Icma.az
close
up
RU
BMT də Baş katib seçkisi öncəsi maliyyə çöküşü təhlükəsi

BMT də Baş katib seçkisi öncəsi maliyyə çöküşü təhlükəsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ və Çinin borcları təşkilatın büdcəsinin yarısına bərabərdir

İkinci Dünya müharibəsindən sonra beynəlxalq ictimaiyyət yeni qlobal münaqişələrin qarşısını almaq və beynəlxalq əməkdaşlığı təşviq etmək üçün BMT-ni yaratdı. Hazırda dünyanın demək olar ki, bütün ölkələri bu təşkilatın üzvüdür. Bu, onu fərqli siyasi sistemlərə, maraqlara və inkişaf səviyyələrinə malik dövlətlərin dialoqa girə və ortaq problemlərin həll yollarını axtara biləcəkləri yeganə foruma çevirir. Təhlükəsizlik, iqtisadiyyat, humanitar yardım, ətraf mühit, səhiyyə və insan hüquqları ilə bağlı müzakirələr məhz BMT strukturları vasitəsilə aparılır.

Fəaliyyət göstərdiyi 80 ilə yaxın bir dövrdə təşkilat onlarla silahlı münaqişənin həllində iştirak edib. BMT-nin sülhməramlı missiyaları Balkanlarda, Afrikada, Yaxın Şərqdə və digər bölgələrdə fəaliyyət göstərib. Dünya Ərzaq Proqramının işi sayəsində hər il müharibə və aclıqdan əziyyət çəkən ölkələrdə milyonlarla insan yardım alır. Ümumdünya Səhiyyə TəşkilatıCOVID-19 pandemiyası dövründə beynəlxalq səyləri əlaqələndirmiş və bir çox ölkələrdə təhlükəli xəstəliklərlə mübarizəyə kömək etmişdir. BMT-nin Uşaq Fondu isə dünya miqyasında peyvənd, təhsil və uşaqların müdafiəsi proqramlarını dəstəkləyir.

Təşkilatın Nizamnaməsi müasir beynəlxalq münasibətlərin fundamental prinsiplərini təsbit edir. Bunlara dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyünə hörmət, mübahisələrin dinc yolla həlli və hüquqi əsas olmadan güc tətbiqindən imtina daxildir. BMT-nin himayəsi altında bir çox beynəlxalq müqavilə və sazişlər imzalanmışdır.

Dünyada müxtəlif beynəlxalq təşkilatlar mövcuddur, lakin hər biri məhdud sayda iştirakçını bir araya gətirir və ya müəyyən fəaliyyət sahələrinə diqqət yetirir. Amma BMT, demək olar ki, bütün dünyanı əhatə edir və beynəlxalq məsələlərin tam spektrini həll edir.

Bu gün dünya təkbaşına ayrı-ayrı dövlətlərin həll edə bilmədiyi problemlərlə üzləşir: beynəlxalq terrorizm, iqlim dəyişikliyi, epidemiyalar, miqrasiya böhranları, ərzaq təhlükəsizliyi və silahlara nəzarət birgə fəaliyyət tələb edir. Təşkilat müntəzəm olaraq tənqid olunur və islahatlara ehtiyac duyur, lakin yenə də qlobal dialoq üçün əsas mexanizm, mövcud beynəlxalq münasibətlər və beynəlxalq hüquq sisteminin təməli olaraq qalır.

Lakin qalır desək belə, bunu daha ehtiyatla dilə gətiririk, çünki onun taleyi artıq sual altındadır. Çünki BMT iki ən böyük donoru - ABŞ və Çin tərəfindən ödənişlərin dayandırılması səbəbindən maliyyə çöküşü riski ilə üzləşib. “The Wall Street Journal” qəzetinin məlumatına görə, Vaşinqtonun borcu 4 milyard dolları keçib, Pekin isə təşkilata 445 milyon dollar borcludur. Bu ölkələr birlikdə BMT-nin əsas maliyyələşdirməsinin 42 faizini təşkil edir.

ABŞ-ın təşkilata münasibəti qismən bəllidir. Donald Tramp administrasiyası təşkilatın xərclərini səmərəsiz adlandırır. ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla bir neçə BMT proqramı və agentliyindən çıxıb. Çin, “töhfələrdə faktiki lider” olduğunu iddia etsə də, köçürmələrini təxirə salır. Eyni zamanda, digər ənənəvi donorlar – Böyük Britaniya, Almaniya, İsveç və Hollandiya da təşkilata dəstəyini azaldır və bu addımı büdcə qənaəti və siyasi dəyişikliklər fonunda beynəlxalq xərclərin ixtisarı ilə əlaqələndirirlər.

BMT-nin Baş katibi Antonio Quterreş, təşkilatın faktiki olaraq “iflasa doğru yürüş”də iştirak etdiyi barədə xəbərdarlıq edib və maliyyə çöküşünü olduqca real bir ehtimal adlandırıb. Belə təxmin edilir ki, BMT-nin vəsaiti avqustun ortalarında tükənə bilər.

Bu səbəbdən artıq BMT daxilində də xərclərin azaldılmasına hesablanan misli görünməmiş tədbirlərə başlanılıb: ofislər bağlanır, katiblikdə çalışan təxminən 3 min əməkdaş işdən çıxarılıb, tərcüməçilərin iş saatları azaldılıb, qərargahlardakı eskalatorları dayandırırlar və Nyu-Yorkdakı qərargahın təmiri təxirə salınır. Təşkilat həmçinin sülhməramlı əməliyyatları məhdudlaşdırır. Qoşunlar bəzi Afrika ölkələrindən daha tez çıxarılır, Nepal və Banqladeş də daxil olmaqla, sülhməramlı kontingent göndərən dövlətlərə ödənişlər isə gecikir. Təşkilatın rəhbərliyi xəbərdarlıq edir ki, mövcud böhran əvvəlki böhranlardan xeyli ciddidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Maykl De Sombre BMT Təhlükəsizlik Şurasına bildirib ki, “biz çoxtərəflilikdən imtina etməyə deyil, aydınlığın və nəticələrin səmərəsizlik və boş sözlərdən üstün olmasını təmin etməyə çalışırıq”.

BMT-nin borc ala bilməməsi və rəhbərliyin dərin yenidənqurma üçün məhdud səlahiyyətləri səbəbindən vəziyyət daha da mürəkkəbləşir. Büdcənin təxminən 70 faizi əməkhaqqına xərclənir, lakin üzv dövlətlər mövcud təşəbbüsləri azaltmaqdansa, böyük həvəslə daha çox yeni təşəbbüslər irəli sürürlər. İndi onların sayı təxminən 40 mini keçir.

Bir çox analitiklər beynəlxalq təşkilatın maliyyələşdirmə problemləri, onların hansı qlobal proseslərə işarə etdiyi və gələcəkdə onu nələr gözlədiyi barədə müxtəlif təhlillər aparır və proqnozlar verirlər.

Sual oluna bilər ki, maliyyələşdirmənin azaldılması nə ilə bağlıdır?

Qeyd etdiyimiz kimi, əsas səbəb, BMT-nin baza büdcəsinin təxminən 42 faizini təmin edən 2 ən böyük ianəçi - ABŞ və Çin tərəfindən gecikdirilmiş ödənişlərdir. BMT hesab edir ki, bu borclar siyasi təsir vasitəsi kimi istifadə olunur.

BMT-yə humanitar yardımın ən böyük donoru olan ABŞ maliyyələşdirməni ildə 10 milyard dollardan təxminən 3,8 milyard dollara endirib. Buna baxmayaraq, ABŞ məcburi ianələrini ödəməyib və səmərəsiz xərclərlə mübarizə aparmaq ehtiyacını əsas gətirərək, ÜST də daxil olmaqla, bir neçə BMT proqramından çıxıb. Vaşinqton təşkilatdan xərclərin, personalın və imtiyazların daha da azaldılmasını tələb edir. Özünü BMT-nin əsas müdafiəçisi adlandıran Çin də 2026-cı ilin may ayında qurumun büdcəsinə təxminən 850 milyon dollar köçürsə də, borcunu tam ödəməyib. Çinin ödənişlərinin gecikməsi ölkənin çoxtərəfli formatlara, beynəlxalq hüquq və diplomatiyanın roluna, BMT-yə fəal dəstəyi fonunda baş verir. Lakin Çinin borcunun əhəmiyyətli bir hissəsinin may ayında ödənildiyini nəzərə alsaq, o zaman bu, daha çox maliyyə məsələsi ola bilər.

Nəzəri olaraq, Quterreşin Tramp üzərində təsir gücü var: BMT-nin, bir ölkənin təşkilata olan borcları ikiillik ödəniş məbləğini keçərsə, Təhlükəsizlik Şurası üzvünün səsvermə hüquqlarını müvəqqəti olaraq dayandırmaq hüququ var. ABŞ bu həddi keçib, lakin Quterreşin Vaşinqtonla belə bir qarşıdurmaya girməyəcəyi əvvəlcədən bəllidir.

Rusiyanın Siyasi Təhlil Mərkəzinin direktoru Pavel Danilin bu versiyanı belə izah edir: “Düşünürəm ki, təşkilat ABŞ-a münasibətdə belə yanaşmanı nəzərdən keçirməyəcək, çünki Vaşinqtonun Təhlükəsizlik Şurasında veto hüququ və səsvermə hüququ olmayacaqsa, o zaman Amerika bu təşkilatı tamamilə bağlamaq üçün əlindən gələni edər”.

Araşdırmalar göstərir ki, 2025-ci ildə BMT-nin qiymətləndirilmiş töhfələrinin yalnız 77 faizi ödənilib ki, bu da üzv dövlətlər üçün rekord səviyyədə borc deməkdir. Bundan əlavə, BMT-nin büdcə sistemi özünün qaydaları üzündən daha da mürəkkəbləşir: istifadə olunmamış vəsaitlər üzv dövlətlərə, töhfələrini ödəyib-ödəməmələrindən asılı olmayaraq, geri qaytarılır. 2026-cı ildə bu cür geri qaytarılan məbləğ 227 milyon dollara çatıb və 2027-ci ildə 400 milyon dolları keçə bilər. Quterreş bu vəziyyəti BMT-nin maliyyəsinə “ikiqat zərbə” adlandırır.

Böhranın nəticələri artıq görünür: BMT-nin İnsan Hüquqları İdarəsi müharibə cinayətləri ilə bağlı araşdırmaları azaldır, Əfqanıstanda ana və uşaq sağlamlığı klinikaları bağlanır və Ümumdünya Ərzaq Proqramı Sudandakı münaqişədən yaxasını qurtaran qaçqınlar üçün ərzaq payını azaldır.

Böhran nəyi göstərir?

BMT-nin iflas riski bir neçə tranşla “müalicə edilə” bilən, təcrid olunmuş maliyyə problemi deyil. Bu, davam edən qlobal proseslərin, yəni universal beynəlxalq institutların tənəzzülünün və regional blokların, koalisiyaların və çoxüzvlü müqavilələrin artan əhəmiyyətinin başqa bir simptomudur. Oxşar böhranlar ÜST və ÜTT kimi digər qlobal təşkilatlarda da davam edir. “Soyuq müharibə” ilə müqayisədə belə, daha az razılaşma və konsensusun olduğu bugünkü dünyada bu qaçılmazdır. Çünki XXI əsrin bütün münaqişələri çoxlu fərqlərin mövcudluğunu, maraqların daha ziddiyyətli olduğunu, qətnamələrin qəbul edilməsinin çətinliyini və onlarla razılaşmayan ölkələrin çoxluğunun o sənədləri nüfuzdan saldığını göstərir. Digər tərəfdən də artıq dünyada beynəlxalq təşkilatların regionallaşdırılması başlayıb. Dünya getdikcə bölünür. Beynəlxalq səhnədə belə qeyri-sabitlik olduğu bir vəziyyətdə, Aİ, G7, BRICS, Ərəb Liqası və AUKUS kimi situativ koalisiyalar və regional bloklar, sadəcə, əlverişli olduqlarına görə daha çox maraq doğurur.

Bundan əlavə, bir neçə ildir ki, BMT-nin islahatına ehtiyacın vacibliyi barədə müzakirələr davam edir. Bir çox ölkələr hesab edirlər ki, təşkilat artıq mövcud olmayan bir dünyanı əks etdirir, çünki təşkilatın 80 illik fəaliyyəti ərzində çox şey dəyişib. Məsələn, Qlobal Cənubun BMT Təhlükəsizlik Şurasında təmsilçiliyinin artırılmasının zəruriliyi, Afrika və Latın Amerikası ölkələrinin, eləcə də Türkiyənin, Hindistanın rolu barədə müzakirələr aparılır. Bu mənada, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək tribunadan səsləndirdiyi “dünya 5-dən böyükdür” ifadəsi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq məclislərdə bəyan etdiyi “BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur” fikri buna əyani sübutdur. Bu, etibarsızlığa və BMT-nin qlobal böhranların həllində rolunun azalmasına səbəb olur.

Narahatlıq doğuran məqamlardan biri də ondan ibarətdir ki, təşkilatın maliyyə iflası daha çox kasıb ölkələrə mənfi təsir göstərir. BMT-nin humanitar missiyaları, qaçqınlara yardım proqramları, tibbi və ərzaq proqramları maliyyə çatışmazlığı səbəbindən təhlükə altında olduğundan, ən kasıb və ən böhranlı ölkələrdə insanların ərzaq payı azaldılır, peyvənd oluna bilmir və ya münaqişə baş verdikdə sığınacaq axtarırlar.

Təşkilatın maliyyə problem gərginləşdiyi bir vaxtda BMT-nin yeni Baş katibi vəzifəsinə seçkilər də artıq yaxınlaşmaqdadır. Əslində, seçki prosesi rəsmi olaraq 2025-ci il noyabrın 25-də, Baş Assambleyanın sədri və BMT Təhlükəsizlik Şurasının sədri üzv dövlətlərə namizədlərini irəli sürməyə dəvət edən birgə məktub göndərdiyi tarixdən başlayıb. Nizamnaməyə görə, namizəd bir və ya daha çox üzv dövlət tərəfindən irəli sürülə bilər, lakin hər ölkənin yalnız bir nəfəri irəli sürmək hüququ var.

Baş katibin seçilməsi proseduru olduqca mürəkkəbdir. BMT Nizamnaməsinə görə, Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təyin olunur. Lakin bu qısa formul da mürəkkəb, çoxmərhələli prosedur ehtiva edir.

Təhlükəsizlik Şurasında səsvermə, bəlkə də, seçki dövrünün ən mürəkkəb prosesidir, çünki onun bütün üzvləri bir sıra gizli səsvermələr keçirirlər və hər birinin səs verməsi “lehinə”, “əleyhinə” və ya “rəysiz” səsvermələridir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Rusiya, ABŞ, Çin, Birləşmiş Krallıq və Fransa - veto hüququna malik olduqları üçün hər biri istənilən namizədi bloklaya bilər. 2016-cı ildə Quterreş Baş katib seçiləndə Təhlükəsizlik Şurasının konsensusa gəlməsi üçün altı səsvermə mərhələsi tələb olunurdu. Buna görə də Baş Assambleya tərəfindən qəbul edilən qərar olduqca formal xarakter daşıyır və adətən Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən namizəd səs çoxluğu ilə qəbul edilir.

Namizədlərlə ictimai dinləmələr artıq 2026-cı il aprelin 20-dən 27-dək keçirilib. Təhlükəsizlik Şurasında səsvermə isə bu il iyul ayının sonuna planlaşdırılıb. Təşkilatın maliyyə çöküşü ilə üzləşdiyi belə bir vaxtda seçkilərin baş tutub-tutmayacağı da sual doğurur.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see278

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see274

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see273

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see267

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see263

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see256

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see256

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see252

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see241

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see238

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see227

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see224

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see220

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see220

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see218

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see207

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see207

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see204

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri