Icma.az
close
up
RU
“Bir qolum Bakıdır, bir qolum Təbriz”

“Bir qolum Bakıdır, bir qolum Təbriz”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Mədinə Gülgün – 100

Yurd həsrətli, mübariz qələm sahibi, “21 Azər” hərəkatının fəal iştirakçısı, Azərbaycan Demokrat Firqəsinin üzvü olmuş Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 100 illiyini otay-butaylı xalqımız sevgi-sayğı ilə qeyd edir. Azərbaycan qadın şairlərinin sırasında özünəməxsus yeri, poetik nəfəsi olan Mədinə xanım 35 il əvvəl dünyasını dəyişsə də, xatirəsi ürəklərdə yaşayır, mövzu aktuallığını və təravətini itirməyən şeirləri dillərdə gəzir.

Yuxuma gəlsəydin əgər bir axşam,
Mən çəpər edərdim kirpiklərimi.
Qoymazdım gözümdən kənara səni,
Qoymazdım yuxuma daha heç kimi.

Bu misralar yarım əsrdir ki, yaddaşımda silinməz iz qoyub. Doğrudan da, sevginin, intizarın “rəsmini” sözlə, özü də bir bənddə bundan da gözəl necə çəkmək olar?!

Mədinə Gülgün əslən Ərdəbildən idi. Ötən əsrin əvvəllərində Arazın o tayından Bakıya gələn ailənin burada doğulan gülgün bir övladı olub. İbtidai təhsilini Bakıda alıb. Amma 1938-ci ildə onlar SSRİ vətəndaşı olmadıqları üçün Vətənin bu tayından çıxarılıblar və Ərdəbilə qayıtmalı olublar. Sonra Təbrizə köçüblər. Atası Nurulla kişi həbs olunduqdan sonra yeniyetmə Mədinə toxuculuq fabrikində çalışıb. “Ziddi-faşist” təşkilatına üzv olub və eyni zamanda, ədəbi fəaliyyətə başlayıb. “Biz kimik?” adlı şeiri “Ələkbərzadə” imzası ilə 1944-cü ildə çap olunub. Növbəti 2 ildə Təbriz Dram Teatrında işləyib.

Daha sonra onun şeirləri əsasən “Vətən yolunda” və “Azərbaycan” qəzetlərində dərc edilib. Cəfər Xəndanın məsləhəti ilə özünə Cəfər Cabbarlının “Od gəlini” pyesindəki Gülgün personajının adını təxəllüs götürüb. 1945-ci ilin yanvar ayında Təbrizdə yaradılmış “Şairlər məclisi”ndə bu imza ilə tanınmağa başlayıb.

Cənubda Azərbaycan milli hökumətinin süqutu səbəbi ilə oradan dərbədər düşənlərin arasında Mədinə Gülgün də vardı. Arazın bu tayına gələn gənc şair bir müddət Culfada yaşayıb, orada demokratların bərpa etdiyi Təbriz radiosunda işləyib, sonra Bakıya üz tutub. Pedaqoji institutda ali təhsil alıb. Tələbə ikən “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə Bakıda işıq üzü görüb.

Mədinə Gülgün həmin ildə sonradan Xalq şairi fəxri adını alacaq əminəvəsi Balaş Azəroğlu ilə ailə həyatı qurub. Ondan müsahibə aldığı vaxt bir-birinə könül veriblər. Xeyir-duanı isə Ağayi Pişəvəridən alıblar. Bu evlilikdən şairlər ailəsinin Araz və Etibar adlı oğulları dünyaya gəlib. Çətin zamanlar olduğu üçün bəzən bir dəftərə hər ikisinin şeirləri yazılıb. Şərikli makinada çap edilib poetik duyğuları. Bir-birinin ilk oxucuları olublar. Mədinə xanımın yaradıcılıq uğurlarına ömür-gün dostu güclü təsiri göstərib.

Sonrakı dövrdə Mədinə Gülgünün “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigarüzük”, “Təbriz qızı”, “Firudin” (poema), “Çinar olaydı”, “Dünyamızın sabahı”, “Arzu da bir ömürdür”, “Yora bilməz yollar məni”, “Durnalar qayıdanda”, “Könlümü ümidlər yaşadır”, “Dünya şirin dünyadır” və digər maraqlı kitabları nəşr olunub. Nəşriyyat ünvanları isə Bakı ilə bərabər, Moskva, Ottava, Təbriz və başqa şəhərləri əhatə edib. 1958-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edilən istedadlı şair orden və medallarla təltif edilib, sanballı mükafatlar alıb.

