Böyük Qayıdışa və davamlı inkişafa doğru ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan xalqının çoxəsrlik tarixində mühüm yer tutan Ağdam şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ən əlamətdar hadisələrindən biridir. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad edilməsi ilə 27 ildən artıq davam edən həsrətə son qoyuldu, tarixi ədalət bərpa olundu. Bu hadisə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində əldə edilmiş tarixi Qələbənin mühüm nəticələrindən biri idi.
Ağdamın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olmaqla yanaşı, uzun illər ərzində erməni işğalı nəticəsində dağıdılmış şəhərin yenidən həyata qaytarılması üçün yeni imkanlar yaratdı. Bir zamanlar Qarabağın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdam işğal dövründə misli görünməmiş dağıntılara və vandalizmə məruz qalmışdı. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qarşıya mühüm məqsəd qoydu: Ağdamı yenidən qurmaq, sakinlərini doğma yurdlarına qaytarmaq və şəhəri müasir inkişaf mərkəzinə çevirmək.
Şanlı Zəfərimizin əbədiləşdirilməsi bu gün yalnız tarixi hadisələrin xatırlanması və qəhrəmanlıq salnaməsinin yaşadılması ilə məhdudlaşmır. Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, qazilərimizin fədakarlığının qiymətləndirilməsi, Vətən müharibəsinin tarixi həqiqətlərinin gələcək nəsillərə çatdırılması ilə yanaşı, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri də Zəfərimizin əbədi yaşadılmasının mühüm ifadəsidir.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdamda həyata keçirilən yenidənqurma layihələri şəhərin gələcək inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Yeni yaşayış binalarının, sosial obyektlərin, yolların, parkların və müasir infrastrukturun yaradılması qalib xalqın quruculuq əzmini nümayiş etdirir. Ağdamın yenidən qurulması həm də Azərbaycanın işğalın ağır nəticələrini aradan qaldırmaq əzmini və öz torpaqlarında sülh, təhlükəsizlik və tərəqqi yaratmaq iradəsini nümayiş etdirir.
Bu gün Ağdam şəhərinin və kəndlərinin yenidən məskunlaşdırılması Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarəti altında həyata keçirilən bu proses doğma yurdlarından uzun illər ayrı düşmüş insanların öz torpaqlarına qayıtmasını, yeni yaşayış evlərinə köçməsini və sosial həyatın bərpasını təmin edir. Şəhərdə və kəndlərdə yaşayış məntəqələrinin yenidən qurulması, təhsil, səhiyyə, kommunal xidmət və digər sosial infrastruktur obyektlərinin yaradılması əhalinin rahat və təhlükəsiz yaşayışına şərait yaradır. Eyni zamanda, məşğulluq imkanlarının genişləndirilməsi, sahibkarlığın inkişafı və yeni iqtisadi fəaliyyət sahələrinin formalaşdırılması Ağdamın dayanıqlı inkişafının əsasını təşkil edir.
Ağdamın gələcək inkişafında turizm infrastrukturunun qurulması da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müəyyən etdiyi Qarabağın sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində rayonun zəngin tarixi-mədəni irsinin, coğrafi mövqeyinin və turizm potensialının reallaşdırılması mühüm perspektivlər yaradır. Müasir hotel və istirahət komplekslərinin, ictimai iaşə obyektlərinin, turizm xidmətlərinin və müvafiq infrastrukturun yaradılması həm yerli iqtisadiyyatın inkişafına, həm də yeni iş yerlərinin açılmasına töhfə verəcəkdir.
Ağdamın tarixi məkanlarının, mədəni irsinin və milli-mənəvi dəyərlərinin tanıdılması şəhərin turizm cəlbediciliyini artırmaqla yanaşı, onun beynəlxalq səviyyədə təbliğinə də xidmət edəcəkdir. Turizmin inkişafı Ağdamın yalnız iqtisadi deyil, həm də mədəni və sosial dirçəlişinə təkan verən mühüm amillərdən biridir. Bu istiqamətdə görülən işlər şəhərin müasir simasının formalaşmasına, regionun investisiya cəlbediciliyinin artmasına və Qarabağın ümumi inkişaf strategiyasının reallaşdırılmasına şərait yaradır.
Nəticə etibarilə, Ağdamın işğaldan azad edilməsi ilə başlanan yeni tarixi mərhələ Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa, məskunlaşma və inkişaf prosesləri ilə davam edir. Şanlı Zəfərimizin əbədiləşdirilməsi, Böyük Qayıdışın həyata keçirilməsi və turizm infrastrukturunun formalaşdırılması vahid strateji məqsədə – Ağdamın yenidən dirçəldilməsinə, iqtisadi potensialının reallaşdırılmasına və sakinlərin firavan həyatının təmin olunmasına xidmət edir.
Ağdamın bugünkü mənzərəsi Azərbaycanın qalib dövlət kimi qüdrətini, xalqımızın sarsılmaz iradəsini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl quruculuq siyasətini nümayiş etdirir. Dünən işğalın və dağıntıların simvoluna çevrilmiş Ağdam bu gün quruculuğun, dirçəlişin və Böyük Qayıdışın rəmzi kimi yeni tarix yazır. Bu dirçəliş Şanlı Zəfərimizin əbədi təntənəsi, dövlətimizin gələcəyə yönəlmiş inkişaf strategiyasının parlaq təzahürüdür.
Tural Sadıxov
YAP Culfa rayon təşkilatının əməkdaşı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















