“Cəza, insanı islah etmirsə, o artıq ədalətin bərpası deyil” İngilis filosofu və həkimi Con Lokk
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cəza ədalətin təzahürüdür.
Azərbaycanın dövlət müstəqilliyinin,xalqın süverenliyinin,ərazi bütövlüyünün və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazisində tam bərpası əsrin ZƏFƏR səlnaməsidir.Bu tarixi qələbənin əzəmət və miqyasına,humanizm və mərhəmət ənənələrinə sadiq qalmaqla Prezident İlham Əliyev Amnistiya aktının elan edilməsi təşəbbüsünü irəli sürüb.Cəzadan azad olunacaq şəxslərin islah olunmasına və qanunlara,ictimai qaydalara əməl edəcəklərinə,habelə dövlətimizin inkişafına töhfə verə biləcəklərinə əminlik Konstitusiya və süverenlik ilinin son günlərində belə bir aktın qəbul edilməsini şərtləndirdi.
Amnistiya yunan sözü-amnestia olub,”unutmaq”,”bağışlamaq” mənasını verir.Amnistiya cinayət törətmiş şəxslər barəsində dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbirdir.Ölkədə iqtisadi,sosial sahədə əldə olunan əks-səda doğuran nailiyyətlər,beynəlxalq aləmdə tarixi əhımiyyət kəsb edən əlamətdar hadisələrlə dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən qəbul olunur.Bir növ dövlət öz vətəndaşının ictimai təhlükəli əməlini-cinayətini unudur.(məhkumun əməlindən əzab çəkdiyinə,peşiman olduğuna və gələcəkdə ictimai münasibətlərə zidd davranmayacağına inam ərsəyə gəlir)
Amnistiya aktının ümumlikdə 20 mindən çox şəxsə şamil olunacağı gözlənilir.5 mindən çox məhkum həyatını yaşayan şəxsin azadlıqdan məhrumetmə cəzasından azad olunacağı,3 mindən çox şəxsin cəzasının azaldılacağı,7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından,4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcəyi gözlənilir.
Amnistiya aktının qəbulu ölkədə kriminogen duruma təsir edə bilərmi?Bu sualın cavabı bir sıra hüquqi ,sosial və institusional amillərdən asılıdır.
İlk növbədə bu amilləri aşağıdakı qaydada sıralamaq olar; Reabilitasiya və sosial adaptasiya mexanizmlərinin (işsizlik,yaşayış yeri problemi,sosial nəzarətin olmaması və s.) zəifliyi;
Post - Penitensiar nəzarətinin (probasiya,sosial müşahidə) yetərsizliyi;
Kriminal submədəniyyət(Böyüklər üçün mədəniyyət,gənclik mədəniyyəti,həyat tərzləri,idman submədəniyyətləri,musiqi submədəniyyətləri və s.) əlaqələrinin bərpası,davam etməsi və s.hallarda təkrar cinayətlər baş verə bilər.Amnistiya və əfv aktının tətbiqinin hüquqi əhəmiyyəti Penitensiar düşərgələrinin məhkumlarla yüklənməsinin azalması,resursların daha təhlükəli,islah olunmayan,residiv cinayətkarlara yönəldilməsi ilə bağlıdır.İndiki halda Hüquq-mühafizə orqanlarının profilaktik fəaliyyəti,ailə icma və əmək bazarına inteqrasiya imkanları da gücləndirilməlidir!
Məs:Avropa ölkələrində-Almaniyada klassik”Kütləvi amnistiya”aktı nadir hallarda tətbiq edilir.Daha çox şərti azad etmə,cəzanın yüngülləşdirilməsi və probasiya xidmətinə -mexanizmlərinə üstünlük verilir.Tədqiqatlar göstərir ki, güclü probasiya nəzarəti altında azadlığa buraxılan şəxslər arasında residiv göstəricisi az olur.
Fransada Milli bayramlar və siyasi əlamətdar günlər münasibətilə amnistiya tətbiq edilir.
Skandinaviya modeli:(Norveç,İsveç,Finlandiy)Bu ölkələrdə cəzadan azadetmə deyil,reinteqrasiya siyasətinin davamı kimi qəbul edilir.Norveç residivin səviyyəsinə görə dünyada ən aşağı yerdə-20-25%-dir.Sosial dövlət modeli bu ölkədə kriminogen riski minimuma endirir.
Qardaş ölkə-Türkiyədə bir neçə dəfə genişmiqyaslı amnistiya qəbul edilib.Bəzi regionlarda təkrar cinayətlərin riski yüksəlib.
ABŞ təcrübəsi:Bu ölkədə Amnistiya əvəzinə”Risk əsaslı yanaşma” mövcuddur:Zorakı cinayətlər istisnalıq təşkil edir,dövlət xüsusilə ağır cinayətlərin sübyektlərini unutmur.
Narkotik və iqtisadi cinayətlər prioritet təşkil edir.
BMT və Avropa Şurası isə Amnistiyanın İnsan hüquqları,Humanizm və Cəzaların fərdiləşdirilməsi prinsiplərinə əsaslandırılmasının tərəfdarıdır.Bu mənada sosial,yəni Amnistiya+probasiya+sosial dəstək=kriminogen durumun minimuma endirilməsi.
Sosial ədalətin bərpası məqsədilə cəza,yalnız məhkəmənin hökmü ilə təyin edilən dövlətin cinayət hüquqi xarakterli məcburiyyət tədbiri kimi cinayət törətməkdə təqsirli sayılan şəxslərə tətbiq edilir.Bir az da obrazlı ifadə etsəm,cəzanın tətbiqi ilə təqsirkara məhrumiyyətlər yaradılır,onun hüquq və azadlıqlarını məhdudlaşdırmaqla fəlsəfi bir anlama eyham vurulur,ətraf üçün baş verə biləcək təkrar cinayətlərin qarşısını almağa, məhkumların islah olunmasına istiqamətlənən və hamıya”Dur!”-deyəcək bir işarədir.
Cəzanın tətbiqi fəlsəfi baxımdan cəzanın mahiyyətini, məzmununu və formasını xarakterizə edən əlamətlərini,cəzanın məqsədinin qaçılmaz olduğunu,habelə ictimai təhlükəli əməlin dərəcəsinə uyğunluğunu özündə əks etdirir. Digər xarakterik cəhət ondan ibarətdir ki, cəzanın ümumi xəbərdarlığı həm təqsirkara və onun ətrafına,həm də, baş verə biləcək təkrar ictimai təhlükəli halların qarşısını almağa yönəlir.
İlk növbədə cəzanı xarakterizə edən əlamətlərə diqqət yetirək:
-Cəza,dövlətin törədilən ictimai təhlükəli əməllərə görə”qisas”almaq reaksiyasıdır (sair hüquqpozmalara tətbiq edilmir).
Cəza yalnız Azərbaycan Respublikası CM ilə,təhdid altında qadağan edilən və cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu,təqsirli olaraq törədildiyi ictimai təhlükəli əməllərə görə tətbiq edilir; Cəza cinayət hüququ məsuliyyətin subyekti olan (müəyyən yaş həddinə çatan) anlaqlı fiziki şəxslərə tətbiq edilir; Cəza əməlin dərəcəsinə uyğun, yalnız məhkəmənin hökmü ilə təqsirkara təyin edilir; Cəza dövlətin adından qəbul edilir və məhkumluq yaradır; Cəzanın hüquqpozmalardan fərqli cəhəti təqsirkar üçün əhəmiyyət kəsb edən müəyyən hüquq və azadlıqlardan məhrum olması,bu,bəşəri dəyərlərin məhdudlaşdırılması ilə bağlıdır.Digər hal cəzanın məzmununu xarakterizə edən əlamətlərdir. Yəni,cəzanın dövlətin adından, cinayət hüquqi xarakterli məcburiyyət tədbiri kimi təyin edilməsində məqsəd bəzi məhdudiyyətlərin tətbiqi ilə diqqət çəkir.
Cəzanın formasını xarakterizə edən əlamətlər isə CM-nin müvafiq maddələri ilə,təqsirkarın işkəncələrə, qeyri insani və amansız rəftara və yaxud, ləyaqəti alçaldan hərəkətlərə məruz qalmamasını nəzərdə tutur.
Bir qayda olaraq cəzanın məqsədi, onun tətbiqindən gözlənilən və hamı üçün ideal ifadə təzahürünün realizə olunmasından ibarətdir, – deyə bilərik.
Sosial ədalətin bərpası cəzanın törədilən cinayətə uygun olması ilə təsdiqini tapır.
Cəzanın fəlsəfi mənası ədalət,nizam və humanizmin vəhdəti üzərində qurulur.Ədalət pozulduqda cəza onu bərpa etməklə,nizam pozulan əxlaqi tarazlığı,milli,mənəvi dəyərləri qoruyur,sabitliyi geri qaytarır.İnsan əndazəsini aşdığı zaman cəza onu doğru yola(İslam dininə görə SİRATƏL MÜSTƏQİM-Sirat körpüsü-doğru yol) qaytarır.Müasir hüquq sistemi cəzanın əsas hədəflərindən biri kimi təqsirləndirilən şəxsi islah edib yenidən cəmiyyətə qaytarmaqdır.İnsan dəyişə bildiyindən müasir hüquq sistemi bu dəyişimi təşviq etməyi də bacarmalıdır.Yəni cinayət törədəni cəmiyyət üçün düşmənə çevirmək yox,onu doğru yola yönəltmək üçün tətbiq olunmalıdır.Cəza həm də,təkrar ictimai təhlükəli əməllərin qarşısını almaq üçün sosial müdafiə mexanizmidir.
Əməlin subyektinə qarşı cəzanın və ya cinayət hüququ xarakterli tədbirin tətbiqi ədalətli olmalı, ictimai təhlükəli əməlin dərəcəsinə və xarakterinə, təqsirkarın şəxsiyyətinə və əməlin törədilmə şəraitinə müvafiq olmalıdır. Sosial ədalətin bərpası həm də,o deməkdir ki,dəymiş zərərin müxtəlif növləri kompensasiya olunur, zərər ödənilir.Bu əlamət,cəzanın cinayətkarın sosial statusuna uyğun tətbiqidir. Cəza elə həddə olmalı və təasirkardan-dövlət ona mənsub olan vətəndaşından əməlinə görə elə səviyyədə”qisas” almalıdır ki,zərərçəkən vətəndaşlar üçün təkrar qisas almağa dəhliz açılmasın.
Məhkumun islah olunması: islah etmək məhkumda insana hörmətin, cəmiyyətə, əməyə,ictimai normalara, hüquq və birgəyaşayış qaydalarına qeyri etik davrananlara qarşı xüsusi xəbərdarlığın formalaşdırılması ilə əhəmiyyət kəsb edir. Cəzanın tətbiqi ilə məhkuma hüquqi və qeyri hüquqi vasitələrlə təsir edilir, məhkum törətdiyi əmələ görə daxili iztiraba məruz qalır və hər gün peşmançılıq çəkməyə vadar olunur. İslah olunmanın ilk və deyərdim ki,ən mühüm üsulu cinayətkarın öz günahını anlamasından ibarətdir.Bu baş vermirsə deməli, cəzanın məqsədinə dair bütün hərəkətlər boş yerə sərf edilib,havaya atılan daş kimi hara atıldığı bilinsə də,hara düşdüyüni bilmək çətindir.
Cəza həm də, yeni (törədiləcək) cinayətlərin qarşısını almaq məqsədilə xəbərdarlıq vasitəsidir.