Mədinə Gülgünün poetik amalı xalqımızın birliyi, parçalanmış Vətənimizin bütövlüyü olub. O, xəyalən xoşbəxtliyini bu birlikdə tapıb:

Mənim hünərim də, mənim gücüm də
Birlikdir, birliyin öz səsiyəm mən.
Bu birlik eşqiylə hey zaman-zaman
Bəxtəvər-bəxtəvər ötəsiyəm mən.

“Bir qolum Bakıdır, bir qolum Təbriz”, deyən, özünü bütöv Vətənin nəğməkarı sayan Mədinə Gülgün vüsal, birlik arzularını həmişə inamla, nikbinliklə dilə gətirib. Bəzən də ağrı-acıdan kövrəldiyini gizləyə bilməyib. Məsələn, bir neçə gündən sonra növbəti ildönümünü qeyd edəcəyimiz qanlı 20 Yanvar faciəsi onu ürəkdən ağladıb. “Bu şəhid balaların ölən vaxtı deyildi!..” - deyərək onların dərdini də öz dərdinə qatıb, poetik fəğan qoparıb.

“Qayıdaydıq o Təbrizli günlərə, arzularım qönçəsindən çıxaydı, saçlarıma yaz yağışı yağaydı...” - deyən Mədinə Gülgünün istəkləri gülgün olsa da, təəssüf ki, qönçəsindən çıxmadı. Şair 1991-ci ildə Bakıda işıqlı dünyaya əlvida dedi.

İnanma susdura zaman qəlbimi,
İnanma, desələr öləcəyəm mən.
Bu elə, bu yurda körpə quş kimi,
Həmişə baharla gələcəyəm mən

– demişdi Mədinə Gülgün. Amma o, yurd həsrəti ilə dünyadan köçdü. Vədinə əməl etmədiyinə “irad” olaraq elə özünün sözlərinə yazılmış məşhur “Sən gəlməz oldun” mahnısından misraları xatırlayırıq:

Deyirdin baharda görüşərik biz,
Bahar gəldi, getdi, sən gəlməz oldun.
Daşlaramı dəydi, sındı əhdimiz,
Aylar gəldi-getdi, sən gəlməz oldun.

Onu da xatırladaq ki, Mədinə Gülgünün “Məhəbbət olmayanda”, “Apar məni” və sair lirik şeirlərinə də populyarlıq qazanmış gözəl mahnılar bəstələnib. Hələ 1949-cu ildə Cahangir Cahangirovun bəstələdiyi “Arazın o tayında” vokal-simfonik poeması isə Mədinə Gülgünlə Əli Tudənin sözlərinə yazılıb.

Sonda 100 yaşı bu gün tamam olan unudulmaz xanım-şairin haqqında yazılan, deyilən mötəbər fikirləri oxucularımıza xatırladırıq.

Xalq şairi Mirvarid Dilbazi: “Gülgün həmişə coşqun, həmişə kövrək, həmişə ilhamlıdır. Onun qəlbində vətən həsrəti, analıq duyğuları, mübarizə eşqi bir vəhdət təşkil edir. Ürəyində belə gözəl duyğular yaşadan şairin yolu daim yüksəlişədir!”.

Akademik Bəkir Nəbiyev: “Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, ana-qadın qəlbinin minbir əsrarlı kəhkəşanı övlad məhəbbəti, sülh, əmin-amanlıq arzuları, vətəni qorumaq, doğma təbiətə heyran olmaq, gözəllik duyğusu və s. Mədinə Gülgünün şeirlərində həmişə öz əksini tapmışdır”.

Xalq şairi Nəriman Həsənzadə: “Mədinə xanım kövrək bir xanımdır. Bəlkə də şeirlərindəki səmimilik belə bir ürəyə sahib olduğundandır”.

Bax beləcə, yaradıcılığı yüksək qiymətləndirilən, şeirlərini mənəvi övladı bilən Mədinə Gülgünün ədəbi irsi həmişə zəkalara düşüncə, duyğulara həssaslıq gətirəcək.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see452

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see423

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see378

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see349

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see348

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see322

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see292

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see291

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see238

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see223

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see207

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see199

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see190

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see188

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see186

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see181

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see179

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see177

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see174

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri