Icma.az
close
up
RU
Cəsədi 6 saat meydanda qaldı, arvadına ikinci dəfə ərə getməyi təklif etdi

Cəsədi 6 saat meydanda qaldı, arvadına ikinci dəfə ərə getməyi təklif etdi

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əfsanəvi casusun cəsədi axtarılır

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra, İsrailin kəşfiyyat xidməti MOSSAD 1967-ci ildəki altı günlük müharibənin qalibi məşhur israilli casus Eli Koenin məxfi sənədlərini və cəsədini tapmaq üçün əməliyyatlara başlayıb. MOSSAD-ın direktoru David Barnea Koenin cəsədini tapıb İsrailə gətirmək məqsədilə Suriyanın yeni hökuməti ilə danışıqlar aparıb. Eyni zamanda, kəşfiyyat agentləri Koenin saxladığı məxfi sənədləri ələ keçirməyə çalışırlar. 

Eli Koen kimdir? 

Üzərindən 60 il keçməsinə baxmayaraq, niyə İsrail hökuməti onun cəsədinin qalıqlarını ölkəyə gətirmək üçün mübarizə aparır? Eli Koen 1924-cü il 6 dekabrda Misirdə, Şaul və Sofi Koenlərin ailəsində dünyaya gəlib. Ailə Suriyanın Hələb şəhərindən Misirə köç etmişdi. Atası varlı müştərilərə Fransız ipəyindən hazırlanmış qalstuklar satırdı. Koenlərin evində yəhudi dini ənənələri ciddi şəkildə qorunurdu. Eli, Fransız liseyində və yəhudi dini məktəbində təhsil aldıqdan sonra Kral Faruk I adına universitetin elektrik mühəndisliyi fakültəsinə daxil olur, lakin siyasi fəaliyyəti səbəbindən universitetdən xaric edilir.

1949-cu ildə ailəsi İsrailə köçsə də, 25 yaşlı Eli Misirdə, Aleksandriyada qalmağa qərar verir. Burada yəhudi gizli təşkilatlarının fəaliyyətini koordinasiya edir və İsrail kəşfiyyatından təlimatlar alır. 1954-cü ildə Misirdə fəaliyyət göstərən israilli agentlər Moşe Marzuk və Sami Ezeri həbs ediləndə, Eli Koen də saxlanılır. Lakin Misir hakimiyyəti onun israilli agentlərə mənzillər kirayələməkdə kömək etdiyinə, amma onların əsl fəaliyyətindən xəbərsiz olduğuna inanaraq, onu azad edir. 

1955-ci ilin yayında Eli gizli şəkildə İsrailə gedir, lakin daha sonra yenidən Misirə qayıdır. Həmişə MOSSAD-da işləməyi arzulayan Koen İsrailə qayıdanda kəşfiyyat xidməti onun nəzarət altında ola biləcəyindən ehtiyatlanaraq iş təklifi etmir. 1956-cı ilin dekabrında İsrailin Sina yarımadasında "Kadeş" hərbi əməliyyatı həyata keçirildiyi zaman Misir hökuməti Eli Koeni təhlükəli yəhudi kimi ölkədən çıxarır. İsrailə qayıdan Koen yenidən MOSSAD-a müraciət edir. Lakin onun ivrit dilini kifayət qədər yaxşı bilməməsi və şivəsinə görə Misirdə tanınma ehtimalı səbəbilə müraciəti rədd edilir. 

Mühasiblikdən casusluğa...

Bütün çətinliklərə baxmayaraq, Eli Bat-Yamda yerləşən “Maşbir le-Tsarhan” univermaqlar şəbəkəsində mühasib kimi işə düzəlir. 1959-cu ilin yayında isə Bağdaddan repatriasiya (şəxsin könüllü və ya məcburi şəkildə mənşəcə mənsub olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması-red.) etmiş Nadiya ilə ailə qurur. Bir müddət sonra Eli Koenlə İsrail hərbi kəşfiyyatı "Aqaf ha-Modiin" əməkdaşları maraqlanmağa başlayırlar. Koen onların təklifini rədd edərək, evli olduğunu və arvadına qarşı öhdəlikləri olduğunu bildirir. Lakin onu işini itirməyə məcbur edirlər.

1960-cı ildə Eli mühasiblik işini itirdikdən sonra hərbi kəşfiyyatda işləməyə razılıq verir. Beləliklə, düşmən ölkədə casus olaraq işləmək üçün xüsusi təlim kurslarına başlayır. Təxminən 9 ay boyunca MOSSAD-ın təlim bazasında hazırlıq keçir. Bu müddət ərzində izləməyi, izlənirkən qaçmağı, kəşfiyyat məlumatlarını şifrələməyi və hərbi texnikanı yadda saxlamağı öyrənir. Onun foto yaddaşı və bir neçə şərq dili və dialektində sərbəst danışması bu təlimdə böyük üstünlük yaradır. Koenə yeni bir şəxsiyyət verilir: o, suriyalı Kamal Amin Tavat adlı zəngin bir əntiq mallar və xalça ticarəti ilə məşğul olan iş adamı olur. Təlimatçılar onun yeni obrazına tez uyğunlaşma qabiliyyətinə heyran qalırlar. Təlim kursunu uğurla bitirdikdən sonra o, hərbi kəşfiyyatdan MOSSAD-a keçirilir. 

Çətin tapşırıq: Prezident Sarayının bir addımlığında

Koenə Suriyada hökumətə yaxın çevrələrə sızmaq tapşırığı verilir. Bu sızma əməliyyatı Argentinadan başlamalı idi. 1961-ci il fevralın 6-da Eli artıq yeni kimliyi – Kamil Amin Tavat adı ilə Buenos-Ayresə gəlir. Burada yerli suriyalı diplomatlar və iş adamları ilə əlaqələr qurmağa başlayır. Qısa müddət ərzində o, diplomatik qəbul məclislərinin daimi qonağına çevrilir. Dostları arasında yerli ərəb-ispan həftəlik qəzetinin redaktoru və Argentinadakı Suriya hərbi attaşesi Amin əl-Hafiz də var idi. Amin əl-Hafiz həmin dövrdə mühacirətdə olan tankçı zabit və BAAS Partiyasının üzvü idi.

Suriyada baş verən hərbi çevrilişdən sonra Amin əl-Hafiz ölkəsinə qayıdaraq prezident olur. Bir ildən az müddət Argentinada qaldıqdan sonra Eli qısa müddətə İsrailə gedərək ailəsini ziyarət edir. Daha sonra ona Misir vasitəsilə Livana, oradan isə Suriyaya keçmək əmri verilir. Xaricdə qurduğu dostluq əlaqələrindən istifadə edən Koen Suriya sərhədini asanlıqla keçir və 10 yanvar 1962-ci ildə Dəməşqə çatır. İlk növbədə şəhərin mərkəzində, Baş Qərargah və Prezident Sarayının yaxınlığında mənzil kirayələyir. Mənzilin pəncərələrindən Suriyanı ziyarət edən müxtəlif ölkələrin hərbi mütəxəssislərini müşahidə edə bilir və Suriyanın xarici siyasətindəki dinamikası barədə İsrailə məlumat ötürür.

Baş Qərargaha nəzarət etməklə, Koen ora gələn şəxslərin sayını, gecələr işıqlı pəncərələrin sayına və digər əlamətlərə əsasən təxmin edə bilirdi. Eli Koen Buenos-Ayresdəki suriyalı diplomatlar və iş adamlarından aldığı tövsiyə məktubları sayəsində Suriyanın paytaxtında hökumətə yaxın çevrələrdə tanışlıqlar qurmağa başlayır. Onun yüksək cəmiyyət dairələrində dostları arasında Buenos-Ayresdə yaşayan mühacirlər üçün radio diktoru Corc Sayf və suriyalı hərbi pilot Adnan əl-Cabi də var idi. Koen Argentinadan gələn gənc bir milyonçu kimi tanınırdı və Suriyanın istiqlalını müdafiə edən, yüksək rütbəli şəxslərin şəxsi dostu kimi hörmət qazanmışdı. O, bahalı hədiyyələr verməkdə səxavətli idi, borc pul verir, evində ictimai xadimlər üçün ziyafətlər təşkil edir və onların evlərinə qonaq gedirdi. 1963-cü ilin martında hərbi çevriliş nəticəsində hakimiyyətə BAAS Partiyası gəlir və iyul ayında mayor Əl-Hafiz Suriyanın prezidenti olur. 

Tapşırıqları mahnılardan alırdı

Koen çox uğurla fəaliyyət göstərirdi. Faydalı tanışlıqlar quraraq, yüksək hərbi dairələrə və hökumət səviyyəsinə nüfuz edərək birinci əldən etibarlı məlumatlar əldə edirdi. O, Suriyanın təhlükəsizlik qüvvələrində polkovnik rütbəsinə qədər yüksəlir, prezidentin etimadını qazanır və Prezident Sarayında tez-tez qəbul edilən sevimli bir qonaq olurdu.

Hətta onun adı Suriyanın gələcək prezidentliyinə namizədlər siyahısında üçüncü yerdə çəkilirdi. Koen MOSSAD-dan gələn göstərişləri İsrailin “dinləyicilərin istəyinə əsasən” yayımladığı ərəb mahnılarını dinləməklə alırdı. O, öz məlumatlarını mərkəzə portativ radio ötürücü vasitəsilə göndərirdi. 1962-ci ilin əvvəlindən başlayaraq, Eli Koen İsrailə strateji xarakterli yüzlərlə teleqram göndərdi. 
Bu məlumatlar arasında aşağıdakılar vardı: 

• Suriyalıların SSRİ-dən aldığı silahların saxlanıldığı bunkerlərin yeri; 

• İsrailin şimalında ərazilərin ələ keçirilməsi ilə bağlı strateji planlar; 

• Suriyanın 200 Sovet T-54 tankının ölkəyə daxil olması. 

Koen Adnan əl-Cabi ilə birlikdə İsrail sərhədinə yaxın hərbi zonaya gedərək, Colan təpələrindəki möhkəmləndirmələri yoxlamaqda iştirak edir. Onun qazandığı etimad nəticəsində ona hərbi obyektlərin fotoşəkillərini çəkməyə icazə verilir. Bu ziyarətlər zamanı Koenə Suriyanın hərbi möhkəmləndirmələrinin layihələri və təpələrdəki artilleriya qurğularının xəritələri göstərilir. Suriyalı zabitlər hətta ona yeraltı silah anbarlarını və minalanmış sahələrin yerlərini də açıqlayırdılar. Koen Ürdün çayının istiqamətini dəyişərək İsrailin su təminatını kəsmək planlarını ifşa edir.

Onun İsrailə göndərdiyi məlumatlar 1967-ci ildəki 6 günlük müharibədə İsrailin qələbəsinə əhəmiyyətli töhfə verir. Eli Koen, həmçinin Dəməşqdə gizlənən nasist cinayətkarı Franz Rademaheri ifşa edir. Rademaher, Avropa yəhudilərinin məhv edilməsində mərkəzi rol oynamış SS zabiti Adolf Eyxmanın köməkçilərindən biri idi. 1964-cü ilin avqustunda Koen sonuncu dəfə İsrailə gedərək oğlu Şaulin doğum günündə iştirak edir. Dəməşqə qayıtdıqdan sonra radio əlaqələrini daha da artırır. Bu müddət ərzində Suriya əks-kəşfiyyatı Sovet texnologiyasından istifadə edərək düşmən radio siqnallarını izləməyə başlayır. 

SSRİ-nin tapdığı iz edama apardı

18 yanvar 1965-ci ildə Koenin məkanından yayılan siqnal Sovet pelenqatoru ilə aşkar edilir. Mülki paltarda olan səkkiz nəfər onun evinə basqın edərək, Koeni radio əlaqəsi zamanı yaxalayırlar. Axtarış zamanı gizli obyektlərin şəkilləri olan fotopapirlər və radio ötürücü tapılır. Koen vəkilsiz şəkildə dindirilməyə başlayır. Eli Koen dindirilərkən, İsrail onun xilas edilməsi üçün müxtəlif yollar axtarır. Hərbi kəşfiyyat rəhbərləri (AMAN) suriyalıları qaçıraraq Koenin dəyişdirilməsi üçün təkliflər irəli sürürlər. Eli Koenin müdafiəsi üçün Böyük Britaniya Kraliçası II Elizabet, Roma Papası VI Pavel, Fransa Prezidenti Şarl de Qoll, Kanada Baş naziri, Beynəlxalq Qırmızı Xaç Komitəsi və bir çox digər dövlət və ictimai şəxslər rəsmi olaraq çıxış edirlər. Lakin bütün səylər boşa çıxır. Fevral 1965-ci ildə Eli Koen məhkəməyə çıxarılaraq ölüm cəzasına məhkum edilir.

18 may 1965-ci ildə, Eli Koen Dəməşqdəki Marja meydanında saat 3:30-da ictimaiyyət qarşısında edam olunur. O, edamdan əvvəl Dəməşqdə rabbi (din xadimi-red.) ilə görüşərək Nadi və uşaqları üçün vida məktubu göndərir. Eli ailəsindən üzr istəyir və Nadiyə ikinci dəfə evlənməyi təklif edir. Edamdan sonra Koenin cəsədi altı saat meydanda asılı qalır. Suriya hökuməti Koenin cəsədini İsraildəki ailəsinə təhvil vermir və onu Dəməşqdəki yəhudi qəbiristanlığında dəfn etdiyini deyir. 

Uğursuz cəsəd əməliyyatı

Edamdan beş il sonra, 1970-ci ildə Koenin cəsədini qaçırmaq üçün bir əməliyyat təşkil edilir, lakin bu cəhd uğursuz olur. Bundan sonra, Suriya hakimiyyəti Koenin cəsədini 30 metr dərinlikdəki xüsusi bir yeraltı sığınacağa dəfn etməklə bağlı göstəriş verir. Yeni Suriya hakimiyyəti isə Koenin qəbrinin yerini tapmağın mümkün olmadığını iddia edir, çünki həmin ərazidə artıq yaşayış massivi tikilmişdi. Lakin bu günə qədər əfsanəvi casusun cəsədinin İsrailə geri qaytarılması üçün mübarizə dayanmayıb.

İsrail hökuməti və başda qardaşı Maurice və həyat yoldaşı Nadia olmaqla Koenin ailəsi cəsədin qalıqlarının İsraildə təhvil verilməsi üçün onilliklər boyu mübarizə aparıblar. MOSSAD-ın direktoru David Barnea Eli Koenin Suriyada 60 il əvvəl necə əsir düşdüyü ilə bağlı təfərrüatları açıqlayıb. Barnea Koenin 1965-ci ilin 19 yanvarında, tutularaq əsir düşdüyü günə təsadüf edən sonuncu teleqramını nümayiş etdirib: 

"İlk dəfə olaraq bu yaxınlarda aparılan dərin araşdırmadan sonra göstərəcəyəm ki, Eli Koen yalnız özünün verdiyi siqnallar sayəsində tutulmayıb. Onu tutduran şey düşmənin onun ötürdüyü siqnalları kəsməsi olub". 

MOSSAD rəhbəri bildirib ki, Koenin Suriyada 1961-1965-ci illər arasında həyata keçirdiyi əməliyyatların təfərrüatları açıqlanacaq və onun cəsədinin İsrailə gətirilməsi üçün işlər davam etdiriləcək. Koenin ailəsi bu məqsədlə onilliklər boyu mübarizə aparır. 

Hələlik ancaq saatı qaytarılıb

2018-ci ildə MOSSAD-ın xüsusi əməliyyatı nəticəsində Eli Koenin qol saatı İsrailə geri qaytarıldı. İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri, məşhur casusun bu saatı tutulanadək daşıdığını bildirib.

"Bu saat Eli Koenin işə qəbul etdiyi təxəllüsün bir hissəsi idi, o, ərəb kimi təqdim olunurdu", - deyə İsrailin casus xidmətinin rəhbəri qeyd edib.

Koenin təxəllüsü Kamal Amin Tavat olaraq Suriyada tanınırdı. 2019-cu ildə Netflix platformasında Eli Koenin həyatından bəhs edən "Kəşfiyyatçı" adlı bədii mini serial çəkilib (Fransa) və Koen rolunu britaniyalı komik və aktyor Saşa Baron Koen canlandırıb. 

Səbinə Uğur
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri