Icma.az
close
up
RU
Böyük itkimiz Mustafa Vəkiloğlu yazır

Böyük itkimiz Mustafa Vəkiloğlu yazır

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nə edəsən, neçə illərdir fələk bizim bayramımızla matəmimizi də ələmlərə qərq eləyib. Bugün milli bayram günümüzdür, 28 May Azərbaycanın hürriyyət və istiqlalına qovuşmasının ildönümüdür. Fəqət mən bu bayram günündə də yenə ağrımızdan, yəni matəmimizdən bəhs edəcəyəm.
Çox dəyərli milli mücahidimiz Əmin bəyi itirdik. Əmin bəyin ölümü ilə milli mücadilə cəbhəmizdə böyük bir boşluq hasil oldu. Bu lənətə gəlmiş qırmızı istila heç cür bitməz, tükənməz oldu və 35 ildir bütün dəhşət və vəhşətiylə davam edir. Sıralarımız, hürriyyət və istiqlal səflərimiz il ötdükcə seyrəkləşir. Bir tərəfdən qırmızı cəlladlar, digər tərəfdən də amansız əzrayıl bizə göz verib, işıq vermir. Ən qiymətli, ən idealist və imanlı dostlarımızı bir-bir aramızdan alıb aparır.
Əmin bəylə ilk tanışlığım I Dünya müharibəsində türk ordusunun Qafqaz cəbhəsində kritik anlarının olduğu zamana təsadüf edir. Və sonradan onunla bərabər keçən acı-şirin günlər indi bir-bir film lenti kimi gözümün önündən keçir. Türk ordusu Ərdəhan və Qars ərazilərindən geri çəkilir və onu təqib edən ermənilərin də daxil olduğu rus birləşmələri o ərazilərdəki türk-müsəlman xalqı qılıncdan keçirərək bütün kəndləri, qəsəbələri xarabazara çevirirdilər. Canlarını və namuslarını qurtarmaq üçün anaların yollara atdıqları körpələrini bəzi mərhəmətli rus zabitləri və əsgərlərinin topladıqlarını o vaxt Ərdəhanda gözlərimlə gördüm. Bunları toplayaraq Bakıya yetimxanalara göndərirdik. Bu milli fəlakət Azərbaycanda ümumi bir qaynama yaratdı. Bakı və Gəncə bu qaynamanın başında idi. Bu münasibətlə Bakıda məşhur xeyriyyəçilərimizdən milyonçu Hacı Zeynalabidin Tağızadənin bildiyimiz o möhtəşəm evində seçilmiş nümayəndələrin iştirakı ilə tərtib edilən toplantıda milliyyət pərvərlərimizdən Əliəkbər bəy Rəfibəylinin söylədiyi “Biz milli şərəf və heysiyyətimiz ayaq altına atıldıqdan sonra sağ qalmaq istəmərik” sözləri Azərbaycanın hər tərəfini çalxalandırdı. Bakı Xeyriyyə Cəmiyyəti hərəkətə keçdi və bütün Rusiya türkləri arasında ianə toplamaq üçün hökumətdən icazə aldı. Yəni çar hökumətindən, yəni Qafqaz cəbhəsində ruslarla türklər arasında qanlı savaşların davam etdiyi o anlarda cəbhənin düz yanında rus ordusu tərəfindən “cəzalandırılmış” olan türk xalqına yardım üçün.
Ah, zavallı Azərbaycan, nələr etmədin, nələr düşünmədin. Bu, ümumi milli həyəcan o zaman Moskva Universitetində təhsil alan bizləri də sardı. Əziz dostum Hüseyn Camal Yanarla universitet dərslərimizi buraxaraq Bakıya hərəkət etdik və Xeyriyyə Cəmiyyətinin Qars və Ərdəhan ərazisinə göndərdiyi “Qardaş köməyi” qrupuna könüllü olaraq qatıldıq. Bakıya gəldikdə “Açıq söz” qəzetinin idarəxanasına baş çəkdim. Milli mübarizəmizi iman və səbatla müdafiə edən bu qəzetin sahibi və baş mühərriri Rəsulzadə Əmin bəylə tanış olmaq istədim. Çox sadə otaqda, bitişik mətbəədən gələn taqqıltı səsi arasında adi bir masa başında Əmin bəylə tanış olduq və köhnə iki yoldaş kimi gündəlik məsələlərlə bağlı danışmağa, dərdləşməyə başladıq. Xatırlayıram, aramızdakı yaş fərqinə rəğmən Əmin bəylə hadisələr barədə hisslərimizin alovu eyni idi.
