Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Birinci olmağın sevinci və ağrısı Muxtar Kazımoğlu yazır

Birinci olmağın sevinci və ağrısı Muxtar Kazımoğlu yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Muxtar KAZIMOĞLU

Çağdaş ədəbi-nəzəri fikir tariximizdə məxsusi yeri olan Nizaməddin Şəmsizadə haqda söz deyən, bu nüfuzlu ədəbiyyatşünas və Azərbaycanşünasın yaradıcılığı ilə bağlı tarixi yazılar yazan fikir adamı az olmayıb: Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Bəkir Nəbiyev, Kamal Talıbzadə, Yaşar Qarayev, Elçin Əfəndiyev, Vilayət Quliyev, Nizami Cəfərov, Şirindil Alışanlı, Rəhim Əliyev, Şamil Vəliyev... Bu siyahını uzatmağa ehtiyac görməyib bizə (Nizaməddinə, rəhmətlik Vəli Nəbiyevə, mənə) universitetdə tənqid kursundan dərs demiş Bəkir Nəbiyevin sözlərini yada salıram: "...monoqrafiyaları, ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisist məqalələri belə qənaətə gəlməyə imkan verir ki, Nizaməddin Şəmsizadə fəlsəfi təfəkkürlə düşünən, tənqid tariximizi bədiiliyin fəlsəfəsi kimi işləyib araşdıran nəzəriyyəçi alim və tənqidçidir". Oxucuya təəccüblü gələr-gəlməz, bilmirəm, amma mən Nizaməddin Şəmsizadə barədə onun (Nizaməddinin) öz sözlərini də xatırlatmaq istəyirəm. O, Nizami Cəfərovla özünü nəzərdə tutaraq deyir: "30 ildən artıqdır ki, biz Azərbaycan filoloji fikrini çəkib aparır... milli-nəzəri fikrə rəhbərlik edirik... ədəbi-nəzəri, ictimai-fəlsəfi baxımdan ömrümüzün əhatə etdiyi dövr bizim epoxamızdır, vaxt gələcək, o, bizim adımızla adlandırılacaq". Nizaməddin Şəmsizadə ilə şəxsi tanışlığı və ünsiyyəti olmayan oxucu bu sözlərə görə gərək onu qeyri-təvazökarlıqda qınamağa tələsməsin, onun bir qələm sahibi kimi ömür yoluna, xarakterinə daha yaxından bələd olmağa çalışsın. Yaxından tanışlıq oxucuda əminlik yaradar ki, Nizaməddin Şəmsizadə ədəbiyyatda, ictimai fikirdə, ədəbi-mədəni mühitimiz və sosial-siyasi həyatımızda gördüyü müsbət və mənfi meylləri dilə gətirib analitik təhlil süzgəcindən keçirdiyi kimi, öz həyatı, xarakteri, xarakterinin güclü və zəif tərəfləri barədə də açıq danışmaq nümunəsi göstərir. Boğazdan yuxarı danışmağın tüğyan elədiyi bir mühitdə özü haqda etiraf tərzində söhbət açmaq tək-tük ədəbiyyatşünasın işidir. Nizaməddin Şəmsizadə o baxımdan bizim barmaqla sayılacaq qədər az sayda ədəbiyyatşünas-tənqidçilərimizdən biridir. Nizaməddin Şəmsizadə o ədəbiyyatşünas-tənqidçilərdəndir ki, ədəbi-nəzəri fakt, onun nəzərində, yalnız ictimai fikri araşdırmağın yox, həm də özünü, öz şəxsi-subyektiv dünyanı ifadə etməyin bir vasitəsidir. Azərbaycan ədəbiyyatşünaslığının mərhələlərini və konsepsiyalarını sistemli şəkildə öyrənib ortaya qoyanda da, çağdaş tənqidimizin inkişaf istiqamətlərini üzə çıxaranda da, həmin tədqiqatlar əsasında Azərbaycançılıq ideologiyasının nəzəri-fəlsəfi dərinliklərinə baş vuranda da, Nəsimidən, Füzulidən, Müşfiqdən, İlyas Əfəndiyevdən, Əli Kərimdən, Ramiz Rövşəndən yazanda da Nizaməddin Şəmsizadə öz portretini yaratmağı, hər yazıda bu portretə yeni ştrixlər artırmağı diqqət mərkəzində saxlayır. Kiminsə xərtinə və yaxud amansız gün-güzəran qayğıları ucbatından könülsüz yazdıqlarında avtoportretin təhrif olunduğunu görəndə Nizaməddin janrı dəyişməli, bioqrafik publisistikaya keçib özü barədə dolayı yox, birbaşa danışmalı olur və nəticədə "Mən kiməm" adlı maraqlı bir kitab - Nizaməddinnamə meydana çıxır. O kitaba bu yazıda yeri gəldikcə üz tutmaq lazım gələcək. Amma Nizaməddin Şəmsizadənin şəxsiyyətindən və ədəbi taleyindən söhbət açmaq istədiyim bu yazıda əvvəl-əvvəl öz müşahidələrimi xatırlatmaq, dostumuzun bir qələm əhli kimi atdığı addımlarla mənim müşahidələrim arasında bağlılığın nə dərəcədə olmasını aydınlaşdırmaq istəyirəm.