Cəzanın bu əlaməti qeyri müəyyən şəxslərin dairəsi və ətraf üçün onların şüuruna və düşüncələrinə təsir edəcək “cinayət varsa,cəza da olmalıdır” hədənin – vahimənin bir alətə və vasitəyə çevrilməsini özündə əks etdirir..
Cəza məzmununun xarakterinə görə tənzimlənməyən sosial davranışlara görə təqsirkara fiziki, maddi və mənəvi ziyanın yetirilməsi gücünü özündə saxlayır.Bu mənada,cəzanın əsas cəhətlərindən biri onun labüdlüyü və məcburi tətbiqidir.Amma bəzən, davranışın özünü tənzimləmə təcrübəsinə də rast gəlinir.Yəni,şəxs vicdanı və həyası qarşısında əzab çəkərək özünə qarşı “cəza” tətbiq edir,hərəkətinə görə sarsılır,peşimanlıq çəkir...
Cəzanın tətbiqi ona görə məcburi və qaçılmazdır ki,əxlaqında və davranışında problemi olan fərd, digər tərəfin hüquqlarına, ictimai münasibətlərə zidd davranmasın, sosial-fəlsəfi,əxlaq və etik baxımdan ictimai şüurun qəbul etmədiyi anormal hərəkətlərə bir daha yol verməsin və s...
Tarixən cəzanın törədilən əməlin subyektlərinə qarşı tətbiqinə həmişə “bəraət” qazandırılıb, təqdir olunub.Müasir normativ nəzəriyyələrdə də,cəzanın məqsədi çətin əldə edilən bəşəri bir dəyərin- ədalətin bərpası kimi xatırlanır, sosial ədalət, yalnız ədalətli cəzanın tətbiqindən sonra bərpa olunur. Yuxarıda qeyd etdiyim kimi, məhkumun günahını anlayacağı təqdirdə sosial ədalət bərpa oluna bilər.Qədim Yunan filosofu Siseronu təbirincə desək,Cəzanın məqsədi keçmişi cəzalandırmaq yox,gələcəyi qorumaqdır,ədalət və islah üçün tətbiq edilməlidir.Cəza vahiməsi ilə hamıya düzgün yol göstərmək üçün labüddür!Yenə antik cəmiyyətin filosoflarının külliyyatına istinad etsəm,cəzanın labüdlüyü fərdin məsuliyyət hissini gücləndirmək və cəmiyyətdə əxlaqi,milli mənəvi dəyərləri qorumaqdır.
Eyni zamanda zərəçəkənlərin–qurbanların da hüquq və azdalıqlarının ədalətlə təmini,mühafizəsi və dəymiş fiziki, maddi və mənəvi ziyanın kompensasiyanın sözsüz ödənilməsi prioritet təşkil edir. Neqativ, deviant davranışı olan şəxslərin islah olunması cəzanın sonrakı məqsədi kimi qəbul edilir. Cəzanın tətbiqi ilə təqsirkarın, şəxsiyyətin oriyentasiyasında dəyişiklik etmək mümkün olarsa,məhkumda qanunlara,hüquq qaydalarına və ətrafın hüquq və azadlıqlarına hörmət ruhunda davranılması aşılanarsa (ən azı təkrar əməlinə görə cəzanın tətbiqindən ehtiyatlanırsa, həyacan keçirirsə) deməli, cəzanın islah olunmağa təsiri olmuşdur. Sonrakı məqsəd törədiləcək yeni,ictimai münasibətlərə zidd əməllərin qarşısını almaqla xəbərdarlığı nəzərdə tutulur. Bir növ, məhkuma və digər sosial qruplara cəzanın “Vahiməli barmağının” silkələnib “dur” deməsidir.
Cəzanın məqsədi məzmununa görə fərqli olsa da,bir-birilərinin ayrılmaz tərkib hissələrdir. Qənaətimə görə cəzadan çəkindirmə və yaxud, ona hörmətin aşılanması üçün cinayətlərin qəsdən törədilən ağır və xüsusilə ağır növlərinə görə sərtləşdirilməsinə ehtiyac var.Kimin nə deyəcəyindən asılı olmayaraq cəzanın sərtliyi insana məhəbbətin təzahürüdür.İnsanın sərtliyi isə onun amansızlığından və emprik düşüncəyə malik olmasından yaranır.Bunları eyniləşdirmək olmaz.Cəza sərtliyi ilə insanı təkrar bədxahlıqdan saxlamaqla ona məhəbbətini ifadə edir...və s.Ağacın bar verməsi və inkişafı üçün yağışa və günəşə nə dərəcədə ehtiyac varsa, cəmiyyətin də təhlükəsizliyinin təmini,hüquq və azadlıqlarının mühafizəsi üçün cəzanın sərtləşdirilməsi qaçılmazdır. Cəzaların humanistləşdirilməsi ilə bağlı atılan hüquqi islahatlar cinayətkarlığa meyilli fərdlərin ictimai münasibətlərə zidd hərəkətlərinin, statistikada qəsdən törədilən cinayətlərin sayının artması ehtimal edilir.Əvvəlki CM-də cazaların növləri sırasında “azadlığın məhdudlaşdırılması”növü var idi. Sonra,hüquqi islahatların davamı kimi məcəllədən çıxarıldı.Elə bir vəziyyət yarandı ki,dövlət qulluğuna gələn hüquqşünas namizədlərə cəzanın növləri ilə bağlı sual verildikdə, bu cəza növünü də sadalayır,məcəllədən çıxarılmasından xəbərləri olmurdu.Məcəlləyə yenidən bu cəza növünün salınması(və yaxud çıxarılması) hansı zərurətdən yaranması bəlli deyil və “azadlığın məhdudlaşdırılması”nın tətbiqi proseduru barədə ictimaiyyətə qanunun yaradıcı ekspertləri tərəfindən heç bir məlumat və şərh verilməmişdir.
XXI əsrin astanasında vətəndaşların məlumat almaq imkanı daha genişdir, başqasının hüquq və azadlıqlarına, qüvvədə olan qanunların tələblərinə hörmət etmək üçün təkmil, əhatəli normativ baza vardır. Belə olan halda cəmiyyətin azad inkişafına mane olan deviant davranışların subyektlərinə qarşı“başqalarına dərs olsun”- deyə başqa cür davranmaq lazım gəlir.
Son illərdə bir sıra ölkələrdə cəzanın sərtləşməsi tendensiyasına artıq rast gəlinir, daha çox vətəndaşların həyat və sağlamlıqlarına yönələn qəsdlərə görə azadlıqdan məhrum etmənin müddəti artır, ömürlük həbs cəzası tətbiq edilir. Bu onunla sərtlənir ki, əvvəllər, sovet dönəmində dövlətin marağına daha çox önəm verilirdisə, müasir cəmiyyətimizdə insan kapitalı,vətəndaşların həyat və sağlamlıqları, dövlətin ali məqsədi kimi qabarılan insan və vətəndaş hüquq və azadlıqlarının təmini, habelə onların rifah halının yaxşılaşdırılması əsas götürüldüyündən cəzanın sərtləşdirilməsini gerçəkləşdirir.
Azərbaycan Respublikasının Mili Məclisində müstəsna cəza növünün tətbiqinə artıq təkliflər səslənir.
Cəza fəlsəfi mənada da sanksiyadır, qanunun və qaydanın pozulması halları zamanı tətbiq edilir, müəyyən imkanların məhdudlaşdırılması və təqsirkarın sosial statusunu “aşağılamaq”məqsədini daşıyır.Cəza həmçinin əxlaqi,fəlsəfi və hüquqi kateqoriyadır.Yetər ki,təqsirkar əməlinə görə“qazandıqlarının bəhrəsini”anlasın.Bu çox vacibdir və təqsirkarın sağlam fərd kimi cəmiyyətə inteqrasiyasına sövq edir.
Qədim filosofların cəza haqqında üç əsas ideyaları diqqət çəkir:
1)Cəza cinayətlərin xəbərdarlığına(profilaktikasına)istiqamətlənməlidir;
2)Cəza lazımi həddə ətraf üçün tərbiyə etmək təsirini bağışlamalıdır;
3)Cəza ədalətli və əməlin təhlükəlilik dərəcəsinə adekvat olmalıdır.
Qədim Yunan mütəfəkkürlərinə görə cəza şəxsin iztirab çəkməsi üçün tətbiq edilən ədalətli prosesual tədbir vasitəsidir, “onu çəkən şəxs üçün xeyirlidir”, o törətdiyi əmələ müvafiq,ən azı mənəvi cəhətdən islah olunmağa məcbur edilir.Yunan və Roma mütəfəkkirlərinin təbirincə,“Qanun bütün və hər bir təsəvvürlərdən üstündür, onu pozmaq isə sözsüz ki, şər olduğuna görə tətbiq edilən cəza daha xeyirlidir. Xətaya görə tənbeh və cəza vacibdir, əks təqdirdə qanunun pozulması faktlarını mübahisələndirmək olmazdı.
Bunun əksi olaraq qədim Yunan dövlətində belə bir antitezis aforizmə xas tərzdə meydana gəlmişdi: cinayətkar iradəcə zəif olduğuna, hakimlərin kompetensiyası şübhə doğurduğuna və müqəddəs olmadığına görə cəzanın tətbiqi zamanı sosial ədalətin bərpası həmişə mümkün olmur. Yəni, təqsirkarın maddi və mənəvi cəhətdən çətin durumda olduğuna görə cinayət törətməsi ehtimal edilir,əməlin məcburiliyi və hakimin cəza tətbiq etməkdə çətinlik çəkməsi və yaxud, “səlahiyyətli” olmaması diqqətə çatdırılırdı. Burada “məcburi cinayət törətmə”qanuniləşdirilir, eyni zamanda onun zəif iradəyə malik olmasına da haqq qazandırılırdı.
Rəvayət edilir ki,qədim Romada qatilə hökm oxunan zaman müdafiəçi söz istəyir:Zati Aliləri! İttiham etdiyiniz qatilin əməlinin qurbanı yaxın dəqiqələrdə zala daxil olacaq,ehtimallara söykənən sübutlar əhəmiyyətini itirəcək və qatil bəraət qazanacaq.Hamının baxışları qapıya dikilir.Vəkil yalanı o dərəcədə məharətlə səsləndirmişdi ki,qətlə yetirilənin möcüzə olaraq zala daxil olmasına hamı inanmışdı.Məhkəməyə sədrlik edən isə qatili baxışları ilə izləyirdi.Qatil öz dünyasında,barmaqları ilə oynayır,qapıya əsla baxmırdı.Hakim isə:“Qatil əməlinin qurbanının dirilməyəcəyinə əmindir”...Bir neçə dəqiqədən sonra hakim hökmü elan etmək üçün ayağa qalxır.Vəkilə:Dedikləriniz prezumpsiyanızın məhsuludur və həqiqət sayıla bilməz! Qatilə gün kimi aydın idi ki,əməlinin qurbanı heç vaxt dirilməyəcək,qapıya tərəf də əsla baxmırdı.Vəsatətiniz bizə nihilist ovqat bəxş etdi,elan edilən ittihamlar isə əsaslıdır...
Çox təəssüf ki,belə hallara və vəkillərə indi də,rast gəlmək olur.Amma nə yaxşı ki,təcrübəli və peşəkar hakimlər də var...
Şəmsəddin Əliyev,
Hüquqşünas
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Dekabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















