbər tutmaqla misilsiz realist mətnlər yaratmış, yeni bir ədəbi məktəbin təməlini qoymuşdular. Onların əsərlərində romantik səhnələrlə birgə naturalist məqamlar da yetərincədir. Realizmdən sonra meydana gəlmiş naturalizm cərəyanı sələfindən çox seçilmirdi, belə demək olarsa, naturalizm - üzündən tül həya pərdəsini götürmüş realizm idi. Zolya bədii-analitik mətnlər yaratmış böyük qardaşlarından bir az da uzağa gedib, ədəbi leksikona eksperimental roman anlayışını gətirmişdi, yəni yazıçı öz yaradıcılıq laboratoriyasında hadisələri, personajları nəinki analizdən keçirməli, hətta obrazları ən müxtəlif ekstremal situasiyalara salıb onlardakı dəyişikliyi müşahidə eləməklə eksperimentlər aparmalıdır. Bu proses boyunca o, gördüklərini dəqiqliklə qeydə almalı, hadisələrə müdaxilədən çəkinməli, personajları zor gücünə istədiyi səmtə yönəltməməlidir. Bir sözlə, müəllif obrazları (həyatı) yox, obrazlar (həyat) müəllifi arxasınca sürüməlidir. Romantizmin, qismən də realizmin tendensiyalılığına qarşı qoyulan belə soyuq, tərəfsiz üslub obyektiv yazı manerası sayılır. Bu metodu da o, elmdən - dövrünün böyük təbibi, endokrinologiyanın atası Klod Bernarın elmi-nəzəri təcrübələrindən əxz eləmişdi.
Ogüst Kont deyirdi ki, bəşər təfəkkürü indiyədək üç mərhələdən keçib: bunlardan birincisi dini-mifoloji, ikincisi metafizik, üçüncüsü-sonuncusu da elmi-pozitivist dönəmdir. Onun təliminə görə, birinci iki dönəm artıq geridə qalmış mərhələlərdir, insanlıq indi yalnız elmin gücünə güvənib sabaha addımlaya bilər. Elmi-pozitivist düşüncə proqressiv, dini, metafizik şüur reqressivdir. İppolit Ten isə bu fikirdəydi ki, insanı formalaşdıran üç başlıca amil var: irq (irsiyyət, genetika), mühit (məkan), bir də tarixi məqam, şərait (zaman). Yəni tutalım, Napoleon Bonapart bir ərəb, yainki yapon kimi doğulsaydı, Fransada yox, məsələn, İtaliya ərazisində yaşasaydı, yaxud elə həmin Korsikada on il tez, ya da on il gec dünyaya gəlsəydi, tamam başqa bir taleyin yiyəsi olardı. Əslində, “taleyin yiyəsi” ifadəsi də burada yerinə düşmür, çünki bunca determinist yanaşma insana azadlıq, seçim, özünə yiyələnmək yeri qoymur, insanı taleyinin yox, taleyini insanın yiyəsinə çevirir. Marksizm qarışıq bütün böyük sosioloji nəzəriyyələr (o cümlədən iyirminci əsrin birinci yarısında dünyada geniş yayılmış neopozitivizm cərəyanı) fərdə fələkdən payına düşmüş qismətin məhsulu, determinizm zəncirinə vurulmuş kölətək baxır, özündən asılı olmayan faktorların yedəyində sürünən fərdin azadlığına bilmərrə meydan vermir.
Elmin taxta çıxarıldığı yeni tarixin mövhumatı, xurafatı da budur. Onun keçmiş əyyamların cəhalətindən prinsipial fərqi yoxdur.
***
Yeri gəlmişkən deyim ki, populyar yəhudi müəllifi Hararinin son illər bütün dünyaya səs salmış, bestsellerə çevrilmiş kitabları da insanın azad iradəsinə parodiya kimi görünən belə neoxurafatçı neocəhalət məqamlarıyla doludur. Azad ruhun həqiqətləri yoxdan var eləyən bəhrələrinə beyində, sinirdə, qanda gedən kimyəvi reaksiyaların təsadüfi nəticələri kimi baxmaq ruhla bədənin, tanrıyla şeytanın sərhədlərini görməmək, duymamaq, qanmamaqdır. Çox güman, “bədən”dən fərqli olaraq “ruh”, “tanrı”, “şeytan” anlayışları çoxuna köhnəliyin qalığı, geridəqalmışlıq kimi görsənəcək, ancaq təklif eləyərdim ki, İlon Maskı baş kahininə çevirmiş vəhşi kapital krallığının, çağdaş texnologiyanın bir az da qaraltdığı zülmət səltənətinin aciz, məzlum rəiyyəti adına ruh dediyimiz mənəvi dəyər boxçasını vaxtı keçmiş pulların çürüdüyü məzara gömməyə hələ tələsməsin. Tanrı öz sözünü hələ deyəcək. Yeni minilliyin əvvəlindən baş götürmüş köhnə-yeni mənəvi böhranın artıq tanınmaz hala saldığı texnoloji dünyamızın fəlakətli duruşu indi bu müdaxiləyə əşhədü-ehtiyac olduğunu bizə bir daha xatırladır.
Zolya da amansız deterministdir. O da qəzavü-qədərə boyun əyən fatalistdir, sadəcə onunku dini fatalizm yox, bioloji fatalizmdir. Onun allahı metafizik tanrı yox, fiziki aləm, ana təbiət, Natura özüdür. Zolyadan ötrü Adəm övladı sinirlərindən, qanından asılı canlı (ancaq ruhsuz!) mexanizmdir, onun bioqrafiyası isə bioloji özəlliklərinin məcmusu, xəstəlik tarixçəsidir. Zolyanın insanı hər cür dini, romantik hissiyyatdan, müqəddəslik duyğusundan, idealist coşqudan məhrumdur (beləsi varsa da, o, həyatın, Naturanın əleyhinə çıxan tipajdır), ondan ötrü ürək sadəcə qanı damarlara qovan nasosdur, xristianların Tanrıyla ünsiyyət vasitəsi kimi baxdığı vicdan əzabı isə vur-tut reqressiv fizioloji hal, sinir pozğunluğudur. Məhəbbətə gəlincə bu, iki orqanizmin bir-birinə duyduğu tələbatın adıdır, burada hansısa idealizmdən, romantikadan söhbət gedə bilməz. Heç bir iradə azadlığı da yoxdur, olan yalnız stoiklərin dünyanı fırladan qüvvə saydıqları Fatumdur, intəhası, bu tale çarxı insandan kənarda - yerin təkində, göyün dərinliyində yox, insan cisminin içində, nüvəsində hərlənir.
Fərdin azadlığını, fərdiyyətini əlindən hansı adla almağın elə bir fərqi yoxdur, hansı adla alınır alınsın, bunun adı istismar, köləlikdir. Dinin həqiqətin son instansiyası, məbədin yer üzündə Allahın yeganə institutu olduğunu vurğulamaqla elmin həyatı, kainatı tanımağın tək yolu, elmi təfəkkürün bəşər düşüncəsinin son mərtəbəsi, demokratiyanın, liberalizmin tarixi inkişafın son mərhələsi olduğunu, həqiqətə gedən cığırın yalnız universitetlərdən keçdiyini demək kimyəvi tərkibinə görə bir-birindən fərqlənməyən eyni növ cəhalətin nişanələridir. İnsan özündən min-min qat qüdrətli bir fövqəlgücün köləsidirsə, nə fərqi var o gücün adını qismət qoydun, ya təsadüf, tanrı qoydun, ya təbiət? Bunlar bir medalın iki üzüdür. İnsan ruhunun başlıca vəzifəsi, insan azadlığının mahiyyəti elə həmin o fatum, qismət, ya təsadüf dediyimiz mübhəm, məşum qüvvəyə qarşı savaşmaqdır. Lap bu yaxın günlərdə bəşəriyyət özgə bir məkanda yox, məhz çağdaş sivilizasiyanın qibləsi sayılan bəmbəyaz bir sarayda belə bir qeyri-bərabər, ədalətsiz, qapqaranlıq savaşın şahidi oldu. İblis həmişə məbəddən yola çıxır, dəccal müdam haqq elçisinin diliylə danışır, şeytan allah adamlarına divan tutanda onların tapındığı allahın pak həqiqətiylə silahlanır...
