Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq dövrünün başlanması mümkündür
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nikol Paşinyanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsi gözlənilən idi. Bakının sülh yolunda sonuncu tələbi də artıq reallaşmağa başlayır. Belə ki, layihənin preambula hissəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad bəndi artıq çıxarılıb. Bu da sözügedən layihənin ən önəmli məqamıdır. Çünki Ermənistanın hazırkı konstitusiyasının preambulasında məhz həmin Bəyannaməyə açıq istinad var. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bədnam Bəyannamədən gedir. Rəsmi Bakı 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı postmüharibə dövründə bu məsələni dəfələrlə gündəmə gətirib və yekun sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürərək mövcud Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının yer aldığı müddəaların aradan qaldırılmasını tələb edib.
Bu tələbimiz bu gün də öz qüvvəsində qalır. Düzdür, Paşinyan iqtidarı daxili siyasi amillərə əsaslanaraq bu prosesi hər vəchlə yubadırdı. Lakin Bakının dönməz və ardıcıl mövqeyinin nəticəsində yeni layihə artıq ortaya qoyuldu. Əlbəttə, layihənin dərc olunması, ictimai müzakirəyə çıxarılması hələ yeni Konstitusiyanın qəbul edilməsi demək deyil. Lakin sənədin ictimai müzakirəyə çıxarılması faktının özü artıq İrəvanın sülh istiqamətində sözdən əməli işə keçid etməsinin real göstəricisidir. Bu baxımdan, Bakı bu addıma müsbət yanaşır. Bakı ilə İrəvanın yekun sülhə yaxınlaşması üçün sonuncu baryer, maneə də aradan qalxmaq üzrədir. Amma heç şübhəsiz ki, bu proses hələ xeyli zaman tələb edir.
Çünki bu mərhələdə əsas məsələ yalnız yeni Konstitusiya layihəsinin hazırlanması deyil, eyni zamanda, onun Ermənistan cəmiyyətində necə qarşılanacağı və hansı siyasi prosedurlardan keçəcəyidir. Sənədin ictimai müzakirəyə çıxarılması İrəvan üçün həm daxili siyasi, həm də xarici siyasət baxımından ciddi sınaqdır. Çünki Konstitusiyaya dəyişiklik edilməsi Ermənistan daxilində müxtəlif siyasi qüvvələrin, xüsusilə də revanşist mövqedən çıxış edən dairələrin müqaviməti ilə üzləşə bilər.
Ermənistan hakimiyyəti bu prosesin ölkənin suveren qərarı olduğunu bildirsə də, reallıq isə ondan ibarətdir ki, yeni Konstitusiya məsələsi Azərbaycanla münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması kontekstində xüsusi əhəmiyyət daşıyır. Bakı üçün əsas gözlənti Ermənistanın hüquqi sənədlərində Azərbaycana qarşı hər hansı ərazi iddiasının saxlanılmaması, gələcəkdə belə iddialara zəmin yaradan müddəaların tamamilə aradan qaldırılmasıdır. Bu, təkcə siyasi bəyanat deyil, həm də davamlı və dayanıqlı sülhün hüquqi təminatlarından biri kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh sazişi yalnız qarşılıqlı öhdəliklərin kağız üzərində təsbit olunması ilə məhdudlaşmamalıdır. Eyni zamanda, tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeydsiz-şərtsiz tanımalıdırlar. Və Ermənistan gələcəkdə hər hansı revanşist və ya ekspansionist iddia irəli sürməməlidir. Belə bir iddiaların qarşısını alan mexanizmlər formalaşdırılmalıdır. Bu baxımdan, Ermənistanın konstitusion dəyişikliklərə hazırlaşması mühüm siyasi siqnal sayıla bilər.
Lakin prosesin qarşıda duran mürəkkəb mərhələləri də az deyil. Əvvəlcə layihə ictimai müzakirələrdən keçməli, daha sonra parlamentdə müzakirə olunmalı və qəbul edilməlidir. Ardınca isə konstitusion tələblərdən asılı olaraq referendumun keçirilməsi gündəmə gələ bilər. Bu mərhələlərin hər biri Ermənistanda siyasi qarşıdurmanı daha da kəskinləşdirə bilər. Xüsusilə keçmiş hakimiyyət nümayəndələri və radikal müxalifət qüvvələri layihəni milli maraqlara zidd addım kimi təqdim etməyə çalışacaqlar.
İrəvanın qarşısında duran əsas vəzifə həm daxili siyasi müqaviməti neytrallaşdırmaq, həm də Bakının gözləntilərini nəzərə alan hüquqi çərçivə formalaşdırmaqdır. Əgər Ermənistan hakimiyyəti bu prosesi ardıcıl şəkildə davam etdirə bilsə, o zaman Azərbaycanla sülh sazişinin imzalanması üçün mühüm siyasi və hüquqi zəmin yaranacaq. Əks halda, layihənin yalnız müzakirəyə çıxarılması ilə kifayətlənilməsi və prosesin qeyri-müəyyən müddətə uzadılması, konservasiya olunması yeni suallar doğuracaq.
Bakı isə, görünür, bu məsələdə tələsmək niyyətində deyil. Çünki Azərbaycan üçün əsas olan məhz yekun nəticənin real, hüquqi və geri dönməz xarakter daşımasıdır. Yəni söhbət sadəcə siyasi vədlərdən və ya ayrı-ayrı bəyanatlardan deyil, Ermənistanın qanunvericiliyində və konstitusion əsaslarında, eləcə də erməni cəmiyyətinin ictimai şüurunda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasından gedir. Bu şərt yerinə yetirilmədən imzalanacaq hər hansı sənədin uzunmüddətli etimad yaratması çətin olacaq.
Bununla belə, yeni Konstitusiya layihəsinin hazırlanması göstərir ki, Ermənistan cəmiyyətində və siyasi elitasında artıq müəyyən müsbət dəyişikliklər baş verir. Belə ki, İrəvan artıq əvvəlki illərin ideoloji yanaşmaları ilə regional proseslərə təsir göstərməyin mümkün olmadığını anlayır. Çünki Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb və bu reallığın əsas dayaqları Azərbaycanın ərazi bütövlüyünün bərpası, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi və dövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında qurulmasıdır.
İndi qarşıda duran məsələ bu siyasi iradənin konkret nəticəyə çevrilməsidir. Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi, sülh sazişinin imzalanması və iki ölkə arasında münasibətlərin normallaşdırılması bir-biri ilə sıx bağlı proseslərdir. Bu addımların hər biri digərini tamamlamalı, tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etməlidir. Bu mənada, Ermənistanın yeni Konstitusiya layihəsinin qəbulu Azərbaycan-Ermənistan münasibətlərində həqiqətən də mühüm dönüş nöqtəsi ola bilər. Əgər layihə qəbul olunub hüquqi qüvvəyə minsə və onun ardınca sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atılsa, bu, İrəvanın yaranmış tarixi fürsətdən düzgün istifadə etməsi anlamına gələcək.
Bakı öz mövqeyini aydın şəkildə ortaya qoyub. Yəni ki, 30 ilə yaxın davam edən işğalın və iki müharibənin bütün ağrı-acılarına, fəlakətli nəticələrinə baxmayaraq tərəflər arasında sülh mümkündür, lakin bu sülh qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və hüquqi öhdəliklərin tam yerinə yetirilməsi əsasında qurulmalıdır. Bu kontekstdə Ermənistanın yeni Konstitusiya təşəbbüsü həmin istiqamətdə atılan ən mühüm addımlardan biri kimi tarixə düşə bilər. Qarşıdakı dövr isə İrəvanın bu addımı nə dərəcədə ardıcıl və qətiyyətlə davam etdirəcəyini göstərəcək. İrəvan öz əməli addımları ilə sübut etməlidir ki, Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq dövrünün başlanması mümkündür.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Bu mövzuda digər xəbərlər:Cənubi Qafqazda formalaşmış əməkdaşlıq
07 Aprel 2026 15:21
“Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq”
09 Sentyabr 2026 00:02
Azərbaycan Cənubi Qafqazda əməkdaşlıq imkanlarını genişləndirir
19 May 2026 13:45
Cənubi Qafqazda yeni reallıqlar və əməkdaşlıq perspektivləri
03 Noyabr 2026 17:46
Koşta: Cənubi Qafqazda sülh regoinlararası əməkdaşlıq üçün vacibdir
04 Dekabr 2025 19:18
Baxış sayı:91
Bu xəbər 24 Noyabr 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















