“BU, AZƏRBAYCANA MÜHARİBƏ ELANINA BƏRABƏRDİR...” “Mən də o səhnədən zövq almadım, sevinmədim...”
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseyn “AzPolitika”ya müsahibəsində gündəmin aktual mövzuları ilə bağlı sualları cavablandırıb.
Müsahibənin birinci hissəsini oxuculara təqdim edirik:
- Pənah bəy, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər ediblər. Bu, müharibədən sonra sülh quruculuğu, cəmiyyətlər arasında etimadın yaradılması təşəbbüsləridir. Amma müğənni Samirə Əfəndinin Qazaxıstanda münsif olduğu yarışmada erməni müğənniyə 12 xal verməsi və onu qucaqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Biz görürük ki, sülh və barışıq mövzusu ilə bağlı Azərbaycan cəmiyyəti hələ də həssas durumdadır. Bu hadisə cəmiyyətlər arasında etimad yaradılması təşəbbüslərinin perspektivi haqda hansı siqnalları verir?
- Keçən əsrin əvvəllərindəki vəziyyət mahiyyətcə indikindən fərqlənmir. Böyük qırğınlar, soyqırımlar baş vermişdi. Həmin dövrdə Bakıda, Şamaxıda, Azərbaycanın hər yerində soydaşlarımız kütləvi şəkildə qətlə yetirilib. Məsələn, Hacıqabul ərazisindəki indiki Abdulabad kəndi ərazisində baş vermiş döyüşdə yüzdən çox adam şəhid edilmişdi. Amma sonra sovet dövründə müəyyən münasibətlər formalaşdı. Xatırlayıram ki, bizim kəndlərə erməni dostları qonaq kimi gəlib-gedirdilər. Bakıda da belə idi. Bəziləri bunu sovet-kommunist rejiminin bərqərar olması, yeni ideologiyanın gəlməsi və əvvəlki mülkədar, xan, bəy və burjuaziya quruluşunun aradan qalxması ilə izah edirlər. Biz bunu başqa ölkələrin nümunəsində də görmüşük. Yaponiya–Amerika müharibəsi, İkinci Dünya müharibəsi dövrü, eləcə də Birinci Dünya müharibəsində - Almaniyanın Fransa, İngiltərə və digər ölkələrlə savaşlarında nə qədər böyük qurbanlar verilib. Buna baxmayaraq, bu ölkələr sonradan Avropa Birliyində və ya müttəfiqlik şəraitində birlikdə yaşamağa davam edirlər. Yəni, yeni normal münasibətlərin yaranması mümkündür və bunun həm nəzəri, həm də praktik nümunələri var.
- İndi bu, bizə lazımdırmı?
- Bu başqa sualdır. Çünki proses hələ qurtarmayıb. Amma hesab edirəm ki, 2020-ci ildə Azərbaycanın erməni təcavüzünə son qoyması və torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranmış yeni status-kvo cəmiyyətlər arasındakı münasibətlərdə keyfiyyətcə fərqli bir situasiya yaradıb. 2020-ci ilin noyabrına qədər vətəndaş cəmiyyətləri arasında qeyri-formal əlaqələr, ünsiyyət və kommunikasiya erməni işğalına xidmət edirdi. O vaxt bunun əleyhinə olmuşam, çünki bu, işğal nəticəsində formalaşmış vəziyyəti legitimləşdirirdi. Amma bu gün həmin əlaqələr artıq sülhə, normallaşmaya, təhlükəsizliyə xidmət edir və təbii tarixi axarına qaytarıldığı üçün münasibətlər tamamilə başqa müstəviyə keçib. Hesab edirəm ki, dayanıqlı və ədalətli sülhün olması tamamilə mümkündür – başqa yol da yoxdur.

- Erməni cəmiyyətinin buna nə qədər hazır olması əsas suallardan bidiridir. Çünki mövzu siyasi qarşıdurma içində olan tərəflərin mübarizə alətlərindən birinə çevrilib...
- Məncə, 2020-ci il müharibəsindən sonra Paşinyanın seçkilərdə qalib gəlməsi, hakimiyyətdə qalması və 2023-cü ildən sonrakı proseslərdə də Ermənistan cəmiyyətində öz dayaqlarını qoruyub saxlaması, erməni cəmiyyətinin sülhə müəyyən qədər hazır olmasının göstəricisidir. Bu, həm də Azərbaycanın qələbəsi və yaranmış yeni reallıqla Ermənistanın barışması deməkdir.
“Erməniçilik” adlanan və bütün region üçün – o cümlədən ermənilərin özləri üçün – çox ciddi təhlükəli olan bir faktor Azərbaycan əsgəri tərəfindən məğlub edilib, beli sındırılıb. Region dövlətləri və xalqları üçün təhlükə yaradan bu amil artıq böyük ölçüdə aradan qaldırılıb. Bu, tarixi bir hadisədir, yeni geosiyasi situasiyanın reallığının formalaşmasıdır. Bu baxımdan mən indiki mərhələdə qeyri-hökumət təşkilatları, ictimai birliklər, xalq diplomatiyası da daxil olmaqla bu cür kommunikasiya və təmasların tərəfdarıyam. Bir müddət əvvəl bizim QHT nümayəndələri Ermənistana getmişdi və mən prosesi diqqətlə izləyirdim. Bu səfər orada müəyyən dairələrin mətbuatında böyük hay-küy yaratdı. Məsələn, təmsilçilərdən birinin Laçın dəhlizində təşkil olunan ekoloji aksiyada iştirak etməsini qabartsalar da, onların əleyhinə hansısa real aksiya və ya fiziki təzyiq müşahidə etmədik. Sonra Bakıya gələndə də gördüm ki, normal şəkildə görüşlər keçirildi, Prezidentin köməkçisi onları qəbul etdi və bu proses normal davam etdi.
- Bəlkə, bu prosesin dövlət səviyyəsində dəstəklənməsinə görə ona qarşı olanlar etirazlarını bildirməkdən çəkinirlər...
- Bunun da müəyyən əlamətləri var. Həqiqətən də prosesin əsas subyekti dövlət olmalıdır. Amma eyni zamanda, Bakıda bu məsələ ilə bağlı xüsusi reaksiyalar oldu, tənqid edənlər də mediaya çıxdı. Bu tənqidlər, xüsusən emosional səviyyədə ifadə olunanlar əsassız da deyil. Çünki bu qədər qan tökülüb, ailələr dağılıb, on minlərlə insan həlak olub, soyqırıma məruz qalıb, ondan əvvəl deportasiya olunub və sair. Yəni, Azərbaycan insanının bu məsələyə dözümsüz yanaşması üçün kifayət qədər əsasları var. Amma hər halda, dövlət tərəfindən təşkil olunmuş təmasların və aparılan siyasətin Azərbaycanda müəyyən etimad yaratdığını da görürük. Ermənistanda isə fərqli qüvvələrin, xüsusilə revanşist qrupların hələ də mövcud olduğunu nəzərə almamaq olmaz.
Müğənni Samirə Əfəndinin hərəkəti ilə bağlı məsələ isə bir qədər fərqlidir. Subyektiv fikrimi deyim: müğənninin həmin addımı və onun ətrafında Azərbaycanda yaranmış ajiotajın xeyli hissəsi mənə süni təsir bağışladı. Təhqir və söyüş dolu reaksiyalar da oldu. Mən bunu təqdir etmirəm. Amma eyni zamanda bu reaksiyaların müəyyən mənada təbii tərəfi də var. Çünki insanların yuxarıda qeyd etdiyim kimi, bu məsələyə həssas yanaşması üçün real əsasları olub və var. Yəni bir tərəfdən cəmiyyət, xüsusən də ziyalı təbəqə, ictimai sferada rəyə təsir imkanına malik şəxslər və qruplar bu həssaslığı nəzərə almalıdır, bunu anlamaq lazımdır. Amma digər tərəfdən, mən bir azərbaycanlı kimi açıq deyim: mən də o səhnədən zövq almadım, sevinmədim və bunu təqdir etmədim. Amma bunu hansısa xəyanət, satqınlıq və ya ciddi bir yanlışlıq kimi də qiymətləndirmirəm. O biri tərəfdə də oxşar reaksiyalar var. Mən təqdir etmirəm, amma həmçinin o müğənninin linç olunmasının da tərəfdarı deyiləm.
- Amma müharibə cinayətləri törətmiş şəxslərin əksəriyyəti Ermənistanda hələ də azadlıqdadır, sağdır və Ermənistan dövləti onlara qarşı heç bir tədbir görmür. Üstəlik, sülh prosesində üzərinə belə bir öhdəlik də götürmür. Hətta tərəflərin gələcəkdə qarşılıqlı iddialardan imtina etməsi barədə razılaşma da var. Bu isə özlüyündə sülh prosesinə və cəmiyyətin bu prosesə dəstəyinə mənfi təsir göstərmirmi?
- Əlbəttə göstərir. Amma bu o demək deyil ki, proses dayandırılmalıdır. Bir anlığa təsəvvür edin ki, indi Paşinyan yox, Koçaryan və ya Serj Sarqsyan hakimiyyətdə olsaydı, vəziyyət nə cür olardı. Yeri gəlmişkən, Paşinyan iyun ayında Ermənistanda keçiriləcək seçkilərdə açıq şəkildə belə bir məsələ qoyub: erməni cəmiyyəti ya sülhə, ya da müharibəyə səs verəcək. Bu, tamamilə doğrudur. Bu, nə deməkdir? O deməkdir ki, bir var erməni xalqı revanşist qüvvələri dəstəkləyir, Azərbaycanın ədalətli azadlıq müharibəsinin nəticələrini qəbul etməyənlər, yenidən silahlanıb müharibəyə hazırlaşanlar, cəmiyyəti müharibəyə səfərbər etməyə çağırsınlar. Bir də var Paşinyanın təmsil etdiyi xətt - Ermənistanın real vəziyyəti qəbul etməli olduğunu, sülhün yeganə çıxış yolu olduğunu deyən qüvvə. Əgər erməni cəmiyyəti faktiki olaraq revanşist qüvvələrə səs verərsə, bu, Azərbaycana qarşı müharibə elanına bərabərdir. Bu halda Azərbaycan tərəddüd etmədən və ləngimədən hərəkətə keçməlidir. Revanşist qüvvələrin hakimiyyətə gəlməsi və erməni cəmiyyətinin onlara səs verməsi artıq sərhəddə hərbi əməliyyatların başlaması demək olacaq. Azərbaycanın isə BMT-nin müvafiq maddəsinə əsaslanan özünümüdafiə hüququ var və bu hüquqa istinad edərək hərbi əməliyyatlara başlamağa tam haqqı mövcuddur. Mənim mövqeyim bundan ibarətdir. Oturub gözləmək ki, revanşistlər hakimiyyətə qayıdacaq, silahlandırılacaq və yenidən Rusiya, yaxud cənubdakı müəyyən qüvvələrin dəstəyi ilə bizə qarşı müharibə başlayacaqlar - bu, Azərbaycanın özünə qarşı ədalətsizlik olardı. Belə bir vəziyyət faktiki olaraq Azərbaycana qarşı müharibə elanıdır. Digər tərəfdən, Paşinyanın seçkilərdə etimad qazanması və səs alması erməni cəmiyyətinin sülhə hazır olmasının konkret təsdiqidir. Azərbaycan cəmiyyəti üçün isə təbii ki, rəsmi Bakı tərəfindən irəli sürülən şərtlər böyük əhəmiyyət daşıyır. Xüsusilə, müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunması, zərərçəkmiş insanların hüquqlarının bərpası, yurd-yuvasından didərgin salınmış şəxslərə kompensasiya məsələləri kimi tələblər cəmiyyət üçün hələ də aktualdır və heç kim bunları kənara qoymur.
Hesab edirəm ki, müharibəni udmuş Azərbaycan dövləti bu gün sülh prosesini aparırsa, bu prosesə cəmiyyətin etimadı vacibdir. Şəxsi mövqeyim budur ki, hazırkı mərhələdə müharibəni qalibiyyətlə başa çatdırmış hökumətin sülh prosesində iştirakı və apardığı siyasətə cəmiyyətin etimadı vacibdir. Diqqət etsəniz, söhbətimizin əvvəlində qeyd etdiyimiz faktlar göstərir ki, Azərbaycan cəmiyyəti, o cümlədən həm iqtidar, həm müxalifət, həm də ziyalı çevrələri ümumilikdə Ermənistanla sülh prosesinin aparılmasını dəstəkləyir. Bu, cəmiyyətin də müəyyən mənada sülhə hazır olmasının göstəricisidir. Mövqeyini ciddi şəkildə ortaya qoyan siyasi dairələr olsa da, biz geniş miqyaslı bir müqavimət və ya etiraz görmürük.
Əlbəttə, cəmiyyət daxilində razılaşmadığımız məqamlar var – bu, bütün ölkələrdə olduğu kimi təbiidir. Amma ümumi mənzərədən görünən odur ki, Azərbaycan cəmiyyətinin prosesə münasibəti sülhə hazır olmasının bir növ təminatı və sübutudur. Ermənistan tərəfində də əvvəl qeyd etdiyim kimi müəyyən dəyişikliklər görünür və bunlar təsirsiz deyil.
- Belə demək mümkündür ki, Ermənistanda gələn ilin yayında keçiriləcək seçkilərin nəticəsi sülh müqaviləsinin imzalanması üçün həlledici amilə çevrilir...
- Əlbəttə. Erməni faktorunun böyük ölçüdə aradan qalxmasına baxmayaraq, Azərbayanda hamı anlayır ki, əgər proses yenidən pozularsa, bölgədə dağıdıcı enerji yaranacaq və müharibəyə aparan səbəblər yenidən işə düşəcək. Buna görə də hər bir prosesin məntiqi bir sonluğu olmalıdır. Hesab edirəm ki, iyun ayına qədər sülh müqaviləsinin imzalanması tamamilə mümkündür. Elə bir situasiya formalaşa bilər ki, Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün bu prosesdə birbaşa maraqlı olan xarici qüvvələr, ilk növbədə ABŞ daha aktiv mövqe sərgiləsin. Bu, tələb olarsa və ehtiyac yaranarsa, Azərbaycan üçün də uyğun bir vaxt ola bilər. Düzdür, yaxınlarda Türkiyənin Xarici İşlər nazirinin mövqeyi göstərdi ki, hələlik Ankara–İrəvan normallaşması Azərbaycan–Ermənistan sülhü imzalanmadan baş verməyəcək. Türkiyə açıq şəkildə bildirdi ki, sülh müqaviləsi olmadan Ermənistanla münasibətlərin tam normallaşması mümkün deyil. Bu da öz növbəsində regionda davamlı və qalıcı sülhün əldə olunması üçün mühüm təsir mexanizmidir.
Mən bir Azərbaycan vətəndaşı və siyasətçi kimi düşünürəm ki, bu gün tamamilə fərqli bir tarixi mərhələnin astanasındayıq. Regionda heç nə öz-özünə bərpa olunmur və oluna da bilməz. Dünyanın diqqəti hazırda Rusiya–Ukrayna müharibəsinin necə nəticələnəcəyinə yönəlib. Bizdə baş verən proseslər də müəyyən mənada həmin qlobal vəziyyətlə bağlıdır. Çox vaxt bunu açıq deməsək də, bölgədə sülhün əldə olunması oradakı müharibənin gedişatı ilə sıx bağlıdır. Yəni, təkcə biz qərar vermirik, situasiya həm də ümumi geosiyasi gedişatdan asılıdır.
(Davamı var)
E. Rüstəmli
E.Bəyməmmədli
“AzPolitika.info””
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Noyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















