BP: Şəfəq günəş layihəsi üzrə tikinti işləri qrafikə uyğun aparılır
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green və Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) məmnuniyyətlə bildirirlər ki, layihə üzrə tikinti işləri Azərbaycanın Cəbrayıl rayonunda qrafikə uyğun irəliləyir.
Bu barədə "APA-Economics"ə BP şirkətindən bildirilib. Qeyd edilib ki, 2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra layihə üzrə iki əsas müqavilə imzalanıb. Təxminən 117 milyon ABŞ dolları dəyərində olan Mühəndislik, Təchizat və Tikinti (EPC) müqaviləsi Intec və Complant şirkətlərinə verilib. Müqavilə mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edir. Layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və hazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir.
Dəyəri 29 milyon ABŞ dollarından çox olan modul təchizatı müqaviləsi isə günəş panellərinin təchizatı üçündür. Bu müqavilə Trina Solar (Schweiz) AG şirkətinə verilib. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
“Çox məmnunuq ki, tərəfdaşlarımız SOCAR Green və ABİF ilə birlikdə və digər çoxsaylı maraqlı tərəflərlə əməkdaşlıqda həyata keçirdiyimiz Şəfəq günəş layihəsi uğurla irəliləməkdədir”- “Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin direktoru Kolin Allan bildirib.
“Torpaq işləri zamanı layihə ərazisinin şimal hissəsində bir tarixi arxeoloji abidənin aşkarlanması da bizim üçün sevindirici hadisədir. Hasarlanmamış açıq yaşayış məskəni olan bu tapıntının Tunc və Erkən Dəmir dövrlərinə aid olduğu ehtimal olunur. Arxeoloji sahədə dəyirman daşlarının fraqmentləri, gil saxsı qırıqları (küplər, qablar, bişirmə qazanları) və çay daşlarından düzülmüş tikinti strukturları kimi səth materialları aşkarlanıb. Bu tapıntıların tarixi dəyərini və əhəmiyyətini qiymətləndirmək məqsədilə Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri ilə sıx işləyirik.”
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihə üzrə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında təsdiqlənmiş 200 milyon ABŞ dolları dəyərində olan Şəfəq (Cəbrayıl) günəş layihəsi çərçivəsində Cəbrayıl rayonunda yeni 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Layihə Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq. Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək. • SJSL şirkətindəki iştirak payları belədir: bp 50,01%, SOCAR Green (bütövlükdə SOCAR-a məxsus törəmə şirkəti) 39,99% və ABİF 10%. Şəfəq layihəsi bütövlükdə bp şirkətinə məxsus olan Lightsource bp tərəfindən həyata keçirilir.