Universitet illərində Nizaməddin Şəmsizadə (onda soyadı Babayev idi) tələbə yoldaşlarından nə ilə seçilirdi? Səliqəli geyim-kecimi, ünsiyyətcilliyi, natiqliyi, ən başlıcası isə sərbəst davranışı ilə. Üç qrupdan, yetmiş beş nəfərlik bir "potok"dan ibarət olan auditoriyada müəllimin suallarına aydın nitqlə cavab vermək daxili sərbəstlikdən daha çox asılı idi. Bizim çoxumuz kimi kənd uşağı olan Nizaməddin bizim çoxumuzdan fərqli olaraq aşağılıq kompleksini daxilən boğa bilir, "auditoriyada mən heç kimdən kəm deyiləm" iddiası ilə fikrini səlis şəkildə çatdıra bilirdi. Qruplarımız ayrı olsa da, könüllü seçdiyimiz Tənqid kursunda bir yerdə olmağımız Nizaməddini daha yaxından müşahidə etmək imkanı yaratmışdı. Xatırladım ki, Tənqid kursundan bizə Bəkir Nəbiyevdən başqa ayrı-ayrı vaxtlarda Mehdi Məmmədov və Qulu Xəlilov da dərs demişdi. Bu müəllimlər içində Qulu Xəlilov mübahisələrə, hər hansı ədəbi əsər haqda sərbəst fikir yürütməyə daha çox meydan verirdi. Qulu müəllim "Azərbaycan" və "Ulduz" jurnallarında təzəcə çapdan çıxmış və az-çox diqqəti cəlb etmiş povest və romanları dərsdə müzakirəyə çıxarırdı. Müzakirə zamanı mübahisə yalnız tələbələr arasında yox, həm də tələbələrlə müəllim (Qulu Xəlilov) arasında başlayır, gərgin və maraqlı məcraya yönəlirdi. Qulu müəllimin yaratdığı bu cür sağlam dərs ab-havasında Nizaməddinin qabarıq hiss olunan cəhəti povest və romanların ideya yükünə, müəllifin çatdırmaq istədiyi həyat həqiqətlərinin dərinliklərinə varmaq bacarığındaydı. Bəkir Nəbiyev, Mehdi Məmmədov və Qulu Xəlilovun dərsdə yüksək qiymətləndirdiyi bu bacarıqdan kafedra müdiri Abbas Zamanov da xəbər tutdu (Xatırladım ki, tənqiddən xüsusi kurs Abbas müəllimin başçılıq etdiyi Azərbaycan sovet ədəbiyyatı kafedrasının fənləri sırasında idi). Abbas müəllim Nizaməddinin ayıq-sayıqlığını və mühakimə qabiliyyətini nəzərə alıb ona "Əli Nazimin ədəbi görüşləri" mövzusunda diplom işi təsdiq etdi. Abbas müəllimin ürək qızdırıb verdiyi məsləhətlər və repressiya dövrünə aid naməlum sənədlər əsasında Nizaməddin sanballı bir diplom işi yazdı. Tələbəsinin elmi səriştəsinə və qorxunc tarixi faktların üstünə cəsarətlə getmək hünərinə əmin olub "Ədəbiyyat və incəsənət" qəzetində Nizaməddin (və başqa tələbə yoldaşımız - Vəli Nəbiyev) haqda xeyir-dua səciyyəli məqalə çap etdirdi. Əli Nazimin ədəbi-nəzəri görüşlərinə həsr edilən diplom işi Nizaməddinin ədəbi taleyində həlledici rol oynadı və onun elmi fəaliyyətində bəri başdan iki mühüm istiqamətin təməli qoyuldu: 1) ayrı-ayrı şəxsiyyətləri təqib və təzyiqlərə məruz qoymuş ictimai-siyasi mühitin analitik təhlil süzgəcindən keçirilməsi; 2) uzaq tarixə söykənən çağdaş ədəbi-nəzəri fikrin ən aparıcı meyllərinin sistemləşdirilib üzə çıxarılması. Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabdin Tağıyev, Əli Nazim, Bəkir Çobanzadə, Əmin Abid, Hüseyn Cavid, Mikayıl Müşfiq və başqa şəxsiyyətlərdən yazarkən, həmin şəxsiyyətlərin faciələrlə üzləşdiyi tarixi mərhələlərin siyasi mahiyyətini açmaq, siyasi proseslərin milli mədəniyyətdəki rolunu müəyyənləşdirmək Nizaməddin Şəmsizadənin qarşıya qoyub həll etdiyi mühüm məsələlər sırasındadır.

