Çətin hədəfə gedən yol və “20liy”in faydası: AFFA nəyin arzusundadır? TƏHLİL İdman və Biz
AFFA-nın bir müddət əvvəl açıqladığı inkişaf strategiyasının layihəsi Azərbaycan futbolunun gələcəyinə hesablanıb.
İdman.biz bu layihədə yer alan detalları araşdırmaqda davam edir.
Strategiyadakı 1-ci hədəfi nəzərdən keçirdikdən sonra ikinci planda duran məsələyə göz gəzdirək. AFFA ölkəmizin UEFA-nın klub reytinqində ilk “20-yə” daxil olmasını uzunmüddətli hədəf olaraq nəzərdə tutur.
20-ci yer bizə nə verir?
Maraqlıdır, görəsən “20-liy”ə düşmək klublarımıza nə verəcək? Bunun üçün ölkələrin avrokuboklardakı klub bölgüsünə nəzərdə salaq. Azərbaycan siyahıda elə “20-liy”in sonuncu – 20-ci pilləsinə yüksəlsə, böyük ciddi dəyişiklik olmayacaq. Elə adət etdiyimiz kimi bir komanda Çempionlar Liqasında, biri Avropa Liqasında, ikisi Konfrans Liqasında oynayacaq. Təmsilçilərimiz Avropa Liqasına yenə 1-ci, Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq. Yeganə fərq Çempionlar Liqası ilə bağlı olacaq. 20-ci yerin sahibinin çempionu 1-ci deyil, 2-ci raunddan yarışa qoşulur. Amma cari mövsüm klub reytinqi yüksək olduğu üçün “Qarabağ” da eyni vəziyyətdə idi. 20-ci yer Ağdam klubu deyil, başqasının çempionluğunda daha ciddi təsir edəcək. Qurbanovun komandası isə ya reytinqinə görə yenə 2-ci mərhələdən başlayacaq, ya da özü üçün məşqə bənzəyən ilk raundda hansısa rəqibi əzib keçəcək.
Mümkünsüz xəyal
Klub bölgüsündən danışarkən ciddi dəyişiklik üçün nəyin lazım olduğuna baxaq. İndiki sistemlə bunun üçün 15-ci yerə qədər irəliləmək lazımdır. Bu pilləni ələ keçirmək hətta komanda sayının artımına da səbəb olacaq. Reytinqin 15-cisi Çempionlar Liqasında 2, Avropa Liqasında 1, Konfrans Liqasında 2 komanda göndədir. Çempion da, gümüş mükafatçı da qitənin ən nüfuzlu klub turnirinə 2-ci təsnifat mərhələsindən başlayır. Biri çempionlar, digəri qeyri-çempionlar yolunda mübarizə aparır. Avropa Liqasında oynayan kubok sahibi isə birdən birə 1-ci deyil, 3-cü təsnifat mərhələsindən yarışa başlayır. Konfrans Liqasındakı iki təmsilçi isə elə 2-ci raunddan yarışa qoşulur. Amma bunlar 2-3-cü deyil, 3-4-cü yer sahibləridir. Maraq üçün qeyd edək ki, artıq 14-cü yerin çempionu 3-cü təsnifatdan oynamaq imkanı qazanır. Amma real olsaq, nə qədər pessimist səslənsə də, 15-ci yer nəinki uzunmüddətli, heç əbədi hədəf kimi də inandırıcı deyil. Bir sözlə, bunu mümkünsüz saymaq olar. Təbii ki, tez-tez islahatlar aparan, yeni turnirlər və formatlar “icad edən” UEFA mövcud bölgü sistemini dəyişənə qədər.
Acı reallıq
İlk “20-liy”i hədəfləyən AFFA-nın yəqin ki, indiki durumdan da xəbəri var. Hazırda Azərbaycan 55 ölkənin tən ortasında – 28-ci yerdədir. 19,625 xala malik ölkəmizi hədəfdən 8 pillə ayırır. Üstəlik, nəzərə almaq lazımdır ki, hazırda yarışlardan kənarlaşdırılan Rusiya “Top-10”un az qala daimi sakini idi. Bizi uzunmüddətli hədəfə aparan dövrdə indi 30-cu olan şimallılar da yarışlara və öz mövqelərinə qayıda bilər.
Hazırda 20-ci sırada Kiprdir. Ada ölkəsinin hesabında 25,662 xal var. Azərbaycan isə “20-lik”dən nə az, nə çox – 6,037 xal ayırır. Kiprlə aramızda isə kifayət qədər futbol ənənəsinə malik Ukrayna, Serbiya, İsveç, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan da var. Əlbəttə, bu ölkələrdən bir neçəsini keçmək mümkündür. Amma 20-ci olan Kipr və 7 izləyicisini, Rusiya ön pillələrə qayıtsa isə, hətta 19-cu olan Xorvatiyanı da keçmək zəruri olacaq. Düzdür, balkanlılar Kiprdən çox da öndə deyil. Amma Zaqreb “Dinamo”sunun ən yaxşımız sayılan “Qarabağ”a göstərdiyi fərq nikbinliyə şans tanımır.
Maraq üçün komanda sayının dəyişikliyinə imkan verən 15-ci yerə göz gəzdirək. Şotlandiyanın hesabında 32,500 xal var. Üstəlik, 20-ci olan Kiprin üç, Xorvatiyanın bir, Şotlandiyanın iki komandası mübarizəni davam etdirir və xal sayını artırmaq imkanları yox deyil.
Yer
Ölkə
reytinq
1
İngiltərə
99,767
2
İtaliya
87,918
3
İspaniya
82,453
4
Almaniya
78,550
5
Fransa
65,093
6
Niderland
59,900
7
Portuqaliya
58,466
8
Belçika
53,100
9
Çexiya
42,250
10
Türkiyə
40,950
11
Avstriya
34,950
12
Yunanıstan
34,625
13
Norveç
34,562
14
İsveçrə
33,225
15
Şotlandiya
32,500
16
Danimarka
32,293
17
Polşa
31,875
18
İsrail
31,625
19
Xorvatiya
26,525
20
Kipr
25,662
21
İsveç
25,125
22
Serbiya
25,100
23
Ukrayna
23,400
24
Macarıstan
22,500
25
Slovakiya
21,250
26
Rumıniya
20,625
27
Bolqarıstan
19,625
28
Azərbaycan
19,625
29
Sloveniya
18,343
30
Rusiya
18,299
31
Moldova
14,500
32
İrlandiya
14,468
33
İslandiya
13,020
34
Ermənistan
12,250
35
Kosovo
12,041
36
Bosniya H.
11,906
37
Latviya
11,750
38
Finlandiya
11,750
39
Qazaxıstan
11,125
40
Farer ad.
10,750
41
Malta
8,500
42
Ş.İrlandiya
8,333
43
Litva
8,250
44
Lixtenşteyn
8,000
45
Estoniya
7,957
46
Albaniya
7,875
47
Monteneqro
7,208
48
Lüksemburq
6,875
49
Uels
6,791
50
Gürcüstan
6,625
51
Ş.Makedoniya
6,166
52
Belarus
6,000
53
Andorra
5,498
54
Cəbəllütariq
5,457
55
San Marino
2,498
Hədəfin üç addımlığında
Tarixə nəzər salsaq, Azərbaycanın “Top-20”yə yaxınlaşdığı vaxtlar da olub. Bu, 2017/18 mövsümünün sonuna təsadüf edib. 2018-ci ilin yayında ölkəmiz tarixinin rekorduna imza atıb. Həmin vaxt 23-cü olan Azərbaycan “Top-20”nin üçaddımlığında qalıb. Hətta 20-ci yerlə fərq də cüzi olub. Rumıniya ölkəmizi vur-tut 1,325 xal qabaqlayıb. Amma bu göstərici 6 il yarım əvvəl qeydə alınıb.
Azərbaycanın xal rekordu isə 20,125-dir. Bu nəticə ötən mövsümün sonunda qeydə alınıb. Tarixində ilk dəfə xal sayında “20”ni keçsək də, “20-lik”dən çox uzaqda – 28-ci olmuşuq.
İl
Reytinq
yer
1993/94
-
-
1994/95
0,000
48
1995/96
0,500
48
1996/97
1,833
48
1997/98
1,833
48
1998/99
0,916
48
1999/2000
1,249
46
2000/01
1,665
42
2001/02
1,165
47
2002/03
1,165
49
2003/04
1,165
48
2004/05
1,332
48
2005/06
1,999
47
2006/07
3,166
44
2007/08
3,832
42
2008/09
4,498
41
2019/10
5,498
38
2010/11
6,165
37
2011/12
6, 207
37
2012/13
8,541
32
2013/14
10,375
30
2014/15
12,500
29
2015/16
14,875
26
2016/17
17,750
26
2017/18
19,125
23
2018/19
19.000
26
2019/20
18,750
26
2020/21
16,875
26
2021/22
17,000
26
2022/23
16,625
29
2023/24
20,125
28
2024/25
19,625
28
Hər mövsüm “5+” xəyalı
2018-ci ildə 20-dən bir az artıq xal toplamaq “20-lik” üçün yetərli idisə, ötən yay belə nəticə 28-ci yerlə nəticələnib. Bu isə o deməkdir ki, öndəki ölkələrin qazancları əvvəlkindən daha çoxdur. Son 5 mövsümün finişində 20-ci olanların xallarına baxaq. 2024-cü ildə Xorvatiya (25,525), 2023-cü ildə Yunanıstan (25,225), 2022-ci ildə Türkiyə (27,100), 2021-ci ildə Yunanıstan (26,000), 2020-ci ildə Xorvatiya (24,875) “Top-20”ni qapayıb.
Göründüyü kimi, artıq uzunmüddətli hədəfimiz üçün 25 xal toplamaq minimum vəzifəyə çevrilir. Bu isə hər mövsümdə orta hesabla 5-dən çox xal yığmağı zəruri edir. Keçmişə göz gəzdirsək, Azərbaycan tarixində yalnız bir dəfə bunu bacarıb. 2023/24 mövsümündəki rekord az qala hər dəfə qeydə alınmalıdır ki, “20-liy”ə yaxın düşək. Belə yüksək nəticə üçün hər dəfə bir komandamız heç olmasa 1/8 final görməli, digərləri də uğurlu oynamalıdır. Hətta bunun da yetərli olmasını əminliklə söyləmək çətindir. İki klubun qrupda oynadığı mövsümlər də böyük xallar üçün kifayət etməyib. Bəlkə də 23-cü yerə yüksəldiyimiz kimi ora da bir dəfə düşmək olar, amma “20-liy”in daimi sakinlərindən birinə çevrilmək heç də asan olmayacaq. Tək “Qarabağ”la isə mümkün deyil, 2-3 klub da Ağdam təmsilçisi qədər uğurlu olmalı və bu nəticələr sabitliyi ilə seçilməlidir. Bir sözlə, hədəf nə qədər arzulanan olsa da, bir o qədər də uzaq görünür.
İl (yayda)
Əmsal
Yer
1993/94
-
-
1994/95
0,000
47
1995/96
0,500
46
1996/97
1,333
41
1997/98
0,000
44
1998/99
0,000
46
1999/2000
0,333
39
2000/01
0,666
40
2001/02
0,166
48
2002/03
-
-
2003/04
-
-
2004/05
0,500
43
2005/06
1,333
33
2006/07
1,333
34
2007/08
0,666
42
2008/09
0,666
39
2019/10
1,500
34
2010/11
2,000
31
2011/12
1,375
37
2012/13
3,000
26
2013/14
2,500
29
2014/15
3,625
24
2015/16
4,375
23
2016/17
4,250
21
2017/18
4,375
21
2018/19
2,375
34
2019/20
3,375
26
2020/21
2,500
31
2021/22
4,375
24
2022/23
4,000
27
2023/24
5,875
17
2024/25
2,875
33
Vüqar Xeyrullayev
İdman.biz