1917-ci ilin mayında Əlimərdan bəy Topçubaşının rəyasətində Moskvada toplanacaq Rusiya Müsəlmanları Konqresinə Bakıdan gedən 5 nəfərlik heyətdə Əmin bəylə bərabər idik. Heybətli bir toplantı idi bu konqres. Moskvanın “Tatarskiy Pereulok” adlanan səmtindəki Bakı milyonçularından Şəmsi Əsədullahın “Moskva Müsəlman Xeyriyyə Cəmiyyəti”nə bağışladığı böyük binanın geniş salonunda baş tutan o konqres toplantıları hələ də gözümün önündə canlanmaqdadır. Şahinlər kimi Rusiyanın hər tərəfindən buraya yığışan 800 nümayəndənin həyəcanı o böyük salona sığmırdı. Çar idarəçiliyi çökmüş, inqilab, böyük bir inqilab dalğaları içində idik. Günün siyasi mövzusu Rusiyada qurulacaq respublikanın mərkəziyyətçi, yoxsa federativ olması idi. Bu mövzu bizim konqresdə də bir xeyli münaqişələrə səbəb oldu. Azərbaycan, Krım və Türküstan heyətləri Rusiyada yeni qurulacaq idarəçilik formasının federativ respublika olması tərəfdarı idilər. Əmin bəy bu konqresdə bu tezisin qüvvətli və hərarətli müdafiəçilərindən idi.
Bəxtsiz Cümhuriyyətimizin sevinc və həyəcanla dolu istiqlalı dövründə də Əmin bəylə eyni səflərdə, Müsavat Partiyasının məbusları olaraq bərabər çalışırdıq. Milli hərəkatımızda böyük rolu olan Müsavat Partiyası rəisi ünvanıyla da Əmin bəyin xidməti çox qiymətli və əhəmiyyətlidir.
Mühacirətin qara günləri başlayır. Yenə Əmin bəylə bərabərik, bir arada çalışmaqla yanaşı didişməkdəyik. Maliyyə vəziyyətimiz pərişandır. Köhnə mühacirlərimizdən İsmayıl Fəyyaz bəyin Çəmbərlitaşdakı kiçik evində Əmin bəy, Abbas bəy (Abbasqulu Kazımzadə) və mən bərabər qalırıq. Həmşərimiz İsmayıl bəyə çox minnətdarıq, çünki bizdən ev kirayəsi almır, pulsuz qalırıq. Yeməyimizin əksəriyyəti zeytun yağında qızarmış kartofdu. Dostumuz mərhum Abbas bəyin bəzi günlər bazardan alıb gətirdiyi qızarmış qoyun başı süfrəmizdə bayram havası yaradırdı, bunun üstünə Abbas bəy xarab qarmonunu alaraq “Ay uca dağlar” mahnısını oxuyardı. Vəziyyət belə ikən mübarizəmizi müdafiə məqsədilə nəşriyyat həyata keçirməyi düşünürdük. Amma nəylə? Pul yox, əlhəmdulillah, ətrafdan salam verib üzümüzə baxan da heç yoxdur...
Belə halda? Allah hər ikisinə də qəni-qəni rəhmət eləsin, dostumuz Əbdüləli bəy Əmircanla Böyük bəy Ağasıbəylinin günlərlə qapı-qapı dolaşaraq həmşərilərimizdən topladıqları pullarla mühacirətdə ilk nəşr orqanımız olan “Yeni Qafqasya” məcmuəsini çıxarmağa başladıq. Hər nüsxə çıxdıqca İstanbul Universiteti tələbələrimizdən Əhməd bəy (Professor Əhməd Cəfəroğlu) Abbas bəylə birlikdə “Yeni Qafqasya” paketlərini qoltuqlarına alaraq Çəmbərlitaş Eminönü poçtxanasına aparardılar. Bu işin zəhmətinə sonra illərlə Məhəmmədsadıq Aran qatlaşmışdır. Müştərək təsanüdlü çalışma ilə çox şeylər edildi o zamanlar.
İndi isə 10-15 ildir ki, mərhum Əmin bəylə aramızda bəzi görüş və fikir ayrılıqları oldu və biz ayrı-ayrı qruplara bölündük. İxtilaf işlərimizin sövq və idarəsinə aid zehniyyət və görüş fərqindən irəli gəlirdi. 1935-ci ildən bəri partiya cəbhəsində bir qrup dostlarla (mən də daxil olmaqla) Əmin bəyin qrupu arasında ixtilaf baş verdi və Müsavat Partiyası da iki qrupa ayrıldı. Fəqət bunlara rəğmən rəhmətlik Əmin bəylə aramızda olan qarşılıqlı hörmət və təqdir sarsılmadı. Seyrək də olsa, ara-sıra görüşür və ümumi işlərimiz bəhsində dərdləşirdik. Mühitimizdəki bu ayrılıqların, qruplaşmaların mübarizəmizə nə qədər zərərli olduğunu hər ikimiz də başa düşürdük. Və bəzi dostlarımızın vasitəçiliyi ilə də ölümündən əvvəlki həftələrdə Əmin bəylə birlikdə aradakı ixtilafları ortadan götürmək və bir milli vəhdət qurmaq üçün yol və çarələr axtarmağa başlamışdıq. Bu yoldakı müzakirə və görüşlərimiz xeyli irəliləmişdi. Fəqət nə yazıq ki, əcəldən macal olmadı və bu iş hələlik yarımçıq qaldı.
Əmin bəy ta gənc yaşlarından ölümünə qədər milli mübarizə və məsələlərimiz uğrunda çalışıb-vuruşmuş qiymətli bir cəbhə yoldaşımızdır, onun bu yolda əmək və xidməti çoxdur, xüsusilə də yazı və mətbuat sahəsində. Və şübhəsiz ki, Əmin bəyin şəxsində milli mübarizəmiz qüvvətli bir rüknünü itirdi.
Hər hansı bir mərsiyə söyləmək adətim deyil. Bu, obyektiv düşüncə və hisslərimin səmimi bir ifadəsidir. Neçə illik köhnə dostum Əmin bəyin xatirəsi önündə hörmət və minnətlə əyilərək ona cənabi-Haqdan rəhmət diləyirəm...
Bu mühüm tarixi anlarda aramızdakı ixtilaflara bir an əvvəl nəhayət verməyimiz zəruridir. Rəhmətlik Əmin bəylə başlamış olduğumuz bu iş uğrunda mübarizəmizə candan bağlı bütün dostlarla birlik quraraq davam etməliyik. Bu, bizim üçün tarixi və milli bir borcdur. Bağrıyanıq bütün azərbaycanlıların də ümumi arzu və əməlləri budur. Fəqət hər siyasi mühitdə olduğu kimi, aramızda da bəzi fürsətcil, heç bir xidməti olmayan siyasi tüfeylilər də var. Onların da sevdası bambaşqadır! Kiçicik mühacirət gölməçələrindən partizanlıq zehniyyətilə dərya kapitanı olmaq istəyərlər və bu zavallı xülyaları arxasından qaçaraq suyun durulmasını deyil, əksinə, bulanmasını istəyərlər. Bu daxili keşməkeşlərimizdə ətrafdan bir qardaş kömək əli uzansa barı. Bu da yoxdur.
Bizlər buralarda qəribik, yoxsa yox? Həm qəribik, həm yox. Fərd olaraq hər birimiz ayrı-ayrı heç də qərib deyilik, öz Ana Vətənimizdə ayrı-seçkilik görmədən ziraətdə, ticarətdə, məmurluqda qardaş mühiti içində sərbəst çalışırıq. Hətta çox vaxtlar da tərcihli və imtiyazlı rəftar görürük. Fəqət siyasi baxımdan, milli mübarizəmiz və onun vacibləri nöqteyi-nəzərdən hələ də qəribik. Bunu açıq və səmimi söyləməyimizə icazə verilsin. Bir də qərib quşun yuvasını Allah tikərmiş deyirlər.
Mustafa Vəkiloğlu
“Türk yolu” jurnalı, 1955-ci il, 8-ci sayı



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see229

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see214

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see197

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see190

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see188

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see186

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see185

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see183

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see182

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see179

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see179

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see178

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see178

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see178

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see177

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see176

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see159

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see159

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri