BÖYÜK ÇÖKÜŞDƏN ƏVVƏLKI İRAN... Hakim rejim zəngin ölkəni necə məhv edir?
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Cənub qonşusu İran İslam Respublikası (İİR) təkcə hakim teokratik rejimin özünəməxus idarəetmə sistemi ilə digər qonşulardan fərqlənmir. Həm də nəhəng təbii resurslara, məhsuldar qüvvələrə, əlverişli coğrafi mövqeyə və tarixi ənənələrə baxmayaraq, oturuşmuş dövlət sisteminin yoxluğu ilə fərqlənir. Bu “yoxsulluq” İranın bütün sahələrini iflic hala gətirərək cəmiyyəti dərin siyasi, sosial-iqtisadi, mənəvi böhrana yuvarlayıb. Fərqlilik həm də bu zəngin ölkəni dünyadan təcrid etmiş, qonşuları ilə düşmənçiliyə sövq etmiş, nəhayət əhalini dilənçi kökünə salmış hakim rejimin təkəbbürdən, yanlış yoldan əl çəkməməsidir.
Məntiqlə bu ilin yayında İsraillə cəmi 12 gün çəkmiş müharibədə generalitetini, nüvə obyektlərini, hərbi bazalarını, HHM sistemləri və hava məkanına nəzarəti tamamilə itirən ölkədə tamamilə fərqli proseslər getməli idi. Amma yaxın keçmişə boylananda rəsmi Tehranın siyasətində məntiq axtarmağın izafi iş olduğu məlum olur. Elə teokratik rejimin başında duranların Azərbaycan Respublikasına qarşı heç bir əsaslı olmayan kinli, qərəzli münasibəti davam etdirməsi bu məntiqsizliyin bariz nümayişdir.
İran bu dəfə də təəccübləndirmədi...
Bakıda bəlkə də zəif də olsa, ümid vardı ki, prezident seçkilərində islahatçı şüarlarla qalib gələn Məsud Pezeşkian hakim dini rejimin “siyasətini” korrektə edəcək, yaxın keçmişdə baş vermiş pislikləri arxaya atıb ikitərəfli münasibətlərə yeni səhifə açacaq. İnsaf naminə Pezeşkianı bəzi addımları, çıxışları ilə Ali dini rəhbərin “radikal dəstəsi”nin yaratdığı mənfi atmosferi qismən dağıda bilmişdi. Onun xoşməqamlı jestlərinə Azərbaycandan ən yüksək səviyyədə qarşılıq verildi, bu təmaslar hər iki cəmiyyətlərdə yaxşı əhval-ruhiyyə və daha yaxşı gələcəyə ümid yaratdı. Dekabrın 7-də Azərbaycan XİN-in dəvəti ilə Azərbayana rəsmi səfərə gələn İranın xarici işlər naziri Abbas Əraqçı ilə keçirilən görüşlərdə müzakirə olunan məsələləri prosesin davamı kimi qiymətləndirmək olardı. Əraqçi Azərbaycan Prezidenti İlham Əliyev, xarici ilər naziri Ceyhun Bayramovla görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı, maraq doğuran məsələləri müzakirə etmişdi. Nazir ikitərəfli münasibətlərin müsbət dinamikası ilə bağlı müəyyən vədlər verdi, qarşılıqlı ittihamların olmaması kimi məsələlər müzakirə olundu, bununla bağlı hər iki ölkənin xarici işlər nazirliklərində məsləhətləşmələr aparıldı.
Amma...Bu dəfə də İran rejimi öz ”fərqliliyini”, yəni vahid xarici siyasəti olmayan dövlət olduğunu dərhal nümayiş etdirdi. Cənab Əraqçi Tehrana dönməmiş fars rejiminə bağlı kəşfiyyat strukturlarının nəzarətindəki media Azərbaycana qarşı hücuma keçdi. Əlbəttə, Azərbaycan ictimaiyyəti İranın xarici siyasətində böhran səviyyəsində olan ziddiyətlərə alışıb, bir dövlət rəsmisinin dediyini digəri təkzib edir, hətta prezidentin, nazirin mövqeləri eybəcər şəkildə etibarsızlaşdırılır. Belə “idarəçiliyi” olan, özü də böyük iddialarla çıxış edən ikinci ölkə tapmaq çətindir...
Teokratik rejimin əlaltı mediasının Azərbaycana qarşı yazdıqlarına gəlincə, eyni tezislər, iddialar təkrarlanır, hansı ki, onların yalan-palan olduğunu elə İran Prezidenti özü təsdiq edib. Kiçik bir nümunə:
2025‑ci ilin sentyabrında İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Ebrahim Əzizi bildirib ki, İran sərhəd qoşunları Azərbaycanın ərazisindən İsrail dronlarının İran hava məkanına girdiyini müşahidə edib: “Sərhədçilər “öz gözləri ilə” dronların Azərbaycan sərhədindən daxil olduğunu görüblər”. Yeri gəlmişkən, Azərbaycan türkləri “gözü ilə görüb, tədbir görməyənə” çox pis baxırlar...
Prezident Məsud Pezeşkian: “İran təhlükəsizlik qurumları qonşu ölkələrlə, o cümlədən Azərbaycanın İsrailə hərbi dəstək verməsi və ya müharibədə hava məkanının istifadəsi ilə bağlı heç bir təsdiqlənmiş məlumat almamışdır. Bu cür iddialar rəsmi sübutları olmadan yayılır və əsassızdır”.

Xatırladaq ki, Ebrahim Əzizi hakim rejimin “qırğılarından” biri hesab olunur. Prezident məcbur olub, onun düşmənçiliyə sövq edən əsassız bəyanatını təkzib edir. Bunu təkcə iki hakimiyyətlik adlandırmaq olmur, bu İranın dövlət kimi yox, dünyadan, cəmiyyətdən qomuş marginal radikal qrupun maraqları çərçivəsində idarə olunduğunu göstərir.
Zəngəzura tərəf qorxa-qorxa boylanmaq
Hakim rejim təkcə mətbuatda Azərbaycana “hücum”la kifayətlənmədi, avqustun 8-dən sonra ilk dəfə cəsarət edib ABŞ-nin, Avropa İttifaqının, Türkiyənin, Azərbaycanın və Ermənistanın eyni mövqedən çıxış etdiyi “Tramp yolu”na (Zəngəzur dəhlizi) tərəf boylanmağa cəhd göstərdi.

Dekabrın 15-də Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistanın səfiri Qriqor Akopyanı çağıraraq ona “İran ABŞ Prezidenti Donald Trampın təklif etdiyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) planına qarşıdır, bunu təhlükəsizliyə təhdid kimi görür” dedi. Diqqət edin, erməni səfiri xarici işlər naziri yox, dini liderin müşaviri Vilayəti dəvət edir.
Amma fərq ondadır ki, “cəsarətin” çevrəsi erməni diplomatla məhdudlaşır. Azərbaycan səfirinə görüş üçün dəvət göndərilmir, göndərisə belə, XİN-in təlimatı olmadan bu təmas mümkün olmazdı. Həm də dekabrın 8-də qarşılıqlı maraq doğuran digər mövzularla yanaşı bu məsələ də İranın xarici işlər naziri ilə Bakıda müzakirə olunmuşdu, tərəflərin mövqeləri bir-birnə tam aydındır.
Göründüyü kimi, İranın hakim fars rejimi Prezident Məsud Pezeşkianın regional məsələrin həllində, eləcə də Azərbayanla münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərini bloklamağa çalışır. Bir dövlətin xarici siyasətində bu qədər ziddiyətin, daxili mübarizənin olması heyrətamiz və ağılasığmazdır.
Əlbəttə, İranın dini rejiminin regionda geosiyasi balansı dəyişmək və Zəngəzur dəhlizi ilə bağlı proseslərin gedişinə təsir göstərmək imkanları artıq yoxdur. Nisbətən zəif həlqə Ermənistandır, ona görə təzyiqlər İrəvana istiqamətləndirilib. Yeri gəlmişkən, burada Rusiya ilə koordinasiya aydın görünür, Kreml də eyni xətti yürdür və öz nəzarətindən kənarda gedən prosesləri dayandırmaq üçün Nikol Paşinyan hakimiyyətinə qarşı bütün mümkün təzyiq rıçaqlarını işə salıb. Artıq Moskvada və Tehranda analyırlar ki, qarşıdan gələn parlament seçkiləri son imkandır, əgər Ermənistanda siyasi dəyişikliklər baş verməzsə, Cənubi Qafqaz regionu onlar üçün “əlçatmaz” olacaq...
Azərbaycanın güclənməsi Tehranda əndişə yaradır
Beləliklə, İrandakı hakim rejiminin isterikası səbəbsiz deyil, Azərbaycanın regionda yürütdüyü müstəqil xarici siyasət qısa müddətdə onu bölgənin əsas dövlətlərindən birinə çevirib. Türkiyə, Pakistanla strateji müttəfiqlik, dost münasibətləri, ABŞ, Avropa İttifaqı ölkələri ilə güclənən tərəfdaşlıq əlaqələri, Yaxın Şərq regionundakı proseslərə cəlb olunması Azərbayanın İran daxilində - xüsusən Güneydə nüfuzunu yüksəldir.
Müstəqilliyin ilk illərindən fars rejiminin Azərbaycana qarşı xarici siyasətinin ana xəttini iki istiqamət təşkil edib:
-Erməni işğalını dəstəkləməklə Azərbaycanı zəiflətmək, dini fundamentalizmi yaymaqla cəmiyyəti parçalamaq, aparıcı türk kimliyini şiə məzhəbçiliyi ilə əvəzləmək, narkotiklə zəhərləmək;
-Azərbaycanın Türkiyə və Qərblə siyasi, iqtisadi əlqalərini qırmaq, dövlətçiliyini sarsıtmaq, son nəticədə Güneyndəki soydaşlarımızı üçün cəzbedici məkana çevrilməsinə imkan verməmək.
Bu siyasətin gerçəkləşdirilməsi üçün İran milyardlarla dollar xərcləyib, Azərbaycandakı agentura şəbəkəsi qurub, onu bisnes, media və siyasi alətlərlə genişləndirib. Təsadüfi deyil ki, Azərbaycanın xüsusi xidmət orqanları bu şəbəkələri dağıtmaq üçün uzun illər gərgin səylər göstərib.
Paralel olaraq, işğalçı Ermənistanı iqtisadi baxımdan ayaqda saxlayıb, Türkiyə və Azərbaycanın blokadasında can verməyə qoymayıb. İranın Ermənistanla ticarət dövriyyəsinin dəfələrlə böyük potensialı olan Azərbaycanla apardığı ticarəti ilə müqayisədə həmişə böyük olmasının başqa izahı yoxdur.
44 günlük Vətən müharibəsinin gedişində və daha sonrakı aylarda İranın hakim rejiminin açıq düşmənçiliyini yeni boy göstərdi. Rusiyadan və başqa ölkələrdən silahların işğalçılara daşınmasına şərait yaratmaq, buna etiraz edən soydaşlarımızı qəddarcasına cəzalandırmaq, Cənub istiqamətində Azərbaycan ordusunun irəliləməsinə mane olub itkilərə verməsinə səbəb olmaq, müharibədən sonra sərhədlərimizə ordu yığıb müharibə ilə hədələmək...
Qısası, yaxın tarixdə Ermənistandan sonra bu miqyasda Azərbaycana qarşı İran qədər düşmənçlik edən ikinci ölkə olmayıb...
Diqqəti daxil böhrandan yayındırmaq “strategiyası”
Bu düşmənçiliyin bir səbəbi də İran daxilində uzun illərdən bəri davam edən, artıq kulminasiya həddinə çatmış siyasi, sosial-iqtisadi böhrandır. Bu qədər təbii zənginliyi olan ölkədə əhali dilənçi vəziyyətinə düşüb, milli pul “ölüb”, onunla bərabər hakim rejimin legitimliyi də məhv olub. Ancaq kütləvi ölümlələrə nəticlənən qanlı repressiyalar fars rejiminin mövcudluğunu saxlayır. Təkcə 2024-cü ildə baş vermiş xalq etirazlarında 1000-dən artıq insan polis və xüsusi xidmət orqanlarının qəddarlığı nəticəsində öldürülüb, on minlərlə gənc rejim həbsxanalarında ağır işgəncələrə məruz qalıb. Heç şübhəsiz, rejimin cəza koloniyaları vaxtı ilə Suriyada onun dəstəklədiyi Əsəd rejiminin insanlığın məhv edildiyi zindanlarından fərqlənmir...
Beynəlxalq təşkilatlar həyəcan təbili çalır..
İrandakı sosial-iqtisadi fəlakət beynəlxalq təşkilatların hesabatlarında belə təsvir olunur:
İranda 2025‑in sonlarına doğru sosial‑iqtisadi vəziyyət kritik həddə çatıb. Ölkədə yüksək inflyasiya, zəif iqtisadi artım, işsizlik və gündəlik həyat xərclərinin sürətlə artması xalq arasında böyük narazılıq yaradıb...
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025‑də İranın real ÜDM artımı cəmi 0,3% olacaq. Bu göstərici 2024‑lə müqayisədə ciddi zəifləmiş artımı ifadə edir.
İranda inflyasiya 40%-dən çoxdur və ərzaq, yanacaq, məişət xərcləri sürətlə bahalaşır. İran riali ABŞ dollarına qarşı zəifləyib, bu da sosial gərginliyi artırır. Dekabr ayında hökumət növbəti dəfə benzinin qiymətini artırıb ki, bu da ictimai narazılığı dərinləşdirib.
BVF-nin hesab edir ki, 2025‑ci ildə işsizlik səviyyəsi 9,5%-ə yüksələcək. Bu isə sosial gərginliyi artıran əsas faktorlardan biridir. İşsizlik və maaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi gündəlik həyat üçün əlavə çətinliklər yaradır...
İran iqtisadiyyatı ixrac və qeyri-neft sektorlarının daralması, büdcə kəsiri və xarici investisiyaların çatışmazlığı ilə üzləşib. İxrac-idxal həcmlərinin azalması gəlirlərin azalmasına və daxili bazarda qiymət artımına səbəb olub...
Ölkədə yoxsulluq səviyyəsi yüksəlir, ərzaq təhlükəsizliyi və gündəlik xərclər ciddi problem olaraq qalır. UNICEF-in məlumatına görə, milyonlarla iranlı qida və sosial yardıma ehtiyac duyur...
Bölgədə enerji ehtiyatlarına baxmayaraq, daxili enerji istehsalı və paylanmasında problemlər var. Su qıtlığı kənd təsərrüfatı və gündəlik həyat üçün əlavə çətinliklər yaradır...
Rejimin iflası ölkəni çöküşə aparır
Ötən ay Prezident Məsud Pezeşkian yağış yağmazsa, Tehranda su qıtlığının fəalkət həddinə enəcəyini, paytaxtın köçürülməsinə ciddi ehtiyac yarandığını bildirmişdi.
İranın hakim rejimi ölkədə özünün yaratdığı faciəli vəziyyətdən diqqəti yayındırmağa ciddi ehtiyac duyur. Qonşularla mübahisə, münaqişə, fitnə yaratmaq, onları mətbuat, parlament səhifələrinə çıxarmaq və guya dövlətin xarici düşmənlərlə mübarizə apardığı barədə görüntü yaratmaq...
Görünən odur ki, dəfələrlə tətbiq edilmiş bu üsul işə yaramır. Xaos içində olan dövlət sistemi 90 milyonluq ölkəni çöküşə gətirib, onu ayağa qaldırmaq, yarımcan halda uzun müddət saxlamaq mümkün olmayacaq. Labüd son qaçılmazıdr və İran xalqı hər şeyə sıfırdan başlamalı olacaq...
Elçin Rüstəmli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 18 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















