Regionda yeni müharibə gözlənilir: üçüncü ölkə də qoşulacaq 2026 proqnozları
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Siyasi şərhçi Elnur Ənvəroğlu Globalinfo.az-a müsahibəsində 2026-cı illə bağlı proqnozlarını bölüşüb.
Sözügedən müsahibəni təqdim edirik:
– 2026-cı ildə dünyanın siyasi düzəni necə olacaq?
– Növbəti il beynəlxalq sistem klassik mənada tam formalaşmış çoxqütblü modelə çevrilməyəcək, amma təkqütblü dünya da demək olar ki, mövcud deyil. ABŞ hələ də hərbi güc, texnoloji üstünlük, dolların qlobal rolu və alyans şəbəkəsi baxımından lider mövqeyini saxlayır. Bunu dünyada gedən proseslər fonunda qismən də olsa Vaşinqtonun aparıcı rolu ilə də izah etmək olar. Lakin bu liderlik əvvəlki onilliklərdə olduğu kimi mütləq və təkbaşına yönləndirici deyil. Məsələn, Çin iqtisadi və texnoloji sahədə, Rusiya hərbi-siyasi təsir, regional güc amili kimi, Hindistan və regional güclər isə diplomatik manevr imkanları ilə sistemdə çəkilərini artırırlar. Nəticədə 2026-cı ilin siyasi düzəni həm də məhdud çoxqütblülük kimi xarakterizə oluna bilər. Bir sözlə, buna belə bir tərif də vermək olar ki, ABŞ əsas mərkəz olaraq qalır, lakin artıq qlobal prosesləri təkbaşına müəyyən edə bilmir.
– Rusiya-Ukrayna müharibəsinin taleyi 2026-cı ildə necə olacaq?
– 2025-ci ildə Rusiya-ABŞ, ABŞ-Ukrayna arasında baş tutan danışıqlar, sülh istiqamətində təklif olunan razılıq sənədləri və həmin sənədlərin tərs-mütənasib formada qəbul olunması və bu əsnada Rusiya-Ukrayna cəbhəsində davam edən intensiv savaşlar onu göstərir ki, 2026-cı ilə daxil olarkən müharibənin tam hərbi qələbə ilə bitməsi ehtimalı zəifdir. Belə olan halda aşağı intensivlikli, dondurulmuş, lakin qeyri-sabit vəziyyət, ya da müəyyən cəbhə xətləri üzrə faktiki status-kvonun formalaşması daha real ssenari kimi görünür. Gedişat göstərir ki, Rusiya üçün uzunmüddətli müharibə iqtisadi və texnoloji baxımdan ağır yükdür. Ukrayna isə Qərbin hərbi-siyasi dəstəyindən asılı qalır. ABŞ və Avropa üçün əsas məqsəd Rusiyanın strateji məğlubiyyətə uğradılması yox, onun ekspansiya imkanlarının məhdudlaşdırılmasıdır. Bu səbəbdən gələn il müharibənin diplomatik çərçivəyə keçirilməsi üçün təzyiqlər artacaq, lakin hərtərəfli sülh sazişi hələ də çətin görünür.
– NATO-Rusiya münasibətlərində yeni mərhələ başlaya bilərmi?
– İkitərəfli münasibətlərində normallaşmadan qəti söz gedə bilməz. Əksinə, tərəflər arasında institusional düşmənçilik modeli davam edəcək. NATO artıq Rusiyanı təkcə risk deyil, strateji təhlükə kimi qəbul edir. Bu, Alyansın hərbi planlaşdırmasında, Şərqi Avropada qüvvələrin yerləşdirilməsində və müdafiə xərclərində açıq şəkildə özünü göstərir. Yeni mərhələ yalnız texniki səviyyədə, yəni risklərin azaldılması, təsadüfi toqquşmaların qarşısının alınması mexanizmləri çərçivəsində mümkündür. Siyasi etimadın bərpası isə Rusiya-Ukrayna müharibəsinin nəticələrindən birbaşa asılıdır və 2026 üçün real görünmür.
– Yaxın Şərqdə baş verən proseslər 2026-cı ildə böyük güclər arasında açıq qarşıdurma riskini artırırmı?
– Yaxın Şərqdəki proseslər birbaşa böyük güclərarası müharibə riskini artırmır, lakin dolayısı ilə gərginliyi yüksəldir. Xüsusilə daha böyük güclər, məsələn ABŞ, Rusiya və Çin bu regionda toqquşmadan qaçmağa çalışır, çünki birbaşa qarşıdurma qlobal iqtisadi və enerji təhlükəsizliyi üçün dağıdıcı ola bilər. Əsas risk İran-İsrail xəttindədir. Burada eskalasiya baş verərsə, ABŞ-ın prosesə cəlb olunma ehtimalı yüksəlir. Bununla belə, 2026-cı ildə böyük güclər daha çox vasitəçi münaqişələr modeli ilə hərəkət edəcək, açıq müharibədən yayınacaqlar.
– Çin-ABŞ rəqabəti növbəti ildə iqtisadi müstəvidən hərbi-siyasi müstəviyə keçə bilərmi?
– Rəqabətin tam hərbi müstəviyə keçməsi ehtimalı aşağıdır, lakin siyasi-hərbi gərginlik artacaq. Çünki Tayvan ətrafında hərbi təlimlər, Cənubi Çin dənizində insidentlər və texnoloji sanksiyalar rəqabətin sərtləşdiyini göstərir. Bununla yanaşı, hər iki tərəf açıq müharibənin nəticələrinin fəlakətli olacağını anlayır. Ona görə də 2026-cı il üçün daha real ssenari nəzarət olunan qarşıdurmadır. Bunu terminoloji olaraq “iqtisadi ayrışma” da adlandırmaq olar. Qısası, texnologiya və təhlükəsizlik sahəsində bloklaşma dərinləşə bilər, lakin birbaşa hərbi toqquşmanın baş verməsi tam real görünmür.
Bir sözlə, subyektiv fikrim olaraq deyim ki, 2026-cı il qlobal siyasətdə keçid və qeyri-müəyyənlik ili kimi səciyyələndirilə bilər. Dünya nə tam çoxqütblüdür, nə də əvvəlki kimi ABŞ mərkəzlidir. Münaqişələr çoxalır, amma böyük güclər hələlik açıq qarşıdurmadan yayınaraq rəqabəti idarə olunan çərçivədə saxlamağa çalışırlar. Bu isə beynəlxalq sistemin daha sərt, lakin ehtiyatlı xarakter aldığını göstərir.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Yanvar 2026 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















