Icma.az
close
up
RU
Böyük Qayıdış Proqramı strateji və tarixi əhəmiyyətli layihədir

Böyük Qayıdış Proqramı strateji və tarixi əhəmiyyətli layihədir

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycan Respublikasının işğaldan azad edilmiş bölgələrində Böyük Qayıdış Proqramı çərçivəsində işlər uğurla davam etdirilir. 30 il müddətində dağıdılaraq daşı-daş üstdə qalmayan kənd və şəhərlərimizdə yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər tikilir.

Qarabağda aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyevin birbaşa diqqət və nəzarətindədir. Prezident mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm obyektlərin təməlqoyma mərasimində iştirak edir. Əhalinin yaşayışı üçün tam hazır olan kənd və qəsəbələrin, bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edən obyektlərin açılışını edir. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır.

Bu günlərdə Kəlbəcər şəhərinə növbəti köç baş tutdu. Ümumilikdə 139 nəfər olmaqla 32 ailə doğma yurda köçürüldü. Bununla da Kəlbəcərə köçürülən sakinlərin sayı 223 nəfərə (52 ailə) çatdırıldı.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, Böyük Qayıdış Azərbaycan dövlətinin müvəffəqiyyətlə həyata keçirdiyi çox mühüm, strateji və tarixi əhəmiyyətli layihədir. Bu proses təkcə insanların doğma torpaqlarına qayıdışı deyil, həm də regionun sosial, iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcıdır. Kəlbəcərə ailələrin köçürülməsi isə bu istiqamətdə atılan ən mühüm addımlardan biridir və artıq praktiki nəticələrin göz önünə çıxmasına şərait yaradır. Onun sözlərinə görə, Kəlbəcər Azərbaycanın ən çətin coğrafi ərazilərindən biridir. Burada məskunlaşma üçün yolların çəkilməsi, kommunikasiya xətlərinin qurulması, elektrik, su və qaz təchizatı ilə bağlı işlər böyük zəhmət tələb edir: "Son görülən işlər isə göstərir ki, dövlət bu istiqamətdə ciddi maliyyə və texniki resurslar səfərbər edib. Yolların bərpası, yeni yaşayış məhəllələrinin salınması və kəndlərin müasir tələblərə uyğun yenidən qurulması köç prosesini real və davamlı edir. İkincisi, ailələrin köçürülməsi təkcə humanitar yox, həm də strateji əhəmiyyət daşıyır. İnsanların bölgəyə qayıtması, orada normal həyatın bərpası və əhalinin yerləşdirilməsi Azərbaycanın ərazi bütövlüyünün praktiki təsdiqi deməkdir. Bu, beynəlxalq aləmdə də ciddi mesajdır: Azərbaycan işğaldan azad etdiyi ərazilərdə sadəcə hərbi mövcudluq nümayiş etdirmir, eyni zamanda sosial həyatın dirçəlişini təmin edir. Üçüncüsü, "Böyük Qayıdış" proqramı yalnız məskunlaşmanı deyil, iqtisadi inkişafı da nəzərdə tutur. Kəlbəcərdə kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrində geniş potensial var. Dövlətin gördüyü işlər bu imkanların reallaşdırılmasına yönəlib. Bu, gələcəkdə bölgənin iqtisadi cəhətdən özünü təmin edən və ölkə iqtisadiyyatına ciddi töhfə verən bir məkana çevriləcəyini göstərir. Sosial baxımdan da bu prosesin böyük əhəmiyyəti var. Doğma torpaqlara qayıdan insanların psixoloji-mənəvi bağlılığı möhkəmlənir, həmçinin gələcək nəsillər üçün güclü vətənpərvərlik nümunəsi yaranır. Burada məskunlaşan ailələr yalnız öz həyatlarını qurmaqla kifayətlənməyəcək, həm də bölgədə yeni ictimai həyatın təməlini qoyacaqlar. Nəhayət, Kəlbəcərə köçürülən ailələrin sayı hələlik çox olmasa da, bu, simvolik və strateji bir başlanğıcdır. İlk ailələrin yerləşməsi bölgədə sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunduğunu göstərir. Bu, həm bölgədə yaşayanlar, həm də qayıdışı gözləyən digər məcburi köçkünlər üçün güclü bir motivasiya amilidir. Ümumilikdə, Kəlbəcərə ailələrin köçürülməsi göstərir ki, Azərbaycan dövləti "Böyük Qayıdış"ı yalnız şüar səviyyəsində yox, real və davamlı bir proses kimi həyata keçirir. Bu, tədricən bütün Qarabağ və Şərqi Zəngəzur bölgələrində normal həyatın bərpa olunmasının əsasını qoyur".

Millət vəkili Pərvanə Vəliyeva qeyd edib ki, bir vaxtlar çadırlarda, uşaq bağçalarında və uyğunlaşdırılmış binalarda məskunlaşmağa məcbur olan kəlbəcərlilər bu gün doğma yurda dönürlər. Uzunmüddətli ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır. Azərbaycan dövlətinin həyata keçirdiyi "Böyük Qayıdış" Proqramı çərçivəsində Kəlbəcərdə artıq ilk yaşayış kompleksi istifadəyə verilib və lazımi infrastruktur qurulub. Kəlbəcərin işğalı Azərbaycan üçün həm faciə, həm də strateji zərbə olub. Bundan sonra isə Ermənistan bu torpaqları qaytarmamaqla yanaşı, formal olaraq danışıqlarda iştirak edib. Uzun illər davam edən nəticəsiz danışıqlar xalqın səbrini sınağa çəksə də, Azərbaycan heç vaxt işğalla barışmayıb: "Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımız hər gün, hər saat Zəfər gününü yaxınlaşdırmaq əzmi ilə yaşayıb. 44 günlük Vətən müharibəsi isə xalqımızın bir yumruq kimi birləşdiyini bütün dünyaya sübut edib. Qəhrəman əsgər və zabitlərimiz canları, qanları bahasına torpaqlarımızı azad ediblər. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur olub. Bu dövr ərzində Ermənistan ordusunda 12 min fərarinin olması isə onların acizliyinin göstəricisidir. Vətən müharibəsi başa çatdıqdan sonra Kəlbəcər işğal altında qalsa da, Azərbaycan diplomatik və hərbi gücü ilə düşməni təslim olmağa məcbur edib. Ölkəmiz qarşı tərəfə əşyalarını yığıb köçmək üçün bir neçə gün vaxt verib, ancaq təəssüf ki, işğal zamanı bu vaxt bizə tanınmayıb. Buna baxmayaraq, Kəlbəcərdə yaşayan ermənilər onlara verilən vaxtdan sui-istifadə edərək bölgədə bir dənə də olsun, salamat bina qoymayıblar. İşğalçılar şəhəri talan edib, küçələri yandırıb, məscidləri dağıdıb. Çıxarılmaları üçün vaxt verilsə də, onlar bütün şəhəri viran qoyaraq tərk ediblər. Bu faciələr, vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək".

Millət vəkili Soltan Məmmədov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycan dövlətinin qüdrətini və xalqımızın iradəsini dünyaya nümayiş etdirir: "Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması tarixi ədalətin bərpası olmaqla yanaşı, ardıcıl və praqmatik siyasətin nəticəsidir. Qarabağ və Şərqi Zəngəzura dövlət büdcəsindən böyük həcmdə vəsait xərclənir. Bütün infrastruktur bərpa edilir, yeni yaşayış binaları, fərdi evlər tikilir. Tarixi mədəniyyət abidələrinin təmir və bərpa olunması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu, xalqımızın öz vətəninə, tarixinə, dəyərlərinə bağlılığının göstəricisi olmaqla bərabər, həm də gələcəyə yatırılan investisiyadır. İqtisadiyyatımızın daha da böyüməsinə, yeni iş yerlərinin açılmasına xidmət edir. Eyni zamanda nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başladığını təsdiqləyir".

S.Məmmədov qeyd edib ki, Azərbaycan 30 il ərzində regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün çoxsaylı təşəbbüslərlə çıxış edib, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çağırışlar ünvanlayıb: "Lakin bütün bunlara laqeyd bir sükutla yanaşılıb. Vətən müharibəsi və antiterror tədbirlərindən sonrakı proseslər bir daha göstərdi ki, müasir dünyada, beynəlxalq münasibətlər sistemində güc amili ədalətin təmin olunmasının ən effektiv alətidir. Azərbaycan öz silahlı qüvvələrinin peşəkarlığı və gücü sayəsində ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Hərbi əməliyyatlardan sonra baş verən hadisələrin təhlili isə onu təsdiq edir ki, gücdən ağılla, müdrikliklə istifadə etmək son dərəcə vacib məsələdir. Bu baxımdan, Azərbaycan Prezidentinin siyasəti güclü dövlət amili ilə yanaşı, həm də müdrik, praqmatik, düşünülmüş strategiyaya əsaslanır".

O əlavə edib ki, dövlət başçısının nəzarəti və dəstəyi ilə aparılan bu işlər təkcə fiziki infrastrukturu deyil, həm də sosial və iqtisadi həyatın yenidən qurulmasını hədəfləyir: "Yeni məktəblər, xəstəxanalar, mədəniyyət evləri, yol infrastrukturu və kommunikasiya sistemləri inşa olunur. Eyni zamanda kənd təsərrüfatı və digər sahələrdə potensialın artırılması üçün proqramlar həyata keçirilir ki, bu da bölgənin davamlı inkişafını təmin edir. Azad edilmiş torpaqlarda aparılan bu quruculuq işləri xalqımızın birliyinin, dövlətimizin gücünün və qətiyyətinin parlaq təzahürüdür. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın qarşısında duran əsas vəzifə vətəndaşların rahat yaşayışı üçün hərtərəfli şərait yaratmaqdır. Bu məqsədlə dövlət bütün imkanlarını səfərbər edir, regionların sosial-iqtisadi inkişafı üçün böyük sərmayələr yatırır. Bu da Azərbaycanın Böyük Qayıdış Proqramının uğurla davam etdiyini göstərir və gələcəkdə azad edilmiş bütün ərazilərdə yeni həyatın, firavanlığın və inkişafın təmin olunacağına dair inamı daha da gücləndirir".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see284

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see243

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see232

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see213

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see186

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see175

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see169

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see152

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see151

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see150

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see147

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see144

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see143

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see143

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see140

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see137

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see135

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri