Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində düşüncələr (Üçüncü məqalə)
Icma.az, 525.az saytına istinadən bildirir.
Nizami CƏFƏROV
Birinci Türkoloji Qurultayın dərslərini lazımi mükəmməllikdə almaq üçün, fikrimizcə, onun materiallarını (bu materiallar tam olmasa da, hər halda müəyyən ardıcıllıqla 1926-cı ildə rusca çap edilmiş stenoqrafik hesabatda öz əksini tapmışdır) biri digəri ilə sıx bağlı olan ən azı üç baxımdan öyrənmək lazım gəlir ki, onlardan birincisi Qurultayın keçirildiyi tarixi şərait, orada müxtəlif türk xalqları ziyalılarının, ittifaq və beynəlxalq ekspert qismində dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq və s. ixtisaslar üzrə görkəmli mütəxəssislərin, eləcə də sovet dövlət xadimlərinin daşıdıqları funksiyalar, qəbul olunmuş qətnamələrin ideya-məzmunu, sonrakı illərdə həyata keçirilmə vəziyyətləri və s. barədə doğru- düzgün təsəvvürlərin formalaşmasından ibarətdir.
Artıq qeyd edildiyi kimi, Birinci Türkoloji Qurultay təsadüfən ortaya çıxmış, yaxud hansısa konyuktur siyasi-ideoloji məqsədlərlə gerçəkləşdirilmiş bir hadisə deyildi, o, türk xalqları ziyalılarının on illər ərzində əvvəl Rusiya imperiyası, sonra isə Sovetlər Birliyi daxilində türk xalqlarının layiq olduqları mədəni, ictimai və siyasi səviyyəyə yüksəlmək uğrundakı gərgin mübarizələrinin nəticəsi idi. Sovet hakimiyyəti çarizm dövründəkindən fərqli olaraq, ilk illərdə türk xalqlarının qalxınma təşəbbüslərinə anlaşıqlı yanaşaraq Qurultayın keçirilməsini dəstəklədi, bunun üçün müəyyən şərait yaratdı, sovet dövlət xadimlərinin - SSRİ MİK-in sədri Qəzənfər Musabəyovun, Zaqafqaziya hökumətinin üzvü Mirzə Davud Hüseynovun, eləcə də görkəmli elm xadimlərinin - akademiklərin, professorların Qurultayda iştirakını təmin etdi. İrəlicədən yeni latın əlifbasının qəbulu üçün hər nə qədər böyük işlər görülmüş olsa da, məsələn, Qazaxıstandan, Tatarıstandan gəlmiş nümayəndələrin bu əlifba əleyhinə kəskin çıxış eləmələrinə hər hansı qadağa qoyulmadı. Tanınmış qazax ziyalısı, Qurultayın rəyasət heyətinin üzvlüyünə seçilmiş Əhməd Baytursun islah olunmuş əski əlifbanı sona qədər müdafiə etdi, tatar ziyalısı Qalımcan Şərəf hətta məclisin ağsaqqalı Səmədağa Ağamalıoğlunu məsələyə kəndlilərin münasibəti barədə Leninə yalan məlumat verməkdə ittiham elədi. İclaslarda səslənən türkçü-milliyyətçi çıxışlar göstərdi ki, müxtəlif türk xalqlarının nümayəndələri öz dillərini, ədəbiyyatlarını, tarixlərini özləri yazmaq, yeni açılmış məktəblərdə tədrisi özləri aparmaq istəyirlər. Və maraqlıdır ki, mərkəzdən - Moskvadan, Leninqraddan gəlmiş alimlər də müzakirələrdə kifayət qədər dözüm, təvazökarlıq nümayiş etdirməklə Qurultayın missiyasına hörmətlə yanaşdılar. Məsələn, professor Lev Vladimiroviç Şerba orfoqrafiya məsələsi ətrafında, həqiqətən, mükəmməl bir məruzə etmiş, müzakirələr bitdikdən sonra məruzəçilərə verilən yekun sözündə demişdir:
"Mən bəzi şəxslərdən eşitdim ki, Qurultayı birinci növbədə məşğul edən məsələdə - əlifba məsələsində bu və ya digər tərəfə müəyyən qədər meyilli olmağım haqqında söhbətlər gedir. Bu məsələ ilə bağlı demək istərdim ki, mətbuatda da qeyd etdiyim kimi, özümü bu məsələ ilə bağlı tamamilə səlahiyyətsiz sayıram, çünki bu məsələ milli məsələdir, mədəni-siyasi mülahizələr əsasında həll edilir və burada mənlik bir iş yoxdur... Əgər öhdəmə orfoqrafiyaya dair məruzə götürmüşəmsə, bu məruzə yalnız bütün dünyada mövcud olan prinsipləri əhatə etmişdir".
Türk dillərinə əcnəbi dillərdən, xüsusilə ərəb dilindən keçən sözlərin yazılış qaydasının fərqləndirilib-fərqləndirilməməsi məsələsinə gəldikdə görkəmli dilçi- fonetist təcrübədə hər ikisinin mövcudluğunu qeyd etdikdən sonra "iş zövqdə və yenə də milli həldədir" deyərək əlavə etmişdir:
"Məncə, türk olmadığım üçün, bu məsələdə də öz fikrimi söyləyə bilmərəm. Lakin rus kimi öz dilimə münasibətdə fikrimi bildirmişəm və bildirməkdəyəm. Siz isə özünüz bilərsiniz. Bu, sizin işinizdir və yaxşısı sizə məlumdur".
Bununla belə, peşəkarlıq güc gəlmiş, natiq məlum qeyd-şərtlə öz mövqeyini bildirməkdən də çəkinməmişdir:
"Həm rus dili üçün, həm də, məncə, ümumiyyətlə alınma əcnəbi sözləri xüsusi olaraq fərqləndirməmək prinsipini əsas tutmaq lazımdır".
Yenə də orfoqrafiya məsələsinə dair əlavə məruzə etmiş şərqşünas professor Lev İvanoviç Jirkov yekun sözündə söyləmişdir:
"Burada bir çox yoldaşlar elm xadimlərini tamamilə haqlı olaraq məzəmmət edirdilər ki, siz bir çox məsələləri həll etmirsiniz, soruşduqlarımıza cavab vermirsiniz, birbaşa göstərişlər vermirsiniz: belə et, belə isə etmə. Mən məsələni tamamilə başqa cür qoymalıyam. Mən burada belə deyərdim: bəs siz özünüz haradasınız, alim-türklər? Niyə sayınız belə azdır? Sizin sayınız qat-qat artıq olmalıdır. O qədər çox olmalıdır ki, bütün bu məsələləri özünüz məhz özünüz üçün həll edəsiniz və bu həll Avropadakı daha xoşbəxt tarixi şəraitə malik xalqlarınkından heç də pis olmasın".
Bu, əlbəttə, tənbeh idi, ancaq yuxarıdan aşağı yox... Hətta əksinə olsaydı belə, türk xalqlarının o zamankı durumu həmin tənbehə layiq idi. Və verilən məsləhət də müvafiq standartlardan kənara çıxmırdı:
"Təki siz deyəsiniz ki, biz bu məsələləri həll etmək istəyirik, amma əmin deyilik, metodlarımız yoxdur, siz bizə kömək etməlisiniz. Bax elə həmin bu köməyi dünyanın bütün alimlərindən tələb etmək hüququnuz var və elm bu köməyi sizə göstərə bilər (söhbət dünya kommunist hərəkatının idealları səviyyəsində gedir - N.C.). Hazırda qarşıda çox mühüm məsələlərdən biri - dil sahəsində bu xalqların öz arasında elmi işçilərin hazırlanması məsələsi durur. Əvvəllər avropalılar bütün kontinentlərin dillərini öyrənirdilər, indi isə siz özünüz öz dillərinizi öyrənməyə başlamalısınız və onları avropalıların öyrəndiklərindən heç də pis yox, yaxşı öyrənməlisiniz".
Rusiya alimlərinin praktik türkologiyanın inkişafı üçün türklərə Rusiyanın yox, Avropanın elmi nailiyyətlərini nümunə göstərməsi onların türk xalqlarına (və Qurultaya) göstərdiyi etimad idi ki, bu, bəşəriyyəti xilas edəcək Marks - Engels - Lenin (sonra buraya Stalin də əlavə olundu) ideologiyasının sınaq meydanı sayıla bilərdi. İlk dəfə türk xalqlarını imperializmin caynağından xilas etmək üçün açılan bu maarifçi-akademik meydan öz missiyasını o qədər müvəffəqiyyətlə yerinə yetirdi ki, ikinci bir qurultaya ehtiyac olmadı.
Birinci Türkoloji Qurultayın bizə verdiyi ikinci dərs, heç şübhəsiz, müzakirə olunan məsələlərin iyerarxiyasıdır. Diqqət yetirək: rəsmi çıxışlardan sonra əvvəlcə akademik V.V.Bartoldun məruzəsi gəlir. O qədər də yerində olmayan (və Türk xalqlarının tarixini, Oljas Süleymanov demiş, mümkün qədər cavanlaşdıran) bu məruzədən sonra türk xalqlarının tarixşünaslığına dair bir sıra məruzələr edilir ki, bunları Qurultayın "uvertüra"sı saymaq olar. Sonra türk dillərinin geneoloji qohumluğu barədə məsələ müzakirə olunur. Və professor Bəkir Çobanzadənin məruzəsi ilə başlayan bu məsələ, bir tərəfdən, N.N.Pappenin məruzəsilə altayşünaslıq istiqamətində dərinləşdirir, digər tərəfdən, A.N.Genkonun məruzəsi ilə akademik N.Y.Marrın Yafəsi dilçilik nəzəriyyəsinin eksperimentləri baxımından nəzərdən keçirilir. Görkəmli türkoloq A.N.Samoyloviç "Türk dillərinin tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri" mövzusunda xəritə qarşısında məruzə edir, S.Y.Malov qədim türk dillərindən, N.İ.Aşmarin türkologiyanın tarixindən, R.Açaryan türk dilinin erməni dilinə təsirindən danışır. Daha sonra türk dillərində orfoqrafiyanın əsas problemlərinin müzakirəsinə başlanılır. Kifayət qədər canlı keçən, Qurultayın əsas məsələsi olan yeni əlifbaya keçməyə bir növ hazırlıq işini yerinə yetirən müzakirələr, görünür, gərginlik yarada biləcəyinə görə ortaya türk dillərində elmi terminologiya məsələsi atılır. Və edilən məruzələrdən məlum olur ki, bu məsələ əlifba məsələsindən o qədər də az mühüm deyil. Ancaq o illərin elmi-intellektual (və mədəni) səviyyəsində əlifba-yazı o dərəcədə əhəmiyyətli idi ki, terminologiya müəyyən mənada kölgədə qalır.
Elə ki çoxdan gözlənilən əlifba məsələsinin müzakirəsinə başlanıldı, ilk məruzə etmək məsuliyyətini öz üzərinə götürən Moskvalı professor N.F.Yakovlev məruzəsini mütavaze (və diplomatik!) bir girişlə açmışdır:
"Yoldaşlar! Sizin qarşınızda çıxış etmək kimi ağır və məsuliyyətli işi öz öhdəsinə yalnız burada türk xalqlarının çoxlu nümayəndələrinin, yerlərdə mədəni quruculuğu həyata keçirən bir çox məsul işçilərin iştirakını nəzərə alaraq götürmüşəm və mən ümidvaram ki, bu yoldaşlar mənim səhvlərimi düzəldər, xüsusi olaraq türk xalqları ilə bağlı bir çox məsələlərdə mənim məlumatsızlığımı aradan götürərlər. Mən öz məruzəmə yalnız bu məsələnin həlli üçün material kimi baxıram. Ümumiyyətlə mənə elə gəlir ki, biz alimlər, əsasən də türk xalqlarına mənsub olmayanlar yalnız həll üçün əsas materialı təqdim edə bilərik, bu məsələni isə milli işçilərin özləri həll etməlidirlər. Xüsusən də ona görə ki, bu məsələni yerlərdə həyata keçirmək onların öz öhdələrinə düşəcək".
Məruzəçi bundan sonra türk xalqlarının istifadə edə biləcəyi üç əlifba barədə məlumat verdi: 1) rus (kiril) əlifbası, 2) ərəb əlifbası və 3) latın əlifbası. Onun dediyinə görə, "rus əlifbası tarixən Şərq xalqlarının əksəriyyəti arasında ruslaşdırma siyasətinin aparılması və missioner siyasətinin həyata keçirilməsilə bağlı olduğundan (belə düşünmək olar ki, 30-cu illərdə türk xalqlarının rus əlifbasına keçidi artıq nə ruslaşdırma, nə də missioner yox, tamamilə başqa bir siyasətin nəticəsi olmuşdur - N.C.) bu cəhət ona elə bir xüsusiyyət aşılayır ki, nəticədə, milli yazı yaradarkən xalqların əksəriyyəti rus əlifbasını qəbul etmir".
Bu məsələni gələcək "sosial və mədəni münasibətlər"in öhdəsinə buraxan (!!! - N.C.) natiq ərəb əlifbası ilə bağlı fikrini belə ifadə etmişdir:
"...Türk xalqlarına mənsub olmasam da, Sovet İttifaqının şrift kimi mühüm bir ictimai məsələdən yan keçə bilməyən vətəndaşı, bu qəbildən məsələlərlə məşğul olan alim kimi öz şəxsi münasibətimi də bildirəcəyəm... Ərəb əlifbasına münasibətdə tarix artıq öz işini görüb... Ərəb əlifbası müsəlman mədəniyyətinin yayıldığı hüdudlardan kənara çıxmır, müxtəlif türk xalqlarında savadın inkişaf etdirilməsi məsələsi meydana gəldikdə isə həmin məsələ heç vəchlə ərəb şriftinin daxil olunması istiqamətinə ciddi şəkildə yönəldilə bilməz".
Müsəlman xalqları arasında ərəb əlifbasının get-gedə öz mövqelərini tərk etdiyini deyən əlavə məruzəçidən sonrakı əlavə məruzəçilərin əksəriyyətinin çıxışlarında latına keçid alqışlanır. "İslahatçılar"dan Qalımcan Şərəf N.K.Yanovlevlə L.İ.Jirkovu ikiüzlülükdə - ərəb əlifbasını gələcəkdə rus əlifbası ilə əvəz etmək üçün hələlik latından sui-istifadə eləməkdə təqsirləndirir. Və beləliklə, Qurultayda cərəyan edən hadisələr öz kulminasiya nöqtəsinə çatmış olur. Latın əlifbasının, irəlicədən göründüyü kimi, böyük səs çoxluğu ilə qəbulundan sonra isə gərginlik aşağı düşür. Türk xalqlarının ədəbi dilləri, türk dillərinin tədrisi metodikası, diyarşünaslıq işləri, türk xalqları ədəbiyyatlarının araşdırılması kimi məsələlər elə də ciddi mübahisələrə səbəb olmur.
Və beləliklə, gündəliyə çıxarılan məsələlər, həmin məsələlərin nə dərəcədə müzakirə predmetinə çevrilməsi - aktuallığı Qurultayın məzmun-mündəricəsini müəyyən edən əsas göstəricidir. Əlifba məsələsi hər nə qədər önəmli yer tutsa da, onunla birbaşa bağlı olan orfoqrafiya problemi də az əhəmiyyət kəsb etməmiş, daha sonra isə terminologiya maraq doğurmuşdur... Əslində, ədəbi dil, yaxud dillər məsələsi də diqqəti xüsusi cəlb etməli, ciddi müzakirələrə səbəb olmalı idi. Lakin yeni əlifbaya keçidin strateji səciyyə daşıması, orfoqrafiya və termonologiya kimi təcili işlər bu məsələni arxa plana atmış, həmin mövzudakı məruzə və çıxışlar da peşəkarlıqdan, problemin mahiyyətinə varmaqdan xeyli uzaq olmuşdur. Ancaq bütün hallarda öz həllini gözləyən məsələlərin, demək olar ki, hamısı bu və ya digər dərəcədə nəzərdən keçirilmişdir.