***
Yazıçının öz üslubunu, bədii-estetik prinsiplərini hansısa fikir cərəyanının, elmi metodun təsiri altında formalaşdırması onun yaradıcı şəkildə bəhrələndiyi müəllif, yaxud təlimlə eyni etik-fəlsəfi platformada durması demək deyil. Ona qalsa, gərək on doqquzuncu əsrin adını çəkdiyim-çəkmədiyim böyük realist romançıları hamılıqla pozitivizm fəlsəfi məktəbinin ardıcılı sayılaydılar, halbuki, məsələn, Balzakla Hüqonun, Floberlə Tolstoyun mənəvi-etik baxışları bir-birindən adi gözlə görünəcək qədər fərqlənir. Cek London Herbert Spenserdən də, Fridrix Nitsşedən də çox təsirlənmişdi, ancaq onun poetik-panteist yönümlü yaradıcı təfəkkürünü nə Spenserin pozitiv-realist düşüncəsi, nə də Nitsşenin mistik-idealist düşüncəsiylə eyniləşdirmək olar. Anri Berqsonun zaman konsepsiyasından bəhrələnsə də, Marsel Prust ustadı (eləcə də Hüqo, Dikkens, Dostoyevski, Tolstoy...) kimi təfəkkürün mistik qatına ucalmayıb (katolik yazıçı Fransua Moriak Prustun sənətkarlığını tərifləyən bir essesində təəssüflə vurğulayırdı ki, onun əsərində Allahdan əsər-əlamət yoxdur). Bütün modernist yazıçılartək öz yaradıcı metodunu formalaşdırmaqdan ötrü Ziqmund Freydin psixoanaliz, Karl Yunqun analitik psixologiya təlimindən yararlansa da, Herman Hessenin əsərləri ideya-məzmun baxımından Şərq dini-fəlsəfi məktəblərinə, induizmə, buddizmə daha yaxındır; onun təxminən belə bir fikri də vardı ki, Freydlə Yunq məni uçurumdan adladan körpüdür, körpünü keçəndən sonra mən onu partladıram. Eyni qaynaqdan su içmiş başqa yazıçıların, məsələn, Ceyms Coysla Tomas Mannın kökündən fərqli düşüncə sahibi olduqları da təzə xəbər deyil.
Eynilə realizmin növbəti stadiyası saya biləcəyimiz naturalizm cərəyanının yaranmasına pozitivist fəlsəfənin təkan verdiyini əsas götürüb Emil Zolyanı həyata baxışına, fəlsəfi dünyagörüşünə görə pozitivizmin ardıcılları sırasına qoşmaq da, məncə, doğru deyil. Belə məsələlərdə bəzən Zolya özü də yanlışlığa yol verirdi; məsələn, bir məqaləsində o, Balzakı demokrat adlandırırdı, halbuki Balzak heç vaxt demokratiya, liberalizm əqidəsinə tapınmayıb, siyasi baxışlarına görə də konstitusiyalı monarxiya tərəfdarı olub. Eləcə də Zolya özü - insanın öz razılığı alınmadan ona ötürülmüş genlərdən (dolayısıyla öz qismətindən, təbiətindən, həyatın təsadüflərindən) asılı bir vəhşi olduğunu söyləyən düşüncə adamının rasional təfəkkürün, elmin, maarifin qüdrətinə tapınan pozitivizm tərəfdarlarının optimizmini bölüşdüyünə necə inanasan? Bəşər nəslinin epopeyasını xəstəlik tarixçəsi kimi qələmə alan, eksperimental romanın üsullarıyla iyirmi iki il sərasər öz yaradıcı laboratoriyasında insanlar üzərində təcrübə aparan yazıçı hansı nikbin elmi-praqmatik nəticəyə gəlmişdi ki, bundan onun insan cəmiyyətinin gələcəyinə ümid bəslədiyi qənaətini hasil eləyəsən?
Əlbəttə, gerçək yazıçı bədii əsərdə açıq mətnlə mesaj, ya resept vermir, bununla belə onun yazdıqlarının alt qatına, simvolik laylarına varanda mesajını da, reseptini də oxumaq olur. Doğrudur, həyat gerçəkliyini bəzən əhəmiyyətsiz təfərrüatına, lazımsız detallarınacan bütün çılpaqlığıyla olduğu kimi qələmə almaq, heç bir zahiri bər-bəzəyə, cümləpərdazlığa, təşbehbazlığa, simvolizmə uymamaq naturalizmin başlıca tələbləri sırasındaydı, ancaq böyük istedadı belə çərçivələr arasına qapamaq mümkün deyil. Zolyanın əsərlərində bütün başqa böyük yazıçıların yaradıcılığında olan nə varsa, hamısı - parlaq obrazlar da, sarsıdıcı situasiyalar da, göz qamaşdıran simvollar da, tutarlı bədii təsvir vasitələri də bəs deyincə var.
F.Uğurlu
Davamı növbəti sayımızda...
