Icma.az
close
up
RU
Böyük vətənpərvər

Böyük vətənpərvər

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xalqının görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də Zəngəzurda, Hamamlı kəndində dünyaya gəlib. 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirən Əziz Əliyev Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi, maliyyə yardımı ilə həmin il Petroqrada gedib. Hərbi Tibb Akademiyasına daxil olur.

Birinci kursu bitirəndə ‒1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı qətliamları başlanır. On minlərlə azərbaycanlı İrəvandan, Zəngəzurdan, Qərbi Azərbaycandan didərgin düşür. Əziz Əliyev isə üstəlik, Petroqrad Hərbi Tibb Akademiyasından ayrılmaq məcburiyyətində qalır, Şərura, Şahtaxtı kəndinə köçür. Daşnaklar Naxçıvana ayaq açdıqdan sonra qanlı qırğınlar başlanır. Qan-qadadan canını qurtaran ailə bu dəfə Güney Azərbaycana, Ərəblər kəndinə pənah aparır. Naxçıvan Mirzə Nəsrulla bəy Əmirovun qurduğu Müdafiə Komitəsinin igidlərinin, IX İslam Ordusunun komandanı Kazım Qarabəkir paşanın və əsgərlərinin rəşadəti nəticəsində Andranikin, Ozanyanın hücumlarından xilas olduqdan sonra yenə Şahtaxtıya qayıdırlar.

Əziz Əliyev bu illərdə valideynlərini itirir, anası Zəhra xanım o tayda dünyasını dəyişir. Arazın bu tayında da, o tayında da həkim məntəqələrində çalışaraq xəstələrə şəfa verən Əziz Əliyev əhali arasında dərin hörmət qazanır. O, Şahtaxtıda İrəvanın zadəgan soylarından olan Leyli xanımla ailə qurur. İlk övladları ‒ Zərifə və Tamerlan orada dünyaya gəlir. Sonra onun taleyinin Bakı üzü başlayır. Öncə Nəriman Nərimanovun qayğısı ilə Xalq Komissarları Sovetində kargüzarlıq şöbəsində müdir müavini olur, daha sonra müdir kimi fəaliyyətə başlayır. Eyni zamanda, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur.

Gənc yaşlarında namizədlik və doktorluq dissertasiyaları müdafiə edən Əziz Əliyev nəzəri, elmi biliklərə yiyələnməklə yanaşı, praktik məktəb keçərək alim, həm də qurucu ‒ təşkilatçı kimi formalaşmışdı. Tibb İnstitutunu bitirdikdən sonar o, Xalq Səhiyyə Komissarlığı yanında müalicə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının birinci müavini, Dövlət Klinik İnstitutunun direktoru, Bakı Şəhər Soveti səhiyyə şöbəsinin müdiri, yenidən Tibb İnstitutunun direktoru, 1937-ci ilin dəhşətli repressiyaları zamanı həm də, Azərbaycan Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərmişdi. “1930-cu ildə Azərbaycan Dövlət Universitetinin bir fakültəsi kimi sadəcə elan edilmiş Tibb İnstitutunun yaradıcısı Əziz Əliyevdir. Onun rəhbərliyi dövründə ən yaxşı mütəxəsislər cəlb edilərək müvafiq kafedralar yaradılmış, milli kadrlar yetişdirilmiş, həkimlər ixtisas artırmaq, tədqiqatçılar elmi işlərini davam etdirmək üçün Moskvaya, Leninqrada göndərilmiş, onlarca dərslik və dərs vəsaitləri yazılmış, institutun maddi-texniki bazası formalaşdırılmışdır.

1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin katibi seçilən Əziz Əliyev bir il sonra Azərbaycan SSR Xalq Səhiyyə komissarı təyin edilir, ölkənin bütün bölgələrində səhiyyə ocaqlarının açılması, ixtisaslı kadrlarla təmin edilməsi, maddi-texniki bazasının yaradılması istiqamətində mühüm işlər görür.

İkinci Dünya müharibəsi başlananda Əziz Əliyev kimi ciddi dövlət xadimlərinə təkcə Azərbaycanda, Bakıda deyil, Mərkəzdə, Moskvada da ehtiyac duyulurdu. Belə bir vaxtda Əziz Əliyev Azərbaycan K(b)P MK-nın katibi seçilir. Əziz Əliyev o dövrdə Azərbaycan sənayesinin kompleks inkişafının təmin olunması, xüsusilə neft məhsullarının cəbhəyə çatdırılması sahəsində mühüm işlər görür, təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə bir vaxtda Sovet İttifaqının Yaxın və Orta Şərq, İran istiqamətində də problemləri yaranır. Onun qarşısını almaq üçün Əziz Əliyev ciddi bir rəhbər kadr kimi önə çəkilir. Sovet ordusunun tərkibində “Güney Azərbaycan missiyası”nın rəhbəri kimi İrana təbliğat-təşviqat məqsədi ilə ezam olunan Əziz Əliyev burada ilk ana dilli mətbu orqanı ‒ “Vətən yolunda” qəzetini qurur. Xalq yazıçısı Mirzə İbrahimovun rəhbərliyi ilə işıq üzü görən qəzet ana dili məsələlərini təbliğ edir. Əziz Əliyev bununla kifayətlənmir. Təbrizdə ana dilində ilk məktəb açır, ilk səhiyyə ocaqlarını təşkil edir.

“1941-ci ilin sentyabrından Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvü təyin olunan Əziz Əliyev 6-7 ay ərzində Güney Azərbaycanda inanılmaz dərəcədə böyük işlər gördü. Onun təşəbbüsü və səyləri ilə “Gülüstan” parkında teatr, musiqi dərnəkləri təşkil olunur, 1941-ci ilin noyabr–dekabr aylarında Azərbaycan Dövlət Opera və Balet Teatrının qastrolu təşkil edilir.”

Onun Güney Azərbaycanda gerçəkləşdirdiyi mühüm layihələr, millət quruculuğu istiqamətində gördüyü işlər, Azərbaycanın birliyi, bütövlüyü naminə atdığı addımlar İran şahını və Mikoyan‒ Beriya cütlüyünü qane etmədiyindən polkovnik-komissar Əziz Əliyev geri çağırılır…

Müharibənin ilk çağlarında alman faşistləri Mozdoka qədər irəliləmiş, Qroznı neftini ələ keçirmişdi. Mahaçqalaya doğru irəliləyən faşist ordusu Dağıstanı işğal etməklə Bakını, Xəzər hövzəsini, Abşeron neftini ələ keçirmək, Güney Azərbaycanda möhkəmlənməklə sovetlərin Yaxın və Orta Şərqə qapısını bağlamaq istəyirdi.

Əziz Əliyev 1942-ci ilin sentyabr ayında Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi seçilir. Elə bir vaxt idi ki, Dağıstan darda, intizarda idi. Çeçenlər, inquşlar, bulqarlar, çərkəzlər, Ahıska türkləri, Krım tatarları kimi, dağlıların da köçü yol üstündəydi. Onlar Şeyx Şamilin varisləri kimi, Şura hökumətinə etimadsızlıqda, sadəcə müsəlman olduqlarına, Osmanlıya isti münasibətlərinə görə ləkələnir, cəsusluqda ittiham olunurdular. Bu damğaları qəbul etməyən dağlılar isə ölümü sovet ordusundan xidmətdən üstün tuturdular. Əziz Əliyev Dağıstana gəlişi ilə dağlılarda dövlətə inam, Sovet dövlətində isə onlara etimad qazandırdı. Məhz onun çağırışı ilə iki ay içərisində 25 mindən çox dağlı igid səfərbər olub ön cəbhəyə yollandı.

Dağıstan Vilayət Partiya Komitəsinin katibi, 48-ci cəbhənin komandanı Əziz Məmmədkərim oğlu Əliyevin təqdim etdiyi bayrağı Mahaçqaladan Berlinə, Reyxstaqa qədər qürurla aparırdı.

Əziz Əliyev təkcə ön cəbhənin deyil, həm də arxa cəbhənin xilaskarı kimi tarix yaratdı. Müharibə şəraitində Dağıstanı yenidən tikdi, qurdu, 32-dən çox xalqın milli teatrının, məktəbinin, mətbu orqanlarının təməlini qoydu. Qələm sahiblərini, şair, yazıçı və bəstəkarlarını, teatr xadimlərini, istedadlı insanlarını SSRİ-nin ən ucqar nöqtələrində tanıtdı. Ayrı-ayrı institutların, Dağıstan Elmi Mərkəzinin qurucusu oldu. Səhiyyə ocaqlarını, tibb məntəqələrini qurmaqla onların sağlamlıq problemlərini həll etdi. Milli kadr potensialını formalaşdırmaqla onun mərkəzdən asılılığının qarşısını aldı. Qadınların təhsilə cəlb olunması məsələsini dövlət siyasəti səviyyəsinə qaldırmaqla, “Savadlı qadın, savadlı millət və gələcək!” konsepsiyasına böyük töhfələr verdi. Samur–Dəvəçi kanalını qurmaqla dağlar diyarına can gətirdi. Bu səbəbdən də istər Dağıstanda, istər də mərkəzdə, Moskvada “Qurucu Əziz” titulu ilə adını 1941–1945-ci illər müharibəsi zamanı tarixə yazdı.

Düz altı il, 1942-ci ildən 1948-ci ilə qədər Dağıstanın siyasi taleyini həll edən, kompleks inkişafına nail olub gələcəyini müəyyənləşdirən lider kimi hər bir dağlının qəlbində abidəsini ucaltdı. Bu səbəbdən də adı çəkiləndə tarixi bir kəlam səslənir: “Dağıstanın və dağlıların ağır illərində Əziz Məmmədkərim oğlu Əliyev bir çıraq kimi yandı, hər yana nur çilədi!”

O dövrdə Qərbi Azərbaycanın böyük bir hissəsinin ‒ Qərbi Zəngəzurun boşaldılması məsələsini qaldıran erməni daşnakları bu torpaqların tarixi sakinlərinin köçürülməsi planını irəli sürmüşdü. Bu, Zəngəzurda doğulan Əziz Əliyevi qəzəbləndirmiş, onun etirazına səbəb olmuşdu. Öncə xarici işlər nazirinin müavini Malenkovla, sonra nazir Molotovla, daha sonra isə Stalinlə danışıqlara gedən Əziz Əliyevin bütün xidmətləri unudulmuş, o, arzuolunmaz kadra çevrilmişdi. Onun üzərindən isə bir anın içərisində xətt çəkmək mümkün deyildi. Hər halda o, sovetlərin yetişdirdiyi ciddi dövlət xadimi və müharibənin taleyini həll edən tarixi simalardan biri idi.

“Elə buna görə də 1948-ci ildə Əziz Əliyev Moskvaya çağırılır, bir il İctimai Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Ali partiya kurslarında təhsil alır və Sov.İKP MK-da inspektor vəzifəsində çalışır. 1950-ci ildə Mircəfər Bağırovun istəyi ilə Əziz Əliyev Azərbaycana göndərilir və Nazirlər Soveti Sədrinin müavini təyin olunur. Bu təyinat, əslində, Əziz Məmmədkərimoğlunu “vurmaq” üçün şərait yaratmağa, zəmin hazırlamağa xidmət edirdi və əvvəlcədən düşünülmüşdü”.

Ulu öndər Heydər Əliyev həmin dövrü xatırlayaraq Əziz Əliyevin yubiley mərasimində qeyd etmişdi: “Əziz Əliyev mənə danışırdı ki, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına baş həkim müavini göndərdilər və o, üç il orada işlədi. Bu, onun o vaxtkı rejimin, bilavasitə Mircəfər Bağırov tərəfindən həyata keçirilən repressiyalara məruz qaldığı dövr idi”.

Əziz Əliyev qüdrətli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, ən əsası dar məqamlarda, çətin zamanlarda iradənin gücü, xarakterin əyilməzliyi ilə tarix yaradan qüdrətli şəxsiyyət idi. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, tarixi Zəfərə, Böyük Qələbəyə məhz qüdrətli genetik kodlara malik lider imza ata bilər! Prezident, müzəffər Ali Baş Komandan

İlham Əliyevin damarlarında iki müqəddəs genetik kodun daşıyıcısının, tarixi şəxsiyyətin, bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən müdrik dövlət xadiminin – ümummilli lider Heydər Əlirza oğlu Əliyevin, odlar yurdu Azərbaycanın və dağlar diyarı Dağıstanın xilaskarı Əziz Məmmədkərim oğlu Əliyevin qanı axır.

Bu il dövlət müstəqilliyimizin 33-cü ili tamam oldu. Tarix üçün qısa, milli dövlətçilik tariximiz üçün isə keşməkeşli olan bu illərdə biz ulu öndər Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin iradəsi, xilaskarlıq missiyası ilə Qayıdış və Qurtuluş dastanlarını yazdıq. Bu dastanların təntənəsini Şuşa qalasında, Xankəndidə dalğalanan Azərbaycan Bayrağının əzəmətində yaşadıq. Qurucu Əzizin nəvəsinin Qarabağda, Şərqi Zəngəzurda gerçəkləşdirdiyi layihələri, möhtəşəm işləri gördükcə isə, qəlbimiz qürurla döyündü.

Akademik Mustafa bəy Topçubaşovun dili ilə desək “Əziz Əliyevin ‒ bu “qeyri-adi insan”ın ömründən keçən illər bizim tariximizdir. Onu oxumaq, öyrənmək, tədqiq və təbliğ etmək isə tariximiz və parlaq tarixi şəxsiyyətimiz qarşısında vicdan və vəfa borcumuzdur.

Şərəf CƏLİLLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see166

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri