Icma.az
close
up
RU
Böyük vətənpərvər və fədakar dövlət xadimi

Böyük vətənpərvər və fədakar dövlət xadimi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mübariz AĞALARLI
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti

"Əslən aristokrat, qəlbən demokrat, dövlətşünas, qanunçu, dərin zəka sahibi olan Fətəli xan səmimi milliyyətpərvər və sınmaz iradəli bir dövlət adamı idi..."

Xəlil bəy Xasməmmədov

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. 1918-ci il mayın 28-də elan edilən bu respublika Şərqdə ilk parlamentli-demokratik dövlət kimi tarixə düşüb. AXC-nin dövlət quruculuğu prosesi yalnız milli kimlik və azadlıq ideyalarının təcəssümü deyil, həm də müasir idarəçilik mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyətə malik idi. Bu tarixi prosesin formalaşmasında mühüm rol oynayan siyasi xadimlər arasında Fətəli xan Xoyski (1875, 7 dekabr, Nuxa - 1920, 19 iyun, Tiflis) xüsusi yer tutur.

Fətəli xan Xoyski hələ Moskva Dövlət Universitetinin Hüquq fakültəsində (1891-1897) təhsil aldığı dövrdə Avropa hüquqi-siyasi fikrini dərindən mənimsəmiş, liberal-demokratik ideyalarla yaxından tanış olmuşdu. Onun dövlətçilik baxışlarının ideya bazası məhz bu intellektual mühitdə formalaşmışdı.

Bir sıra mənbələrdə Fətəli xan Xoyskinin siyasi mənsubiyyəti ilə bağlı yanlış qənaətlər mövcuddur. Xüsusilə bəzi qaynaqlarda onun Rusiya Kadet Partiyasının üzvü olduğu göstərilir. Azərbaycan Sovet Ensiklopediyasının X cildində qeyd olunur ki, Xan Xoyski 1907-1917-ci illərdə Kadet Partiyasının üzvü olmuş, 1917-ci ildən sonra isə bitərəf fəaliyyət göstərmişdi. Lakin bu məlumat digər etibarlı sənədlərlə üst-üstə düşmür.

II Dövlət Dumasının stenoqrafik hesabatlarında Xoyski haqqında məlumat isə tamamilə fərqlidir və belə təqdim olunur: "Xoyski Xan Fətəli İskəndər oğlu - türk-müsəlman, 30 yaşlı, ali hüquq təhsilli, Dumanın fəaliyyətinə qədər prokuror müavini, Müsəlman Fraksiyasının üzvü". Beləliklə, o, Duma dövründə də hər hansı rus siyasi partiyasının üzvü kimi yox, məhz müsəlman nümayəndəliyinin fəal təmsilçisi kimi çıxış etmişdi.

Bu məsələyə Fətəli xan Xoyskinin 1919-cu ilin 2-11 dekabrında Bakıda keçirilən "Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyası"nın II qurultayında çıxışı da aydınlıq gətirir. O, açıq şəkildə bildirirdi: "Bir sıra səbəblərə görə, mən indiyədək heç bir partiyaya daxil olmamışam. Buna görə də hər bir partiyanın fəaliyyətini kənardan müşahidə edirəm; ona qərəzsiz qiymət vermək mənim üçün asandır..."

Bu faktlar göstərir ki, Fətəli xan Xoyski siyasi baxışlarına görə liberal-demokrat yönümlü olmaqla yanaşı, II Rusiya Dövlət Dumasında Kadet Partiyasının bir sıra siyasi-hüquqi konsepsiyalarını dəstəkləsə də, nə Rusiya imperiyası dövründə, nə də Azərbaycan Xalq Cümhuriyyəti illərində hər hansı siyasi partiyanın üzvü olmamışdı. Onun siyasi mövqeyi müəyyən ideoloji prinsiplərlə səsləşsə də, Xoyski fəaliyyətini partiya mənsubiyyətindən deyil, şəxsi məsuliyyət, dövlətçilik düşüncəsi və milli maraqların təmin edilməsi kimi fundamental prinsiplərdən çıxış edərək qurmuşdu.

1907-ci ildə Rusiya İmperiyasının II Dövlət Dumasına deputat seçilən Fətəli xan Xoyski burada Müsəlman Fraksiyasının ən fəal və nüfuzlu üzvlərindən biri kimi çıxış etmiş, milli hüquqların müdafiəsi istiqamətində ardıcıl mövqe sərgiləmişdi.

Fətəli xan Xoyskinin siyasi baxışlarını, xüsusilə də liberal-demokrat yönümlü mövqeyini, Kadet Partiyasının 1907-ci il mayın 18-də hazırlayaraq 173 deputatla birlikdə Dövlət Dumasına təqdim etdiyi "Milli və ya dini mənsubiyyətlə bağlı hüquqlardakı məhdudiyyətlərin ləğvi haqqında qanun layihəsi"ndə əks olunan prinsiplərlə müəyyənləşdirmək mümkündür. Məlumdur ki, həmin qanun layihəsinin imzalayanlarından biri də Fətəli xan Xoyski olub.

Layihədə Rusiyanın bütün vətəndaşları üçün milli və dini mənsubiyyətdən irəli gələn hüquqi məhdudiyyətlərin tam şəkildə aradan qaldırılması zərurəti xüsusi vurğulanırdı. Sənəddə vətəndaşların peşə seçimi azadlığının təmin edilməsi, dövlət və ictimai xidmətdə bərabər hüquqlara malik olması, şəxsi toxunulmazlıq, söz və mətbuat azadlığı, təhsil almaq hüququ kimi fundamental təminatların tanınması tələb edilirdi.

Fətəli xan Xoyskinin bu qanun layihəsini dəstəkləməsi onun liberal-demokratik dəyərlərə sadiqliyinin və insan hüquqlarının bərabərliyinə dair prinsipial mövqeyinin bariz göstəricisidir. Xüsusilə qeyd olunmalıdır ki, Xoyskinin dünyagörüşündə milli dövlət ideyasının ilkin konturları da məhz bu dövrdə formalaşmağa başlayıb.

Xoyskinin siyasi baxışlarına görə, dövlətin dayağı xalqın suveren iradəsi, azad yaşamaq haqqı və siyasi-hüquqi bərabərliyidir. Məhz Dövlət Dumasına təqdim olunan layihədəki prinsiplər Xoyskinin dövlətçilik baxışlarının ilkin siyasi-hüquqi konturlarını ortaya qoyurdu.

O dövrdə Xoyski liberal və modernləşmiş hüquqi düşüncəyə malik ziyalı kimi çıxış edirdi və hüququn aliliyi prinsipini ön planda tuturdu. Onun tənqid obyektləri əsasən çar hakimiyyətinin qanunları və sərt mərkəzləşdirilmiş idarəetmə sistemi idi ki, bunlar dövrün ictimai-siyasi tələblərinə cavab vermirdi.

Vurğulamaq lazımdır ki, Fətəli xan Xoyskinin II Dövlət Dumasındakı fəaliyyəti və siyasi baxışları sonrakı mərhələdə onun suveren milli dövlətçilik fəlsəfəsinin formalaşmasının əsas bünövrələrindən biri kimi qiymətləndirilə bilər.

Xoyskinin 2 aprel 1907-ci ildə Dövlət Dumasında aqrar məsələlərə dair çıxışı bir tərəfdən çar hökumətinin siyasətinə qarşı açıq etiraz xarakteri daşıyır, digər tərəfdən isə onun siyasi baxışlarının sosial mahiyyətini aydın şəkildə nümayiş etdirirdi. Xoyski çıxışında bildirirdi:

"Cənablar, xalqın nümayəndələri!.. Müsəlman fraksiyası adından torpaq məsələsi ilə bağlı rəhbər prinsiplərimizi bəyan etməyi vacib hesab edirəm. Biz - Rusiya dövlətinin 20 milyondan çox əhalisini təşkil edən müsəlmanlar... aqrar məsələnin ədalətli həllini imperiyanın digər xalqları qədər səbirsizliklə gözləyirik... Torpaq məsələsi son dərəcə vacib və təxirəsalınmaz olmaqla yanaşı, eyni zamanda çox mürəkkəbdir. Bu mürəkkəb məsələ hökumətin təklif etdiyi səthi tədbirlərlə həll oluna bilməz... Hökumətin digər tədbiri - köçürmə siyasəti də nəticəsizdir... Köçürmə siyasətinin əsasında, mənim fikrimcə, bürokratik dairələrdə yaranmış uğursuz bir fikir - ruslaşdırma ideyası dayanır. Əsas məqsəd müsəlman və digər yerli xalqları ruslaşdırmaqdan ibarətdir..."

Bu çıxış Xoyskinin aqrar islahatların mahiyyətinə dərindən bələd olduğunu, çar hökumətinin köçürmə siyasətini kəskin şəkildə tənqid etdiyini və yerli xalqların hüquqlarının müdafiəsini öz siyasi mövqeyinin əsas komponentlərindən biri kimi gördüyünü təsdiqləyir.

Xoyskinin bu çıxışı, Rusiya Dövlət Dumasında aqrar məsələlərlə bağlı aparılan müzakirələrdə müsəlman fraksiyasının mövqeyini əks etdirməklə, kəndlilərin sosial vəziyyətini, torpaq islahatının hüquqi və iqtisadi aspektlərini əhatə edir, həm də sosial ədalət, milli hüquqlar baxımından proqressiv və strateji baxış sərgiləyirdi.

Xoyskinin sonrakı mərhələlərdə siyasi baxışları daha da konkretləşməyə doğru inkişaf etdi. Xüsusilə də digər milli-demokratik ziyalılar kimi, I Dünya müharibəsindən müsbət gözləntilər Xoyskinin də əsəs istəklərindən idi.

Proqressiv Azərbaycan ziyalıları, zahirən hökumətə loyal münasibət göstərsələr də, bu müharibənin nəticələrini öz xalqı üçün mümkün qədər əlverişli məcraya yönəltməyə ümid edirdilər. Bu baxımdan gələcəkdə Azərbaycan Respublikasının Baş naziri olmuş Fətəli xan Xoyskinin 1915-ci ildə söylədiyi sözlər xüsusilə səciyyəvidir. Xoyski yazırdı: "Müharibədən sonra hər şey dəyişəcək, güclü dövlətlər ondan zəifləmiş və yaralanmış şəkildə çıxacaqlar və o zaman bizim öz şərtlərimizi diktə etmək dövrümüz yetişəcək ki, bu da bizim üçün azadlıq deməkdir. Bu azadlıq isə bizim gücümüzdən, sərvətlərimizdən və neftimizdən qaynaqlanır. Buna görə də unutmayın: dünya bizə, bizim dünyaya olduğumuzdan daha çox möhtacdır".

Həqiqətən də Xoyskinin söylədiyi perspektiv vəd edən bu siyasi fikirləri gerçək həqiqəti əks etdirir, Rəsulzadə və digər milli-demokratik ziyalıların fikirləri ilə səsləşirdi.

Ümumiyyətlə, Xoyskinin 1907-1917-ci illər siyasi baxışlarını təhlil edərkən bu qənaətə gəlirik ki, bu dövrdə konkret siyasi mənsubiyyəti olmayan Xoyski, liberal-demokratik baxışları ilə seçilmiş, çar Rusiyası hüdudları daxilində yaşayan xalqların hüquq bərabərliyi, insan hüquq və azadlığının təmini prinsiplərini müdafiə etmiş, etnik və dini ayrı-seçkiliyə qarşı mübarizə aparmışdı.

1917-ci il Oktyabr çevrilişindən sonra Fətəli xan Xoyskinin siyasi baxışlarında müstəqillik ideyaları daha qabarıq şəkildə özünü göstərməyə başladı. Bu dövrdə o, Cənubi Qafqazın vahid siyasi birlik kimi müstəqil olması fikrini dəstəkləyir və bu mövqeyi öz çıxışlarında xüsusi olaraq vurğulayırdı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdi. Bu tarixi hadisə Fətəli xan Xoyskinin uzun illər ərzində formalaşan siyasi dünyagörüşündə də yeni ideyaların əsasını qoydu. Artıq bu dövrdən etibarən Xoyskinin baxışlarında yeni mərhələ başlayır: liberal-demokratizm mövqeyindən milli-demokratiya prinsiplərinə keçid. Bu ideoloji mövqe onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir və ilk müstəqil milli Azərbaycan dövlətinin quruculuğunda mühüm rol oynayırdı. Cümhuriyyətə qədərki dövrdə Xoyski Rusiyada idarəçilik və qanunvericilik sahəsində hüquqi və demokratik prinsipləri ön plana çıxarırdısa, Cümhuriyyət qurulduqdan sonra onun fəaliyyəti daha çox milli dövlətçilik prinsiplərinin praktik olaraq həyata keçirilməsinə, suverenliyin qorunmasına və müstəqil Azərbaycanın beynəlxalq müstəvidə tanınmasına yönəlmişdi. Bu baxış onun həm Baş nazir, həm də digər dövlət vəzifələrindəki fəaliyyəti dövründə həyata keçirdiyi siyasətdə aydın şəkildə görünürdü.

Xoyskinin dövlətçilik fəlsəfəsinin əsasını, fəaliyyəti dövründə əməli şəkildə həyata keçirməyə çalışdığı və hər zaman sadiq qaldığı əsas prinsiplər - millətin hüququ, istiqlalı və hürriyyəti təşkil edirdi. Bu prinsipial mövqe 1918-ci ilin 7 dekabrında Azərbaycan Respublikası Parlamentinin birinci iclasında Azərbaycan Hökumətinin fəaliyyəti barədə hesabatı zamanı bir daha özünü göstərmişdir. Cümhuriyyətin hökumət başçısı nitqində deyirdi: "Möhtərəm Azərbaycan parlamenti əzası! Bu gün Azərbaycan üçün böyük mübarək gündür ki, bunu yuxumuzda görməzdik, əqlimizə belə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız. Hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər, özümüzü də təbrik edirəm. Bu qısa zamanda qüvvəmiz qədər vəzifəmizi də ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu qətiyyətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin hüququ, istiqlalı, hürriyəti!"

Xoyski həmçinin dövlət strukturlarında türk dilinin aparıcı dilə çevrilməsi istiqamətində ciddi işlər görür, məktəblərdə tədris proqramlarının milliləşməsini və milli dilin qorunmasını vacib hesab edir, dil siyasətini dövlətin əsas sütunu hesab edirdi. O, parlamentdəki çıxışlarının birində deyirdi: "Möhtərəm Məbuslar. Bunu deməliyəm ki, o vaxt nə məktəb var idi, nə ədliyyə idarələri var idi... Hökumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarələrini təmin etdi. İndi Allaha şükürlər, hər yerdə olamaz isə də bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər... ...Möhtərəm Məbuslar! Maarif nəzarəti haqqında da bir neçə kəlmə söyləməliyəm. Maarif nəzarəti hər kəsə imkan verməlidir ki, öz ana dilində məktəb açıb oxusun. Oxumaz mənim sizin ilə danışdığım kimi olar..."

Fətəli xan Xoyski həm Zaqafqaziya Seyminin fəaliyyəti dövründə, həm də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi illərində Cənubi Qafqazın siyasi birliyinin tərəfdarı kimi çıxış etmişdi. 21 dekabr 1919-cu ildə Bakıda keçirilən Azərbaycan-Ermənistan konfransındakı çıxışı da bu mövqeni təsdiq edir: "...Bizim nümayəndə heyətimiz hesab edir ki, Zaqafqaziya xalqlarının müstəqil varlığının və gələcək inkişafının əsasında dayanmalı olan əsas məsələ - siyasi və iqtisadi birliyin müəyyən formasıdır. Bu birliyi siyasi nəzəriyyədə müstəqil və suveren dövlətlərin konfederasiyası adlandırmaq olar. Biz inanırıq ki, konfederasiya ideyası Zaqafqaziya respublikalarına müstəqillik ideyasını həm formal, həm də faktiki cəhətdən möhkəmləndirmək üçün lazımi siyasi çərçivə verə bilər. Bu konfederativ sistem daxilində iqtisadi və ticarət əlaqələrinin də təbii şəkildə tənzimlənməsi mümkün olacaqdır".

Bu çıxış Xoyskinin regional əməkdaşlığı, qarşılıqlı siyasi etimadı və iqtisadi inteqrasiyanı Cənubi Qafqazda davamlı sülhün və dövlətçilik sabitliyinin əsas şərtlərindən biri kimi gördüyünü göstərir.

Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin Paris Sülh Konfransı tərəfindən tanınmasına həsr olunmuş Azərbaycan Parlamentinin 14 yanvar 1920-ci il təntənəli iclasında xarici işlər naziri F.X.Xoyskinin çıxışı isə dövlətçilik düşüncəsinin yetkinliyini və siyasi məsuliyyət hissini bir daha nümayiş etdirirdi:

"Bu gün ingilis nümayəndəsi bizə bildirdi ki, lord Kerzon sülh konfransında təklif etmiş ki, Azərbaycan və Gürcüstan istiqlaliyyətləri təsdiq olunsun. Sülh konfransı nümayəndələri bu təklifi qəbul etmişlər. Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə - bir il yarım içərisində - qazandıq... Bugünkü bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. İndi isə onun təsdiqini sizə mən elan edirəm".

Bu nitq Xoyskinin istiqlal ideyası ilə bağlı siyasi ardıcıllığını, Azərbaycanın beynəlxalq hüquq subyekti kimi tanınması uğrunda apardığı fəaliyyətin uğurla nəticələndiyini və onun bu tarixi prosesə şəxsi-siyasi məsuliyyət hissi ilə yanaşdığını göstərən mühüm mənbələrdən biridir.

Fətəli xan Xoyski şəxsiyyəti haqqında dövrün bir çox xadimləri dəyərli fikirlər səsləndirsələr də, onun fəaliyyətini və xarakterinin mahiyyətini ən təbii, ən səmimi şəkildə ifadə edənlərdən biri Cümhuriyyət qurucularının görkəmli siması - Xəlil bəy Xasməmmədov olmuşdur. Xasməmmədovun Xoyski barədə söylədikləri sanki həm bir silahdaşın etirafı, həm də bir dövlət adamının qəlbindən süzülüb gələn həqiqət idi. Xəlil bəy Xasməmmədli 1933-cü ildə "Azərbaycan Yurd Bilgisi" jurnalındakı "28 Mayısın Büyük Kurbanı Feth Ali Han" adlı məqaləsində yazırdı: "Azərbaycanla doğulub, Azərbaycanla sönən bir ulduz olan Fətəli xana Azərbaycanla bərabər ağlamamaq mümkün deyildir. Əslən aristokrat, qəlbən demokrat, dövlətşünas, qanunçu, dərin zəka sahibi olan Fətəli xan səmimi milliyyətpərvər və sınmaz iradəli bir dövlət adamı idi... "Qırmızı imperializmin zorakı işğalı" ilə "Azərbaycanın müstəqilliyinin düşmənləri, Azərbaycanın ideallarının zəhərli qatilləri, qanlı əllərini mərhuma uzatdılar. Onu yalnız öz xalqına xidmət etdiyinə və ölkəsinə olan dərin bağlılıq və məhəbbətinə görə, ana torpağından uzaq, qürbət ellərin küçələrində qəddarcasına qətlə yetirdilər. Milli Cümhuriyyətimizin təməllərini qoyanlardan biri, əziz dostumuz, qatil və məkruh millətin gülləsi ilə istiqlaliyyətə gözünü yumdu. Bu itki milli Cümhuriyyətin münəvvər zümrəsinin bel sümüyünə endirilən zərbələrdən bəlkə ən həssası və ilki idi".

Xəlil bəy Xasməmmədov həmçinin böyük bir ürək yanğısı ilə arzu edirdi ki, "Azərbaycan yenidən müstəqilliyinə qovuşduqda, bu məmləkətin övladları mərhum Fətəli xanın cəsədini - onun qəlbimizdə yaşayan əziz ruhu ilə birgə - vətənə gətirəcək və onun xatirəsinə layiq, qürurverici bir abidə ucaldacaqlar".

Ümumiyyətlə, Fətəli xan Xoyski Azərbaycanın Cümhuriyyət tarixində milli dövlətçilik ideyalarının formalaşmasında aparıcı rol oynayan əsas simalardandır. Siyasi fəaliyyətinin ilk mərhələsində onun liberal-demokrat baxışları Rusiya imperiyası tərkibində yaşayan xalqların hüquqlarının müdafiəsi, milli, dini və sosial ayrı-seçkiliyə qarşı mübarizə və azadlıq arzularının ifadəsi ilə səciyyələnirdi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elanından sonra isə Xoyskinin siyasi mövqelərində liberal-demokratizm zəminindən milli-demokratiya prinsiplərinə keçid aydın şəkildə nəzərə çarpırdı. Bu dəyişiklik artıq müstəqil dövlət quruculuğunun tələblərindən irəli gələn və azərbaycançılıq ideyasını dövlətçilik fəlsəfəsinin mərkəzinə çevirən bir mərhələ idi. Azərbaycançılıq Xoyski üçün yalnız milli kimliyi ifadə edən düşüncə deyildi, həm də ölkənin siyasi birliyini, ərazi bütövlüyünü, bütün vətəndaşların bərabər hüquqlu şəkildə bir dövlət ətrafında birləşməsini təmin edən ideya-siyasi baza idi.

Xoyskinin dövlətçilik fəlsəfəsi milli dövlət quruculuğu, siyasi və sosial-iqtisadi islahatlar, beynəlxalq hüquqa hörmət, daxili işlərə müdaxilədən çəkinmək, suverenliyin qorunması və qonşu dövlətlərlə dostluq münasibətlərinin inkişaf etdirilməsi kimi prinsiplərə əsaslanırdı. Onun diplomatik fəaliyyəti göstərirdi ki, Azərbaycan hökuməti həm regionda sabitliyin təmin olunmasına, həm də ölkənin beynəlxalq tanınmasına böyük əhəmiyyət verirdi.

Beləliklə, Xoyskinin siyasi baxışları və dövlətçilik fəlsəfəsi milli suverenliyin qorunması, demokratik idarəetmə, azərbaycançılıq ideyasının möhkəmləndirilməsi və qonşularla qarşılıqlı əməkdaşlıq kimi fundamental prinsiplərə söykənirdi. Bu isə onun Azərbaycan dövlət quruculuğu və diplomatiyasında oynadığı mühüm tarixi rolu daha aydın şəkildə ortaya qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see285

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see226

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see210

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see183

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see169

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri