“Çevriliş tapşırığının Ramiz Mehdiyevə verilməsi taktiki gediş olub” MTN POLKOVNİKİNDƏN SENSASİON MÜSAHİBƏ
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Taryel Əliyev: “Hadisələr davam etsəydi, hakimiyyətdə yüksək mövqe tutan Rusiyameylli məmurlar prosesin başqa bir mərhələsində bu işə qoşulacaqdılar”
“Hesab edirəm ki, Ramiz Mehdiyev və digərləri məhz Rusiyanın xeyrinə və yaxud onların tapşırığı ilə bu əməlləri törətmişdir”
“Əli Kərimlinin də Rusiyanın adamı olması və onların tapşırığı ilə cinayətlər törətməsi haqda deyilənlərə gəldikdə, bu, tamamilə mümkündür”
Oktyabrın 14-də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunaraq, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildi. Əlbəttə, məsələnin siyasi tərəfi anlaşılandır və R.Mehdiyevin hakimiyyəti ələ keçirmək, belə desək, yenidən “hökmran” olmaq istəməsi onun həyat tərzi, xarakteri və bağlı olduğu şəbəkənin çirkin niyyətləri ilə uzlaşır. Odur ki, biz müsahibəmizdə bu məsələyə siyasi deyil, daha çox hüquqi prizmadan yanaşmağa çalışdıq. Müsahibimiz bir neçə dövlət çevrilişinə cəhd cinayətlərinin istintaqını aparan, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, MTN Akademiyasının keçmiş fakültə rəisi Taryel Əliyevdir.
- Taryel müəllim, ötən müsahibənizdə qeyd etmişdiniz ki, Ramiz Mehdiyevin ev dustaqlığına həbs edilməsi barədə cəmiyyətdəki söz-söhbətlərə son qoymaq üçün rəsmi açıqlama verilməlidir. Bildiyimiz kimi, hələ də bu haqda heç bir açıqlama verilməyib. Bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, həmin müsahibədən keçən iki həftə ərzində qeyd edilən cinayət işi ətrafında bir sıra vacib hadisələr baş vermişdir. Məsələn, bir neçə nəfər həmin iş üzrə şahid qismində dindirildiyini rəsmən etiraf etmişdir, o cümlədən bəzi şəxslər cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Bu faktlar Ramiz Mehdyev barəsində aparılan cinayət işinin hallarına xeyli aydınlıq gətirmişdir. Ona görə, hesab edirəm ki, hazırda rəsmi məlumat verilməsinə elə də lüzum qalmamışdır.
- Mətbuatda 87 yaşlı Ramiz Mehdiyevin dövlət çevrilişini 50 nəfərin iştirakı ilə həyata keçirməyə cəhd etdiyi iddia olunur. Sizcə, 50 nəfərin iştirakı ilə çevriliş həyata keçirmək mümkündür?
- Ramiz Mehdiyevin dövlət çevrilişini həyata keçirmək üçün 50 nəfərlə birlikdə fəaliyyət göstərdiyi haqda məlumatlar mətbuatda mövcuddur. Lakin bu rəqəmin hardan götürüldüyünü deyə bilmərik. Və bunun nə dərəcədə əsaslı olub-olmadığı haqda da bir fikir söyləmək düz sayılmaz. İndiyə qədər aparılmış cinayət işləri üzrə müxtəlif sayda şəxslərin iştirakçılığı müəyyən edilmişdir. Konkret Ramiz Mehdiyev barəsində aparılan cinayət işi ilə bağlı neçə nəfərin iştirakçılığının olduğu, necə nəfərin məsuliyyətə cəlb ediləcəyi istintaqın gedişində məlum olacaq.
Bununla yanaşı, cinayətdə iştirak edən şəxslərin neçə nəfər olmasından asılı olmayaraq, Azərbaycan Respublikasının hazırkı iqtisadi və hərbi postensialı, əhalinin dövlətçiliyə sədaqəti nəzərə alınarsa, bizim ölkəmizdə ümumiyyətlə dövlət çevirlişinin həyata keçirilməsi potensialı reallıqdan çox-çox uzaqdır.
Keçən dəfə də qeyd etdiyimiz kimi, Azərbaycanda Rusiyameylli müxtəlif kateqoriyalı adamlar var. Ola bilsin ki, Ramiz Mehdiyev və digərləri dövlət çevrilişini hazırlayarakən, onların da dəstəkçi olacağını, yaxud Rusiyanın hansısa bir şəkildə müdaxiləsi ola biləcəyini güman etmişlər.
- Sizcə, Rusiyaya bağlı şəbəkəyə ölkəmizdə dəstək verənlər əsasən hansı kateqoriyaya aid şəxslər ola bilər?
- Ötən müsahibəmizdə bu məsələyə müəyyən qədər toxunmuşduq. Təcrübə və müşahidələr göstərir ki, Rusiyaya meylli adamlara vaxtilə SSRİ dövründə müəyyən vəzifələr tutumuş partiya funksionerləri, onların törətmələri, sovet hakimiyyəti dövrünü “ədalətli”, “stabil” bir dövr hesab edənlər aiddir. Qeyd edilməlidir ki, burda onların rusdilli olub-olmamasının bir əhəmiyyəti yoxdur. Rusiya öz imperiya ambisiyalarından əl çəkməyənə qədər bu kateqoriyaya aid şəxslərdən həmişə bizə qarşı istifadə etməyə çalışacaqdır.
- Ümumiyyətlə, hər hansı ölkədə güc strukturlarının və xalqın dəstəyi olmadan çevriliş həyata keçirilməsi mümkündür?
- Bu, bir qədər nəzəri məsələdir. O baxır hansı ölkədə. Söhbət Azərbaycandan gedirsə, mən hesab etmirəm ki, bizdə ordunun, güc strukturlarının və xalqın hər hansı çevrilişə dəstək olması ağlabatandır.
- Hesab edirsiniz ki, Ramiz Mehdiyev və onun rəhbərlik etdiyi şəbəkə bu reallığı nəzərə almadan, belə addımlar atmağa cəhd göstərib?
- Yəqin ki, onlar öz imkanlarını qiymətləndirərəkən düzgün hesablamalar aparmayıblar. Bununla yanaşı, Ramiz Mehdiyevin və diglərlərinin motivləri məlum deyil. Ki, onlar bu məsələni öz təşəbbüsləri ilə, yoxsa xaricdən verilən hər hansı tapşırıq əsasında başladıblar?! Əgər bununla bağlı xaricdən hər hansı tapşırıq verilibsə, mümkündür ki, hadisələrin inkişafının hansısa mərhələsində onlara dəstək veriləcəyi barədə də razılaşmalar olub. 1920-ci ildə Rusiyanın XI “Qızıl ordu”su tərəfindən Azərbaycanın işğal olunması dediyimiz ssenariyə uyğun bir misaldır...
- Müasir dövrə nəzər salsaq deyə bilərik ki, xüsusilə post-sovet məkanında baş verən bəzi dövlət çevrilişləri, yaxud hakimiyyət dəyişiklikləri Qərbin dəstəyi ilə həyata keçirilib. Faktiki olaraq bu gün Azərbaycanın Avropa və ABŞ-la münasibətləri çox yüksək səviyyədədir və qeyd etdiyiniz göstərişin Qərbdən gəldiyini iddia edə bilmərik. Deməli, bu çevrilişdə Rusiyanın əlinin olduğu haqda iddialar daha inandırıcıdır...
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin balanslaşdırılımış xarici siyasəti barədə dəfələrlə deyilib. Və biz bunu gündəlik həyatımızda da görürük. Nəzərə alsaq ki, Cənubi Qafqaz, xüsusən də təbii ehtiyatlarla zəngin olan Azərbaycan bir çox dünya güclərinin maraq dairəsindədir, belə vəziyyətdə balanslaşdırılmış siyasət həyata keçirmək o qədər də asan bir şey deyil. Buna baxmayaraq, bəzi dövlətlər və təşkilatlar Azərbaycanın bu siyasətini heç də xoş qarşılamırlar. Hazırkı vəziyyətdə xüsusilə konkret cinayət işində adları keçən şəxslərin tərcüməyi-halını nəzərdən keçirsək, məsələnin arxasında Rusiyanın durduğu açıq-aşkar görünür.
Ümumiyyətlə, nəzəri cəhətdən Azərbaycanda hakimiyyəti zorla ələ keçirməkdə, dövlətin konstitusiya qurluşunu zorla dəyişməkdə marağı olan 3 qüvvəni qeyd edə bilərik. Onlardan biri “Qərb” adlandırdığımız, demokratik dəyərlərə yüksək qiymət verən ölkələrdir. Hal-hazırda bu ölkələrlə bizim hər hansı problemimiz yoxdur.
Digər bir qüvvə kimi Azərbaycanda dini dövlət, “Kərimə” dövləti yaratmaq istəyən qüvvələri qeyd edə bilərik ki, onların da başında İran İslam Respublikası xüsusi yer tutur. Lakin indi İranın, necə deyərlər, başı özünə qarışıb və elə bir gücü yoxdur.
Nəhayət, Rusiyanı qeyd edə bilərik. Bu baxımdan, hesab edirəm ki, Ramiz Mehdiyev və digərləri məhz Rusiyanın xeyrinə və yaxud onların tapşırığı ilə bu əməlləri törətmişdir.
- Kimsəyə sirr deyil ki, hazırda da hakimiyyətdə Rusiyaya bağlı, yüksək mövqe tutan məmurlar mövcuddur. Sizcə, niyə o məmurlara deyil, məhz “pensioner” Ramiz Mehdiyevə çevriliş etmək tapşırığı gəlib?
- Biz deyə bilmərik ki, bu tapşırıq birbaşa Ramiz Mehdiyevin özünə gəlib. Ola bilsin, bu, bir taktiki gediş olub. Mümkündür ki, qeyd etdiyiniz yüksək mövqe tutan şəxslər, hadisələr davam etsəydi, prosesin başqa bir mərhələsində bu işə qoşulacaqdılar. Yaxud, mümkündür ki, Rusiya “pensioner” Ramiz Mehdiyevi qabağa verib “xərcləməklə” qeyd etdiyiniz şəxslərdən şübhələri uzaqlaşdırmağa, onları qorumağa çalışmışdır. Lakin biz bu barədə konkret bir fikir deyə bilmərik, hər şey istintaqın nəticəsindən asılı olacaq.
- Necə düşünürsünüz, istintaqın gedişində bu “dalğa” hakimiyyətdə olan Rusiyapərəst məmurları da “vura” bilərmi?
- Azərbaycan Respublikasının qanunvericiliyinə görə, cinayət işləri üzrə araşdırma tam, hərtərəfli və obyektiv həyata keçirilməlidir. İstinad etdiyiniz şəxslərin bu hadisələrdə iştirakı varsa, sözsüz ki, onlar da ifşa və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Kimin məsuliyyətə cəlb olunacağı, hansı həddə cəzalanacağı işin hallarından asılı olacaq və təqsirə görə məsuliyyət prinsipi rəhbər tutulacaq. Mən məsləhət görərdim ki, bu cinayətlə əlaqədarlığı olan hər kəs istintaq onların qapısını döyməmiş təqsirini boynuna almaqla könüllü istintaq orqanına gəlsin və istintaqla əməkdaşlıq etsin.
- Belə bir fikir var ki, Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə olduğu illərdə post-sovet ölkələri ilə əməkdaşlığı çərçivəsində ən azı 3 güc strukturunun rəhbərliyinə onun istədiyi şəxslərin təyin olunması şərtini irəli sürür. Hətta bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də etiraf etmişdi. Szicə, Azərbaycanda da eyni mənzərə mövcuddur?
- Gürcüstanın keçmiş prezidentinin bu məsələ barədə fikirlərini mən də eşitmişəm. Açığı, mən hesab etmirəm ki, Rusiya bizə belə bir şərt qoysun. Və hətta qoymuş olsa belə, cənab Prezident İlham Əliyevin bu şərtlə razılaşması mümkün deyildir. Bununla yanaşı, Azərbaycan Respublikasının bir sıra yüksək vəzifəli şəxslərinin, o cümlədən bəzi mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Rusiyanın adamı olduğu barədə söz-söhbətlər dolaşır. Bu söhbətlərin nə dərəcədə reallığa uyğun olub-olmamasını, həmçinin aparılan cinayət işi çərçivəsində hansı yüksək rütbəli şəxslərin ifşa olunacağını indidən demək mümkün deyil.
- Yeri gəlmişkən, AXCP sədri Əli Kərimli barəsində də “Ramiz Mehdiyev işi” çərçivəsində həbs qətimkan tədbiri seçildi. Maraqlıdır, əgər Əli Kərimli Ramiz Mehdiyevlə illər öncədən işbirliyində olubsa, niyə bu fakt məhz indi üzə çıxarıldı?
- Öncə onu qeyd edim ki, Əli Kərimlini mən 1987-ci ildə BDU-nun Hüquq fakültəsinə daxil olanda tanımışam. Məndən bir kurs yuxarı oxuyurdu və Hüquq fakültəsinin Komsomol təşkilatının katibi idi. Həmin dövr Milli Dirçəliş və Milli Azadlıq Hərakatının başlanğıcı hesab oluna bilər. Komsomolçu olmağına baxmayaraq, Əli Kərimli bu işlərdə kifayət qədər aktiv iştirak edirdi. Onunla axırıncı ünsiyyətim 1991-ci ildə - o, Hüquq fakültəsini bitirdikdə olmuşdur. Ondan sonra mənim onunla hər hansı ünsiyyətim, görüşüm, birbaşa və üçüncü şəxslər vasitəsilə əlaqəm olmamışdır. Lakin aktiv siyasi fəaliyyətlə məşğul olduğuna görə, hər kəs kimi, mən də barəsində mətbuatda mütəmadi olaraq məlumatlar görürdüm.
Mən onun siyasi fəaliyyətinə qiymət vermək fikrində deyiləm. Həmin vaxtdan həbs olunduğu dövrə qədər Əli Kərimlinin Ramiz Mehdiyevlə hansısa əlaqələrinin olduğunu da deyə bilmərəm. Bununla yanaşı, o, Azərbaycanda kifayət qədər tanınmış şəxs olduğuna görə, istintaq orqanının onun barəsində gəldiyi qərarın nə qədər rezonans doğuracağı da əvvəlcədən bəlli idi. Bu baxımdan, hesab edirəm ki, bu addımı atarkən istintaq orqanı kifayət qədər mötəbər sübutlara əsaslanmışdır. Burada müəyyən beynəlxalq təşkilatların da təsiri və təzyiqi olacağını nəzərə almamış olmazdılar.
Bir daha qeyd edirəm ki, iş üzrə istintaq tam yekunlşanda bütün bu məsələlərin hamısına aydınlıq gətiriləcəkdir.
O ki qaldı kiminsə istintaqın hansı mərhələsində cinayət məsuliyyətinə cəlb olunmasına, bu, istintaqda mövcud olan sübutlardan və atılan addımın taktiki cəhətdən nə qədər məqsədəuyğun olmasından asılıdır.
Konkret olaraq Əli Kərimlinin də Rusiyanın adamı olması və onların tapşırığı ilə cinayətlər törətməsi haqda deyilənlərə gəldikdə, tamamilə mümkündür. Görürsünüz, hətta ABŞ prezidenti Donald Trampın da “Rusiyanın adamı” olduğu haqda çoxsaylı fikirlər var...
- MTN-də çalışdığınız müddətdə müxalifətdə olan tələbə yoldaşlarınızla, o cümlədən Əli Kərimli ilə heç vaxt yolunuz kəsişməyib?
- Bayaq qeyd etdiyim kimi, Əli Kərimli ilə 1991-ci ildən bu yana heç bir ünsiyyətimiz olmayıb. Lakin təhlükəsizlik orqanlarında çalışdığım dövrdə, 1992-ci ildən başlayaraq, onunla eyni vaxtda Hüquq fakültəsində oxumağım faktı həmişə mənə qarşı istifadə olunub. Bacarığıma, qabiliyyətimə, işimə bir qüsur tapmayanda, məni “vurmaq” üçün cılız adamlar həmişə ondan istifadə ediblər ki, “Əli Kərimovun tələbə yoldaşıdır”. Bununla bağlı dəfələrlə araşdırmalara məruz qalmışam və izahatlar yazmışam.
- Amma, səhv etmirəmsə, müsahibələrinizin birində MTN-də işlədiyiniz dövrdə Prezident Əbülfəz Elçibəylə ünsiyyətdə olduğunuzu açıqlamışdınız...
- Qeyd etmək istəyirəm ki, mən Əbülfəz Elçibəyi MTN-də işləməmişdən daha əvvəl tanımışam. Qeyd etdiyim Milli Azadlıq Hərəkatının ilkin mərhələsində BDU-da müxtəlif tədbirlər keçirilirdi. Bu tədbirlər hansısa kitabın müzakirəsi, xüsusi əlamətdar bir təqvim günü ilə bağlı olurdu və mən orda dəfələrlə Elçibəyi görmüşəm və ünsiyyətdə də olmuşam.
MTN-də təzə işlədiyim vaxtlarda – 1992-ci ilin dekabr ayında Prezident Əbülfəz Elçibəy MTN-nin şəxsi heyəti ilə görüşə gəlmişdi. O zaman milli təhlükəsizlik orqanları 4 nəfər polis işçisini rüşvət cinayəti ilə həbs etmişdi. Lakin daxili işlər naziri İsgəndər Həmidov onun işçilərinin həbs olunmasını daxilən həzm edə bilməyib, həmin vaxt milli təhlükəsizlik naziri olmuş Fəxrəddin Təhməzova hədə-qorxu gəlməklə, barəsində həbs qətimkan tədbiri seçilmiş həmin 4 nəfərin, istintaq orqanının və prokurorun xəbəri olmadan, qanunsuz olaraq gecə ilə istintaq təcridxanasından buraxdırılmasına nail olmuşdu. Bu, hüquq-mühafizə orqanlarının bütün fəaliyyəti dövründə baş vermiş ən biabırçı hadisələrdən biri idi. Biz bu barədə səhər işə gələndə məlumat əldə etdik. Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət ünvanlayıb, bu qanunsuzluğun qarşısının alınmasını tələb etdik. Lakin İsgəndər Həmidov faktoru rolunu oynadı və həmin 4 nəfərin heç biri təcridxanaya qaytarılmadı.
Prezident Əbülfəz Elçibəy məhz belə bir vaxtda MTN-ə gəlmişdi. Əvvəl də qeyd etdiyim kimi, mən kifayət qədər cəsarətli şəxs olaraq yanımda oturmuş İstintaq şöbəsinin rəisinə həmin məsələni Elçibəyin nəzərinə çatdırılmasının lazım olduğunu dedim. İstintaq şöbəsinin rəisi həmin sualı Elçibəyə verməkdə sərbəst olduğumu bildirdi. Görüşdə MTN naziri Fəxrəddin Təhməzov, birinci müavini Sülhəddin Əkbər və Prezident Aparatının şöbə müdiri Fazil Qəzənfəroğlu da iştirak edirdi. Mən sual vermək üçün əlimi qaldırıb razılıq aldıqdan sonra bu məsələni – İsgəndər Həmidovun etdiklərini Elçibəyin diqqətinə çatrdırdım. Əvvəlcə Elçibəy suala konkret, birbaşa cavab verməkdən yayınaraq, ümumi sözlərdən istifadə etdi. Sonra “cavabım səni qane etdimi” deyə mənə sual verdi. Mən isə, cavabın məni qismən qane etdiyini dedim. Ondan sonra Elçibəy açıq mətnlə İsgəndər Həmidovun bu dövlətin qurulmasında müstəsna xidmətləri olduğunu deyərək, bir növ onun əməllərinə haqq qazandırdı. Təbii ki, məsələ yenə də həll olunmamış qaldı.
Həmin iclasdan sonra tanımadığım əməkdaşlar belə, əlimi sıxıb, cəsarətimə görə təşəkkür edirdilər. Buna baxmayaraq, Prezidentlə o cür kəskin polemikaya girdiyimə görə kifayət qədər başım ağrıdı. Hətta məni orqandan xaric etmək istəyirdilər. Lakin rəisim – İstintaq şöbəsinin rəhbəri, özü də kifayət qədər cəsarətli adam olan pokovnik Rüfət Mansurov məni müdafiə etdi və orqandan qovulmağıma imkan vermədi.
Ondan sonra Elçibəylə heç bir ünsiyyətim olmadı.
- Sonda bir suala da cavab almaq istərdik. Siz MTN-də çalışdığınız dövrdə Ramiz Mehdiyevin Rusiya ilə əlaqələri, o cümlədən AXCP ilə işbirliyi haqda heç bir əməliyyat məlumatı yox idi?
- Mənim istintaqını apardığım cinayət işləri üzrə dediyiniz məsələlərlə bağlı hər hansı bir məlumat olmamışdır. MTN-nin başqa strukturlarında belə bir məlumatın olub-olmamasını deyə bilmərəm.
Hazırladı: JALƏ FAMİLQIZI
Share
Tweet
Email
Share
Share
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 08 Dekabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















