Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində düşüncələr Birinci məqalə
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nizami CƏFƏROV
Gələn il fevralın sonu, martın əvvəllərində Birinci Türkoloji Qurultayın yüzüncü ildönümünü, heç şübhəsiz, yalnız Azərbaycan yox, bütün Türk dünyası miqyasında ilk növbədə ona görə böyük ruh yüksəkliyi ilə keçirilməsi gözlənilir ki, Qurultay həm türk xalqlarının yeni ictimai, siyasi və mədəni inkişaf yoluna çıxdıqlarını nümayiş etdirmiş, həm də türkologiyanın bir elm olaraq həmin inkişafın önündə getməli olduğunu təsdiq eləmişdir.
Görkəmli dövlət xadimi Səmədağa Ağamalıoğlu "Sovet Sosialist Azərbaycanında ilk Türkoloji qurultayın ilk iclası"nı bu sözlərlə açmışdır:
"Yoldaşlar, birbaşa məsələyə keçməzdən əvvəl sizə məlumat verməliyəm ki, əvvəlcə xan istibdadı və məsuliyyətsiz feodallar sistemi, daha sonra isə rus mütləqiyyəti tərəfindən incidilən Azərbaycan ilk dəfədir ki, tarixi fəaliyyət səhnəsinə taleyini öz arzularına uyğun şəkildə qurub- yaradan azad xalq kimi qədəm qoyur. Və əgər azərbaycanlılar, türkmənlər, özbəklər, keçmiş Romanov imperiyasının bütün kiçik xalqları mövcud olmağa, düşünməyə, asudə nəfəs almağa başlamışlarsa, bu, Böyük Oktyabr İnqilabının iradəsilə baş verib".
İnqilabın başçılarının, xüsusilə Leninin xatirəsi yad edildikdən sonra S.Ağamalıoğlu sözünə davam edərək demişdir:
"Azərbaycanlılar onların bəxtinə düşən və dünyada ilk türkoloji qurultayın onların doğma torpağında açılmasından ibarət olan səadəti qiymətləndirməyi bacaracaqlar. Lakin bu azdır... Türk-tatar xalqlarının nümayəndələri elə buradaca onların həllini tələb edən mədəni məsələlərini nəzərdən keçirərək və həll edərək öz qardaş Qurultaylarında görüşmək imkanı əldə ediblər. İndiyədək türk-tatar xalqlarının tarixində həyatın irəli sürdüyü dinc mədəni məsələlərin müzakirəsi üçün həmin xalqların nümayəndələrinin qurultayı kimi möhtəşəm bir hadisə baş verməmişdi".
Kifayət qədər yüksək elmi- intellektual səviyyəsi ilə yanaşı, Qurultayın önəmi onda idi ki, öz üzərinə məhz türk xalqları qarşısında dayanan (və onların mədəni inkişafına mane olan) çox ciddi praktik problemlərin həlli missiyasını götürmüşdü. Və Türk dünyasının bu möhtəşəm beynəlxalq forumunda iştirak edən böyük elm adamlarının - akademiklərin, professorların məruzə və çıxışlarında hər nə qədər ümumnəzəri mülahizələr irəli sürülsə də, bütün Qurultay nümayəndələri üçün tamamilə aydın idi ki, məqsəd elmi bir müzakirə açmaq deyil. Və məsələnin nə yerdə olduğunu açılış nitqində S.Ağamalıoğlu da öncədən vurğulamışdı:
"Mənə elə gəlir ki, indiyədək heç bir elmi qurultay geniş zəhmətkeş kütlələrinin diqqətini bu qədər cəlb etməyib desəm, səhv etmərəm. Əlbəttə, bütün qurultaylar elm aləminin və qismən də ziyalılar dünyasının diqqəti ilə müşayiət olunurdu. Lakin tarixdə ilk dəfədir ki, biz bu cür qurultaya xalq kütləsinin belə möhtəşəm diqqəti ilə rastlaşırıq və bu da qurultayda baxılan və həll edilən məsələlərin türk-tatar xalqları üçün əməli baxımdan nə qədər canlı olduğunu göstərir".
Qurultayın məhz Sovet Azərbaycanında keçirilməsinin üç əsas səbəbindən birincisi o idi ki, yeni əlifbanın qəbulu ilk dəfə burada gerçəkləşdirilmiş, 20-ci illərin əvvəllərindən başlayaraq həmin sahədə artıq müəyyən təcrübə də qazanılmışdı. İkinci səbəb o ola bilərdi ki, Azərbaycanın paytaxtında digər türk respublikalarındakı ilə müqayisə olunmayacaq qədər inkişaf etmiş elmi-türkoloji mühit formalaşmışdı. Və Krım tatarlarından Bəkir Çobanzadə, Kazan tatarlarından Əziz Qubaydulin, özbəklərdən Xalid Səid Xocayev, çuvaşlardan Nikolay İvanoviç Aşmarin, estonlardan Artur Zifeld - Simumyaqi məhz Bakıda çalışır, həmin mühitə ümumtürkoloji miqyas gətirirdilər. Üçüncü səbəb isə Azərbaycanın "Şərqin qapısı" olması idi ki, burada baş verən hər bir hadisə ən azı həm İranda, həm də Türkiyədə görünür, bütövlükdə isə Şərq xalqlarının diqqətini çəkirdi.
Qurultayın materialları inamla deməyə əsas verir ki, iclaslardakı çıxışlarda türk xalqlarının nümayəndələri özlərini kifayət qədər qürurlu, hətta müəyyən dərəcədə təkəbbürlü aparmaqdan çəkinməmiş, Oktyabr İnqilabının verdiyi azadlıqdan istifadə edərək rus çarizminin müstəmləkəçilik siyasətini kəskin tənqid etməklə, belə bir canlı təsəvvür yaratmışlar ki, türk xalqları daha heç bir müstəmləkəçinin təsiri altına düşməyəcəklər.
SSRİ və Azərbaycan SSR hökuməti adından Qurultayı təbrik edən Qəzənfər Musabəyov demişdir:
"Yoldaşlar, millətlərin öz müqəddəratlarını müəyyənləşdirmək şüarını irəli sürən Oktyabr İnqilabı geridə qalmış türk-tatar xalqlarına dünya mədəniyyətinə, tərəqqiyə qoşulmaq imkanı vermişdir. Həqiqətən də, biz bu xalqların mədəniyyət sahəsində qüdrətli irəliləyişinin şahidiyik. Türkoloji Qurultay həmin elmi irəliləyişin möhkəm bünövrəsini qoymalıdır".
O, hakimiyyətin Qurultay qarşısına qoyduğu ən mühüm vəzifələri aşağıdakı şəkildə sıralamışdır:
"...Birinci - sovet ərazisindən kənarda olan elmi-mədəni aləmlə səciyyəvi, sıx və bilavasitə əlaqələr; ikincisi - yerli diyarşünaslıq cəmiyyətinə onun elmi fəaliyyət axarına yönəldilməsi sahəsində yardım göstərilməsi; üçüncüsü - türk-tatar xalqlarının sosial-siyasi həyatının və onların inqilabi hərəkat tarixinin son dərəcə diqqətlə araşdırılması".
Göründüyü kimi, birinci vəzifə sosialist inqilabının xaricə, yəqin ki, ilk növbədə Yaxın Şərqə "yumşaq" şəkildə ixracını, ikincisi, elmin sovetsayağı kütləviləşdirilməsini, üçüncüsü isə türk xalqları tarixşünaslığının "inqilabiləşdirilməsi"ni nəzərdə tutur.
Hökumət başçısı onu da vurğulamışdı ki, Türkoloji Qurultay daha bir sıra məsələləri həll etməlidir: "bunlar - dil, terminologiya məsələləri, savadsızlığı ləğv etmək kimi möhtəşəm təşəbbüs, dövlət aparatının zəhmətkeş kütlələrə bilavasitə yaxınlaşması, orta və ali məktəblərdə ana dilində dərs deyilməsi, dərsliklərin ana dilinə tərcümə olunması və s. və i.a."
SSRİ MİK nəzdində yaradılmış Ümumittifaq Şərqşünaslıq Assosiasiyasının rəhbəri, yəhudi Nikolay Pavloviç Pavloviç (o, alimdən çox ideoloq idi və Qurultayın "mətbəx"inə xüsusi bələdliyi ilə seçilirdi) Birinci Türkoloji Qurultayın məhz Azərbaycanda keçirilməsini, eləcə də ona (Qurultaya) hakimiyyətin verdiyi önəmi qiymətləndirərək demişdi:
"Bu Qurultayın böyük Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycan Respublikasında çağırılması da Sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin milli siyasətinin prinsiplərinin böyüklüyünə sübutdur, yoxsa belə bir Qurultay hər hansı başqa ölkədə ola bilərdimi? Məgər siz Sovet İttifaqından kənarda Bartold, Elmlər Akademiyasının nümayəndələri Oldenburq, Krımski və b. elm nəhənglərinin savadsızlığı aradan götürməyə kömək edə biləcək bütün yolları müzakirə etmək üçün zəhmətkeş kütlələrinin nümayəndələri ilə birlikdə toplaşdığı başqa bir qurultay görmüsünüzmü?"
Milli siyasətin bu və ya digər dövlətin taleyində ölüm-qalım məsələsi olduğunu xatırladan natiq çarizmin çökməsindən nəinki məzlum xalqların, elə rusların özlərinin də xilas olduğunu nəzərə çarpdırmışdı:
"Çarizm dövründə rus xalqının nəhəng qüvvəsi geridə qalmış adlandırılan xalqların fəthinə və istismarına sərf olunurdu. Həmin xalqların möhtəşəm enerji ehtiyatları isə, əksinə, bu istismar və sıxışdırma əleyhinə mübarizəyə yönəldilirdi. Beləliklə, nəhəng qüvvə ehtiyatları bir-birini iflic edirdi... İndi isə həmin nəhəng mənbələrdən yalnız iqtisadi-mədəni quruculuğa yönəldilən qüvvə axıb gəlir".
Hər nə qədər iddialı görünsə də, Sovetlər Birliyinə daxil olan (və ya edilən) xalqların mədəni bərabərliyi uğrunda aparılan mübarizədə Birinci Türkoloji Qurultayın rolunun son dərəcə əhəmiyyətli olduğu ondan da görünür ki, geniş türk xalq kütlələrinə mükəmməl əlifba, orfoqrafiya, terminologiya və ədəbi dilə yiyələnməyin yollarını axtarmaq kimi imkanlar tanınmışdır. Qurultayın (və onun iştirakçısı olan türk ziyalılarının) şəxsində öz üzərlərinə sözdə (və ya işdə) hər hansı ideoloji öhdəliyi götürüb-götürməmələrindən asılı olmayaraq, sözügedən imkanın tanınmasının özü çox böyük tarixi hadisə idi. Və bunun üçün Oktyabr İnqilabına hətta müəyyən mənada minnətdarlıq etmək də olardı.
Zaqafqaziya hökumətinin üzvü Mirzə Davud Hüseynovun çıxışı türk xalqlarının Sovetlər Birliyindəki coğrafi, sosial-siyasi və mədəni yeri, çəkisi, əhəmiyyəti barədə Qurultaya verilmiş elə bir mesaj idi ki, Oktyabr İnqilabının xilaskarlıq missiyası (və Sovet hakimiyyətinin tətbiq etdiyi yeni idarəçilik üsulu) ilə yanaşı, bu xalqların varlığının önəmini də diqqət mərkəzinə çəkirdi.
"Yoldaşlar, bizim böyük Sovetlər İttifaqının digər xalqları sırasında türk xalqları sayına görə ilk yerlərdən birini tutur. Əgər diqqətlə baxsaq, aydın olar ki, onlar Altay dağlarından, böyük Volqadan, Türküstanın tənha qumluqlarından, Qafqazın qarlı zirvələrindən başlayan və gözəl Krımda qurtaran nəhəng bir ərazini tuturlar... Çar hökuməti nə az, nə çox - bütün özgə millətlərdən olanları məhv etmək, onları ruslara çevirmək istəyirdi. Yoldaşlar, çar hökumətinin Özbəkistan, Azərbaycan və Qazaxıstanın torpaqlarını tədricən işğal etməsini, "türk" sözünün hətta dilə gətirilməsini belə qadağan eləməsini başqa heç bir şeylə izah etmək mümkün deyil".
Əgər Qurultay rus-sovet şovinizminin təsiri altında keçirilsəydi, M.D.Hüseynov bu cür açıq danışa bilməzdi.
Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini azaltmaq, hətta bütünlüklə yoxa çıxartmaq cəhdləri olmuşdur ki, burada əsas motiv həmin möhtəşəm elmi-praktiki forumun məhz Sovetlər Birliyinin ideoloji rəhbərliyi altında keçirilməsidir. Doğrudur, Qurultay birbağa Sovetlər Birliyinin paytaxtı Moskvada layihələndirilmiş, Sovet dövlət və hökumət orqanlarının nəzarəti (və iştirakı) ilə gerçəkləşdirilmişdir. Və başqa cür də mümkün deyildi... Ancaq bir məsələni unutmaq olmaz ki, Türkoloji Qurultayın keçirilməsi dövrün inqilabi eyforiyasının təbiətindən gələn ictimai sifariş idi, türk xalqları ziyalılarının XIX əsrin sonlarından başlayan, XX əsrin əvvəllərində isə artıq qarşısıalınmaz həddə çatan milli özgürlük mücadilələri cavabsız buraxıla bilməzdi. Və heç şübhəsiz, xalqların öz müqəddaratlarını təyin etmək hüquqlarına təminat vermiş Sovetlər Birliyi bu öhdəliyə az və ya çox dərəcədə əməl etməli idi. Ona görə də Birinci Türkoloji Qurultayın keçirilməsi, ilk növbədə, türk xalqları ziyalılarının şəxsində həmin xalqların öz istəklərindən irəli gəlirdi. İkincisi isə, tarix səhnəsinə çıxmış yeni dövlət bu qanuni istəklərin nəinki qarşısını almalı, əksinə, ən azı öz mənafeləri naminə onu müdafiə etməli idi. Əlbəttə, o da tamamilə təbii idi ki, türk xalqları ilə, ümumiləşdirilmiş şəkildə desək, Moskva (Sovet hakimiyyəti) arasında əlaqə, bir növ, "diplomatik" səciyyə daşıyır, hər iki tərtəf müəyyən maraqlardan çıxış edirdi: Moskvanın əsas məqsədi türk xalqlarını sovet sosialist (kommunist) rejimi prinsiplərilə idarə etmək, türk xalqlarının məramı isə mədəni inkişafa nail olmaq idi. Əgər bəzi təfərrüatlara getsək, bu maraqlar xüsusilə ilk illərdə bir-birini, demək olar ki, istisna eləmirdi. Ancaq ümumbəşəri bir layihə kimi düşünülmüş kommunizm hərəkatı tənəzzül etdikcə Moskva ilə türk xalqları arasında ciddi inamsızlıq ortaya çıxmağa başladı: türk xalqları Moskvanı onların müstəqilliyini məhdudlaşdırmaqda, Moskva isə öz idarəsi altındakı xalqları millətçilikdə günahlandırırdılar. Və məsələnin ən dözülməz cəhəti isə onda idi ki, bu cür ittihamların kökü yeni quruluşun (sosializmin) hüdudlarını aşaraq çarizm dövrünə qədər gedib çıxır, "xalqlar həbsxanası" barədəki təsəvvürləri yenidən canlandırırdı.
Birinci Türkoloji Qurultayın stenoqramı ilə ötəri tanışlıq belə aydın göstərir ki, türk xalqları ziyalıları rus çarizminin müstəmləkəçilik siyasətini çəkinmədən, son dərəcə kəskin şəkildə tənqid edərkən Oktyabr İnqilabının açdığı yolla gedərək həm sosial-iqtisadi, həm də mədəni sahələrdə böyük uğurlar qazanacaqlarına əmindirlər. Və başlıcası, bu işdə heç bir başqa xalqın köməyinə yox, yalnız özlərinə güvənirlər.
Beləliklə, Qurultayı, mahiyyət etibarilə, heç bir halda Sovet hakimiyyətinin (və ideologiyasının) "əsər"i adlandırıb onun türk xalqları üçün tarixi əhəmiyyətinə bu baxımdan kölgə salmaq cəhdi tamamilə əbəsdir. Əgər belə bir şey olsaydı, hakimiyyət "bağladığı" işi davam etdirər, ikinci, üçüncü və s. qurultayları da ardıcıl olaraq keçirərdi. Lakin nəinki sonrakı qurultaylar keçirildi (halbuki Birinci Qurultayda İkinci Qurultayın yeri və vaxtı da - iki il sonra Səmərqənddə olmalı idi - elan edilmişdi), hətta Birincinin nəşr olunmuş sənədləri arxivlər küncünə atıldı, onun ideyaları, əgər belə demək mümkünsə, anonim şəkildə tətbiq edilməyə başlandı. Görünür, Sovet ideologiyasının (və milli siyasətinin) "inkişaf"ının sonrakı mərhələsində türk xalqlarının mədəni problemlərini bir yerdə yox, ayrı-ayrılıqda həll etmək qərara alınmışdı.
Birinci Türkoloji Qurultayın Türk dünyasının (və türkçülüyün!) tarixindəki əhəmiyyətini anlamayanların ağlına hərdən belə bir fikir də gəlir ki, Qurultayı xüsusi olaraq SSRİ-nin Dövlət Təhlükəsizlik orqanları keçirmişdilər. Və guya məqsəd ondan ibarət idi ki, pantürkistləri aşkara çıxarıb sonra tədricən aradan götürsünlər. Əlbəttə, bu, dövrün xüsusiyyətlərini dərindən bilməməkdən, yalnız KQB-nin Sovet hakimiyyəti sistemindəki "cəlladlıq" missiyasının zəhmindən irəli gələn təəssüratdır. Qurultaya nəzarət ümumiyyətlə Sovet hakimiyyətinin əlində idi ki, təhlükəsizlik orqanlarına bunun sadəcə "qara" işlərini görmək (məsələn, kimin hansı hərəkətlər etdiyini izləmək) tapşırıla bilərdi. Hakimiyyət qarşısında dayanan əsas vəzifə isə Qurultayı yüksək elmi, ideoloji səviyyədə keçirərək bütün dünyaya nümayiş etdirmək idi ki, Sovetlər Birliyində, sosializm quran Sovet cəmiyyətində milli məsələ nə qədər demokratik, humanist və fundamental şəkildə gerçəkləşdirilir. Ona görə də ölkənin ən görkəmli türkoloqları, dilçiləri, tarixçiləri, etnoqrafları Qurultayın işinə cəlb olunmuş, xaricdən də mütəxəssislər dəvət edilmişdi. Yaradıldığı ilk illərdən öz mütəşəkkilliyi (və qəddarlığı) ilə nə qədər böyük "nüfuza" yiyələnsə də, KQB bu səviyyəli bir forumu nə orqanizə, nə də onun gedişinə nəzarət edə bilərdi.
Təxminən on il sonra Birinci Türkoloji Qurultayın həyatda olan bütün türk mənşəli nümayəndələrinin repressiyaya məruz qalmasına gəldikdə isə, bu da KQB-nin "müəllifliy"i barədəki təsəvvürə haqq qazandırmır. Əvvəla, SSRİ-də milli məsələyə 20-ci illərdəki münasibətlə 30-cu illərin ortalarından sonrakı münasibətin kəskin şəkildə fərqləndiyini görməmək mümkün deyil. Tədricən nəinki türklüyə, hətta "türk" sözünə belə siyasi-ideoloji antipatiya yaranır ki, bunun bir səbəbi də, yəqin ki, yeganə müstəqil türk dövləti - Türkiyə ilə SSRİ arasındakı dostluq əlaqələrinin 30-cu illərin əvvəllərindən başlayaraq, demək olar ki, pozulması idi.
Biz demirik ki, Birinci Türkoloji Qurultayın keçirilməsi, burada qəbul olunan qərarların hamısı Sovet hakimiyyətinin daxili tələbatı, bir növ, "ürəyindən gələn"lər idi. Əlbəttə, burada müəyyən siyasi-ideoloji konyuktur, nə ilə nəticələnəcəyi bilinməyən eksperimental təşəbbüslər, "yeni cəmiyyət" quruculuğu hərəkatının inersiyası (və eyforiyası) da vardı. Ancaq düşünmək ki, KQB, yaxud ümumən Sovet hakimiyyəti 1926-cı ildə hansısa "uzaqgörənliklə" 1937-ci ilin repressiyalarını planlaşdırırdı, bu, heç cür özünü doğrultmur.
Birinci Türkoloji Qurultay Sovetlər Birliyinin təşkil olunduğu ilk illərdə keçirilən kifayət qədər səmimi, demokratik, müxtəlif mövqelərin üz-üzə gəlməsinə meydan açan bir Məclis idi ki, onun stenoqramının öyrənilməsi, əsasən, Sovetlər Birliyi dağıldıqdan sonra başlanılmışdır. Bu işdə professor Adil Babayevin xidmətləri, həqiqətən, mühüm, miqyaslı və hər cür təqdirəlayiqdir. Bununla yanaşı, zaman keçdikcə (və türk məkanında inteqrasiya daha da gücləndikcə!) ortaya çıxan keyfiyyətcə yeni çağırışlar Qurultayın materiallarını daha dərindən öyrənməyi tələb edir. Və hadisələrin göründüyü kimi olmadığına inanan, müzakirələrdən keçməyən heç bir məsələni ciddiyə almayan bizim dövrümüzdə, əlbəttə, Birinci Türkoloji Qurultay kimi möhtəşəm (və mötəbər) bir forum da hansı tərəfdənsə mübahisə predmeti ola bilər, ancaq onu sovet konyukturu, KQB "oyun"u elan edib gözdən salmaq çox böyük qəbahət, məsuliyyətsizlik və günahdır.