Birinci Türkoloji Qurultayın əsas dərslərindən üçüncüsü ayrı-ayrı türk xalqları ziyalılarının mənsub olduqları xalqlar, onların mədəni maraqları haqqında müəyyən təəssüratlar yaratmasıdır. İlk növbədə özünü aydın şəkildə göstərən, hətta israrla sübut edən odur ki, Qurultayda yekcins bir xalq (türk xalqı!) yox, dilləri, ədəbiyyatları, tarixləri və s. artıq bir-birindən fəqlənən ayrı-ayrı türk xalqları (Anadolu türkləri, Azərbaycan türkləri, özbəklər, qazaxlar, tatarlar, türkmənlər, qırğızlar, qaraçaylar, kumuklar, Altay türkləri, yakutlar, çuvaşlar və b.) iştirak edirlər. Və onların mədəni inkişafın müxtəlif səviyyələrində olması çıxışlarda çox tez-tez vurğulanır. Yeni əlifbaya münasibətdə də türk xalqlarının mövqeləri üz-üzə gəlir. Məsələn, qazaxlarla Kazan tatarları əski əlifbanın islahını müdafiə edirdilər. Hətta görkəmli qazax ziyalısı Əhməd Baytursun, demək olar ki, bütün çıxışlarında bu, mövqedən digər türklərə qarşı cəbhə açır. Orfoqrafiya məsələsinin müzakirəsində o demişdir:
"Türk xalqları var ki, indiyədək ənənələrdən əl çəkə bilmirlər. Məsələn, azərbaycanlılar və osmanlıları götürək. Onlar indiyədək yazının tarixi prinsipini əsas tuturlar. Onlar ərəblərdən keçənləri mühafizəkarlıqla qoruyub saxlayır və bunları dəyişdirməyi küfr sayırlar. Belə münasibət bəsləmək olmaz! Üstəlik, belə bir münasibətlə yanaşı, başqalarını mühafizəkarlıqda ittiham edirlər. Mən bunu deməliyəm, çünki bir çoxları düşünürlər ki, ərəb əlifbasına tərəfdarıqsa, deməli, mühafizəkar elementik. Xeyr!"
Məsələnin mahiyyəti bundan ibarətdir ki, Ə.Baytursun fonetik əsaslı (və müəyyən qədər sinharmonizmi mühafizə etmiş qazax dili üçün yaraya biləcək) əlifbasını müdafiə edərkən nəinki ümumən türk dillərinin (xüsusən isə o türk dillərinin ki, bir neçə əsrlik inkişaf etmiş ədəbi formaları mövcuddur) mənafeyini, hətta dövrün yeni əlifba hərəkatının nüfuzunu da nəzərə almır. Və iş o yerə çatır ki, görkəmli ziyalı inkişaf yoluna yenicə çıxmış qazax dilini artıq zəngin tarixi olan Anadolu və Azərbaycan türk dillərindən üstün tutur. Və tələb edir ki, bu dillər, eləcə də tatar və özbək dilləri ərəb sözlərindən təmizlənsin. Onun normal dil barədəki təsəvvürləri o dövrün "qazax dili" hüdudlarından kənara çıxmır:
"Dili varvarizmlərdən qoruyan prinsip sayəsində biz qazaxların hazırda vahid qazax dilimiz var, yəni dilimiz xalq və ədəbi, sadə camaat və ziyalı dili kimi bölünmür" - deyən Ə.Baytursunun qazax patriotizmi, əlbəttə, yalnız əcnəbi sözlərə (varvarizmlərə) qarşı mübarizəyə yönəlib, ədəbi dil barədəki, ciddi elmi-nəzəri təsəvvürlərə dayanmadığı üçün havadan asılı qalır.
Bütün bunlarla yanaşı, qazax ziyalısı, bir tərəfdən, özünün ərəb əlifbası əsasında qazaxcaya uyğunlaşdırdığı (islah etdiyi) əlifbasını, digər tərəfdən, "xalq və ədəbi, sadə camaat və ziyalı dili kimi bölünməyən" (?) qazax dilini axıra qədər inamla müdafiə eləmiş, sonda isə "latınpərəstlər"i onda ittiham etmişdir ki, bu ərəb əlifbası ilə "13 il bundan əvvəl, çar hökuməti mövcud olduğu, ruhanilər hələ qüvvədə olduğu, xalqa güclü təsir göstərdikləri, bütün müsəlmam mətbuatı bizə qarşı çıxdığı dövrdə üzülüşmüşük. Biz qazaxlar bütün bunlara duruş gətirdik".
Qazax təəşübkeşliyi Ə.Baytursunu əcnəbi sözlərlə çirklənmiş Anadolu türkcəsi, Azərbaycan türkcəsi, tatar və özbək dilləri bir yana, ruscaya - Leninin dilinə qarşı da çıxmağa sövq edəndə rus-sovet alimləri onun (Ə.Baytursunun) "biz geridə qalmış xalqıq, mədəni qüvvə və vasitələrimiz kasaddır" "diplomatik" təvəzökarlığına baxmayaraq, cavabını kifayət qədər elmi (və sərt) şəkildə vermişlər:
"Bir linqivist kimi mənim yoldaş Baytursunun rus dilinə verdiyi qiyməti dinləmək çox maraqlı oldu. Həm də o, təkcə rus dilini yox, fransız, alman və başqa dilləri də səciyyələndirdi. Mən onun termini ilə tam razı deyiləm, axı hər halda dilləri "xaotik" və "harmonik" kimi bilmək olmaz... Mən deyərdim ki, "disfonetik" və "sinfonetik" dillər var, yəni fonetik qanunların, demək olar ki, istisnasız icra olunduğu və həmin qanunların istisna kimi əvvəl əməl edildiyi dillər mövcuddur".
Qazax maarifçisinə qarşı türk xalqları nümayəndələrinin etirazları heç bir halda qazax dilinə qarşı yönəlməmiş, yalnız Ə.Baytursunun islah etdiyi əlifbanı hədəf almışdır. Və Qurultayın ağsaqqalı Səmədağa Ağamalıoğlu latınçıların ümumi fikrini belə ifadə etmişdir:
"Yoldaş Baytursun deyir: kimin əqli varsa, o, ərəb əlifbası ilə qalacaq (yəni onu islah etməkdən o tərəfə keçməyəcək - N.C.). Ağlı olmayıb hissləri olanlar isə qoy yeni əlifba qəbul etsinlər. Siz bu əyri-üyrülərə alışmısınız və bu, artıq hissiyyatdır".
Türk ədəbi dilləri arasındakı fərqlərə gəldikdə isə, bu məsələni yalnız Ə.Baytursun bir qədər kəskin şəkildə qaldırmış, onun dediklərinə isə nə Anadolu və Azərbaycan türkləri, nə Kazan tatarları, nə də özbəklər fikir vermişlər... Kazan tatarlarından Qalımcan İbrahimovun, xüsusilə Qalımcan Şərəfin apardıqları mübarizə isə yalnız ərəb əlifbasının islahı uğrunda olmuşdur.
Birinci Türkoloji Qurultaya türk xalqları ziyalılarının ümumtürk maraqlarından daha çox milli problemlərlə gəlməsinin səciyyəvi nümunələrindən biri də oyrot (Altay) jurnalist Aleksey Makaroviç Sabaşkin olmuşdur. O, sözünə çox qeyri-adi bir girişlə başlamışdır:
"Bu qurultayda iştirak edən yoldaşların çoxu öz millətini tanımır. Bunların arasında oyrotların nümayəndəsi olan mən də varam. Keçmişdə bizi müxtəlif millətlərə aid edirdilər: kalmık, "özgə xalqdan olan" ("inorodes"), Altay, teleut adlandırırdılar. Milliyyətimizin bu qədər müxtəlif şəkildə müəyyənləşdirilməsi nəticəsində biz öz millətimizi itirdik. Yalnız bu yaxınlarda ali təhsil müəssisələrində təhsil alan və türkologiyanın bəzi elmi qüvvələrilə təmasda olarkən öyrəndim ki, mən türkəm".
Oyrot ziyalısı öz çıxışında mənsub olduğu xalqın tarixinin başına çarizm dövründə elm adına açılmış oyunların qısa tarixçəsini xatırladır:
"Bizi möhtərəm alimlər - Radlov, Verbitski, Xaruzin və b. belə adlandırırdılar, burada məruzə edən professor Rudenko da bizim milliyyətimizi eyni şəkildə müəyyənləşdirir: "Türkləşdirilmiş monqollar". Mən bu təyinata etiraz edirəm, çünki bu Qurultayda təmsil edilmiş millətin nümayəndəsi olmaq istəyirəm".
Məsələ bununla da bitmir. Və məlum olur ki, hətta kimliyi belə ən yeni tarixin yaddaşından silinmiş bəzi türk xalqlarının orta əsrlərin sonu, yeni dövrün əvvəllərinə məxsus elə zəngin yaddaş imkanları var ki, yalnız türk xalqlarının Birinci Qurultay kimi ümumi məclislərində özünü büruzə verə bilərdi:
"Bizim həqiqətən türk tayfalarına mənsub xalq olduğumuza tarix özü və rus militarizmi qarşısında geri çəkilərkən etdiyimiz hərəkət dəlalət edir. Tayfamız İrtış ətrafında idi və rus militarizmi tərəfindən sıxışdırılarkən biz Sibirin cənubuna köçməli və Yakutiyanı taleyin ixtiyarına buraxmalı olduq. Xalq, xüsusən də qırğızlar arasında bizə qarşı mövcud olan düşmən münasibət də bundan xəbər verir. Onlar deyirlər ki, biz xəyanətkarıq; qırğız rəvayətində deyirlər ki, vaxtilə bizimlə bir millət olan oyrotlar rus militarizmi qarşısında geri çəkildilər və öz həmvətənlərinə xəyanət etdilər".
Oyrot - Altayların türklərə mənsub olduqlarını bu qırğız rəvayətinə əsaslanaraq da deyən (bunun üçün hətta qırğızlara tarixi xəyanətlərini də öz üzərinə almaqdan imtina etməyən!) A.M.Sabaşkini leninqradlı rus professor Sergey İvanoviç Rudenko cavabsız qoymur:
"Mən yoldaş Sabaşkin tərəfindən düzgün başa düşülmədiyimə çox təəssüflənirəm. Məruzəmdə demirdim ki, oyrotlar, daha dəqiq desək, teleutlar, altaykijilər və telengitlər türkləşdirilmiş monqollardır, onlar təkcə türk yox, güman ki, qədim türk məişətini qoruyub saxlayan qədim türklərdir. Hələ mərhum akademik Radlov bunu qeyd etmiş və bu dillərə əsaslanaraq Altayın türk dillərinin vətəni olması mülahizəsini söyləmişdir".
Ancaq Qurultayın əlimizdə olan stenoqrafik hesabatına inansaq, moskvalı professor Nikolay Feofenoviç Yakovlevin "Türk tayfalarının (xalqlarının deyil, məhz tayfalarının - N.C.) etnoqrafik tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri" mövzusundakı məruzəsində, həqiqətən, belə bir fikir var ki, "biz monqolların uryanklara göstərdikləri nəhəng və Altay türklərinə bundan bir qədər az təsirini müəyyənləşdirə biləcək, Abakan və bəzi Altay - Kuznetsk türklərinin tədqiqində isə, bəlkə də, belə bir nəticəyə gələcəyik ki, birinci halda, türkləşmiş monqollar, ikinci halda isə türkləşmiş şərqi finlərlə rastlaşırıq".
Ümumiyyətlə, bu məruzədə "türkləşmə" məsələsinə xeyli meydan verilmiş, məruzəçi belə bir əsassız tezisi rəhbər tutmuşdur ki, "türk dilinin müxtəlif dialektlərində danışan xalqlar qrupunu türklər adlandırmaq qəbul edilib. Müxtəlif etnik qrupların birliyi kimi, biz türk dünyasından yalnız linqvistik baxımdan danışa bilərik. Şübhəsiz, dil ən böyük sosial amillərdən biridir".
Halbuki dil həm etnosu təyin edən, həm də müxtəlif etnosları müəyyən sosial-siyasi və sosial-mədəni ehtiyaclar baxımından birləşdirən vasitədir ki, birinci halda özünün əsas, ikinci halda isə yardımçı funksiyasını yerinə yetirir. Əgər monqol və fin bu və ya digər dövrdə türkcə danışmağa da ehtiyac duyursa, bu, onun türkləşməsinə dəlalət eləmir. Və 20-ci, 30-cu illər rus-sovet elmində dil haqqında geniş yayılmış təsəvvürlər bu cür çoxsaylı konyuktur mülahizələrə gətirib çıxarmışdır ki, burada akademik N.Y.Marrın başıbəlalı nəzəriyyəsinin günahı az olmamışdır.
Müşahidələr göstərir ki, müxtəlif türk xalqlarının ziyalıları Rusiya inqilabının müəllifi olan ruslardan daha çox, inqilabi eyforiyaya qapılmışlar. Bu özünü onda təzahür etdirdi ki, müəyyən çətinliyə düşən kimi rus ziyalılarının təfəkküründə dərhal imperialist münasibət ünsürləri baş qaldırırdığı halda, türklərin inqilab xaricində istinad edəcəkləri heç bir real ideya mənbəyi yox idi.
Qurultayda, bir tərəfdən, Əhməd Baytursuna, professor L.İ.Jirkovun, A.M.Sabaşkinə professor S.İ.Rudenkonun cavabları nümayiş etdirir ki, rus-sovet elm çinovnikləri bütün hallarda müzakirələrin fövqündə durmağa çalışırdılar (və yəqin ki, onlara bu barədə müəyyən təlimat verilməmiş deyildi), elə ki türklər bir-birindən qurtarıb rusları ittiham etmək fikrinə düşürdülər, cavablarını yerindəcə alırdılar. Və türklərin o elmi-ideoloji hazırlığı yox idi ki, Moskva, Leninqrad alimləri ilə polemikada sona qədər davam gətirsinlər. Az-çox hazırlığı olanlar (məsələn, tatar Qalımcan Şərəf) isə əvvəlcədən razılaşdırılmış prinsiplərə, xüsusilə latın əsaslı yeni əlifbanın qəbuluna qarşı çıxdığına görə, girdiyi polemikalarda əlbəttə, heç bir uğur qazana bilməzdi.
Beləliklə, Birinci Türkoloji Qurultay hər nə qədər ümumtürkoloji məsələləri müzakirə və həll etmək üçün toplansa da, özünü israrla sübut edən mühüm bir nəticə də o oldu ki, artıq müxtəlif türk xalqları, müxtəlif türk dilləri, müxtəlif türk ədəbiyyatları və bir sözlə, türkləri səciyyələndirən çoxlu (və mütəşəkkil!) müxtəlifliklər vardı ki, özünü hər məqamda nəinki hiss etdirir, eyni zamanda özünəməxsus ciddi iddialarla təzahür etdirirdi.
Odur ki, Türkoloji Qurultayın dərsləri həm ümumi, həm də xüsusi və ya həm üfiqi, həm də şaquli şəkildə, yəni eninə-boyuna alınmalıdır. Birinci halda müzakirə edilmiş mövzuların spektri, ikinci halda isə onlara nümayəndələrin (ziyalıların) şəxsində türk xalqlarının münasibəti diqqət mərkəzində olmalıdır. Və heç bir şübhə yoxdur ki, aradan yüz il keçsə də, bizim bu dərslərə böyük ehtiyacımız var. Xüsusilə Türk dünyasında inteqrasiyanın diferensiasiyadan irəli keçməsinə ciddi cəhdlər göstərildiyi bizim günlərdə.