Çağdaş ədəbi-nəzəri fikrin əsas mərhələləri və konsepsiyaları araşdırılarkən 1920-30-cu illər ədəbiyyatşünaslığına xüsusi diqqət yetirmək və o dövrün ədəbi tənqidini Əli Nazim, Əmin Abid, Bəkir Çobanzadə, Mustafa Quliyev, Hənəfi Zeynallı kimi repressiya qurbanlarının yaradıcılığı timsalında izləmək belə təsəvvür yarada bilər ki, Nizaməddin Şəmsizadə təftiş yolu tutur və sovet ideologiyasının ədəbiyyata, bütövlükdə mədəniyyətə danılmaz zərər vurmasını tədqiqatın başlıca ideya istiqamətinə çevirir. Əlbəttə, Nizaməddin Şəmsizadənin məşhur "Azərbaycan ədəbiyyatşünaslığı" əsərində proletkultçuluğun və vulqar sosiologizmin kəskin tənqid olunması var. Amma elmi dəlillər və dərin mühakimələr əsasında ifadəsini tapan o tənqid marksist estetika və sosioloji ədəbiyyatşünaslığın mütərəqqi tərəflərini görməyə və açıq-aydın göstərməyə mane olmur. Nəzərə alsaq ki, həmin əsər müstəqilik dövründə müəllifin seçilmiş əsərlərinin birinci cildinə elə bir dəyişiklik aparılmadan daxil edilib, onda bir ədəbiyyatşünas-tənqidçi kimi Nizaməddin Şəmsizadə barədə təsəvvürümüz dolğunlaşar. Yəni əmin olarıq ki, sovet dövrünün acı həqiqətlərini yerli-yataqlı  söyləməyi bacaran Nizaməddin Şəmsizadə müstəqillik dönəmindəki təftiş ab-havasına uyub sovet dövrünə yerli-yersiz daş atmaq kimi ucuz populizmdən uzaqdır. Bu yerdə Nizaməddinin ustad Məmməd Cəfər barədə dediyi bu sözlər yada düşür: "Lap bu günlərdə alim haqqında dərc olunmuş yazıların birində deyilir ki, indi, müstəqillik dövründə Məmməd Cəfərin əsərlərini müəyyən ixtisarlarla çap etmək mümkündür. Bu fikirlə qəti razılaşmaq olmaz... bir neçə məqaləsindəki formal sitat və tesizləri nəzərə almaqla deyə bilərik ki, Məmməd Cəfər heç vaxt totalitar ideologiyaya boyun əyməmiş, konyukturaya uyub əsər yazmamışdır". Əvvəla, bu sözlərin 2009-cu ildə - Məmməd Cəfər müəllimin 100 illik yubiley tədbirində deyildiyini vurğulamaq istəyirəm. Xatırlatmaq istəyirəm ki, Akademiyanın Rəyasət Heyətinin binasında - beş yüz nəfərlik böyük salonda keçirilən o tədbirdə əsas məruzəçi Nizaməddin Şəmsizadə idi. Heç bir kağıza-filana baxmadan parlaq bir nitqlə məruzə edən Nizaməddin Şəmsizadənin ustad tənqidçi-ədəbiyyatşünasla bağlı fikirlərindən biri məhz sovet ideologiyasına münasibət məsələsinə yönəlmişdi. Çünki həmin illərdə o məsələ çox aktual idi, yaradıcılığı sovet dövrünə düşmüş elm və mədəniyyət xadimlərindən kimi "vurmaq" lazım idisə, "ideologiyaya xidmət" silahı işə düşürdü. Bu kəmfürsətlikdən çox yaxşı xəbərdar olan Nizaməddin Şəmsizadə elm və sənət elitasının toplaşdığı mötəbər tədbirdə bir yandan Məmməd Cəfər müəllimin ucalığını auditoriyanın diqqətinə çatdırırdısa, o biri yandan da öz məramını bəyan etmiş olurdu. O məram sovet dövründə yazdıqlarının üstündə durmaq, onların elmi həqiqət olduğuna oxucunu inandırmaq məramı idi. Belə bir məramla yaşamağın bariz göstəricisidir ki, Nizaməddin Şəmsizadə sovet dövründə yazdığı "Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyasını müstəqillik dövründə çap etdirərkən Marks, Engels və Leninə istinadlardan tutmuş Sov. İKP-nin müxtəlif qərarlarına qədər ideoloji yönlü nə varsa büsbütün hamısını olduğu kimi saxlayıb oxucunun ixtiyarına verir. İstər ideoloji, istərsə də qeyri-ideoloji istinadların hamısı müəllifin analitik təfəkkürünə tabe olur və qoyulmuş məsələlərin məğzini açmağa istiqamətlənir. Məlum olur ki, marksist estetikanı yerli-yersiz topa tutmaq dünyadan bixəbərlərin işidir. Ədəbiyyatı ictimai şüurun bir forması sayan və ədəbi prosesə tarixilik prinsipi ilə yanaşmağı ən mühüm bir tələb kimi irəli sürən marksist estetika ilk mərhələsində Əli Nazim, Əmin Abid, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, sonrakı mərhələlərində Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə, Yaşar Qarayev, Arif Hacıyev və başqa nüfuzlu alimlərin adı ilə təmsil olunan Azərbaycan sovet ədəbiyyatşünaslığı məhz marksist estetikanın bəhrəsi kimi təşəkkül tapıb. Bir vaxt Belinski (elecə də digər inqilabçı-demokratlar) sənərkarın gücünü şəxsi iztirab və sevincin yox, ictimai-tarixi mahiyyət kəsb edən iztirab və sevincin ifadəsində axtardığı kimi, sovet ədəbiyyatşünaslığı da obyektiv sosial-tarixi gerçəkliklə bağlığı zəif olan subyektiv hiss-həyəcan aləmini bədii ədəbiyyatın predmeti saymırdı. Danılmaz faktdır ki, estetik düşüncədəki bu istiqamət ədəbiyyatın gül-bülbül və mərsiyəçilik mərəzindən uzaqlaşıb, konkret tarixi şəraitin diktə etdiyi məsələləri aparıcı mövzulara çevirməsinə əsaslı təsir göstərdi. O başqa məsələ ki, Belinski, Gertsen, Çernışevski, Dobrolyubovda özünün yüksək səviyyəsinə çatan sosioloji yanaşma sosrealizmin ifrat sinfilik və partiyalılıq tələbləri ilə bayağılaşır və bu bayağılıq bədii əsərlərdə də öz ifadəsini tapırdı. Bayağılığın bariz nümunəsini Nizaməddin Şəmsizadə baş qəhrəman məsələsinə münasibətdə görür və həmin məsələni diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Nizaməddin Şəmsizadə "Baş qəhrəman necə olmalıdır?" sualına ədəbiyyatımızın bütün dövrləri üzrə cavab axtarır, "Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyasında geniş şərhini tapan baş qəhrəman problemi "Tənqidin ədəbi prosesdə rolu" monoqrafiyasının da ana xətlərindən birinə çevrilir. Sovet yazıçılarındakı baş qəhrəmanları qiymətləndirərkən Nizaməddin Şəmsizadənin başlıca meyarı belə olur: Baş qəhrəman "kollektiv" kommunist ideologiyasının məhsuludur, ya özünəməxsus yazıçı düşüncəsinin? Özünəməxsusluğu, fərdi üslub ortaya qoymağı yazıçı üçün son dərəcə vacib şərt sayan Nizaməddin Şəmsizadə baş qəhrəmanlara münasibətdə ədəbi tənqidi ideoloji sxemlərdən mümkün qədər uzaq olmağa səsləyir, sxem-şablon elementlərini ən nüfuzlu tənqidçilərin belə yazılarında görmək istəmir. Məsələn, Yaşar Qarayevin "Peyğəmbər" və "Topal Teymur" kimi əsərlərə yanaşması Nizaməddin Şəmsizadəni o qədər də qane etmir, çünki bu yanaşmada siyasi sıxıntılar çəkmiş 20-30-cu illər ədəbi tənqidinin izləri ilə qarşılaşır. O dövr tənqidinin ən böyük sıxıntılarından biri proletkultçuluq təliminin təzyiqi altında dini dəyərləri inkar etməklə bağlı idi. Yaşar Qarayev, Cavidin "Peyğəmbər"indəki baş qəhrəmanı "dinlərə qarşı düşünülmüş bir obraz" adlandıranda Nizaməddin Şəmsizadə, təbii ki, 20-ci illərin stereotiplərindən çox da fərqlənməyən belə bir yanaşma ilə heç cür razılaşmır, təzad və dramatizmi obrazın (din yolunda çarpışan peyğəmbərin) gücsüzlüyü yox, gücü kimi qiymətləndirir. Proletkultçu yazıçıların həmişəqalib qəhrəmanlarından fərqli olaraq Cavid qəhrəmanlarının daxili təzad və dramatizm baxımından diqqəti cəlb etməsi "Topal Teymur" tarixi dramının - kifayət qədər mübahisələr doğurmuş bir əsərin də təhlilində Nizaməddin Şəmsizadə üçün açar rolunu oynayır. Yaşar Qarayev həmin əsərdəki baş qəhrəmanı "tiranları ifşa üçün seçilmiş ən zalım və ən dahi tiran" adlandıranda Nizaməddin Şəmsizadə bu fikri də heç cür bölüşə bilmir. Nizaməddin Şəmsizadənin fikrincə, Əmir Teymur Cavidə "tiranı ifşa etmək"dən daha çox tiranın faciəsini əks etdirmək üçün lazımdır. Bu faciənin əsas göstəricilərindən biri qardaş qırğınına bais olmaqdır. Sultan Bəyazidlə vuruşub qardaş qanı tökdüyünə və qardaş dövləti zəiflətdiyinə görədir ki, Əmir Teymur da Sultan Bəyazid kimi son nəticədə məğlub hökmdardır. Bəli, nə qədər böyük qüdrət sahibi olsa da, Əmir Teymuru "Topal Teymur" əsərində qalib qəhrəman gözündə görmək çətindir. Ona görə ki, Cavid 20-30-cu illərin tərəddüddən, daxili təbəddülat və sarsıntıdan büsbütün uzaq qəhrəmanlarını həm də sənətdən uzaq qəhrəmanlar sayırdı və öz əsərləri ilə fərqli bir yol gedirdi.

Mən bu yazının əvvəlində "Nizaməddin nədən yazırsa, birbaşa və ya dolayı şəkildə öz xarakterinin müəyyən cizgilərini də bizə xatırlatmış olur", - dedim. O məsələyə bir də qayıdıb bildirdim ki, bir çox ədəbi qəhrəmanlardan, xüsusən də Nəsimi, Füzuli və Cavidin romantik obrazlarından bəhs edərkən Nizaməddin bir insan kimi öz xarakterini daha qabarıq büruzə verir. Uzağa getmədən Əmir Teymur obrazına qayıdaq. Əmir Teymurdan, eləcə də Türk tarixinin digər cahangirlərindən müxtəlif yazılarda şövqlə danışarkən Nizaməddin, psixoloqların dili ilə desək, öz Eqosunu büruzə vermirmi? Orta məktəbdə qızıl  medal üstündə qırğına çıxan; ali məktəbdə mümkün vəzifələrin ən böyüyünü - tələbə elmi cəmiyyətinin sədri vəzifəsini tutan; 50-60 səhifəlik diplom işi əvəzinə 130 səhifəlik diplom işi yazmaqla tədris-təhsil standartlarından kənara çıxıb filfakın kefinə soğan doğrayan; başqa tələbələr müəllimlərdən çəkindiyi halda, Bəkir Nəbiyev, Seyfulla Əsədullayev kimi adlı-sanlı professorlarla dostluq münasibətləri qurmağı bacaran; yaşıdları içərisində hamıdan tez doktorluq dissertasiyası müdafiə edən; yaşıdlarından fərqli olaraq 50 və 60 illik yubileylərini Azərbaycan Dövlət Dram Teatrında təntənəli şəkildə qeyd edən Nizaməddin Şəmsizadə birinciliyə can atmırdımı və bu birincilik mahiyyətcə ulu babaların fatehliyindən gəlmə bir xasiyyət deyilmi? Suala "Bəli, elədir!" - cavabını verib Nizaməddinin doktorluq müdafiəsinə toxunmaya bilmirəm. Nizaməddin doktorluq dissertasiyasını namizədlik (indiki anlamda fəlsəfə doktorluğu) müdafiəsindən cəmi dörd il sonra -

1986-cı ildə ortaya qoymuşdu. Amma bu müdafiə baş tutmadı, çünki Nizaməddin filfakın böyük əzmlə qorunan standartlarından kənara çıxdığı kimi, Ədəbiyyat İnstitutun da dəmir qaydalarını pozurdu. O qaydaların biri yaş həddini gözləmək idi. Ədəbiyyat İnstitutunda bizim ədəbi nəslin nümayəndələrindən (Qurban Bayramov, Vaqif Yusifli, Kamran Əliyev, Zaman Əsgərli, Vilayət Quliyev, Teymur Kərimli, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu, Vəli Nəbioğlu... kimi cavanlardan) qabaqda yaşı qırxı çoxdan keçmiş, amma doktorluq dissertasiyasının adını belə çəkməyən başıaşağı elmlər namizədləri (fəlsəfə doktorları) vardı: Hüseyn İsrafilov, Nadir Məmmədov, Əflatun Məmmədov, İslam Ağayev... Bu adamlar dura-dura Nizaməddinin qəfil meydana atılıb doktorluq iddiasına düşməsi Ədəbiyyat İnstitutunda əməlli-başlı çaşqınlıq yaratdı. Müdafiənin qarşısı "mədəni" şəkildə alındı. Və Nizaməddin 1986-cı ildən hər şeyi cağbacağ yerində olan doktorluq dissertasiyasını, axır ki, 90-cı ildə müdafiə edə bildi. Maneçilikdə başlıca səbəbin yaş həddi olduğunu göstərən başqa bir fakt da odur ki, həmin vaxt doktorluq müdafiəsi edən Kamran Əliyevdən də Moskvaya başqa bir təşkilatdan yox, məhz Ədəbiyyat İnstitutundan donos yazmışdılar. Həmin donosun ucbatından Kamran Moskvaya getməli oldu və orda sorğu-sualdan keçib təsdiqini ala bildi. Bu faktları xatırlatmaqda məqsədim birincilik fikrinə düşməyin ətrafda qısqanclıqla qarşılandığını vurğulamaq, Nizaməddinin "dost" deyib, özünə arxa bildiyi bəzi adamlardan nələr çəkdiyinə diqqəti yönəltməkdir.

Nizaməddinin keçib gəldiyi ömür yoluna nəzər saldıqda məlum olur ki, o, bir vaxtlar siyasətə də qoşulub. Əvvəl nüfuzlu bir partiyanın, sonra isə tanınmış ziyalıların yaratdığı bir ictimai təşkilatın sayılıb-seçilən üzvü olub. Həm partiyada, həm də ictimai təşkilatda yaxın silahdaşlarından etibarsızlıq gördüyünə görə siyasətdən kənarlaşıb. Bir az keçib, səhhəti ilə bağlı çətinliklər ortaya çıxıb və o, universitetdəki iş yeri ilə də vidalaşmaq məcburiyyəti qarşısında qalıb. Yaranmış vəziyyət, təbii ki, Nizaməddinin - həyatsevər dostumuzun əhvalına öz təsirini göstərib:

Keçəl Həmzə Qıratı

Koroğlunun əlindən

Aldadıb alan kimi

Məni məndən aldılar.

Bu misraları Nizaməddinin "Mən kiməm" adlı ömür kitabından götürmüşəm. O kitabda bu cür kədərli məqamlarla yanaşı, qəzəblə süslənmiş məqamlar da var: "...məni çevrələyən cəmiyyət mənə boy verə bilmir. Okean gəmisi gölməçədə üzə bilməz". Nizaməddinnamədəki kədərin və qəzəbin hardan gəldiyi bəllidir. Aydın məsələdir ki, Nizaməddin Şəmsizadə etibarsız dünyada qədir-qiymətinin layiqincə bilinməyəcəyindən nigarandır. Məncə, nigarançılığa, rəhmətlik Abbas Zamanovun sözləri ilə desəm, şikayətə heç bir əsas yoxdur. 70 yaşının tamam olduğu bir vaxtda Nizaməddin dostumuz qoy sufiyanə bir eşqlə insanı - üzündə ilahi nur gəzdirən bəşər övladını sevməkdə davam eləsin və bilsin ki, Nizaməddin Şəmsizadə adlı ədəbiyyatşünas və Azərbaycanşünası sevənlərin sayı düşündüyündən qat-qat çoxdur.

 10 oktyabr 2024-cü il.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15288

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see897

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see199

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see133

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see133

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see132

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see131

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see120

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri