Icma.az
close
up
RU
“Böyük manipulyator”

“Böyük manipulyator”

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Mark Endeveld

(əvvəli qəzetin ötən saylarında) 

Kollomb ona edilən etibarı doğrultmur

Yelisey sarayının yerləşdiyi Foburq-Sant-Onore küçəsinin o biri başında – Bovo meydanında ucalan Daxili İşlər Nazirliyinə Makron, onun sadiq qeybətçisi, həmişə onun-bunun arxasınca danışan Jerard Kollombu təyin edir. İlk baxışdan bu, şəbəkədən olan təcrübəli bir adam seçimidir. Çünki Kollomb həm frank-masondur, həm də Lion şəhərinin meridir. Onun bu yüksək vəzifəyə təyin olunması çoxlarının ürəyincədir. Həm də sosialistlər hakimiyyətdə olandan, nazir olmaq arzusu ilə yaşayan Kollomb indi taleyindən razı qala bilər. İndi ona təhlükəsizlik, immiqrasiya, ərazi bütövlüyü və təbii ki, seçkilərin təşkili ilə məşğul olan çox böyük məsuliyyətli bir iş tapşırılıb. Bununla belə, tezliklə məlum olur ki, Kollomb bu vəzifənin öhdəsindən gələ bilən adam deyil. Ona görə də bəzi problematik məsələləri, xüsusən də terrorizmlə mübarizə məsələsini Yelisey sarayı öz əlinə alır. Bundan başqa, polis məbədindəki məsul vəzifələrə qoyulan adamları da prezident aparatı təyin edir. Belə ki, 2017-ci ilin avqustunda Makron tərəfindən şəxsən qəbul edilən prefekt Erik Morvan Milli Polisin baş direktoru (DGPN) təyin olunur. O, vaxtilə daxili işlər naziri Bernard Kazenövun kabinet direktorunun müavini olub. Onun Jandarmeriyadakı həmkarı, Milli Jandarmeriyanın baş direktoru (DGGN) Rişar Lizürey də eyni yerdə işləyib.

Təxminən on səkkiz ay Dövlət Polisinin başında duran nazir Kollomb nə bir sanballı iş görə bilir, nə bir yenilik edir, nə də bir ciddi və məsul qərar qəbul edir. Ona görə də Makron məcbur olub Daxili İşlər Nazirliyinin məsul vəzifələrinə məmurları özü təyin edir, düzdür, bu dəfə “öz” adamlarını ora göndərmir. Ona görə yox ki, çəkinir, ona görə ki, sadəcə olaraq adamı yoxdur! Nəticədə, böyük polis dəyirmanı uzun müddət bloka düşüb fırlanmır. Nəhayət, 2018-ci ilin dekabrında Makron Kollombu Kristof Kastaner ilə əvəz edəndən sonra Daxili İşlər Nazirliyində böyük miqyasda dəyişikliklər başlayır. 

Jerard Kollomb ona edilən etimadı doğrultmadı. Lion şəhərinin meri vaxtının çoxunu nazirlikdə yox, öz doğma Lion şəhərində keçirirdi. O, Milli Assambleyadakı iclaslara öz yerinə dövlət katibi Jaklin Quroltu göndərirdi. Qəribədir ki, onun kabinet direktoru işdən azad olunduğunu mətbuatdan öyrənəcək! Bundan başqa, onun işinə biganə yanaşması, bir çox prefektləri ona düşmən edəcək. Kollombdan narazı olan prefektlərdən biri kinayə ilə etiraf etdi ki: “O, bizimlə ilk dəfə görüşəndə yalnız Lion haqqında danışdı!” Başqa biri köksünü ötürüb dedi ki: “Bir dəfə nazirlikdə prefektlərlə aylıq görüş zamanı o, Santr-Val-dö-Luar departamentinin prefekti Jan-Mark Falkona “Cənab Prefekt Kalvar” deyə müraciət etdi”. Bir ildən artıq nazir kreslosunda oturan bir adamın belə bir səhvinə bilmirsən güləsən, yoxsa ağlayasan. Daxili işlər nazirinin DGSI-nin (Xarici Kəşfiyyatın Baş İdarəsi) keçmiş rəhbəri Patrik Kalvarı prefektlə dəyişik salmaq biabırçılıqdır...

“Bu nazirlik (Daxili İşlər) o vaxt yaxşı fəaliyyət göstərir ki, orada bir-birinə yaxından bələd olan, bir-birini yaxşı tanıyan bir qrup adam əl-ələ verib işləsin. Sarkozi bunu gözəl başa düşmüşdü”, – deyə keçmiş bir polis məmuru rişxəndlə replika atır.

Əxlaqsız cütlük

Aydındır ki, hər hansı bir kastinqdə səhv edəndə sonradan ambisiyalar, görməmişlik, eləcə də acgözlük və həyasızlıq üzə çıxır... ən azından 2018-ci ilin yazından Nikola Sarkozi və onun yaxınları Yelisey sarayına təzyiq göstərirlər ki, daxili işlər nazirini dəyişsinlər. Sarkozi şəxsən ölkə prezidentinə tez-tez zəng edib ona bu mövzuda “ağıllı” məsləhətlər verir və hər dəfə də öz adamını qabağa itələyir: yeni daxili işlər naziri kimi, Sarkozi uzun müddət onu dəstəkləyənlərdən birini Jerard Darmananı və onun müavini kimi, milli polisin keçmiş baş direktoru, Respublikaçılar partiyasının keçmiş rəhbəri və hər şeydən əvvəl onun uşaqlıq dostu Frederik Peşenardı təklif edir. Keçmiş dövlət başçısının (Sarkozi) ətrafında Peşenard yeganə adamdır ki, Sarkoziyə “balaca cırtqoz” deyə müraciət edir. Bu da iki uşaqlıq dostunun arasındakı yaxınlıq...

Sarkozi ilə Makron arasında münasibətlər mürəkkəbdir. Birinci ikincidən istifadə edir ki, 2016-cı ildə onu prezidentliyə namizəd kimi irəli sürməyən sağçılar partiyasından qisas alsın. Prezident seçkiləri kampaniyasında onun namizədliyinə səs verənlərin çoxu müxtəlif mübahisələrin içində ilişib qalmış Fransua Fiyyonu tərk edərək Makrona tərəf çevrilmişdilər. Sarkozi Makronun onu heç vaxt tənqid etmədiyini yüksək qiymətləndirir. Həm də onun ürəyincə oldu ki, Makron Fransua Hollandı inandırdı ki, ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməsin. 2017-ci ilin may ayından Sarkozi həm dövlət naminə, həm də Respublikaçılar partiyasının sədaqətli bir nümayəndəsi kimi Makrona öz köməyini təklif edir. Makron da öz növbəsində həmişəki kimi oyun oynayır, onun məsləhətlərini qəbul edir, onun yerli-yersiz zənglərinə həmişə cavab verir, ona səbrlə qulaq asır... Bu da Sarkozinin çox xoşuna gəlir, çünki həmişə çalışır ki, onun qədrini bilsinlər və onu qiymətləndirsinlər.

Sarkoziyə yaxın olan bəzi adamlar onun Fransua Hollandın keçmiş naziri ilə bu yaxınlığına təəccüblənsələr də, Sarkozi hər yerdə özünü Makronun mənəvi atası kimi təqdim edir. Respublikaya “hücum” edib onu “oğurluqla” öz əlinə keçirən bu iddialı gəncin – qırx yaşı tamam olmamış özünü prezident seçdirən Makronun ona qulaq asmağı, Sarkoziyə qol-qanad verir və o özünü yenidən dövlət səviyyəsində vacib bir fi qur kimi hiss edir. Makron isə öz növbəsində, keçmiş prezidentlə bu münasibətində sağçılar partiyasının seçicilərinə siqnallar göndərir. Bir sözlə, ikisi də bir-birindən istifadə edir.

Bu ağlasığmaz cütlük olduqca pozğundur. Sarkozi Makron haqqında deyir ki: “O çox müəmmalı və qeyri-müəyyən bir adamdır. Mən onu başa düşə bilmirəm...” Keçmiş prezident yaxın adamları ilə söhbətlərində gənc prezidentin yaşlı arvadı Brijitin yubkasının uzunluğunu da tənqid etməkdən çəkinmir, onun zövqünə görə Brijit çox qısa geyinir. Birinci xanımın geyimini Sarkozinin arvadı Karla Bruni də ələ salır. Göründüyü kimi, bu iki prezident cütlüyü arasında o qədər də böyük sevgi yoxdur. Sarkozinin arzusu bir neçə müxtəlif qrupları özü bildiyi kimi manipulyasiya edib yenidən siyasətə, özü də yüksək bir zirvəyə qayıtmaqdır. Bu perspektivdə keçmiş prezident bir şey də güdür: bəzi prokurorlar və hakimlər onun prezident olanda tutduğu bəzi işləri hələ də qurdalamaqda davam edirlər. Sarkozi fikirləşir ki, yenidən siyasətə qayıtsa, bəlkə, onu rahat buraxarlar.

2018-ci ilin baharında Sarkozi polis komissariatına aparılıb 2007-ci ildə Liviya tərəfindən onun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi haqqında istintaqa çəkiləndə, Makron alicənablıq edib ona zəng vurur. Bir neçə həftə sonra hər iki prezident yenidən görüşür. İyunun sonunda onlar bir yerdə səhər yeməyi yeyirlər. Daha bir neçə gündən sonra 2018-ci il iyulun 5-də Brijit Makron Sarkozi-Bruni cütlüyünü Yelisey sarayına şam yeməyinə dəvət edir. Ona görə də heç də təəccüblü deyil ki, beş ay sonra sarı jiletlilərin böhranı zamanı Makron keçmiş prezidenti qəbul edib onunla ölkədəki siyasi vəziyyəti müzakirə edir. Və sonrakı həftələrdə Makron Gürcüstan, Azərbaycan və Madaqaskara səfərlər zamanı çəkinmədən Nikola Sarkozidən Fransanın rəsmi nümayəndəsi kimi istifadə edir. “O, yəqin ki, tezliklə Sarkozini xarici işlər naziri təyin edəcək”, – deyə bir diplomat rişxəndlə gülümsünür. Bu diplomat, çox güman ki, Makronla Sarkozinin bu bal ayına o qədər də bel bağlamır...

(ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri