“Bu, sülhün dağılmasına və gərginliyin artmasına gətirib çıxara bilər” Fərhad Məmmədov
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Politoloq Fərhad Məmmədov Azərbaycanın 2026-cı il üçün xarici siyasət trendlərini şərh edib.
O, bildirib ki, regional istiqamətdə əsas prioritet Ermənistanla sülh gündəliyi olaraq qalır. F.Məmmədovun sözlərinə görə, Ermənistanda iyunun əvvəlində keçiriləcək parlament seçkiləri bu baxımdan həlledici mərhələdir.
Qeyd edib ki, ilin birinci yarısında atılacaq addımlar sülh prosesinin Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında mühüm yer tutduğunu nümayiş etdirməlidir. Onun fikrincə, sülh tərəfdarlarının seçkilərdə inandırıcı qələbəsi prosesin dərinləşməsinə, əks halda isə revanşist qüvvələrin üstünlük qazanması sülhün dağılmasına və gərginliyin yenidən artmasına gətirib çıxara bilər.
Politoloq vurğulayıb ki, ilk yarımildə nə qədər çox sülh yönümlü qərar qəbul edilərsə, sonradan bu qərarların geri çevrilməsi bir o qədər çətin olacaq.
Bu baxımdan, Ermənistan və ABŞ arasında TRIPP mexanizmi üzrə qərarın Azərbaycanın razılığı ilə məhz seçkilərdən əvvəl qəbul edilməsinin məqsədəuyğun olduğunu deyib. O, həmçinin sülh müqaviləsinin imzalanması və ratifikasiyasının vacib element olduğunu, bu proseslərin Ermənistan daxilindəki plebisitlərin nəticələri ilə əlaqələndirilə biləcəyini bildirib.
F.Məmmədovun sözlərinə görə, 2026-cı ildə, xüsusilə də Ermənistanda sülh tərəfdarları qalib gələrsə, Cənubi Qafqazda üç dövlət arasında münasibətləri tənzimləyən regional əməkdaşlıq formatının formalaşdırılması mümkün ola bilər.
Qərb istiqamətinə toxunan politoloq deyib ki, 2026-cı ildə ABŞ ilə münasibətlər mərkəzi yer tutacaq. Onun fikrincə, TRIPP üzrə qərarlar, strateji tərəfdaşlıq xartiyasının qəbulu, 907-ci düzəlişin ləğvi, investisiya layihələri, təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də Yaxın Şərq və Mərkəzi Asiya mövzularında qarşılıqlı fəaliyyət əsas gündəm olacaq.
O, Aİ ilə münasibətlərdə də Bakının Brüssel ilə əlaqələrin çərçivələndirilməsi mövzusunu yenidən aktuallaşdıracağını, eyni zamanda Avropa İttifaqının mövqeyindən asılı olmayaraq ayrı-ayrı Aİ ölkələri ilə ikitərəfli strateji tərəfdaşlıqların genişlənəcəyini bildirib. F.Məmmədov əlavə edib ki, Ermənistanda prorusiya qüvvələri hakimiyyətə gələrsə, Azərbaycan regionun ən açıq şəkildə Qərbyönlü ölkəsinə çevrilə bilər və buna hazır olmaq lazımdır.
Şərq istiqamətində politoloq qeyd edib ki, Mərkəzi Asiya Azərbaycanın prioritetlərindən biri olaraq qalacaq və münasibətlər həm siyasi, həm də iqtisadi layihələr baxımından dərinləşəcək. O, Türk Dövlətləri Təşkilatını Azərbaycanın əsas platformalarından biri adlandıraraq, 2026-cı ildə planlaşdırılan proqramların icrasının davam edəcəyini deyib. Çinlə münasibətlərin isə investisiya və texnologiya sahəsində əməkdaşlığın nə dərəcədə dərinləşəcəyini müəyyən edəcəyini vurğulayıb. Pakistanla əməkdaşlığın təhlükəsizlik və investisiya sahələrində prioritet olaraq qalacağını da əlavə edib.
Cənub istiqamətinə toxunan Fərhad Məmmədov bildirib ki, Yaxın Şərqdə Azərbaycanın Suriya məsələləri və Qəzzada sülh səylərində iştirakı aktuallığını saxlayacaq, eyni zamanda Bakı Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində rol oynamağa davam edəcək. O, bu istiqamətdə iqtisadi komponentin həlledici olduğunu, investisiyalar, ticarət sazişləri, qeyri-neft ixracı üçün yeni bazarlar və əmək miqrasiyası imkanlarının əsas hədəflər olduğunu deyib. İranın isə cənub istiqamətində əsas qeyri-müəyyənlik olaraq qalacağını, yalnız köklü dəyişikliklərin münasibətlərin yüksəlməsinə şərait yarada biləcəyini vurğulayıb.
Şimal istiqamətində isə politoloq qeyd edib ki, mövcud şəraitdə Rusiya ilə münasibətlərin inkişaf potensialı yoxdur. Onun sözlərinə görə, 2026-cı ilin sonuna qədər münasibətlərin indiki səviyyədə qalması belə uğur sayıla bilər və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi əsasən Moskvanın atacağı addımlardan asılı olacaq.
Rasim Əliyev
"AzPolitika.info"
Baxış sayı:88
Bu xəbər 03 Yanvar 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















